Məhkəmə şirkət rəhbəri ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan "Avro Qrand" şirkətinin sahibi Xanlar Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apelyasiya şikayətləri təmin edilməyib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilib. Ona 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Xanlar Cəfərovun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməyib. Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkumetmə ləğv edilərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, onun hazırkı hökmlə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının çəkilməmiş 1 il 11 ay 13 gün hissəsi və 5 il 9 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qeyd edilib ki, Baş Prokurorluğunun bank depozit hesabına Xanlar Cəfərov tərəfindən əlavə olaraq köçürülmüş 20 000 manat məbləğində pul vəsaiti barəsində xüsusi müsadirə tətbiq olunsun və həmin pul vəsaiti vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməklə iş üzrə mülki iddiaları təmin olunmuş zərərçəkmiş şəxslər arasında müştərək proporsional qaydada, yəni xüsusi müsadirə tətbiq olunmuş pul vəsaitinin (20 000 manat) hər bir zərərçəkmiş şəxsin ayrı-ayrılıqda təmin olunmuş mülki iddiaların dəyərinə uyğun faizi nisbətində mülki iddiaçılar ödənilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb. Xatırlatma: Bu cinayət işi üzrə 9 nəfər zərərçəkən şəxs qismində tanınıb. İttihama görə, Xanlar Cəfərov zərərçəkmişlərə mənzil satarkən onlara qarşı dələduzluq edib. Bir mənzil bir neçə nəfərə satılıb.

Bakıda 2 azyaşlı quyuya düşərək öldü

08:41 Bakıda iki azyaşlı quyuya düşərək ölüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2013-cü il təvəllüdlü 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər. Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. *** Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib. Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.

Qax sakini özünü bıçaqlayıb

Qax rayon sakini özünü bıçaqlayıb. Sozcu.az xəbər verir ki, Qax şəhər sakini, 2003-cü il təvəllüdlü Vüsal Musayev üzərində gəzdirdiyi bıçaqla özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Vüsal Musayevin hadisəni sərxoş halda törətdiyi bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.apa

Xırdalanda təcili yardım maşınlarının nömrələri oğurlandı

Xırdalanda Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobillərin nömrələri oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasına məxsus QAZ-31 markalı avtomobillərin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elçin Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

“Biz su üzü görmürük, gün ərzində 3-4 saat verilir”

“Artıq aylardır ki, bizə su 3-4 saat ərzində gəlir. Nə yemək bişirmək olur, nə də təmizlik etmək... Müraciətlərimizə də hər dəfə bir cavab verilir”.  Bu şikayətlə “Qafqazinfo”ya Saray qəsəbəsi, Rəhim Əzimov küçəsinin sakinləri müraciət edib. Vətəndaşların sözlərinə görə, əvvəlki qrafikə əsasən, su axşam saat 22:00-da kəsilib, səhər 06:00-da verilsə də, indi belə deyil: “Su yenə də axşam kəsilir və bir də saat 19:00-da gəlir. Sonra yenə axşam saat 22:00-da kəsilir. Bizə gün ərzində 3-4 saat su gəlir. 5-6 nəfərlik ailə 3-4 saat su ilə nə edə bilər? Uşaqlar məktəbə, biz də işə gecikirik. Evdə qocası var, xəstəsi var, körpəsi var. Eyni vaxtda da kəsilmir. Hər gün fərqli saatda biz bu problemlə üz-üzə qalırıq”. Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət ediblər: “Zəng edəndə də hərəsi bir söz deyir. Gah deyirlər elə şey ola bilməz, orada su fasiləsiz gəlməlidir, gah deyirlər rejim var: axşam 10-da kəsilir səhər 6-da gəlir. Hər dəfə ayrı rejim, ayrı söz deyirlər. Operatorlar imkan vermir, dərdimizi izah edək. Ancaq da bir söz əzbərliyiblər ki, bizlik deyil, tabeliyinizdə olan idarəni yığın. Verdikləri nömrəyə də zəng edirik, açmırlar. Məsələni üstlərindən atmaq istəyirlər. O gün də deyirlər ki, suyu açmalı olan adam işə gəlməyib. Gəlsin, sonra su açılacaq. Suyun nə vaxt gələcəyini soruşuruq, deyir saat deyə bilmərik, biz də bilmirik. Tanışlarımızdan digər küçələrdə qalanlar da var. Onlarda heç su kəsilmir. Əgər qənaətdirsə, normal qaydada hamıya olsun. Biz su üzü görmürük”.  Vətəndaşlar qeyd edirlər ki, problemə görə bəzi sakinlər çən də qoyublar. Amma çən qoydurmaq üçün hamının imkanı çatmır. Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı sorğumuza cavab olaraq bildirdi ki, sözügedən ərazidə suyun fasilələrlə verilməsi su ehtiyatının azalması ilə əlaqədardır: “Bununla bağlı fevral ayında məlumat vermişdik. Bildirmişdik ki, qrafikləri azaldırıq və qənaət rejiminə keçirik. Həmin tədbirlər çərçivəsində bu ərazilərdə də suyun verilişi müddəti azaldılıb. Qrafiklər hələlik bu rejimdə olacaq. Ehtiyat çənlərdən istifadə edə bilərlər. Bunu etsələr, 24 saat suları olar”.

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Şabran Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb. Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Havanın temperaturu mayın 14-də iqlim normasından aşağı olub - FAKTİKİ HAVA

Havanın temperaturu mayın 14-də iqlim normasından 2.8° aşağı olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, mayın 15-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağır. Qar örtüyü Şahdağ, Xınalıqda 3 sm, Qrızda 2 sm olub. Düşən yağıntının miqdarı Hirkanda (Lənkəran) 95.0 mm (aylıq normanın 208%-i), Oğuzda 50.0 mm (aylıq normanın 48%-i), Astarada 43.0 mm (aylıq normanın 82%-i), Lənkəranda 41.0 mm (aylıq normanın 90%-i), Qəbələdə 37.0 mm (aylıq normanın 31%-i), Lerikdə 27.0 mm (aylıq normanın 38%-i), Zərdabda 20.0 mm (aylıq normanın 54%-i), Ordubad 19.0 mm (aylıq normanın 46%-i), İmişli 19.0 mm (aylıq normanın 57%-i), Beyləqanda 19.0 mm (aylıq normanın 49%-i), Kəlvəz, Yardımlıda 18.0 mm (aylıq normanın 29%-i), Göygöl, Cəfərxanda 16.0 mm (aylıq normanın 48%-i), Sabirabadda 15.0 mm (aylıq normanın 45%-i), Göytəpədə 14.0 mm, Biləsuvarda 14.0 mm (aylıq normanın 43%-i), Zaqatala, Qusar, Kürdəmirdə 13.0 mm (aylıq normanın 43%-i), Salyanda 12.0 mm, Şəki, Naxçıvan, Şahbuz, Gədəbəy, Neftçala, Ağdam, Ağstafa, Şərur, Qrız, Balakən, Daşkəsən, Qax, Göyçay, Şahdağ, Culfa, Tərtər, Mingəçevir, Sədərək, Tovuz, Qobustan, Naftalan, Bərdə, Quba, İsmayıllı, Yevlax, Gəncə, Şamaxı, Xaltan, Xaçmaz, Şəmkir, Goranboy, Qazıməmməd, Şabranda 10.0 mm-dək, Abşeron yarımadasının bəzi yerlərində 1.0 mm-dək olub. Şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Naxçıvanda 18 m/s, Ceyrançöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb. Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Qrız, Şabran, Göyçay, Lerik, Sumqayit, Maştağada duman müşahidə olunub. Havanın temperaturu mayın 14-də iqlim normasından 2.8° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13°-dək isti, Naxçıvanda 5-10° isti, dağlıq rayonlarda 3-5° isti, yüksək dağlıq rayonlarda 3°-dək şaxta, aran rayonlarında 13°-dək isti olub.

Daşkəsənə qar yağdı

Daşkəsən rayonunda güclü küləkdən, intensiv dolu yağışlarından və sel-sullarının yaratdığı təbii fəlakətdən sonra mayın 14-ü axşam saatlarından başlayaraq rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə qar yağıb. Sozcu.az xəbər verir ki, bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib. Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir. Yağan qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb. Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasındakı yollarda hərəkətə müəyyən problemlər yaradıb. Hazırda qabaqlayıcı tədbirlər görülür.

Avtobuslarda gediş haqqı artacaq? - Rəsmi AÇIQLAMA

Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı məlumatlar yayılıb. Bakı Nəqliyyat Agentliyi (BNA) avtobuslarda gediş haqların artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, BNA-nın mətbuat katibi Mais Ağayev “Trend”ə bildirib ki, paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib. “Bu məsələ hazırda müzakirə mövzusu deyil”, – deyə o qeyd edib. Qeyd edək ki, Tarif Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub. Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minib.

Vətən Müharibəsi şəhidinin anası vəfat etdi

Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun ailəsinə ağır itki üz verib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin anası Mərziyə Qardaşxanova vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, 1994-cü il təvəllüdlü Qismət Qardaşxanov 2020-ci ilin oktyabrında Füzuli istiqamətində şəhid olub.  O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bakıda qadın döyüldü, pulları əlindən alındı

Bakıda qadın döyülüb, pulları əlindən alınıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 14-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadını döyərək quldurluq yolu ilə ondan pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bayram Məhiyəddinov müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda ağır qəza: 2 nəfər yanaraq öldü

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Binə qəsəbəsində "Şevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb. Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Ölənlərdən biri 42 yaşlı Məmmədağa adlı şəxsdir. Hadisənin təfərrüatı araşdırılır.