Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan "Avro Qrand" şirkətinin sahibi Xanlar Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apelyasiya şikayətləri təmin edilməyib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilib. Ona 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Xanlar Cəfərovun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməyib. Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkumetmə ləğv edilərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, onun hazırkı hökmlə təyin olunmuş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının çəkilməmiş 1 il 11 ay 13 gün hissəsi və 5 il 9 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edilib ki, Baş Prokurorluğunun bank depozit hesabına Xanlar Cəfərov tərəfindən əlavə olaraq köçürülmüş 20 000 manat məbləğində pul vəsaiti barəsində xüsusi müsadirə tətbiq olunsun və həmin pul vəsaiti vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməklə iş üzrə mülki iddiaları təmin olunmuş zərərçəkmiş şəxslər arasında müştərək proporsional qaydada, yəni xüsusi müsadirə tətbiq olunmuş pul vəsaitinin (20 000 manat) hər bir zərərçəkmiş şəxsin ayrı-ayrılıqda təmin olunmuş mülki iddiaların dəyərinə uyğun faizi nisbətində mülki iddiaçılar ödənilsin.
Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
Xatırlatma: Bu cinayət işi üzrə 9 nəfər zərərçəkən şəxs qismində tanınıb.
İttihama görə, Xanlar Cəfərov zərərçəkmişlərə mənzil satarkən onlara qarşı dələduzluq edib. Bir mənzil bir neçə nəfərə satılıb.