Bakıda bu yol iki gün bağlı olacaq

Paytaxtın Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, 11 oktyabr saat 08:00-dan 12 oktyabr saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Sabah yağış və sulu qar yağacaq - XƏBƏRDARLIQ

Oktyabrın 10-u günün birinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. 

Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 10-da ölkə ərazisində bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.  Bunu nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!" FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

Bölgələrdə yağış yağacaq, leysan olacaq - Proqnoz

Milli Hidrometeorologiya Xidməti oktyabrın 10-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-19, gündüz 21-26 dərəcə isti olacaq.  Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-18, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Bakının bu əraziləri “plana düşdü” - Tezliklə söküləcək

2035-ci ilə qədər Bakının Baş Planının həyata keçirilməsi nəzərdə tutulub. Sozcu.az AzTV-yə istinadən xəbər verir ki, plan daxilində şəhər ərazisində ciddi dəyişikliklər gözlənilir. Belə ki, Bakıda istismar müddətini başa vurmuş binalar söküləcək və yerində yeni, müasir tələblərə cavab verən tikililər inşa olunacaq.  Həmçinin, Mərkəzi Parkın ərazisi genişləndiriləcək.   Daha ətraflı videomaterialda izləyə bilərsiniz:

Yeni qaydalar təsdiqləndi: Kimlərin pensiyası artırılacaq? - AÇIQLAMA

Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib.  Sozcu.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni sənədə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə edilə bilər: "Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Yeni qaydalar pensiyaların təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi ilə bağlı qərarların daha çevik qəbul edilməsinə və nəticənin daha qısa zamanda bölüşdürülməsinə imkan verəcək. Pensiyaların proaktiv təyin olunduğunu nəzərə alsaq, bu qaydalar xüsusən pensiyaların yenidən hesablanması və pensiya növünü dəyişdirilməsi proseslərinin sadələşdirilməsinə imkan verəcək. Məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəffaflığın daha da  gücləndirilməsinə imkan yaradacaq. Bu, məlumatlara əlçatanlıq baxımından vacibdir.  Yeni qaydalar pensiyalar sahəsində elektronlaşdırmanı genişləndirməklə yanaşı, pensiyalara əlçatanlığı da artıracaq. Bu isə təqaüd növünü dəyişmək istəyən pensiyaçılar və eləcə də pensiyaya çıxmaq istəyənlər üçün yeni imkanlar deməkdir. Pensiyaların yenidən hesablanması sisteminin daha da elektronlaşdırılması isə bir sıra hallarda pensiya məbləğlərini də artıra bilər".

Bu ölkələrdən quş ətinin idxalına qadağa...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Sozcu.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monteneqronun Biyelo-Polye şəhərində, Rumıniyanın Qorj bölgəsində, Serbiya Respublikasının Moraviç, Rasina dairələrində, Bosniya və Herseqovinanın Serb Respublikasında blutanq xəstəliyi, Yunanıstan Respublikasının Attika, Afon Dağı inzibati ərazi vahidlərində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Montana ştatında, İspaniya Krallığının Madrid muxtar icmasında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Suyun qiyməti bahalaşacaq? – “Xərclərin bir hissəsi şişirdilib”

“Yaxşı olardı ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) differensial qiymət tətbiqi üçün Tarif Şurasına müraciət edəndə izahını da versin. Qurum bildirməlidir ki, xidmətlə bağlı çəkilən xərclər hara və niyə sərf olunur. Mən əminəm ki, deyilən xərclərin bir hissəsi şişirdilib”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, vətəndaşların suya ödədiyi tarif qiyməti ona çəkilən xərcdən azdır:  “Bütövlükdə su nəinki Azərbaycanda, bütün dünyada ən əsas strateji resurslardan biridir. Bu tendensiya get-gedə daha da artacaq. Hamı bilir ki, hazırda içməli su ehtiyatları azalır. Suya çəkilən xərc əslində xeyli yüksəkdir. Yaxşı olardı ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) differensial qiymət tətbiqi üçün Tarif Şurasına müraciət edəndə açıqlamasını da versin. Qurum bildirməlidir ki, xidmətlə bağlı çəkilən xərclər hara və niyə sərf olunur. Mən əminəm ki, deyilən xərclərin bir hissəsi şişirdilib. Bütövlükdə razıyam ki, suya ödədiyimiz tarif qiyməti ona çəkilən xərcdən azdır. Bu baxımdan, suyun qiymətinin artması qaçılmazdır. Amma birdən-birə kəskin artım inandırıcı deyil”. Xatırladaq ki, Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib ki, Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Onun sözlərinə görə, bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır: “Diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir. Yəni onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə, kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca, fərqli tariflər müəyyənləşdirilir. Dünyada bu praktika geniş yayılıb”.

Güclü külək əsəcək – Sarı xəbərdarlıq

Oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sabah 25 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.

Şirkət əməkdaşları saxlanıldı: qadın da var

Azərbaycanda fəaliyyət göstərən şirkətin üç əməkdaşı məsuliyyətə cəlb olunub. Sozcu.az Oxu.az-a istiandən xəbər verir ki, Saloğlu Kommersiya MMC-nin əməkdaşları Məhəmməd Məmmədov, Gülşən Xəlifəyeva və Nicat Həbibov adıçəkilən şirkətin 179 min manatını mənimsəməkdə təqsirləndirilirlər. Faktla bağlı cinayət işi başlanıb və təqsirləndirilən şəxslərdən Nicat Həbibov və Gülşən Xəlfəyeva barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə digər təqsirləndirilən Məhəmməd Məmmədov barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Sabahın havası - 24 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb. Qurumdan Sozcu.az-a verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə +12 dərəcədən +16 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək, dağlarda gecə +1 dərəcədən +6 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq.