"Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur"

"Bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur". Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, inflyasiyada qiymət siyasətinin əsas prioritetlərindən biri bazarda azad rəqabətin olmasıdır: "Təəssüf ki, bu prosesə müəyyən qədər təsir edən amillərdən biri Rəqabət Məcəlləsinin qəbul edilməsidir”. V.Əhmədov vurğulayıb ki, bir ildən artıq vaxt keçməsinə baxmayaraq həmin məcəllə hələ də parlamentə daxil olmayıb: “Hansı ki, biz bunu yaz sessiyasının işlər planına daxil etmişik. Ona görə də Baş nazirdən xahiş edirəm ki, bu məsələyə diqqət yetirilsin və məcəllə Milli Məclisə daxil olsun. Çünki hesabatdan da göründüyü kimi bu gün bazarda haqsız rəqabət kifayət qədərdir, inhisarçılıq mövcuddur. Belə bir vəziyyətdə iqtisadiyyatın normal tənzimləməsi qeyri-mümkündür”. V.Əhmədov bildirib ki, hələ də dərmanların qiymətlərinin yüksək olması ilə bağlı şikayətlər var: “Görünür problem aradan qaldırılmayıb və bundan sonra da davam edəcək. Bu məsələyə süni qiymət artımı da təsir edir. Bu sahədə antiinhisar tədbirləri daha da gücləndirilməlidir”. Deputat həmçinin bank faizlərinin yüksək olması məsələsinə də toxunub: "Kredit faizlərin yüksək olması sahibkarlar üçün problem yaradır. İkinci məsələ, bağlanmış banklarda əhalinin kifayət qədər əmanətləri var və əmanətlərin qaytarılmasında ciddi problemlər var. Üçüncü, vaxtı keçmiş kreditlərin qaytarılmasıdır. Mərkəzi Banka bu problemin həll edilməsini tövsiyə edirəm.

Azərbaycan əhalisinin sayı açıqlanıb

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il fevral ayının 1-i vəziyyətinə 10131373*) nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Ağdamdakı mina partlayışı 5 uşağı atasız qoydu

Bu gün Ağdamda iki nəfər minaya düşərək həlak olub. Hadisə rayonun Yusifcanlı kəndində baş verib. Məlumata görə, ərazidə heyvan otaran kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. Partlayış zamanı ölənlər 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğludur.  Hadisə barədə Modern.az-a açıqlama verən Yusifcanlı kənd bələdiyyəsinin nümayəndəsi Hüseyn Sadıqov bildirib ki, minaya düşən hər iki şəxs eyni kəndin sakinləridir.  "Onlar Yusifcanlı kəndinin sakinləridir. Hər ikisi evlidir. Amid Həsənovun 3, İsrail Həsənovun iki övladı var. Onlar təsərrüfatla məşğul olublar. Hadisə heyvan otararkən baş verib. Ehtiyatsızlıqdan minanın üzərinə çıxıblar. Partlayış zamanı yerindəcə keçiniblər", - deyə Hüseyn Sadıqov vurğulayıb.  Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır. 

Ana ölüb, ata həbsdə, uşaqların taleyi necə olacaq?

Son vaxtlar ailədaxili münaqişə zəminində baş verən qətllərin sayı artıb. Bu cür qanlı insidentlərdən ən çox zərər çəkən uşaqlar olur. Valideynlərdən birinin ölümü, digərinin həbs olunması uşaqların başsız qalması ilə nəticələnir. Bu uşaqların taleyi necə olur? Onlar sığınacağamı yerləşdirilir yoxsa qohumların himayəsinəmi verilir? Son illər sığınacağa qəbul olunan uşaqların sayı artıbmı? “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzu ilə bağlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, uşaqların gözü qarşısında qətl baş veribsə, onlar mütləq şəkildə sığınacağa uzun müddətə yerləşdirilməli və reabilitasiya proqramlarından keçməlidir: “Əvvəllər qohumların himayəsinə verilirdi, indi sosial xidmətlər dərhal qeydiyyata götürür, sonra vəziyyəti qiymətləndirir, qərar verilir ki, hansı zərər verməyən qohum var, ona verilsin. Başa düşürük ki, uşaqlar qohumların yanında daha rahat ola, baş verənləri daha tez yaddan çıxara bilər. Təəssüf ki, cəmiyyətdə qohumlar bu travmanı unutmur və uşaqların yanında bunu tez-tez danışırlar. Mən uşaqların qohumlara verilməsinin tərafdarı deyiləm, çünki travmanı uşağa təkrar-təkrar yaşada bilirlər. Bəzi adamlar ola bilər ki, uşaqlara bunu xatırlatmasın, müzakirə etməsin, amma uşaq hansı qohuma verilirsə, o şəxs psixoloji testdən keçməlidir. Müsbət cəhət odur ki, Sosial Xidmətlər Agentliyi dərhal uşağı qeydiyyata alır və sonrakı taleyi ilə bağlı işləri görür. Sosial xidmətlərin qərarı ilə bəzi hallarda uşaq sığınacağa yerləşdirilir, bəzi halda isə qohumlardan kiməsə verilir. Ölüm faktı ilə bizim sığınacağa yerləşdirilən uşaqlar yoxdur”. 

Rusiya Ukraynada müharibə cinayətləri törədib

BMT-nin dəstəklədiyi istintaq qrupu Rusiyanın Ukraynada mülki şəxslərə qarşı hücumları, işğal olunmuş bölgələrdə sistematik işgəncə və qətlləri, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər adlandırıb. Bu gün təhqiqat qrupu Ukrayna ilə bağlı hesabat yayımlayıb. Hesabatda insanlığa qarşı potensial cinayətlər arasında payızdan bəri Ukrayna infrastrukturunu hədəf alan və ən soyuq aylarda yüz minlərlə insanın istilik və işıqsız qalmasına səbəb olan davamlı hücumlar, həmçinin Rusiyanın işğalı altında olan bir çox regionlarda işgəncələrin “sistemli və geniş şəkildə” tətbiqi qeyd edilib. Hesabatın müəllifləri Ukrayna qüvvələri tərəfindən "az sayda" aşkar pozuntuların olduğunu da bildiriblər . Qeyd edək ki, Təhqiqat komissiyası BMT-nin dəstəklədiyi İnsan Haqları Şurasının bütün dünyada sui-istifadə və pozuntuları yoxlamaq üçün istifadə etdiyi ən güclü vasitədir. Xatırladaq ki, Ukrayna ilə bağlı təhqiqat qrupu Rusiyanın bu ölkəyə müharibəyə başlamasından qısa müddət sonra yaradılıb. Komissiyanın üç üzvü insan hüquqları üzrə müstəqil ekspertlərdir və qrupun əməkdaşları BMT-nin insan hüquqları bürosu tərəfindən dəstəklənir.

DSX kafedə qətlə yetirilən əməkdaşı barədə məlumat yayıb

Dövlət Sərhəd Xidməti (DSX) kafedə qətlə yetirən əməkdaşı barədə məlumat yayıb. Məlumatda deyilir: Mart ayının 16-da saat 00:30 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat etmişdir. Baş Gizir Cəsarət Vəliyev, 44 günlük “Vətən Müharibəsi”ndə və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

“Kontakt Home” müştəriləri belə ALDADIR

Artıq uzun müddətdir ki, “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı şikayətlər bitmək bilmir. Şirkət isə bu şikayətlərə ciddi yanaşmır. Alınan məhsulun xarab çıxması, texniki nasazlığın olması isə müştəri məmuniyyətinin daha da aşağı düşməsinə yol açır. Təsadüfi deyil ki, şirkətlə bağlı şikayətlərə sosial şəbəkələrdə də sıx rast gəlinir. Sozcu.az Yenicag.az-a istinadən xəbər verir ki, şikayətçilərdən biri “Kontakt Home”un müştərisi olan Elvin Bəylər oğludur. Onun sözlərinə görə, kreditlərini vaxtından tez ödəsə də, sistemdə hələ də şirkətə borclu olduğu görünür: “Kontakt Home”dan mebel və ütü almışıq. Öncədən 1380 manat ödəniş etmişəm və kreditimi vaxtından qabaq ödəyib bitirmişəm. Ancaq buna baxmayaraq, şirkət adıma gecikmə düşdüyünü bildirir. Bununla bağlı şirkətin *6060 qaynar xəttinə yığmışam və mənə deyirlər ki, tam ödəniş edilməyib. Halbuki əlimdə ödəniş qəbzləri var. Krediti həyat yoldaşım Sahibə Nizaməddin qızı Balabəyovanın adına götürmüşük. Əgər şirkət sistemdən gecikməni silməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəm”. Digər şikayətçi isə vurğulayıb ki, endirimlə aldığı məhsulun qiymətini nəğd şəkildə ödəsə də, şirkət məhsulu təhvil verməkdən boyun qaçırıb: “25 noyabr 2022-ci il tarixində “Böyük Cümə” endirimi zamanı “Kontakt Home”dan endirimlə 139 manata blender almışdıq. İlk önce məhsulun 2 gün ərzində çatdırılacağı bildirilmişdi. Daha sonra məhsulun 2 gün gecikəcəyi bildirildi. Düzü tələsmirdik, anlayışla qarşıladıq ki, alıcı çox olub, çatdırılma zaman ala bilər düşündük. Bir həftədən sonra əlaqə saxladıq ki, məhsulumuz haradadır? Bildirdilər ki, sistemdə məhsulun bizə verildiyi qeyd olunub. Xülasə, sübut etdik ki, məhsul bizə çatdırılmayıb. Dedilər, onda 2 günə göndərərik… Sonra məhsulu aldığımız “Əhmədli” filialına getdik, vitrindən cızıq, qutusu cırıq məhsul gətirdilər ki, buyurun. Düzü heç təəccüblənmədik. “Anbarda məhsul qalmayıb” adı ilə bizə bunu verməyə çalışdılar. Sonra malı qaytarmağı təklif etdilər. Yəni mən həmin gün məhsulu başqa mağazadan eyni qiymətə ala bilərdim, amma indi qaytarıb daha baha qiymətə almalıyam?! Sonra bildirdilər ki, “Masallı” filialında var, onu çatdıraq. 1 həftə keçdi, xəbər olmadı. Məlumat mərkəzinə zəng edib şikayət etdik, 1 həftə keçdi, yenə də xəbər çıxmadı. Bir sözlə, “Kontakt Home” 25.11.22 tarixində satılmış məhsulu bizə hələ də təhvil verməyib və pulumuzu qanunsuz olaraq mənimsəyib. Məhkəməyə müraciət edib məbləğin 100 misli həcmində kompensasiya almaq istəyirik”. Daxil olan şikayətlərdən belə başa düşmək olur ki, “Kontakt Home”un servis xidmətində də müəyyən problemlər mövcuddur. Şikayətə görə, alınan məhsulun təmirə ehtiyacı olsa da, şirkət vaxtı uzatmaqla məsuliyyətdən qaçmağa çalışır: “”Kontakt Home”dan qızıl zəmanətlə paltaryuyan maşın almışam. Qızıl zəmanət üçün isə əlavə 450 manat ödəniş etmişəm. Maşının qapağı xarab olduğu üçün servisə aparıblar və artıq 1 aydır ki, xəbər yoxdur. Servislə əlaqə saxladım və mənə dedilər ki, hələ vaxtım tamam olmayıb, gözləməliyəm. Məğər bir qapağı dəyişməyə 1 ay vaxt lazımdır?! Ən əsası paltaryuyan maşını aparan usta niyə 1 aydan sonra gətirəcəkləri barədə öncədən məlumat vermir?! Bu qədər özbaşınalıq olarmı? Əgər “Kontakt Home” problemləri həll edə bilmirsə, onda camaatı niyə aldadır?!”.

Bakıda tələbə müalicə aldığı xəstəxanada intihar edib

Bakıda tələbə müalicə aldığı xəstəxanada intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə tələbənin təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb. Qeyd olunub ki, universitetin İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Gülşən Abbaslı uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada intihar edib.

Bibisini qəbiristanlıqda döyərək öldürən şəxsə hökm oxunub

Ali Məhkəmədə Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, hadisə 2018-ci ildə Quba rayonu ərazisində baş verib. İttihama görə, Qırmızı Qəsəbə sakini M.Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə 1931-ci il təvəllüdlü bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq onu döyüb. 87 yaşlı Ş.Sumxayeva hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib. M.Migirov zorlama və qəsdən adamöldürmə maddəsi ilə ittiham edilib. Məlum olub ki, M.Migirov 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində qəsdən adam öldürdüyünə görə 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra Azərbaycana deportasiya edilib. Doğulduğu qəsəbəyə qayıdan, spirtli içki aludəçisi olan M.Migirov sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub. Bibisini öldürdüyünə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasını 17 ilə endirib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və iş həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.(pravda.az)

Bunu edən şəxslər 2 ilədək həbs olunacaq

Azərbaycanda qaydaları pozaraq mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulanlar 2 ilədək həbs ediləcək. Sozcu.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni 314-4-cü maddə (Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulma) əlavə olunur. Yeni maddəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və istilik enerjisi müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması 2 000 manatdan 4 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yerə tüpürənlər də cərimə edilsinlər - TƏKLİF

Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə əsasən Bakıda siqaret kötüyünü yerə atanlar 50 manat cərimələnəcəklər. DİN-in qanunuvericiliyin icrasından irəli gələn bu addımı geniş müzakirəyə səbəb olub, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Bildirilir ki, paytaxtın xüsusən mərkəzi küçələrində polis siqaret kötüyünə nəzarət edəcəksə, digər inzibati qaydalar da diqqətdən kənarda qalmamalıdır. Təklif edilir ki, ictimai yerlərdə nümayişkəranə şəkildə tüpürənlərə də cərimə tətbiq edilsin. Tanınmış kulturoloq Aydın Xan Əbilov da Pravda.az-a açıqlamasında təklifi dəstəkləyib. O bildirib ki, dünya praktikasında da tüpürməyə görə cərimə tətbiqi var: “Məsələn, Sinqapurda yerə tüpürməyə, siqaret kötüyünə, çeynənmiş saqqızın yerə atılmasına görə 50 manat yox, 800 dollar inzibati cəza növü var. Bu hərəkətin iki-üç dəfə təkrar edilməsi həbslə nəticələnirsə, niyə də bu, Azərbaycanda olmasın? Ümumiyyətlə, ictimai yerlərdə ictimai davranış, etik normaları pozan insanlara tez-tez rast gəlirik. Yüksək tonla danışmaq, ictimai nəqliyyatdan normal istifadə etməmək, qadınlara, yaşlılara, xəstələrə, əlillərə xüsusi qayğı göstərməmək əxlaqa zidd hallar sayılır. Azərbaycanda bununla əlaqədar ictimai davranış mədəniyyəti oturuşmayıb. Cəmiyyətdə çoxsaylı çağırışlar edirik. Amma vəziyyət hələ də dəyişilməz qalır. Müəyyən zaman sonra doğulduğu yerdən başqa yerə köçüb gəlmiş insanların həmin cəmiyyətdə qəbul edilmiş ümumi etik normalara riayət etməməsi acınacaqlı vəziyyətə aparıb çıxarır. Hərəmiz ayrı ləhcə ilə şəhərdə özümüzü aparmağa başlayırıq. Şəhər mədəniyyəti, qlobal urbanizasiya etikası pozulur? Bunu düşünəndə insanların bir-biriləri üçün yaratdıqları problem göz önünə gəlir. İctimai qınağı, tənqidi gücləndirməklə, cərimələr tətbiq etməklə, insanların bir-birinin davranışlarına nəzarət etmələri ilə belə halların qarşısını almaq mümkündür. Yerə tüpürmək, siqaret kötüyünü yerə atmaq, yol hərəkəti qaydalarını pozmaq, yüksək səslə musiqi dinləmək, danışmaq əslində psixologiyamıza, şüurumuza təsir edən, birgəyaşayışı pozan amillərdir. Buna yol verənlər inzibati, yaxud cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. İnsanlar nə qədər cəzasızlıq mühitində yaşayacaqlarsa, bu problem daha aktual olacaq. Ona görə də müəyyən mənada qanunvericilikdə dəyişikliyə ehtiyac var”. Ekspert deyib ki, illərdir bu yöndə neomaarifçi, neoekoloji maarifləndirmələr aparır: “Məişətdə istifadə olunan, yaxud qida və digər tullantıların maşının, evin pəncərəsindən çölə atılmasını qəti qınayırıq. Təəssüf ki, aparılan bütün ictimai tənqid proseslərinin real nəticəsi, demək olar, sıfıra bərabərdir. Nəinki Bakının özündə, Azərbaycanın hər yerində - dəniz kənarından tutmuş, yaşayış məntəqələrinin kanallarına qədər Azərbaycan torpaqlarının çirkləndiyinin, ekoloji “soyqırımı”na məruz qaldığının fərqindəyik. İnsanlar isə zir-zibillərin, sellofan qutuların hara gəldi atıldığının fərqində deyillər. Əfsus ki, Azərbaycanda yalnız və yalnız Bakıda zibil utilizasiya edən bir müəssisə var. Qalan rayonların heç birində bu, yoxdur. Rayonlarda yığılan zibillər, məişət, sənaye tullantıları birbaşa yandırılır. Bu da ekologiyanı məhv edir”. Aydın Xan Əbilov vurğulayıb ki, siqaret kötüyünə görə 50 manat cərimə çox azdır: “Siqaret kötüyünün, yaxud istənilən zir-zibilin yerə atılması ilə bağlı cəzanı İnzibati Xətalar Məcəlləsindən Cinayət Məcəlləsinə qədər aparıb çıxarmaq lazımdır. Tənbeh daha da sərtləşdirilməlidir. Təkcə 50 manatla kifayətlənsək, görəcəyik ki, yenə eyni qaydada zir-zibili yerə atırlar. Sanki maşınındakı, evindəki tör-töküntüləri çölə atmaqla necə “bərkgedən” olduqlarını cəmiyyətə sübut etmək istəyirlər. Xatırlayırsınızsa, pandemiya dövründə inzibati tənbeh növü kimi seçilən və cəza növü kimi tətbiq edilən çox yüksək cərimələr öz bəhrəsini verdi. İnsanlar qanunlara riayət etməyə başladılar. Külək əsəndə şəhərin hər tərəfində yerə atılmış siqaret tullantıları və digər zibillərlə əhatələnirik. Üstündən milyonlarla maşın keçir. Bu maşınlar həmin kimyəvi maddələrdən istehsal olunmuş avadanlıqların qırıntılarını, məişət tullantılarını toz halına çevirir, insanlarımız da bunu udur. Sonra da deyirlər ki, niyə yeni nəsil, qocalar arasında  bu qədər çox xəstə var? Sözsüz ki, öz əməllərimiz bizə qarşı təbiət tərəfindən silah olaraq qaytarılır. Bunu anlayıb, dərk etmədikcə bir o qədər problemlər yaşayacağıq”. Ekspert deyib ki, Azərbaycanda zibil toplanması ilə bağlı bərbad vəziyyət var: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi, QHT-lər, ictimai fəallar bununla əlaqədar addımlar atsalar da, təsirini əhəmiyyətli dərəcədə göstərmir. Sellofanları ödənişli etdilər, amma yenə eyni problemdir. Düşünürəm, bununla əlaqədar görüləsi çox işlərimiz var. Təəssüf ki, bir neçə şirkətdən başqa heç kim məişət və zəhərli tullantıların yığılması ilə bağlı addım atmayıb. Elektron mallar satılan şirkətlərdən birinə məxsus mağazada məişət batareyalarının geri dönüşümü ilə bağlı qutu gördüm. Çox xoşuma gəldi. Bu tip addımları koorporativ sosial məsuliyyətə cəlb olunası şirkətlərdən tutmuş şəxslərə, fərdlərə qədər hər kəs dərk etməlidir. Bakını ekoloji baxımdan təmiz görmək istəyiriksə, hər kəs özündən başlamalıdır. Necə deyərlər, şəhər bizim simamızdır, o simanı təmiz saxlayaq”.

Dələduz “DTX işçisi“ “Kamaz“ sürücüsü imiş

Bakıda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı kimi təqdim edərək dələduzluq əməli törətmiş şəxs həbs edilib. Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Cəlilabad rayonunda qeydiyyatda olan, paytaxtın Yeni Yasamal qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Farid Qədirovun 2 nəfəri dələduzluq yolu ilə aldatdığı məlum olub. Qaradağ rayonundakı daş karxanasında "Kamaz" markalı yük maşınınn sürücüsü işləyən həmin şəxs barəsində Cinayət Məcəlləsinin dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rüşvət verməyə təhrik etmə maddələri ilə açılmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Farid sosial şəbəkədə bir neçə xanımla tanış olub və aralarında münasibət yaranıb. Daha sonra həmin qadınlar arasında pul məsələsinə görə mübahisə düşüb. Günay (şərti) adlı tanışı Faridə Nazilə (şərti) adlı digər qadının ona 80 min manat verməli olduğunu, lakin ödənişdən boyun qaçırdığını deyib. Özünü DTX-nin vəzifəli əməkdaşı kimi tandan Farid Günaya məsələni həll edəcəyini söz verib. O, Binəqədi Rayon Polis İdarəsində müstəntiq işləyən və bibisioğlunun tələbə yoldaşı olan polis əməkdaşı ilə əlaqə saxlayaraq Günaya köməklik etməsini xahiş edib. Polisdəlki araşdırmadan sonra Nazilə pulun bir hissəsini Günaya qaytarıb. Farid bu işə görə müstəntiqə pul verilməli olduğunu deyərək Günaydan 4300 manat alıb. Bununla yanaşı, 36 yaşlı Farid Günayın tanışı olan Cəfəri (şərti) də DTX-nin Xətai Rayon Şöbəsində işə düzəldəcəyini vəd verərək ondan 5 min manat alıb. Lakin bir müddət sonra Günay Binəqədi RPİ-də işi araşdıran müstəntiqin qəbulunda olarkən Faridin yalan danışdığını öyrənib. Belə ki, müstəntiq ona Faridin pul vermədiyini bildirib və onun, ümumiyyətlə, DTX-də işləmədiyini, "Kamaz" sürücüsü kimi yükdaşıma fəaliyyəti göstərdiyini deyib. Bundan sonra dələduzluqla üzləşdiklərini görən Günay və Cəfər Farid barəsində şikayət ediblər və cinayət işi başladılıb. İstintaq müddətində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Farid bu zaman kəsiyində aldığı pulları geri qaytarıb. Məhkəmə prosesində Günay və Cəfər ondan şikayətçi olmadıqlarını bildiriblər. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi Faridin əməllərini və daha əvvəl də məhkumluq həyatı yaşamasını nəzərə alaraq, ona 5 il həbs cəzası verib. Farid Qədirov məhkəmə zalındaca həbs edilib.