Bakı sakininin bank kartı oğurlanıb

Bakı şəhər sakininin bank kartı oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, paytaxt sakini olan bir nəfər iyunun 9-da Binəqədi rayonu ərazisindəki kafelərin birində cüzdanından 90 manat pulunun və bank kartının oğurlanması, sonradan həmin kartından 493 manat dəyərində alış-veriş edilməsi barədə polisə müraciət edib. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Cəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Biri 3 gün əvvəl məzun olmuşdu - Kürdə batan yeniyetmələr...

Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların hər biri rayonun Beşdəli kənd sakinləridir. 18 yaşlı Elşən Əhmədov və 16 yaşlı Siyasət Əhmədov qardaşdır. S.Əhmədov orta məktəbi bu il bitirib, o, üç gün əvvəl məzun gününü qeyd edib. Çayda boğulan Teymur Məlikov isə Dövlət Sərhəd Xidmətinə (DSX) daxil olan təhsil müəsisələrindən birinin kursantıdır. Yeniyetmələr ötən gün Kür çayının Neftçala rayonu, Cəngən kəndindən keçən hissəsində çimərkən boğulublar. Onların cəsədləri FHN tərəfindən tapılaraq ailələrinə təhvil verilib. 

Nazirlikdən əhaliyə xəbərdarlıq: Bunlara riayət edin!

Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin yaxın günlər ərzində davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə çağırır. FHN-dən Sozcu.az-a verilən məlumata görə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Azərbaycanda son 57 ilin ən güclü daşqınları...

Çoxillik statistik məlumatlara görə, Azərbaycanda son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il qeydə alınıb. Sozcu.az xəbər verir ki, bunu açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. O bildirib ki, son zamanlar hava şəraiti ilə bağlı narahatedici xəbərlər əhalidə suallar yaradır, səbəblər müzakirə olunur “İqlim sistemini hərəkətə gətirən müxtəlif amillər arasında El-Nunyo və La-Ninya hadisələrinin xüsusi rolu mövcuddur. Baş verən təbii proseslər iqlim dəyişmələri fonunda keçir, buna görə də qlobal temperatur artdıqca yağıntıların fəsillik rejiminə təsir göstərir, hava şəraitinin ekstremallığı artır. Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına istinadən deyə bilərik ki, təbiət hadisəsi olan El-Ninyo bu yay geri dönməyə hazırlaşır. Bu, ekvatorial Sakit okeanda okean səthinin temperaturunun, onun üzərindəki atmosfer sirkulyasiyasının dəyişməsi ilə əlaqələndirilir ki, bu da dünyanın bir sıra regionlarında hava və iqlim rejimlərinə əhəmiyyətli təsir göstərir. Bu hadisə Cənubi Amerika sahillərindən Avstraliyaya qədər Sakit Okeanın tropik hissəsində yerüstü su qatının temperaturunun qısamüddətli artması deməkdir. Bu ilin iyun ayını Azərbaycanda dəyişən iqlimlə bağlı fəsadların artması modeli kimi qiymətləndirmək olar. Bunun üçün əsas var. Çoxillik statistik məlumatlara görə, son 57 ildə ən çox sel-daşqın hadisəsi məhz bu il qeydə alınıb. Belə ki, bu il artıq 45 sel hadisəsi baş verib, bu da keçən ilin rekordunu üstələyib (2022-ci ildə 43 hadisə müşahidə olunub). Son 10 ildə isə iyun ayında orta hesabda 3-9 arası del-daşqın hadisəsi qeydə alınırdısa, keçən il 18, bu ilin iyun ayının 15 günü ərzində 26 belə hadisə olub”. Nazir müavini bildirib ki, bu cür mənzərə həm də qonşu ölkələrdə, o cümlədən, Türkiyədə, Rusiyanın cənubunda müşahidə olunur: “Ərazimizdən keçən soyuq atmosfer cəbhələri kəskinləşərək yağıntıların qeyri-bərabər paylanması ilə müşayiət olunur, hətta Qax rayonunda olduğu kimi, bir gündə aylıq normanın 120%-i qədər yağıntı düşür. Ümumilikdə isə yarım ay ərzində Böyük Qafqazın bəzi ərazilərində qeydə alınan yağıntının miqdarı aylıq norma göstəricilərini 2,4 dəfə aşıb. Daşkəsən-Gədəbəy zonasında 110 mm miqdarında olub. Hətta Mərkəzi Aran zonasında Sabirabadda aylıq normanın 122%-i, Tərtərdə 65%-i, Yevlaxda isə 75%-i müşahidə edilib. Dolu prosesi bu ilin iyun ayında keçən illə müqayisədə daha çox təkrarlanmış, belə ki, 01-15 iyun tarixlərində 31 dəfə dolu hadisəsi qeydə alınıb, ötən il isə 18 belə hadisə olub. Qəbələ və Yardımlıda dolu dənələrinin diametri 25-30 mm qeydə alınıb. Burada qeyd etmək istərdim ki, gözlənilən əlverişsiz hava şəraiti haqqında xəbərdarlıqlar qabaqcadan müvafiq plan-sxemlər əsasında təqdim edilir, "meteo.az" saytında hava şəraiti ilə bağlı proqnoz və xəbərdarlıqlar daim yenilənir". Təhlükəli atmosfer hadisələrinin artmasını biz gündəlik həyatımızda son zamanlar daha çox hiss edirik. U.Tağıyeva deyib ki, iqlim dəyişikliyi artıq Yer kürəsinin hər bir bölgəsinə təsir edir: “Ekstremal hava, hidroloji və iqlim hadisələri insan təhlükəsizliyinə, milli iqtisadiyyatlara, şəhər və kənd mühitinə, qida və su təhlükəsizliyinə təsir göstərir”. Onun sözlərinə görə, ölkədə hidrometeoroloji xidmətin potensialının artırılmasına, müasir yanaşmaların tətbiqinə xüsusi önəm verilir, dövlət investisiya layihələri çərçivəsində yeni texnoloji həllər tətbiq olunur. Bütün bunlar iqlim dəyişmələri fəsadlarına uyğunlaşma strategiyasının əsaslarını təşkil edir.

Bəzi çaylardan sel keçib - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı belə olub: Sarıbaşda 120.4 mm (aylıq normanın 67%-i), Şahdağda 55.2 mm (aylıq normanın 116%-i), Qusarda 51 mm (aylıq normanın 107%-i), Şəkidə 38 mm (aylıq normanın 38%-i), Yevlaxda 28 mm (aylıq normanın 57%-i), Tərtər, Bərdədə 27 mm (aylıq normanın 54%-i), Oğuzda 26 mm (aylıq normanın 22%-i), Qəbələdə 21 mm (aylıq normanın 19%-i), Mingəçevirdə 14.2 mm (aylıq normanın 32%-i), Yardımlı 12.4 mm (aylıq normanın 27%-i), Göyçayda 12 mm (aylıq normanın 26%-i), Naftalanda 9 mm, Qrız, Ordubadda 8 mm, Goranboy, Lənkəran, Ağdam, Zərdab, Gədəbəy, Zaqatala, Balakən, Xaltan, Daşkəsən, Tovuz, Gəncə, Sabirabad, Göygöl, Ceyrançöl, Quba, Naxçıvan, Şahbuzda 1-7 mm-dək olub. Bundan başqa, 08:00 radələrində Quba rayonu ərazisindən keçən Qudiyalçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Qax rayonu ərazisindən keçən Kürmükçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan və Qusar rayonu ərazisindən keçən Qusarçaydan qısamüddətli sel keçib.

Bakıda yataqxanada yanğın: 52 nəfər təxliyə edildi

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb. Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Evdən 10 min manatlıq oğurluq

Abşeronda evdə oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə,Hökməli qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ariz Əzimov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Yaralanan hərbçimizin son durumu açıqlandı

Bu gün səhər saatlarında Ermənistanın təxribatı nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmovun son durumu açıqlanıb. Sozcu.az xəbər verir ki, Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyunun 15-i saat 8 radələrində Azərbaycanın Laçın rayonundakı sərhəd-buraxılış məntəqəsinə müxtəlif çaplı odlu silahlardan atəş açıb. Nəticədə məntəqədə xidmət göstərən DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bəzi yerlərdə şimşək çaxdı, leysan yağdı

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qubada 17 mm, Qusarda 9 mm, Qrızda 8 mm, Lerikdə 7 mm, Şabran, Yardımlı, Daşkəsən, Lənkəran, Altıağac, Culfa, Sabirabad, Astara, Gədəbəy, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Ağdam, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Şahdağ, Tərtər, İmişli, Biləsuvar, Kürdəmir, Neftçala, Xaçmazda 5 mm-dək, Abşeron yarımadasında 1 mm-dək olub. Havanın maksimal temperaturu iyunun 13-də iqlim normasından 4.5 dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 34 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, dağlıq rayonlarda 23 dərəcəyədək isti, aran rayonlarında 37 dərəcəyədək isti olub.

Xaçmazda fəhlələri daşıyan avtomobil qəzaya düşdü

Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunda qeydə alınıb. Belə ki, "Ford" markalı mikroavtobusla "Kia" markalı minik avtomobili toqquşub. Nəticədə 1964-cü il təvəllüdlü Gülnarə Güloğlan qızı Xanəliyeva, 2016-cı il təvəllüdlü Şəlalə Əliağa qızı Tağıyeva , 1974-cü il təvəllüdlü Vəsilə Məlikməmməd qızı İmamova və 2001-ci il təvəllüdlü Rizvan Qurban oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların rayonda yerləşən bağlardan birində fəhlə kimi işləməyə getdikləri bildirilir. Faktla bağlı araşdırma aparılır.

Azərbaycan məktəblərində “Son zəng” çalındı

Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb. Sozcu.az xəbər verir ki, "Son zəng" tədbirlərində məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı maraqlı proqram nümayiş etdirib. Qeyd edək ki, bəzi məktəblərdə “Son zəng” tədbirləri davam edir.

Sumqayıtda zavodda yanğın nəticəsində atmosfer havası kəskin çirklənməyə məruz qalıb

Ötən gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda havaya qatı tüstü yayılması ilə müşayiət olunan yanğından sonra ətraf ərazilərdə atmosfer havasının keyfiyyətini müəyyən etmək üçün müxtəlif saatlarda ölçmə işləri aparılıb, nəticələr təhlil edilib. Sozcu.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzinin mütəxəssisləri tərəfindən ərazidə 6 istiqamətdə həyata keçirilən monitorinqlərin nəticələrinə görə, yanğın müddətində cənub-şərq istiqamətli küləklərin təsiri nəticəsində çirklənmə daha çox şimal (dəniz) istiqamətində qeydə alınıb. Belə ki, atmosfer havasına yayılan qaz qarışıqlarından dəm qazının miqdarı normadan 3.6, azot oksid və kükürd qazı 4.2, hidrogen-sulfid isə 3.8 dəfə yüksək olub. Yanğın söndürüldükdən sonra ərazinin şimal istiqamətində dəm qazının miqdarı 1.1 dəfə yol verilən qatılıq həddini keçib, digər göstəricilər isə norma daxilində müəyyən edilib. Bu gün səhər saatlarında isə ərazidə havanın keyfiyyət göstəriciləri norma daxilində olub.