Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sozcu.az xəbər verir ki, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər. Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Azərbaycanlılar Gürcüstana axışır: 2 min maaş, pulsuz nahar...

Müstəqillikdən bəri ölkələrarası fiziki şəxslərin pul köçürmələri tarixində (izlənən dövrdə) ilk dəfədir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycana Gürcüstandan pul köçürmələr bizim ölkədən ora köçürmələri üstəliyib: Gürcüstandan Azərbaycana daxil olan vəsait 18.1 milyon dollara yüksəlib – illik müqaisədə 4% artım var. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Azərbaycanın rayonlarından Gürcüstana işləməyə, biznes qurmağa gedən insanların sayı kəskin artıb: “Gürcüstanda olarkən tikintidə fəhlə işləyən aran rayonlarından olan soydaşlarımızı gördüm, ayda 2000 manat maaş alırdılar, bundan başqa, insanı rəftardan çox razı idilər: 8 saatlıq iş rejimi, pulsuz nahar, iş yerinə gedib-gəlmək üçün pulsuz avtobus, aşağı vergilər, 5 günlük iş həftəsi – yüksək maaşdan əlavə bu məsələlər də cəlbedicidir. Gəncəbasar zonasından olan bir neçə kiçik sahibkarla da tanış oldum – Azərbaycanda maneələrlə üzləşdikdən sonra Tiflisə köçüblər. Kiçik sahibkarlıqla məşğuldurlar, 500 min lariyə qədər dövriyyədən cəmi 1% vergi verirlər, heç bir dövlət orqanının, nəzarətedici qurumun üzünü belə görmürlər. Vergi və gömrük işindən çox razı idilər. Cəmi 8 il əvvəl Azərbaycan adambaşına düşən ÜDM göstəricilərinə görə Cənubi Qafqazın lideri idi, 2017-ci ildə: Azərbaycan - 4212 dollar, Gürcüstan - 4047 dollar, Ermənistan - 3869 dollar. 2024-cü il Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə adambaşına düşən ÜDM-ə görə indi biz Cənubi Qafqazda sonuncu yerdəyik: Gürcüstan – 9570 dollar, Ermənistan – 8860 min dollar, Azərbaycan – 7600 dollar. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM cəmi 0,9% artıb. Gürcüstanda bu rəqəm 8,6%, Ermənistanda isə 5,2%-dir. Bütün bu makro-iqtisadi göstəricələrdə geriləmələrə görə indi Azərbaycan vətəndaşı Gürcüstana işləməyə gedir, qazanır, ailəsinə pul göndərir”.

Yağış, leysan, dolu, qar... - Sabahın HAVA PRONOZU

Milli Hidrometeorologiya Xidməti sentyabrın 27-də gözlənilən hava proqnozunu açıqlayıb. Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 14-16, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanda hərbi xidmətə çağırış yaşı dəyişdirilə bilər?

Rusiya Dövlət Dumasının deputatları plenar iclasda təqvim ili ərzində hərbi xidmətə çağırışa icazə verən qanun layihəsini birinci oxunuşda qəbul ediblər. Yeni qaydalara əsasən, çağırışçılar ildə iki dəfə – aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək hərbi xidmətə göndəriləcəklər. Maraqlıdır, Azərbaycanda da çağırış sisteminin Rusiyadakı modelə uyğunlaşdırılması mümkündürmü? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiyada çağırış sistemi bir neçə dəfə dəyişdirilib:  “Onlarda da əvvəllər ildə iki dəfə çağırış həyata keçirilirdi. Sonra bu sayı dörd dəfəyə qaldırdılar. İndi isə yenidən əvvəlki modelə, ildə iki çağırış sisteminə qayıtmaq istəyirlər. Hesab edirəm ki, bu daha məqsədəuyğundur. Çünki ildə dörd dəfə çağırış komandirləri, gənc əsgərlərlə məşğul olan kontingenti işdən ayırır və çox vaxt sərf edirlər”. Ekspertin sözlərinə görə, Azərbaycanda da çağırış sistemində təkmilləşməyə ehtiyac var: “Əlbəttə ki, Azərbaycanda da ildə iki dəfə çağırış həyata keçirmək olar, biri ilin birinci, digəri isə ikinci yarısında. Lakin bu, mütləq Rusiyaya uyğunlaşdırılmalı deyil. Hesab edirəm, çağırış yaş həddi də yenidən nəzərdən keçirilməlidir. Məsələn, maksimal yaş 30 deyil, 28-ə endirilməlidir. Əvvəllər bizdə 27 yaş olub. Digər tərəfdən, çağırışın 18 yox, 20 yaşdan həyata keçirilməsi daha məqsədəuyğundur”. Üzeyir Cəfərov vurğulayıb ki, Azərbaycan ordusunun mövcud ehtiyacları nəzərə alınmaqla çağırış sistemində dəyişikliklər aparılması labüddür.

Toyda kütləvi zəhərlənmə: 20 nəfər xəstəxanaya aparıldı

17:23 İmişli rayonunda toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb. Toy mərasimində iştirak etmiş 18 nəfər zəhərlənmə şübhəsi ilə rayon xəstəxanasına müraciət edib. Faktla bağlı araşdırma aparılır. *** İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb. Bu barədə AQTA-dan məlumat verilib. İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib. Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək. Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır. *** Bu gün saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən bildirilib. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. 14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir.

Bakıda 21 yaşlı qız dərmandan zəhərlənərək ölüb

Bakıda 21 yaşlı qız dərmandan zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, Qaradağ rayonu Qızıldaş qəsəbə sakini, 2004-cü il təvəllüdlü Sevinc Habil qızı Abdullazadə müalicə məqsədi ilə qəbul etdiyi dərmanların təsirindən zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır. (Report)

Sabah temperatur yüksələcək

Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 55-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 23-28, dağlarda gecə 4-7, gündüz 11-16 dərəcə isti olacaq.

Boşanma zamanı uşaqlar əmlak bölgüsündə iştirak edir? - AÇIQLAMA

Nikaha xitam verildikdən sonra yaranan və uzunsürən məhkəmə mübahisələrinə səbəb olan problemlərdən biri də əmlak bölgüsüdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ər-arvadın əmlakına münasibətdə onların əmlakının ümumi birgə mülkiyyəti prinsipini nəzərdə tutur. Ər-arvadın ümumi birgə mülkiyyəti dedikdə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak nəzərdə tutulur. Qanunvericilikdə ümumi birgə mülkiyyətə daxil olan əmlakların müəyyən dairəsi əks olunub. Bəs görəsən, boşanma prosesi zamanı əmlak bölgüsü prinsipi tərəflərin övladlarına da şamil edilirmi? Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Vüsal Cəfərov bildirib ki, boşanma zamanı əmlakın bölgüsü yalnız ər-arvad arasında aparılır və uşaqlara pay düşmür:  “Övladlar ancaq vərəsədir. Boşanma zamanı əmlakın bölgüsü yalnız ər-arvad arasında aparılır və uşaqlara pay düşmür. Valideynlər ayrıldıqdan sonra, hər biri övladlarına vərəsəlik verə bilər. Boşanma o demək deyil ki, ata yaxud ana valideynlik hüququndan məhrum edilir. Eyni qaydada, valideynlərdən hər hansısa biri heç bir səbəb göstərmədən vəsiyyətnamə yazıb övladlardan birini yaxud hamısını vərəsəlikdən məhrum edə bilər”.

Bəzi rayonlara leysan yağacaq - Sabahın havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.

Bakı metrosunda problem - Qatarlar gecikir

Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb. Bu barədə Sozcu.az-a Bakı Metropolitenindən məlumat verilib. Qeyd edilib ki, qatar operativ şəkildə “Nərimanov” elektrik deposuna yola salınıb və xəttə ehtiyat qatar buraxılıb. Yalnız iki qatar arasında yaranmış bu interval fərqinin bərpası məqsədilə əlavə tədbirlər görülüb, qısa müddət ərzində interval bərpa olunub.

2600 manat müavinət kimlərə ödəniləcək? - QAYDALAR AÇIQLANDI

Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiq edib. Yeni qaydalara əsasən, həmin vətəndaşlarımız təhsil pillərini başa vuran zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər. Deputat Vüqar Bayramov bildirib ki, əvvəllər həmin şəxslər mövsümi paltar və ayaqqabı, habelə ölkə üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. Son Fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı, həmçinin vəsait də dəqiqləşdirilir. Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarln, habelə onların arasından olan şəxslərin sosial təminatını daha gücləndirməkdir. Vəsaiti necə almağa gəldikdə isə bu müavinət hər bir təhsil müəssisənin büdcəsinə daxil edilir. Bu o deməkdir ki, həmin vətəndaşlarımız təhsillərini başa vuran zaman həmin müəssisəyə müraciət etməklə bu müavinəti ala bilərlər. Məsələn, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər peşə təhsili müəssisəni və ya universiteti təhsil alırsa, təhsilini başa vuran zaman yerində müraciət edərək həmin pulu ala bilirlər. Bu proses qısa müddət tələb edir və bir neçə gün ərzində müavinətin əldə edilməsi mümkündür.

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Lənkəran-Astara zonasında yağıntılar intensiv və güclü olub. Düşən yağıntının miqdarı Astarada 113, Yardımlıda 62, Lerikdə 42, Lənkəranda 33, Biləsuvar, Cəlilabad, Beyləqanda 19, Qəbələdə 17, Ordubadda 16, İmişlidə 15, Neftçalada 14, Oğuzda 13, Ağdamda 11, Quba, Qax, Tərtər, Naxçıvan, Gədəbəy, İsmayıllı, Sabirabad, Şahbuz, Cocuq mərcanlı, Şahdağ, Qusar, Tovuz, Şirvan, Hacıqabul, Qrız, Balakən, Altıağac, Xaltan, Ağstafa, Culfa, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Daşkəsən, Şəmkir, Xınalıq, Zaqatala, Şamaxı, Qobustan, Şabran, Bərdə, Zərdab, Kürdəmirdə 9 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin sentyabrın 22-si axşamadək davam edəcəyi, 23-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.