Güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə oktyabrın 29-u gündüzdən 30-u gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Balakən, Qax, Zaqatala, Şəki, Neftçala, Bərdə, Tərtər, Mingəçevir, Ağdam, Yevlax, Gəncə, Samux, Goranboy, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Qusar, Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu da narıncı xəbərdarlığa uyğundur. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda bu hospitalın 26 milyon manata yaxın vergi borcu var

Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən Caspian International Hospital MMC-nin külli miqdarda vergi borcu yaranıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hospitalın hazırda dövlətə qarşı 25 milyon 898 min 21.66 manat vergi borcu var. Son iki ayda qurumun borcu 1 milyon manata yaxın artıb. Qeyd edək ki, MMC 2013-cü ildən bəri fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Cəbrayıl Neymət oğludur. Əlavə olaraq, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından aydın olur ki, hospitala qarşı 2010, 2012, 2016, 2019, 2020, 2022, 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən toplam 15 hal üzrə ümumilikdə 600 manat maliyyə sanksiyası tətbiq edilib.

Bakı bazarlarında balıq da BAHALAŞDI

Bakıda mal ətinin bahalaşmasının ardınca digər bir sıra məhsulların da qiymətində ciddi artım müşahidə olunur. Sozcu.az xəbər verir ki, bazarlarda balığın da satış qiyməti artıb. Qiymətlərlə tanış olan əməkdaşımız balığın son günlər 2-3 manat bahalaşdığını müşahidə edib. Məsələn, bir-iki həftə öncə 10-11 manata satılan “Forel” balığı indi 12-13 manata təklif olunur. “Çəki” (“Sazan”), “Kütüm”, “Xəşəm”, “Kefal”, Ağ amur” (“Belamur”), "Xanı" və digər daha çox alınan balıqların da qiymətində ən azı 1-2 manat artım baş verib. Satıcılar bildiriblər ki, balığın qiymətindəki artım tələbatdan irəli gəlir. Mal əti 20-22 manata satılmağa başlayandan sonra nisbətən ucuz olan balığa tələbat artıb. Yaranmış vəziyyətdən istifadə edən topdansatış balıq bazarına nəzarət edənlər qiymətləri qaldırıblar.

Məktəblini öldürən şəxs: Dava qız söhbətinə görə idi

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan sinif yoldaşının ölümündə təqsirləndirilən Adil Həşimovun (adı və soyadı şərti) cinayət işinin bəzi detalları məlum olub. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, hadisə 26 iyul 2025-ci il tarixdə, saat 17 radələrində paytaxt ərazisində yerləşən futbol meydançasında qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Adil Həşimov qonşuluqda yaşayan zərərçəkmiş Hilal Abışovla (adı və soyadı şərtidir) arasında əvvəldən mövcud olmuş narazılıqlara və qarşılıqlı incikliklərə aydınlıq gətirmək, aralarındakı mübahisəli məqamları izah etmək və ziddiyyətli münasibətlərə son qoymaq istəyib. O bu məqsədlə zərərçəkmişi futbol meydançasından təxminən 30 metr aralıda, məişət tullantıları qablarının yerləşdiyi ağaclıq əraziyə çağırıb. Həmin yerdə baş vermiş münaqişə zamanı təqsirləndirilən şəxs Hilalın sol gicgah nahiyəsinə ardıcıl iki dəfə sağ yumruğu ilə qəsdən zərbə endirib. Bu zərbələr nəticəsində zərərçəkmiş şəxsə sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan, baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beyinin əzilməsi və ödemi kimi xəsarətlər yetirilib. Hadisədən dərhal sonra zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, o, aldığı ağır kəllə-beyin travması nəticəsində ölüb. Məhkəmə iclasında Adil Həşimov ona elan olunmuş Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, hadisə baş verən gün o, yaşadığı ünvanda yerləşən həyətə çıxaraq uşaqlarla birlikdə futbol oynayırmış. Onun sözlərinə görə, bir qədər sonra Hilal da ora gəlib. Təqsirləndirilən şəxs söyləyib ki, onlar Hilalla hələ 8-ci sinifdə oxuyarkən tanış olub, təxminən bir ildən artıq dostluq münasibətləri saxlayıblar. Lakin sonradan aralarında qız söhbətinə görə fikir ayrılığı yaranıb. Belə ki, Hilal ona əvvəlcədən münasibətdə olduğu qızla danışmaq və onunla münasibət qurmaq istədiyini deyib, təqsirləndirilən şəxs isə buna etiraz edib. Bu hadisədən sonra onların arasında narazılıq yaranıb və müəyyən müddət bir-biri ilə əlaqə saxlamayıblar. Adil Həşimov dindirilərkən qeyd edib ki, hadisədən təxminən 1-2 ay sonra onlar yenidən həyətdə futbol oynayarkən aralarında mübahisə düşüb və bu zaman Hilal onun ünvanına nalayiq ifadələr işlədib: "Baş verən gərginlik nəticəsində Hilalı futbol meydançasından təxminən 30 metr kənarda yerləşən əraziyə çağırdım və orada mübahisə zamanı əsəblərimə hakim ola bilməyərək onun sol gicgah nahiyəsinə ardıcıl iki dəfə yumruqla zərbə endirdim". Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, zərbələrdən sonra Hilal yerə yıxılıb, o isə dərhal onun yanına gələrək ayağa qaldırıb və halını soruşub: "Hilal özünü yaxşı hiss etdiyini bildirdikdən sonra əl sıxaraq ayrıldıq". Eyni zamanda o, məhkəmədə vurğulayıb ki, Hilala vurduğu zərbələrin onun səhhətinə bu dərəcədə ağır nəticə verəcəyini düşünməyib, ölümün baş verməsini istəməyib, hadisədən sarsıldığını və peşman olduğunu bildirib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətə azadlıqdan məhrum olunub.

Poliklinikalarda elektron növbə bütün ölkəni əhatə edəcək

Hazırda Azərbaycanda poliklinikalarda elektron növbə ilə bağlı işlər aparılır. Sozcu.az xəbər verir ki, bu fikirləri TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov jurnalistlərə açıqlamasında deyib. O vurğulayıb ki, bu yaxınlarda bir çox tibb müəssisələrində elektron növbə konsepti fəaliyyətə başlayıb. “Tədricən bu layihə bütün ölkəni əhatə edəcək”.

Ramazan ayı bu tarixdə başlayacaq

2026-ci ildə Ramazan ayı fevral ayında başlayacaq. Sozcu.az Metbuat.az-a istinadən xəbər verir ki, müqəddəs ayın fevralın 19-na təsadüf edəcəyi, Ramazan bayramının isə martın 20-də qeyd ediləcəyi gözlənilir. Bəzi mənbələrə görə isə, Ramazan ayı 18 fevral, bayramı isə 19 marta təsadüf edəcək. Xatırladaq ki, bu il Ramazan ayı martın 1-də başlayıb.

Həkim 400 manatla necə yaşasın? - Azərbaycan səhiyyəsinin əks üzü

Azərbaycan səhiyyəsində ciddi struktur dəyişiklikləri aparılsa da, sistemin dayanıqlılığı və gələcəyi ilə bağlı narahatlıqlar qalmaqdadır. Bu narahatlığın əsas səbəblərindən biri həkimlərin yaş bölgüsü, kadr çatışmazlığı və xaricə beyin axınıdır. Rəsmi statistika və ekspert rəyləri göstərir ki, ölkədə tibbi kadr potensialı tədricən yaşlanır, gənc mütəxəssislər isə daha çox xarici ölkələrdə işləməyə üstünlük verirlər. Sozcu.az kaspi-yə istinadla xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, ölkənin səhiyyə sistemində fəaliyyət göstərən həkim heyətinin yaş strukturunda ortayaşlı kadrlar üstünlük təşkil edirlər. Ümumi heyətin təxminən 76 faizi 35-55 yaş arası mütəxəssislərdən ibarətdir. 35 yaşadək gənc həkimlərin payı isə cəmi 10.3 faiz təşkil edir. Bu rəqəmlər göstərir ki, yaş balansı ciddi şəkildə pozulub.  Dövlət Statistika Komitəsinin 2025-ci ilin əvvəlinə olan məlumatına əsasən, ölkədə ümumilikdə 35.2 min həkim fəaliyyət göstərir. Onların 26.2 mini dövlət, 9 mini isə özəl tibb müəssisələrində çalışır. Qadın həkimlərin sayı 23.2 min nəfərdir. Həkim-anestezioloq Turanə Rəsulova deyir ki, əslində son illər Azərbaycanda gənc həkimlərin səhiyyə sisteminə gəlişində müəyyən dinamika hiss olunur. Amma proses xüsusilə regionlarda zəif gedir: "Gənclərin mühüm hissəsi ölkədən getməyə üstünlük verir. Artıq universitetin ilk illərindən etibarən tələbələr özlərini Almaniya, Türkiyə və ABŞ kimi ölkələrdə ixtisas təhsili almağa hazırlayırlar. Bu, gələcək üçün təhlükəli tendensiyadır". Həkimin sözlərinə görə, Azərbaycanda rezidentura sisteminin tətbiqi çox vacib addım idi. Amma bu sistemin nə dərəcədə səmərəli işlədiyi hələ də sual altındadır: "Rezident həkim-assistentlər 400-500 manat civarında aylıq məvacib alırlar. 24 yaşında, həyatını yeni quran bir gənc üçün bu maaş nə dərəcədə yetərlidir? O, artıq ailə qurmalı, övlad sahibi olmalı, sosial həyatını davam etdirməlidir. Ona görə də gənc həkimlər ən azından qonşu Türkiyəyə, Almaniyaya və ya Avropaya getməyin daha məqsədəuyğun olduğunu düşünürlər". Turanə Rəsulova əlavə edir ki, dövlət xəstəxanalarında həkimin bir müayinə üçün hesabına yatırılan məbləğ cəmi 1 manat 95 qəpikdir: "İcbari Tibbi Sığorta bu qədər vəsait ayırır. Xəstəyə verilən çekdə isə həmin xidmət 25-26 manat kimi göstərilir. Bu, sistemdəki böyük uyğunsuzluq və ədalətsiz bölgü deməkdir". Həmsöhbətimizin qənaətincə, həkimlərin sosial statusu və cəmiyyətdəki nüfuzu da getdikcə zəifləyir: "Həkim olmaq uzun illərin zəhmətidir. Bu peşə sahibləri cəmiyyətin ən ali təbəqəsi sayılmalıdır. Əks halda, yanlış münasibət formalaşır. Türkiyədə həkimlərə qarşı zorakılıq halları artıb. Əgər bu reallıqlardan nəticə çıxarmasaq, eyni aqibət bizi də gözləyə bilər". Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) sədr müavini Hüseyn Hüseynzadə bildirir ki, gənc həkimlərin əsas problemi təcrübə ilə bağlıdır: "Rezidentura və aspiranturaya qəbul ola bilməyən tələbələrin praktik bacarığı aşağı olur. Çünki xəstə üzərində yetərincə işləyə bilmirlər. Dövlət klinikaları bütün məzunları işə qəbul edə bilmir, özəl klinikalar isə yalnız təcrübəli həkimləri işə götürürlər. Bu səbəbdən uyğun iş və ya təcrübə tapa bilməyən tələbələr yaxın ölkələrə, məsələn, Türkiyəyə üz tuturlar. Türkiyədə həkimlər 3-5 il ərzində 100-150 xəstə üzərində praktiki təcrübə qazanırlar ki, bu da Azərbaycanda mümkün deyil. Eyni zamanda Almaniya da həm təhsil, həm də gələcək həyat üçün əlverişli seçim sayılır". Sədr müavini hesab edir ki, xaricdə stabil iş və gəliri olan birinin Azərbaycana qayıtması üçün mütləq ciddi maddi stimul olmalıdır. O, bununla bağlı təşviqedici layihələrin həyata keçirilməsini vacib sayır. Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin rəhbəri İlqar Hüseynli isə bildirir ki, hazırda bütün rayonlarda həkim çatışmazlığı var: "Məsələn, Gədəbəy Mərkəzi Xəstəxanası vaxtilə tam gücü ilə işləyirdi, indi isə həkim tapılmır. Şirvandan Gəncəyə qədər normal cərrah-travmatoloq tapmaq müşkülə çevrilib. Çünki həkimlər sürətlə ölkəni tərk edirlər. Düzdür, onlarla bağlı konkret statistika yoxdur. Amma müşahidələr göstərir ki, gedənlərin sayı ildən-ilə sürətlənir. Hətta nəinki gənc, bizim yaş qrupundan olan həkimlər də ölkədən gedirlər. Azərbaycandan son 5-7 ildə təkcə Almaniyaya 2 000-2 500 həkim köç edib. Bu il ABŞ-də USMLE (United States Medical Lisensing Examination - Birləşmiş Ştatların Tibb üzrə Lisenziyalaşdırma İmtahanları) prosesindən uğurla keçən 10 azərbaycanlı gənc həkim də bu ölkədə çalışmaq imkanı qazanıb". Ekspertin sözlərinə görə, həkimlərin xaricə getməsinin əsas səbəbi aşağı maaş və qeyri-sabit iş şəraitidir: "Qonşu Türkiyədə rezident 5-7 min manat dəyərində maaş aldığı halda, Azərbaycanda eyni kateqoriyalı həkim 400 manat alır. Bu fərq, təbii ki, seçimdə həlledici rol oynayır". İlqar Hüseynli hesab edir ki, sistemin digər problemi təcrübəli, lakin yaşlı həkimlərin işdən uzaqlaşdırılmasıdır: "65 yaşa çatan həkimlərin avtomatik işdən çıxarılması doğru deyil. İnkişaf etmiş ölkələrdə məşhur həkimlər 70-75 yaşında həm müalicə, həm də tədrislə məşğul olurlar. Biz isə təcrübəni itiririk. Əslində yaşlı həkimlər gənclər üçün mentor və tədrisçi rolunda saxlanılmalı, onların bilik və təcrübəsi yeni nəslə ötürülməlidir. Bu, həm sistemin keyfiyyətinə, həm də tədris prosesinə ciddi təsir göstərə bilər". Almaniyanın Frankfurt Oder xəstəxanasının Qulaq, burun, boğaz xəstəlikləri, üz plastik və rekonstruktiv klinikasının baş həkimi Cavid Hüseynzadə deyir ki, gənclərin xaricə üz tutmasının əsas səbəbi Azərbaycanda diplomdan sonrakı təhsilin zəif təşkil olunmasıdır. "Rezidentura mərhələsində oxuyan həkimlər çox aşağı maaş alır, bunun üçün lazımi baza və imkanlar yoxdur. Məsələn, Almaniyada rezidenturada təhsil alan həkim birinci ildən 3 500-4 000 avro civarında maaş qazanır. Bu gəlir təkcə gündəlik xərcləri deyil, həm də təhsilə sərmayə qoymaq imkanlarını yaradır", - o vurğulayır. Mütəxəssisin sözlərinə görə, Almaniyada həkimlərin peşəkar inkişafı üçün geniş şərait mövcuddur: "Rezidenturada oxuyan hər bir həkimə beynəlxalq tibbi ədəbiyyata pulsuz giriş imkanı verilir. Əgər ölkədaxili kurslara qatılırsa, həmin kursların xərclərinin bir hissəsi xəstəxana tərəfindən qarşılanır. Yəni sistem həkimin həm maddi, həm də elmi inkişafını dəstəkləyir. Bu da təbii olaraq həkimlərin Almaniyaya axınının artmasına səbəb olur". Cavid Hüseynzadənin fikrincə, bütün bu reallıqlara baxmayaraq, Azərbaycan səhiyyəsi hazırda özünün ən parlaq dövrünü yaşayır: "İllər öncə Avropadan ölkəmizə yenilik gətirənlər əsasən xarici həkimlər idi. Amma bu gün fərqli mənzərə formalaşıb, artıq xaricdə təhsil almış, orada təcrübə toplamış, lakin doğma dilimizdə danışan həmkarlarımız Azərbaycana qayıdaraq ən yüksək səviyyədə xidmət göstərirlər".

Bakı metrosunda İNSİDENT: həbs edilənlər var

Bakı metrosunda insident olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, metronun "Koroğlu" stansiyasında qeydə alınıb. Platformada bir qrup vətəndaş arasında insident yaranıb və onlar səs-küy salıblar.  Hadisəyə polis əməkdaşları müdaxilə edib. İnsident törədən 4 nəfər saxlanılaraq, polis şöbəsinə aparılıb. Məhkəmənin qərarı ilə, onların hər biri barəsində 30 gün müddətinə inzibati həbs cəzası təyin edilib.

2026-cı ildə veteranlara verilən təqaüdün artırılması nəzərdə tutulmur - Komitə sədri

2026-cı ildə veteranlara verilən təqaüdün artırılması nəzərdə tutulmur. Bu sözləri Trend-ə açıqlamasında Azərbaycan Respublikası Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Qeyd edək ki, hazırda Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü 80 manatdır.

Xocalının bu kəndlərinə növbəti köç yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç yola salınıb. Sozcu.az xəbər verir ki, bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə olmaqla 61 nəfər, Daşbulaq kəndinə isə 8 ailə olmaqla 24 nəfər köçürülür. Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Noyabrda neçə gün iş olmayacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən noyabrda 12 gün qeyri-iş günü olacaq. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, 8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə təsadüf etdiyindən 10 və 11 noyabr tarixləri qeyri-iş günü olacaq. Ümumilikdə, noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla aşağıdakı tarixlər qeyri-iş günləridir: 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr. Beləliklə, noyabr ayında ümumilikdə 12 qeyri-iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) isə iş günü olan bayram günləridir.

600 manata ev kirayə verənlər dövlətə 60 manat ödəyəcək

Fiziki şəxslərin bir-birinə ev kirayə verməsindən əldə olunan gəlirlərdən yeni tariflə vergiyə cəlb ediləcək. Bu qayda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc məsələnin həm kirayə bazarına, həm də vətəndaşların gəlirlərinə təsirini "Yeni Sabah"a açıqlayıb. Ekspert bildirib ki, bu dəyişiklik mütərəqqi addım kimi qiymətləndirilə bilər:  “İndi də qüvvədə olan qanuna görə, növündən, tərəflərin hüquqi və ya fiziki şəxs olmasından asılı olmayaraq, ödəmə mənbəyindən vergi 14 faiz tutulurdu, indi isə yeni dəyişikliyə əsasən, fiziki şəxslər arasında kirayə münasibətlərində 10 faizlik vergi tutulacaq. Bu, mütərəqqi haldır. Bununla bağlı bir neçə dəfə təkliflər etmiş və bildirmişdik ki, məhz kirayə münasibətlərinin leqallaşdırılması və büdcənin şəffaflaşdırılması məqsədilə 14 faizin 7 faizə endirilməsi daha məqsədəuyğundur. Belə olan halda tərəflər bu məbləği ödəməkdə o qədər də çətinlik çəkməyəcək və zaman keçdikcə müqavilələrin notarial qaydada imzalanması, dövlət vergisinin ödənilməsi stabilləşəcək və məbləğin böyük olmaması buna müsbət təsir göstərəcək. Görünür, yeni qərar həm də onu nəzərdə tutur ki, böyük məbləğ olmasın, vətəndaşlar onu asanlıqla ödəyə bilsin”. Vüqar Oruc hesab edir ki, yeni qərar qüvvəyə mindikdən sonra da proses dərhal tam şəkildə leqallaşmayacaq: “Onun tətbiqindən sonra bir müddət gözləməliyik. Ümid etməyək ki, ilk aylardan bütün kirayə münasibətləri leqallaşacaq, vergidən yayınma halları tam aradan qalxacaq. Bu qərarın tam icra olunması üçün müəyyən dövr lazımdır. Ona görə də düşünmürəm ki, mövcud prosesin hər ay artan daşınmaz əmlak bazarına ciddi təsiri olacaq. Amma qiymətlərin bahalaşması üçün əlavə stimulun yarandığını söyləmək olar. İndiyə qədər kirayə münasibətlərinin gizlədilməsi, tərəflərin öz aralarında heç bir hüquqi qüvvəsi olmayan müqavilələrlə əsaslandırması ondan irəli gəlirdi ki, dövlətə vergi ödənilməsin”. AQC sədri qeyd edib ki, artıq vergini kirayə götürən tərəf ödədiyi məbləğlə birgə verəcək: “Əvvəlki qaydalara görə, vergini kirayə verən tərəf ödəməli idi, indi isə kirayə götürən tərəf ödədiyi məbləğin bir hissəsini, eyni zamanda, vergiyə ödəyəcək. Məsələn, 600 manata verilən kirayə mənzilə görə, 60 manat ödəniləcək, bu da kirayə biznesinin rəsmiləşməsinə gətirib çıxacaq”.