KATV-nin interneti çökdü

Xeyli vaxtdır ki, KATV şirkətinin internetində problemlər yaşanır. Sozcu.az xəbər verir ki, bu barədə şirkətin abunəçiləri bildiriblər. Bir az öncə isə KATV-nin interneti tamamilə kəsilib. Belə ki, şirkətin internet xidmətindən şikayətlər həddən artıq çoxdur, texniki heyət də problemi aradan qaldırmaqda acizdir.axar

Polis Sabunçuda əməliyyat keçirdi - 50 nəfər tutuldu

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən mart ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 50 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 30 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

"Hacıbala Abutalıbov və İlqar Abbasov Suraxanıda nə qədər torpaq var, satıb, zəbt edib"

“Suraxanıda 20 il ərzində dərəbəylik hökm sürüb. Açıq danışacam, bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra İlqar Abbasov 14 il rayonda nə qədər torpaq varsa satıb, zəbt ediblər”. Bunu Milli Məclisin deputatı Etibar Əliyev bugünkü plenar iclasda çıxışı zamanı deyib. “Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bu rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla pub, restoran, diskoteka var. Bu adamların əlindən gələcəkdə peşə təhsilinin tutumuna uyğun torpaq sahəsi tapmaq olmur. Qaraçuxur və Yeni Günəşlini bu adamlar hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə adamların əlindən bələdiyyələr zəlil olub”, - deyə deputat əlavə edib./APA

3 yaşlı uşaq mismar uddu

Naxçıvanda 3 yaşlı uşaq mismar udub. Hadisə bu gün Muxtar Respublikanın Kəngərli rayon Böyükdüz kəndində qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü Əlisoy Əli Ceyhun oğlu evdə mismar udub. Vəziyyəti pisləşən uşaq Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə yerləşdirilib. Mərkəzdən bildirilib ki, uşağın mədəsindəki mismar zond vasitəsilə çıxarılıb, vəziyyəti sabitdir./APA

Goranboyda yağış suları bəzi avtomobil yollarında çətinlik yaradıb

Yağış suları Goranboy rayonunda bəzi avtomobil yollarında çətinlik yaradıb. Sozcu.az-ın məlumatına görə, axşam saatlarında yağan yağış səbəbindən Goranboy rayonunun Goran qəsəbəsi ərazisində avtomobil yoluna yağmur suları dolub. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilir. Qeyd edək ki, rayon ərazisinə bir neçə dəqiqə dolu da düşüb. Dolu meyvə ağaclarına ziyan vurub.report

Güclü yağış Mingəçevirdə selə səbəb oldu

Axşam saatlarında Mingəçevirə yağan qısamüddətli yağış şəhərdə ciddi sel axınına səbəb olub. Sozcu.az-ın Report-a istinadən verdiyi xəbərə görə, sel suları şəhərin bütün küçə və prospektlərində müşahidə edilib. Şəhərin əsas mərkəzi prospektində avtomobillərin hərəkətində çətinlik yaranıb. Qısamüddətli yağışdan sonra şəhərin elektrik təchizatında da fasilə yaranıb.

Bakı məktəbində zəhərlənən uşaqlar xəstəxanaya yerləşdirildi

Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata  görə, məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir". Qeyd edək ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.

Keçmiş Əbu Bəkr məscidi yaxın zamanda fəaliyyətə başlayacaq

Nərimanov rayon Cümə məscidi (keçmiş Əbu Bəkr məscidi) yaxın zamanda fəaliyyətə başlayacaq. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, məsciddə təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir və məscidin yaxın zamanlarda açılışının olması gözləniləndir. Qeyd edək ki, ibadət ocağının əsası 1997-ci ildə qoyulub. Məscidin memarı sovet modernizminin görkəmli nümayəndəsi Tələt Xanlarov olub.

4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başladı

Ötən gün Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Sozcu.az xəbər verir ki, qəza aprelin 5-də saat 15:45-də Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 26-cı kilometrliyində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlu idarə etdiyi “Kamaz 65115” markalı 42 BM 084 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşıda yolun sağ kənarında dayanmış 1976-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlunun idarə etdiyi “Hunday Aksent" markalı 99 TN 320 dövlət qeydiyyat nişanlı minik avtomobilini arxadan vurub. Hadisə nəticəsində “Hunday Aksent" markalı avtomobilin sərnişinləri 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Muradova Mirsəkinə Mirqiyam qızı, 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı və 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu aldıqları xəsarətlərdən ölüblər. Digər sərnişinlər 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı, sürücülər Hüseynov Elxan Ramil oğlu və Dadaşov Əli Səfail oğlu xəsarət alıblar. Faktla bağlı BDYPİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanaraq istintaq aparılır.

Bakıda kişi hamilə arvadına 3 bıçaq zərbəsi vurub

Bakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub. Sozcu.az-ın məlumatına görə, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 2003-cü il təvəllüdlü Bəkirova Həvva Məhəmməd qızı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarın və bud nahiyələrindən 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Qeyd edək ki, H. Bəkirova 4 aylıq hamilədir. Hadisənin təfərrüatı araşdırılır.report

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

“Son dövrlər torpaq bazarında qiymət artımı baş verir”. Sozcu.az xəbər verir ki, bunu “Trend”ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Onun sözlərinə görə, qiymət artımı mövsümü amillər, eyni zamanda Türkiyədə baş verən zəlzələ nəticəsində meydana çıxan psixoloji faktorlarla bağlıdır. “Bundan başqa bazarda sənədli torpaqların azalması ilə bağlı olaraq da bahalaşmanın davamlı artımını izləyirik. Bahalaşma aylar üzrə az müşahidə olunsa da, əslində illik qiymət dəyişməsində ciddi rəqəmlərlə ifadə olunur. Bu hal ötən ay da müşahidə olunub. Xüsusilə şəhər mərkəzində boş torpaqların məhdud olması qiymətləri yüksəldir. Torpaq bazarında aylıq qiymət artımı 2,5%-dir. Fərqli yerlərdə isə artım 5%-i ötüb. İllik hesabladıqda bahalaşma 20%-dən çox edir”, - deyə ekspert əlavə edib. R.Osmanlı bildirib ki, paytaxtın bəzi mərkəzi hissələri var ki, orada torpağın bir kvadratmetri 25-30 min manat arasında dəyişir. “Bu da təqribən bir sot torpağın 2 milyon manatdan baha olması deməkdir. Adətən belə ərazilər açıq satışa çıxarılmır. Lakin açıq satışa çıxarılan bahalı torpaqlar da var. Həmin ərazilərin bir sotu şəhər mərkəzində 250-300 min manat arası dəyişir”, - deyə ekspert qeyd edib.

Bakıda evdən 110 min dollar oğurlandı

Bakıda evdən külli miqdarda pul oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, paytaxtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərin birindən 110.000 ABŞ dolları və 1000 avro pul, habelə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov və Namik Bayramov müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.