Bu rayonlarımıza güclü yağış yağdı

İyunun 14-ü saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 25 mm, Gəncədə 19 mm, Daşkəsən, Göygöl, Zaqatala, Culfa, Şahbuz, Gədəbəy, Sədərək, Naxçıvan, Ordubad, Naftalan, Ceyrançöl, Şəmkir, Ağstafa, Balakən, Şəki, Qusar, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Lənkəran, Astara, Yardımlı, Kəlvəzdə 7.0 mm-dək olub. Cənub-şərq küləyi arabir Zaqatalada 20 m/s, Gəncədə 18 m/s-dək güclənib. İyunun 13-ü saat 23:22 radələrində Gəncə şəhəri ərazisinə diametri 10 mm olan dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35 dərəcəyədək isti, Naxçıvan MR-da 34 dərəcəyədək isti, dağlıq rayonlarda 24 dərəcəyədək isti, aran rayonlarında 37 dərəcəyədək isti olub.

Bakıda 74 yaşlı qadına qarşı soyğunçuluq edildi

Bakıda 74 yaşlı qadına qarşı soyğunçuluq edilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 9-da M.Həsənov küçəsində 74 yaşlı bir qadının içərisində pulu, sənəd və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elşən Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Təkər partladı: şirkət əməkdaşı qolunu itirdi

İmişlidə karxanada maşının təkəri partlayıb, şirkət əməkdaşı sol qolunu itirib. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 12-si saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən Türkaz MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.

Bulvarda kaktusları yandıran şəxs saxlanıldı

Dənizkənarı Bulvar ərazisində kaktusları kəsərək yandıran şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin ərazidə kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb. Əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. "Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir", - məlumatda qeyd edilib.

“MedEra hospital” uşağın qida borusunu deşdi, oğlumu şikəst etdi — ŞİKAYƏT

Bir neçə gündür sosial şəbəkələrdə övladı ağır vəziyyətdə olan ana fəryad edərək dəstək və yardım istəyir. Belə ki, oğlu ağır yataq xəstəsi olan qadın xəstənin bu vəziyyətə düşməsində həkimləri və konkret olaraq, MEDERA hospitalın neyrocərrah və həkimlərini ittiham edir. Sozcu.az xəbər verir ki, aadının sözlərinə görə, onun övladını Medera Hospitalın cərrah və həkimləri səhv əməliyyat edib və sağaltmaq əvəzinə, əksinə daha da ciddi fəsadlar yetiriblər. 16 yaşlı oğlum avtomobil qəzasına düşmüşdü. Onu Semaşkoya aparmışdılar. Orda saxlamayıb, özəl xəstəxanaya köçürdüm ki, orda daha yaxşı şərait var və həkimlər mənə söz verdi ki, bura gətir, bir sağaldacağıq. Semaşkoda ölməsin deyə, onu Medera hospitala köçürdüm. Orda nə pul istədilər verdim, pula görə onun beynini əməliyyat etdilər. Beyin qapağını açdılar. Nəfəs alması üçün traxeyadan dəlik açanda, vurub boğazını, qida borusunu da deşdilər. Mən Mehriban xanıma, prezidentə müraciət edirəm. Məni həkimlər və klinika aldadıb. Hər dəfə bu ay yaxşı olacaq, gələn ay sağaldacağıq deyə-deyə uşağımı əridib, koma vəziyyətində mənə verdilər. Uşağımın başında problem yox idi. 90 kiloluq uşaqdan 30 kilo qalıb. MedEraya gedib gəldim, uşağımı müalicə edin dedim, məni polislə ordan uzaqlaşdırdılar. Əvvəl 10 min təklif etdilər. Amma mən istəmədim. Çünki mənim övladımın dərdi 10 minlə sağalmır. Məni aldatdılar ki, Azərbaycanda dərdinə dərman olmasa, Türkiyəyə göndərəcəyəm. Amma indi məni qapıdan qovurlar. Hər şeyi boyunlarından atırlar. Qida borusu salamat uşağımı deşiblər, nə yemək yeyə bilir, nə su. Əriyib gedir. Beyni salamat idi, beynini açıb qarnına tikdilər. Uşağımın sağalması üçün yalvarıram. Medera hospital məniçm evimi yıxdı”. (Medicina.az)

Taksilərdə taksometr məcburi olacaq

Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması təklif edilir. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Tovuzda avtomobillər toqquşub, ölən və xəsarət alan var

Tovuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Elçin Elvin oğlu Hüseynov dünyasını dəyişib, Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Orxan Abbasov isə ağır yaralanıb. Yaralı Gəncə şəhərindəki xəstəxanaların birinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bakıda 2 yaşlı körpə yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Yasamal rayonunda 2 yaşlı körpə yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. İki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü A.Qədirli ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.

Sabirabadda iranlı narkotacirə kuriyerlik edənlər saxlanıldı

Sabirabadda xarici ölkə vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb, onlardan 13 kiloqramdan artıq narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Fərid Muradov və Yolçubəyli kənd sakini Aydın Eyvazov saxlanılıblar. Həmin şəxslərin üzərinə və əllərində olan çantaya keçirilən baxış zamanı 3 ədəd polietilen torbada qablaşdırılmış və təmiz çəkisi 13 kiloqram 325 qram olan marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı məlum olub ki, F.Muradov və A.Eyvazov Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq 2 500 manat pul müqabilində narkokuryerlik etməyə razılaşıblar. Əvvəlcədən deyilən ərazidən narkotik vasitəni götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə onlar polis əməkdaşları tərəfindən yaxalanıblar. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib - YENİLƏNİB

Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərib. Sozcu.az xəbər verir ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciəti nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xilasedici jiletlərdən ibarətdir. Eyni zamanda Ukraynaya 20 ton yanacaq da göndərilib. Bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub. 16:33 Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir. Sozcu,az xəbər verir ki, humanitar yük Bakıdan təyyarə ilə Polşaya, oradan isə Ukraynaya çatdırılacaq. Humanitar yardıma su boruları, su nasosları, xilasedici gödəkçələr və s. daxildir.

“SOCAR PETROLEUM”un baza direktoru 274 min manatlıq mənimsəmədə təqsirləndirilir

“SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus 3 saylı Sabirabad Neft Terminalı Bazasının direktoru Bayram Bağırovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, istintaqla Bayram Bağırovun həmin vəzifədə işləyərkən rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə rəhbərlik etdiyi müəssisəyə etibar edilmiş ümumilikdə 274 min manatdan artıq məbləğdə benzin və dizel yanacağını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Bayram Bağırova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İbtidai istintaq dövründə vurulmuş ziyanın bir qisminin ödənilməsi təmin edilib.

Bakıda qadın idmançılara adam oğurlatdı, işgəncə verib, pul tələb etdi - MƏHKƏMƏ + FOTO

Bakı Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Aygün Abbasovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə aralarında dünya və Avropa çempionlarının olduğu dəstə üzvlərindən Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlu 8 il 6 ay azadlıqdan məhrum ediliblər. İdmançı Fərəh Rəsulovaya sınaq müddəti seçilməklə şərti cəza verilib. Adam oğurluğunun sifarişçisi olan Aygün Abbasova da 5 il həbs cəzası alıb. Lakin onun himayəsində azyaşlı uşaq olduğundan övladının 14 yaşı tamam olandan sonra məhkumluğu başlayacaq. Qeyd edək ki, idmançılar Xətai rayon sakini Hüseyn Əsgərovu oğurlamaqda ittiham olunublar. Məhkəmə araşdırması zamanı məlum olub ki, onlar Aygün Abbasovanın sifarişini yerinə yetiriblər. Belə ki, H.Əsgərovun A.Abbasovaya 25 min manat borcu olub. Borcunu ala bilmədiyi üçün idmançı dəstəyə müraciət edərək pulunu geri alacaqları təqdirdə onlara 10 min manat verəcəyini vəd edib. Dəstə üzvləri Əsgərovu avtomobilə məcburi əyləşdirib Abbasovanın Pirşağı qəsəbəsindəki bağ evinə aparıblar. Orada Hüseyni döyüb 25 min əvəzinə 30 min manat ödəməsini tələb ediblər. DİN-in keçirdiyi əməliyyatla idmançı dəstə saxlanılıb və Hüseyn Əsgərov girov saxlandığı yerdən sağ-salamat azad olunub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, ittiham olunan şəxslərdən Fərəh Rəsulova universal döyüş üzrə dünya və Avropa çempionudur. Niyaməddin Kazımlı klassik güləş üzrə dəfələrlə Azərbaycan çempionu olub. Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür. O, 2009-cu ildə Ermənistanda bürünc medal qazanıb. Vasif Allahverdiyev də güləşçi olub. Qaçırılan Hüseyn Əsgərovun da peşəkar idmançı olduğu bildirilir. /Pravda.az/