Bu məktəblərin adı dəyişdirildi

Bakıda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin adları dəyişdirilib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bu məktəblər Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindən çıxarılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyinə verilib. Dəyişikliyə əsasən Ramana qəsəbəsində fəaliyyət göstərən Malıbəyli kənd tam orta məktəbi bundan sonra Bakı şəhəri 339 nömrəli tam orta məktəb adlanacaq. Həmçinin 9 saylı Şuşa tam orta məktəbinin adı Bakı şəhəri 343 nömrəli tam orta məktəb, Füzuli rayon 4 nömrəli tam orta məktəbi isə Bakı şəhəri 199 nömrəli tam orta məktəb olaraq dəyişdirilib.

Ağsu–Şamaxı yolunda silsilə oğurluqlar: restoranlardan generator və mallar oğurlanıb

Ağsu dolaylarının Şamaxı və Ağsu rayonlarına aid ərazisində yerləşən bir neçə iaşə obyektində silsilə oğurluq hadisələri baş verib. Sozcu.az saytına daxil olan məlumata görə, gecə saatlarında baş verən hadisələr zamanı naməlum şəxs və ya şəxslər restoranlara daxil olaraq obyektlərə məxsus işıq generatorlarını, samovarları, içkiləri və digər maddi əşyaları oğurlayıblar. Məlumatda bildirilir ki, hadisə barədə dərhal Şamaxı və Ağsu Rayon Polis Şöbələrinə məlumat verilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Mənbənin sözlərinə görə, hadisələr əsasən Ağsu dolayları adlanan yolun üzərində fəaliyyət göstərən restoran və istirahət obyektlərində qeydə alınıb. Qeyd edək ki, son vaxtlar bölgədə bu cür oğurluq hadisələrinin artması sahibkarlar arasında narahatlıq yaradıb. Ümid edilir ki, yaxın günlərdə cinayətkarlar müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.

Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Səhər bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunubndan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 19-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Şahdağ və Kəlbəcərdə qar yağdı

Azərbaycanda oktyabrın 22-si saat 11:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə yağıntılar arabir leysan xarakterli olub, yüksək dağlıq ərazilərdə - Şahdağ və Kəlbəcərdə isə qar yağıb. Lənkəranda 40, Astarada 34, Biləsuvarda 28, Lerikdə 23, Yardımlıda 20, Neftçalada 16, Zaqatalada 14, Sarıbaşda(Qax) 10, Gədəbəydə 8, Qəbələ və Sədərəkdə 6, Göygöl, Daşkəsən, Ordubad və Şahbuzda 5, Qubada 4, Naxçıvan, Naftalan, Oğuz, Şamaxı, Sabirabad, Şərur, Gəncə, Qusar, Şabran, Mingəçevir, Yevlax, İmişli, Şəki, Culfa, Xaçmaz, Tərtər, Bərdə, Xaltan, Şəmkir, Balakən, İsmayıllı, Qobustan, Xızı, Göyçay, Kürdəmir, Beyləqan, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Cəbrayılda 3, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb. Balakən, Daşkəsən, Göygöl, Şəki, Oğuz, Şamaxı, Xızı, Qusar, Quba, Göyçay, Mingəçevir, Yevlaxda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Faktiki hava açıqlandı - Yağış, külək...

Oktyabrın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Naxçıvan MR, Şabran, Xaçmaz, Zaqatala, Qəbələ, Oğuz, İsmayıllı, Qax, Şəki, Quba, Qusar, Qobustan, İmişli, Ağsu, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Beyləqan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Bərdə, Tərtər, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 16 m/s-yə çatır. Zaqatala, Şəki, Şamaxı, Balakən, Qax, Qusar, Göyçay, Göygöl, Daşkəsəndə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Azərbaycanda heyvan bazarları bağlanır - Rəsmi

Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq. Sozcu.az xəbər verir ki, bu barədə Baku.ws-in sorğusuna cavab olaraq AQTA-dan bildirilib. Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır. “Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər”. Bildirilib ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir: “Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər. Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq”, - deyə məlumatda vurğulanıb. (Mənbə: baku.ws)

Noyabrın əvvəlində ardıcıl 4 gün iş olmayacaq

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq. Sozcu.az-ın məlumatına görə, 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir. Bu səbəbdən noyabrın 10,11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir. Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq.

Sosial şəbəkədən usta axtarışının acı sonu – mühərrik dağıldı, problem qaldı

Son zamanlar sürücüləri ən çox narahat edən məsələlərdən biri – işini düzgün bilməyən, məsuliyyətsiz və əsasən TikTok sosial şəbəkəsində çəkdikləri reklam rolikləri hesabına tanınan avtomobil “ustaları” və bəzi servizlərdir. Avtoservis sahəsindəki nəzarətsizlik elə vəziyyətə çatıb ki, bir neçə gün hansısa ustanın yanında dayanan hər kəs əlində açar tutaraq “usta” olmağa cəhd göstərir. Bu cür qeyri-peşəkar yanaşma nəticəsində sürücülər həm ciddi maliyyə itkisinə, həm də vaxt itkilərinə məruz qalır. “TikTok ustalarının” növbəti qurbanı isə Zahid Seyidzadə olub. Sozcu.az saytına müraciət edən Zahid Seyidzadə bildirib ki, Toyota markalı avtomobilinin mühərrikində yaranan problemə görə sosial mediada reklam olunan Vüqar Kərimov adlı ustaya müraciət edib. (Maraqlı məqam ondadır ki, sosial mediada özünü Vüqar kimi təqdim edən şəxs, polis idarəsində verdiyi izahatda özünü Kərimov Əmirxan kimi təqdim edib.) Zahid Seyidzadənin sözlərinə görə, Bakı şəhəri Nizami rayonu H, Əliyev prospektində yerləşən servisdə işləyən Vüqar Kərimov avtomobili təmir etməyi öz üzərinə götürüb və alınacaq detalların siyahısını tutaraq, “özünə etibarlı” hesab etdiyi ehtiyat hissələri dükanından alınmasını tövsiyə edib. Nəticədə Zahid Seyidzadə avtomobilin təmiri üçün ümumilikdə 5000 manat vəsait xərcləyib. Lakin avtomobil təhvil alındıqdan qısa müddət sonra mühərrikdə yenidən problem yaranıb. Zahid Seyidzadə ustaya müraciət etsə də, Vüqar Kərimov problemi aradan qaldırmaqdan imtina edərək, mühərrikin sıradan çıxmasına səbəb kimi “keyfiyyətsiz yanacaq” bəhanəsini göstərib. Onun məntiqinə görə, eyni yanacaqdoldurma məntəqəsindən istifadə edən yüzlərlə avtomobildə problem yaranmayıb, amma dünyanın ən etibarlı avtomobil markalarından biri olan Toyota Land Cruiser-də mühərrik dağılıb. Zahid Seyidzadə bildirib ki, Vüqar Kərimov problemi aradan qaldırmaqdan imtina etdikdən sonra məsələ ilə bağlı polisə və məhkəməyə müraciət edəcəyini bildirib və ustadan onun iştirakı olmadan avtomobilə müdaxilə etməməsini tələb edib. Lakin xəbərdarlığa baxmayaraq, Vüqar Kərimov Zahid Seyidzadənin iştirakı olmadan mühərrikə müdaxilə edib. Hadisə ilə bağlı Sozcu.az saytının əməkdaşı Vüqar Kərimovla əlaqə saxlayaraq onun münasibətini öyrənib. Usta bildirib ki, “problemi ortaq şəkildə həll etməyə” hazırdır. Onun sözlərinə görə, Zahid Seyidzadə ehtiyat hissələrini yenidən alsa, o, usta pulu istəmədən avtomobili təmir edəcək. Bu təklifdən sonra Zahid Seyidzadə məhkəməyə müraciətini dayandıraraq problemin razılaşma yolu ilə həllinə razılaşıb. Lakin növbəti gün Vüqar Kərimov verdiyi sözü təkzib edərək, təmiri davam etdirmək üçün 400 manat əlavə pul tələb edib. Zahid Seyidzadə bildirib ki, avtomobili onun gündəlik işləri üçün vacib olduğundan, artıq başqa bir ustaya müraciət etməyi düşünür. O, həmçinin bu cür halların qarşısını almaq üçün dövlətin serviz sektoruna ciddi nəzarət etməsinin vacibliyini vurğulayıb. Zahid Seyidzadə məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyinin “İstehlak bazarına nəzarət” şöbəsinə müraciət etdiyini də qeyd edib. Qeyd edək ki, bu sahədə həqiqətən də ciddi nəzarətsizlik hökm sürür. Bir çox sürücü oxşar problemlərlə üzləşsə də, bəzi avtoservizlərin sahiblərinin “yüksək imtiyazlı şəxslər” olması səbəbindən şikayətlər cavabsız qalır. Çox güman ki, şəhərin ən görkəmli yerlərindən birində yerləşən bu servizin də sahibi təsadüfi şəxs deyil. Hər halda, məsələ ilə bağlı araşdırmamız davam edir. Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, hər kəs gördüyü işin keyfiyyətinə görə məsuliyyət daşımalıdır. Sahibkarlar isə öz obyektlərində çalışan ustaların peşəkarlığına və məsuliyyətinə ciddi nəzarət etməlidirlər.

Leysan yağacaq, dolu düşəcək - SABAHIN HAVASI

Azərbaycanda oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

Bazar günü hava necə olacaq?

Sabah, oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 20-24, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq.

Yağıntılı hava davam edir - FAKTİKİ HAVA

Oktyabrın 17-si saat 18:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 17-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Qəbələ, İsmayıllı, Altıağac, Quba, Xaçmaz, Şabran, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış, Şahdağda qar yağır. Bakıda və Abşeron yarımadasında isə çiskinli hava müşahidə olunur. Daşkəsən, Qax (Sarıbaş), Şəki, Şamaxı, Altıağac, Qusar, Qrız, Göyçayda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Azərbaycanın bəzi yerlərində oktyabrın 17-si saat 10:00-a olan məlumata əsasən hazırda leysan xarakterli yağış yağır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Astarada 15, Qubada 13, Zaqatalada 11, Şabranda 10, Oğuzda 7, Yardımlı, Lənkəran və Qusarda 5, Lerikdə 4, Xaltan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Xaçmaz, Qəbələ, Xızı, Şəki (Kişçay), Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dək qeydə alınır. Sumqayıt, Şəmkir, Xızı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 18-i səhərədək davam edəcəyi gözlənilir.