Yeni il hədiyyəsi: “Qutuları qəsdən elə bağlayırlar ki, müştəri aça bilməsin”

“Yeni il ərəfəsində uşaqlar üçün marketlərdə hədiyyə qutuları təqdim edilir. Müştərinin bu qutuları açıb içindəki məhsul barədə məlumat öyrənmək şansı sıfıra bərabərdir". Bunu “Yeni Sabah”a qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib. Artıq neçə gündür ki, müxtəlif ticarət obyektlərində Yeni il ab-havası hiss edilir. Market vitrinlərini bayram hədiyyələri bəzəməyə başlayıb. Görünüşü cəlbedici olsa da, hədiyyə bağlamalarının içindəki məhsullar köhnə və yararsız olduğunu iddia edənlər var.  Qida eksperti bu rəyi bölüşür: “Bu qutuları qəsdən elə bağlayırlar ki, müştəri asanlıqla aça bilməsin. Sadəcə alıb evinə aparsın. Bəzi işbazlar insan sağlamığını nəzərə almır və hədiyyə qutularının içinə yararlılıq müddətinin bitməsinə 10-15 gün qalan məhsullar yerləşdirir. Qutularda isə ən çox kremli məhsullar, şirniyyatlar və s. olur”. İ. Şirinov alıcılara çağırış edib: “Müştərilər özləri hədiyyə qutunu alıb istədiyi məhsulla bayram hədiyyəsi hazırlaya bilər. Bu daha məqsədəuyğun olar. Şirkətlərin hazırladığı hədiyyələri müştərilər mütləq açmalı və içindəki məhsulları bir-bir yoxlayıb, onların tərkibi haqqında məlumatlarla tanış olmalıdırlar. Bu haqda müştərilərə heç kim qadağa qoya bilməz. Əsas məsələ uşaqların sağlamlığıdır.  Valideynlər burada son dərəcə diqqətli olmalıdırlar”.  

Bu ərazilərimizə qar yağdı: 14 dərəcə şaxta...

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-si saat 9:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Xidmətdən Sozcu.az-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3, Lənkəran-Astara bölgəsində 17, Balakən-Şəki zonasında 7, Quba-Qusar və Mərkəzi-Aran rayonlarında 4, Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə 3 mm-dək olub. Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Altıağacda 2 sm olub. Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Quba, Qəbələ, Şamaxı, Qusar, Qrız, Göyçay, Ağdam, Beyləqan, Tərtərdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 6, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.

Yağış yağır, duman var – FAKTİKİ HAVA

Saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Gəncə, Şəki, Oğuz, Qəbələ, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, Sabirabad, Tərtər, Yevlax, Göyçay, Beyləqan, Astara, Ağdamda duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10, dağlıq rayonlarda 1 dərəcəyədək isti qeydə alınıb.

Şirvanda körpənin ölüm səbəbi bilindi - YENİLƏNDİ

10:30 Şirvan Şəhər Mərkəzi Xəstəxanasında uşaq ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş 2 yaşlı uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. ***** Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edən 2 yaşlı uşağın ölüm səbəbi açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 29-da Sabirabad rayonu, Qarağac kənd sakini 2022-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. "Ona dəqiqləşdirilməmiş pnevmoniya, tənəffüs çatışmazlığı, qıcolma diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb", - məlumatda qeyd olunub.

Qrafiklə su verilişi nə vaxt bitəcək? - AÇIQLAMA

Uzun illərdir ki, Bakının bəzi ərazilərində, xüsusən də köhnə tikili binalara içməli su fasilələrlə verilir. Paytaxtın əksər rayonlarında axşam saat  9-10-dan sonra su olmur və səhər 07-07:30-da su verilişi bərpa edilir. Odur ki, bir çoxu mənzillərdə hidrofor və digər cihazlardan istifadə etməklə, problemi qismən aradan qaldırmağa çalışır. Yeganə çıxış yolu isə su çənlərindən istifadədir. Paytaxtda suyun fasilələrlə verilməsi nə ilə bağlıdır? Önümüzdəki illərdə bu problemin aradan qaldırılması ehtimalı varmı? Mövzu ilə bağlı "Yeni Sabah"a danışan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin Vətəndaş müracitlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Musaoğlu bildirib ki, hazırda ölkənin su ehtiyatlarına uyğun şəkildə işlər görülməkdədir: “Suyun fasilələrlə verilməsi qrafikə uyğun həyata keçirilir. Sukanal idarələri suyun verilməsini qrafik üzrə tənzimləyirlər. Bununla bağlı ölkənin su ehtiyatlarına uyğun şəkildə işlər icra olunur”.

“Sənədsiz həyət evlərinə amnistiya verilməsi gözlənilir”

2024-cü ilin ilk 2 rübündə torpaq sahələri və həyət evlərinə olan maraq kəskin sürətdə azalıb. Çıxarışı olmayan torpaqlarda tikilən əmlaka kommunal xətlərin çəkilməsi ilə bağlı tətbiq olunan qadağa və fərdi yaşayış evlərinin bəzilərində tətbiq edilən söküntü alıcıları baha da olsa, çıxarışlı əmlaklar almağa sövq edib.  Bu tendensiya növbəti ildə də davam edəcəkmi?  Mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak ekspert Anar Nəsirov bildirib ki, sənədsiz əmlakla bağlı nəzərdə tutulan onlayn portal fəaliyyətə başlasa, sözügedən vəziyyət dəyişə bilər: “Həyət evlərinin və torpağın qiymətlərinə təsir edən keçən ildən qüvvəyə minən qanun olub. Artıq alıcıların sənədsiz torpaqlara marağı xeyli azalıb. Çıxarışı olmayan həyət evləri və torpaqların qiyməti olduqca ucuzlaşıb. Lakin əksinə, çıxarışlı əmlakın dəyərində bahalaşma özünü göstərir.  Əvvəlki tələb o zaman artar ki, həyət evlərinin qeydiyyata alınması ilə bağlı nəzərdə tutulan onlayn platforma istifadəyə verilsin və sənədləşdirməyə başlanılsın. Yaxın vaxtlarda sənədsiz həyət evlərinə amnistiya verilməsi gözləniləndir. Düşünürəm ki, bundan sonra vətəndaşlar daha çox torpağa üstünlük verəcəklər”.  Ekspert qeyd edib ki, hazırda alıcıların bir çoxu məcburən mənzil almalı olurlar: “Bazarda əmlak qiymətləri od tutub yanır. Bu da o deməkdir ki, insanlar daha çox sənədli evlərə üstünlük verir. Vətəndaş bilsə ki, 2-3 sot sənədli torpaq alıb sonra isə yavaş-yavaş onu tikə biləcək, torpaq almağa daha çox üstünlük verər. İnsanlar çarəsizlikdən mənzil alır. Alıcıların 90-95 faizi məcburdur bina evlərinə üstünlük versin. Əgər sənədsiz həyət evlərinin qeydiyyata alınması prosesi başlansa və torpaqlara da çıxarış verilsə, alıcıların ən az 60 faizi torpaq sahələrinə yönələcək”.

Suraxanıda 13 yaşlı oğlan itkin düşdü

Bakı şəhəri Suraxanı rayonunda 13 yaşlı oğlan itkin düşüb. Sozcu.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Kənan Ataşov yaşadığı evdən çıxaraq geri dönməyib. Faktla bağlı Sabunçu RPŞ-də araşdırılma aparılır.

Metroda təşviş yaşandı

Bakı metrosunun “Gənclik” stansiyasında qatarda yanğın məlumatı ilə əlaqədar texniki baxış keçirilib. Sozcu.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, “Gənclik” stansiyasını qatar tərk edərkən sərnişinlərdən biri qatarda yanğın qoxusunun olması barədə bildirib. Qeyd olunub ki, qatarda hər hansı problem aşkarlanmadığı, eyni zamanda maşinistin idarəetmə pultunda nasazlıq olmadığı halda sərnişinin məlumatı əsasında qatara əlavə texniki baxışın keçirilməsi zərurəti yaranıb. Nəticədə qatarda hər hansı problem aşkarlanmayıb.

Ölkə üzrə QAR və leysan xəbərdarlığı - Bu tarixədək...

Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Samux, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Goranboy, Daşkəsən, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Qobustan, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Şirvan, Hacıqabulda fasilələrlə şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundur.

İşdən 70 min manat ələ keçirib, Tiktokda hədiyyə göndərib...

Bakıda işlədiyi univermağın 70 min manata yaxın pulunu ələ keçirməkdə təqsirləndirilən və həmin pulun müəyyən hissəsini Tiktok sosial şəbəkəsində tanışlarına hədiyyə kimi göndərən Nicat Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Nicat Abbasov altı il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, o, əvvəl univermaqda operator, daha sonra isə qeyri-rəsmi mühasib vəzifəsində işləyib. Təqsirləndirilən şəxs univermağın mal aldığı firmalara, fərdi sahibkarlara və təchizatçılara ödəniş edilməli olan 69 min 800 manat pulu mənimsəməkdə ittiham olunub. Nicat Abbasov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinib.

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.