Ucqar bölgələrdə ana ölümü səviyyəsi 43.4-ə yüksəldi - NƏ BAŞ VERİR?

2010-cu illə müqayisədə 2024-cü ildə ölkə üzrə ana ölümü səviyyəsi 12.6 bənd artaraq hər 100 min diri doğulana görə 28.3 nəfərə yüksəlib. Göstərilən dövrdə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 26 nəfərdən 29 nəfərə çatıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, 2010-cu illə müqayisədə 2024-cü ildə ana ölümü səviyyəsi kənd yerlərində 9.5-dən 43.4-ə yüksəlib, şəhər yerlərində isə 22-dən 12.2-yə enib. 2024-cü ildə ana ölümü hallarının 6-sı şəhər, 23-ü isə kənd yerlərinin payına düşüb. 2024-cü ildə ana ölümü hallarının sayı Lənkəran-Astara və Mil-Muğan iqtisadi rayonlarında hərəsində 5, Qarabağ iqtisadi rayonunda 4, Şərqi Zəngəzur və Mərkəzi Aran iqtisadi rayonlarında 3, Dağlıq Şirvan, Qazax-Tovuz və Quba-Xaçmaz iqtisadi rayonlarında isə hərəsində 2 hal olaraq qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında, Abşeron-Xızı və Gəncə-Daşkəsən iqtisadi rayonlarında isə hərəsində 1 ana ölümü faktı qeydə alınıb. Bakı şəhəri, Şəki-Zaqatala və Şirvan-Salyan iqtisadi rayonlarında ana ölümü halları müşahidə edilməyib. Ana ölümü anlayışı hamiləliyin müddətindən və harada baş verməsindən asılı olmayaraq, hamiləliyin ağırlaşması və ya düzgün aparılmaması nəticəsində (bədbəxt hadisə və ya təsadüfi səbəblər istisna olmaqla) hamiləlik dövründə, doğuş zamanı və ya hamiləliyin başa çatmasından sonra ilk 42 gün ərzində qadının vəfat etməsi halını ifadə edir.

Bu rayona 25 sm qar yağdı, 9 dərəcə şaxta var

10:16 Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Hazırda bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur. Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 3 sm qeydə alınıb. *** Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 27-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub: "Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə (Kişçay) 1 sm-dir. Düşən yağıntının miqdarı Gədəbəydə 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Lənkəran, Biləsuvar, Neftçala, Sabirabad, Göyçay, Yevlax, Mingəçevir, Tərtər, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Qubada 1 mm-dir". Vurğulanıb ki, Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb: "Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb".

Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salındı

Ağdərə rayonunun Vəngli kəndinə 44 nəfərdən ibarət daha 10 ailə yola salınıb. Sozcu.az xəbər verir ki, Vəngli kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bununla Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə (532 nəfər) çatacaq.

Güclü külək əsəcək - Sarı xəbərdarlıq

Dekabrın 27-də bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub

2025-ci ildə rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb. Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsinin və RSXM-nin birgə iclasında professor Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub. Qurban Yetirmişli qeyd edib ki, maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb.

Qar yağacağı, 8 dərəcə şaxta olacaqğı gözlənilir - Sabahın havası

Azərbaycanda dekabrın 26-da bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

İki aya Ağdama 1164 ailə köçürüləcək

2026-cı ilin yanvar-fevral aylarında 1164 ailə (4772 nəfər) Ağdama köçürüləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı zamanı məlumat verib. Bildirilib ki, həmçinin, dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur.

Hərbçimiz Türkiyədə vəfat etdi

Vətən müharibəsi qazisi Elçin Telman oğlu Qurbanov vəfat edib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, o, Türkiyədə müalicə aldığı hospitalda dünyasını dəyişib. Qeyd edək ki, E.Qurbanov Dövlət Sərhəd Xidmətinin hərbçisi olub.

Bakıda şəhid bulağından oğurluq edildi – Anbaan video

Paytaxtın Nizami rayonunda silsilə oğurluq hadisəsi baş verib. Sozcu.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə tikilmiş bulaqdan iki ədəd su kranı, eyni zamanda üç avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayıb. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Kamran Qasımov müəyyən olunaraq saxlanılıb. Həmin şəxsin törətdiyi hadisələr təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Faktlarla bağlı araşdırmalar aparılır.

Bölgədə fəaliyyət göstərən ASC-lər ləğv olunur

Oğuz şəhərində fəaliyyət göstərən şirkət gələn ilin əvvəli ləğv olunur. Sozcu.az xəbər verir ki, "Oğuz-Məişət" Açıq Səhmdar Cəmiyyəti 9 fevral 2026-cı il tarixində səhmdarların ümumi yığıncağını keçirəcək. İclas ASC-nin Oğuz şəhəri, Əzizbəyov küç, 7 ünvanında yerləşən inzibati binasında olacaq. Səhmdarların ümumi yığıncaqda "Oğuz-Məişət" ASC-nin ləğv edilməsi, səhmlərinin dövlət qeydiyyatından çıxarılması, cəmiyyətə ləğv prosesi ilə əlaqədar təsviyəçinin təyin edilməsi, əmlakın Cəmiyyətin balansindan çıxarılması, ləğv prosesi ilə əlaqədar digər prosedurların həyata keçirilməsi müzakirə olunacaq.

Əhaliyə xəbərdarlıq: Bu lotereya və hədiyyə təklifləri...

Elektron Təhlükəsizlik Xidməti bayram qabağı əhaliyə çağırış edib. Sozcu.az xəbər verir ki, ETX şübhəli linkləri tıklamamaq barədə xəbərdarlığında qeyd edir: “Bayram vaxtı saxta lotereya və hədiyyə təkliflərinə diqqət edin. Şübhəli linklərə daxil olmayın, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirin”.

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.