Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib, 11 nəfər ölüb

Mart ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 139-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Qəbul olan xəstələrdən 72-si dərmandan, 30-u sirkə turşusundan, 5-i dəm qazından, 10-u alkoqollu içkidən, 8-i qidadan(botulizm), 1-i göbələkdən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 8-i allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 1-ni isə həşarat sancıb. Zəhərlənən şəxslərin 58-i qadın, 49-u kişi, 32-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5-i sirkə turşusundan, 3-ü dərman zəhərlənməsindən, 1-i spirtli içkidən, 1-i dəm qazından, 1 nəfər isə botulizimdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 9-u kişi, 2-si qadındır.

Aztəminatlı şəxslərin pullarını mənimsədilər: 823 min manat…

Sosial təminat və məşğulluq məsələləri adı ilə aztəminatlı şəxslərin pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq tamamlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Bəşir Xəlilovun Ülviyyə Əsədova, Seyidağa İsayev və Şöhrət Nağıyevlə qabaqcadan əlbir olaraq Bakı şəhəri və regionlarda yaşayan aztəminatlı şəxslərə müxtəlif dövlət qurumlarında yüksək vəzifədə işləyən tanışları vasitəsilə əmək pensiyalarını təyin, əlilliyə görə dayandırılmış müavinətləri isə bərpa etmə və digər imkanları barədə yalan vədlər verərək onlara məxsus pul vəsaitlərini ələ keçirmələri, eləcə də bu əməlləri ilə vətəndaşları rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib. İbtidai istintaq zamanı toplanmış sübutlar əsasında vətəndaşlara Bəşir Xəlilov tərəfindən 379 min manatdan, Ülviyyə Əsədova tərəfindən 328 min manatdan, Seyidağa İsayev tərəfindən 64 min manatdan və Şöhrət Nağıyev tərəfindən 52 min manatdan artıq maddi ziyan vurulması təsdiq olunub. Qeyd edilən şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), 32.4, 312.2, (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə vətəndaşı rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.3.2 (qabaqcadan əlbir olan şəxs tərəfindən təkrarən külli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

ABŞ Azərbaycanın “yaşıllaşdırılmasına” töhfə vermək istəyir

Azərbaycanda səfərdə olan ABŞ-nin ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ  Xarici Ticarət Xidmətlərinin baş direktoru Arun Venkataraman ABŞ-Azərbaycan Yaşıl Enerji Forumunda iştirak edib. Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib. Bildirək ki, Forumda Azərbaycanın yaşıl enerji ekosisteminin inkişafında marağı olan 9 ABŞ şirkəti də qatılıb. Venkataramanın sözlərinə görə, ABŞ sektoru Azərbaycana yaşıl enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır. “Prezident Co Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədi ilə 2050-ci il üçün Birləşmiş Ştatlarda ətraf mühitə tullantıların səviyyəsini sıfıra çatdırmaq öhdəliyini öz üzərinə götürüb. Cari administrasiya iqlim dəyişikliyi probleminin ünvanlanması üçün bütün hökumət qurumları arasında əlaqələndirilmiş yanaşmanı tətbiq edir”, - deyə o bildirib. Forumda ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara da çıxış edib. O bildirib: “Bu forum bizim enerji sahəsində əməkdaşlığımızın gücləndirilməsi və yaşıl enerji sahəsində çalışan ABŞ və Azərbaycan şirkətlərinin arasında əlaqələrin yaradılmasının sayəsində ABŞ-Azərbaycan ikitərəfli iqtisadi münasibətlərinin artmasına vacib imkan yaradır”. Qevera qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. “Enerji sahəsi həmişə bizim iqtisadi əməkdaşlığımızın vacib hissəsi olub və ABŞ Azərbaycanın enerji sahəsində etibarlı təchizatçı rolunu dəstəkləyir. Bu forum Azərbaycanın yaşıl enerji potensialının tam mənimsənilməsi üçün texniki və tənzimləyici innovasiyaların həyata keçirilməsinə yardım edəcək”, - deyə o əlavə edib. Ticarət Departamentinin Avrasiya məsələləri üzrə baş müşaviri Hizer Bürns isə deyib: “Forumun təşkilində məqsəd Azərbaycanın investorlarına ABŞ-nin texniki təchizatçılarının dəstəyi sayəsində ölkənin yaşıl enerji imkanlarını inkişaf etdirməkdir. Dünyada neft və qaz hasil edən ölkələr karbon qazı tullantılarının azaldılması üçün yaşıl enerji layihələrini həyata keçirir. Bizim yalnız bir planetimiz var və biz birgə işləyərək qlobal istiləşməni nəzarət altında saxlamalıyıq”.

Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olunub - FOTO

Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlunun nəşi Qəbələ rayonuna gətirilib. Hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib. Daha sonra ​19 yaşlı Novruz Niftaliyev ​Nohurqışlaq kənd qəbiristanlığında dəfn olunub.

Xudayarın anası xalqa müraciət etdi: Bizi incitməyin - Video

44 günlük Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova son günlər sosial şəbəkələrdə şəhidlərin səsi ilə bağlı yayılan videolara münasibət bildirib. Sozcu.az xəbər verir ki, Azərbaycan xalqına müraciət edən şəhid anası bu cür addımların doğru olmadığını deyib: "Xalqımızdan xahiş edirəm ki, belə videolar qarşılarına çıxdığı zaman onlara etirazlarını bildirsinlər. Burada bizim şəhid balalarımızı başqa səslərlə danışdırıb özləri haqqında məlumat verirlər. Yəni İnstaqram və Tik-tok səhifələrində izləyici yığmaq üçün bunu etmək heç cür uyğun iş deyil. Belə paylaşımlar edib, anaları incitmək lazım deyil".

Həyat yoldaşı Fazil Mustafanın son durumu ilə bağlı: “Həkimləri danışmağa icazə vermir”

Xəbər verdiyimiz kimi, martın 28-də yaşadığı yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın bir neçə gündür ki, reabilitasiya prosesi gedir. News24.az-ın əməkdaşı deputatın səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlamağa cəhd edib. Zəngə millət vəkilinin həyat yoldaşı Zülfiyyə Mustafa cavab verib. O, millət vəkilinin səhhəti barədə bunları deyib: “Şükür Allaha, indi yaxşıdır. Yaraları sağalır. Özünü yaxşı hiss edir. Amma həkimləri danışmağa icazə vermir”.

Bakı-Naxçıvan avtobusunu sürən İran vətəndaşı saxlanıldı

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü, İran vətəndaşı Arjmand Ramez Azim oğlunu narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib. Sozcu.az xəbər verir ki, saxlanılan İran vətəndaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.

Sahibə Qafarovanın mandat aldığı seçki məntəqəsi: "Ya kəndin adini dəyişin, ya da..."

98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat mandatı əldə edən və hazırda Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsini daşıyan Sahibə Qafarovanın  seçildiyi məntəqələrdən biri olan,   98 saylı Şəmkir Seçki Dairəsinin "Varlı Həyat" kənd Seçki Məntəqəsinin yararsız formada olduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.  "Ya kəndin adini dəyişin, ya da məntəqəni bu ada uygunlaşdıırın" tipli yazılar yazan insanlar,   Şəmkir rayonun Varlı Həyat kəndinin acınacaqlı vəziyyətdə olan hazırkı durumunu bir daha diqqət mərkəzinə gətiriblər.  Xatırladaq ki, Şəmkir rayon Varlı Həyat kəndi  qaçqın və məcburi köçkünlərdən təşkil olunub. Dəfələrlə mətbuatda  bu kəndin acınacaqlı vəziyyətdə olması ilə bağlı yazılar yazılsa da, çox təəsüf ki, bu vaxta qədər kəndə heç bir diqqət göstərilməyib.  Adı ilə yaşayış səviyyəsi uyğun gəlməyən Varlı Həyat kəndində ümumiyyətlə təbii qaz yoxdur. İnsanlar qışda  evlərini mal peyini ilə qızdırırlar. Kənd sakinlərinin bildirdiklərinə görə, kəndin problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məktubla müraciət etsələr də, onların müraciətlərinə baxan olmayıb.  Elşən Əlisoy Sozcu.az

Lənkəranda 8 ədəd tank əleyhinə mina tapılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd “TM-62” markalı tank əleyhinə mina tapılıb. Bu barədə DİN-dən məlumat verilib. Həmin minalar Daxili Qoşunların əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hansı avtomobillərin qiymətində bahalaşma olacaq?

Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib. Qərarda qeyd edilir ki, “Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın”. Maraqlıdır, yeni qaydanın tətbiqi avtomobil idxalında gömrük rüsumlarının azalmasına səbəb ola bilərmi? Ümumiyyətlə, bu məhdudiyyət avtomobil bazarına hansı formada təsir edəcək? Mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərin sözlərinə görə, yay fəslində bəzi avtomobillər bahalaşa bilər: “Nazirlər Kabinetinin yeni qərarı ölkədə avtomobil parkının yenilənməsinə və ekeoloji vəziyyətin yaxşılaşdırılmasına yönlənib. Belə ki, yaşı 10-dan çox olan avtomobillərin sayı ölkəmizdə həddindən çoxdur. Son illər ərzində Gürcüstandan Azərbaycana ömrünü başa vurmuş, yararsız, metallom daşınıb. Bunun qarşısı qismən alınacaq. Həmçinin, ola bilər ki, bu qərarın verilməsi yeni bir qərarı şərtləndirir. Yəni mümkündür ki, Azərbaycan Avro-4 standartlarından Avro-5 standartına keçid etsin. Onu da qeyd edim ki, bu qərardan sonra yay mövsümündə ikinci əl avotomobil bazarında köhnə maşınların qiyməti 2 faiz yüksələ bilər. Bununla yanaşı, qeyd etmək istərdim ki, qərarın qüvvəyə minmə tarixi 30 gün sonra üçün nəzərdə tutulub. Hazırda vətəndaşlarımızın xarici ölkələrdən aldığı minlərlə avtomobil Yaponiya, Cənubi Koreya, ABŞ kimi ölkələrdən gətirildiyi üçün yoldadır. Oradan da avtomobillərin gəmi ilə gətirilməsi minimum 2-3 ay vaxt aparır. Bəlkə də dövlət sosialyönümlü siyasətini nəzərə alaraq 30 gün müddətini 60 günədək uzatsa, yaxşı olar. Əks təqdirdə həmin avtomobillər Gürcüstan limanında qala, vətəndaşlarımıza maddi ziyam dəyə bilər”. Ekspert mühərrik həcmi kiçik olan avtomobillər üçün gömrük rüsumlarının azaldılmasının uyğun olduğunu da vurğulayıb: “Yeni qaydanın tətbiqindən sonra ölkəmizə idxal olunan yeni avtomobillərin gömrük rüsumlarının azaldılması yaxşı olardı. Dövlət artıq bu istiqamətdə müəyyən addımlar atıb. Belə ki, ölkəmizə idxal olunan hibrid avtomobillər və elektromobillər üçün güzəştlər tətbiq edilib. Elektromobillər ümumiyyətlə bütün gömrük rüsumlarından azaddır, hibrid  avotomobillər isə idxal zamanı ƏDV-dən azad edilib. Düşünürəm ki, gələcəkdə yeni və mühərrik həcmi kiçik olan avotomobillər üçün müəyyən güzəştlərin tətbiq edilməsi avtomobil bazarına müsbət təsir edərdi”. //Sfera.az

Azərbaycanda bu müəllimlər İŞDƏN ÇIXARILACAQ

“Keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilə bilər”. Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, bu, güzəşt tətbiq edilmiş müəllimlərə şamil deyil: “Kimlərə güzəşt nəzərdə tutulduğu qaydalarda öz əksini tapıb”. Rüfət Əzizov eyni zamanda, deyib ki, ötən il müxtəlif səbəblərdən sertifikasiya imtahanında iştirak etməyənlər də təkrar sertifikasiyada iştirak edəcəklər: “Xüsusi səbəblər olubsa, müvafiq qaydada bizə müraciət edə bilərlər. Əgər müəllimin ötənilki sertifikasiyada iştirak etmədiklərinə dair səbəbi təsdiq edən sənəd yoxdursa, təkrar sertifikasiyadan kəsildikləri halda əmək müqavilələrinə xitam verilə bilər”./Sfera.az

Bundan sonra bu avtomobillər ölkəyə buraxılmayacaq

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.