Bu rayonlarda əməliyyat keçirildi, saxlanılanlar var

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, əməliyyatlar paytaxtın Binəqədi və Qaradağ rayonları ərazilərində baş tutub. Bir neçə gün davam edən tədbirlərin nəticəsi olaraq 29 yaşlı Ruslan Hüseynov müəyyən edilərək saxlanılıb. Onun avtomobilindən 35 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. R.Hüseynov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisindəki əvvəlcədən təyin edilən yerdən götürdüyünü və maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, R.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ölkəboyu fasiləsiz davam etdirilir.

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Qax, Şəki, Zaqatala, Şamaxı, Göyçay, Bərdə, Yevlax, Tərtər, Ağcabədi, Ağdam, Gədəbəy,Göygöl, Qusar, Sabirabad, Neftçala, Hacıqabul, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Samux, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Lerik, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Daşkəsən, Qobustan, Goranboy, Naftalan, Mingəçevirdə isə qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Müəllimlərin sertifikasiyasında hansı mövzulardan suallar düşəcək?

Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsini təqdim edib.   Sozcu.az xəbər verir ki, fizika fənni üzrə sertifikatlaşdırma imtahanında ümumilikdə 3 mövzudan ibarət 50 sual təqdim ediləcək. Fizika müəllimləri Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər, həmçinin Eksperimental fizika və müasir həyat mövzularından hər birindən 15 sual, Fiziki hadisələr, qanun və qanunauyğunluqlar mövzusundan isə 20 sual cavablandırmalı olacaqlar.   Qiymətləndirmə çərçivəsinə əsasən, fizika müəllimləri üçün məzmun sahələri və müvafiq mövzular aşağıdakılardır:   Mexanika:   - Düzxətli bərabərsürətli və dəyişənsürətli hərəkət   - Çevrə üzrə bərabərsürətli hərəkət   - Nyuton qanunları   - Statikanın əsasları   - Ümumdünya cazibə qanunu, ağırlıq qüvvəsi   - Elastiklik qüvvəsi, çəki   - Sürtünmə qüvvəsi   - Bir neçə qüvvənin təsiri altında hərəkət   - İmpuls, enerji, saxlanma qanunları   - Mexaniki iş, güc   - Mexaniki rəqslər   - Mexaniki dalğalar   - Bərk cisimlərin, mayelərin və qazların təzyiqi   - Arximed qanunu   Molekulyar fizika: - Molekulyar kinetik nəzəriyyə   - İdeal qaz qanunları   - Termodinamikanın əsasları   - Doyan və doymayan buxar   - Bərk cisimlərin xassələri   - Mayelərin xassələri   Elektrodinamika: - Elektrik yükü, elektrik sahəsi   - Elektrostatik sahədə görülən iş   - Elektrik tutumu, elektrik sahəsinin enerjisi   - Sabit cərəyan qanunları   - Müxtəlif mühitlərdə elektrik cərəyanı   - Maqnit sahəsinin induksiyası   - Yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti   - Elektromaqnit induksiyası   - Maqnit sahəsinin enerjisi   - Elektromaqnit rəqsləri   - Elektromaqnit dalğaları   - Dəyişən elektrik cərəyanı   Optika: - Həndəsi optikanın qanunları   - Müstəvi və sferik güzgülər, linzalar   - Dalğa optikası   Kvant fizikası: - İşıq kvantları və fotoeffekt   - Atom fizikası   - Nüvə fizikası   - Elementar zərrəciklər və onların təsnifatı   Qeyd edək ki, test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).   Xatırladaq ki, test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə iştirakçıların bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır. Bütün fənlər həmçinin metodika və pedaqogika üzrə iştirakçıların tətbiqetmə, təhliletmə, problem həlletmə və digər bacarıqları praktik və situativ suallarla ölçülür.

Bakıda 14, bölgələrdə 16 dərəcə isti - Sabahın HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Martın 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

Başçının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və onunla birgə mühakimə olunan Təranə Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər iştirak etməyib. Hakim bildirib ki, bu səbəbdən proses təxirə salınır. Məhkəmənin növbəti iclası aprelin 20-da davam edəcək. Qeyd edək ki, bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılan Vəfa Allahverdiyeva tanışı Təranə Bağırova ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir. İttihama görə, təqsirləndirilən xanımlar Cavanşir Məmmədəliyevi ədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. Təranə Bağırova bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Sabiq müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində polis nəzarətiinə vermə qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Vəfa Allahverdiyeva əvvəllər Gədəbəy Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.

Ailədə 1 uşaq, yoxsa 5 uşaq? - Azərbaycan əhalisi sürətlə qocalır

“Son 22 ildə ölkədə ahılların sayı 99,44 faiz artıb”. Bu sözləri "Yeni Sabah"a sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, ümumi düşüncənin əksinə, Azərbaycanda demoqrafik ləngimə müşahidə olunur: “Məsələn, 2023-cü ilin statistikasına baxsaq, görərik ki, həmin il əvvəlki ilə nisbətən demoqrafik artımda 15% enmə müşahidə olundu. 2024-cü ildə də oxşar tendensiya özünü göstərdi. "Sosial xidmətin inkişafəna dair Dövlət Propqramı"nda qeyd olunub ki, son 22 ildə əhalinin sayı 26,4 faiz artsa da, ahılların sayı 99,44% artıb. Bu o deməkdir ki, təbii artımda bir qədər ləngimə var. Bunun ilkin səbəbi nədir? Azərbaycanda nikaha girənlərin sayında azalma var. Eyni zamanda, gənclərin sayı da azalıb. Misal üçün, 10 il qabaq gənclər ölkə əhalisinin təqribən 29-30 faizini təşkil edirdi. Bu gün gənclər ümumi əhalinin 21-22 faizini təşkil edir. Nəzərə almalıyıq ki, boşanmaların da statistikasında artım var. Bunlar hamısı təbii artıma mənfi təsir göstərən amillərdir”.  Sosioloq qeyd edib ki, dünyanın bir çox ölkələrində əhalinin təbii artımının təşviqi üçün bir sıra addım atılır: “Ölkələr çalışır ki, demoqrafik artımı təşviq etsinlər. Türkiyə prezidenti Ərdoğan həm bizə, həm öz ölkəsinə müraciət etdi. O bildirdi ki, ailə planlaşdırmasında Azərbaycan üçün 5 uşaq, Türkiyə üçün 3 uşaq olsa, daha yaxşı olar. Təbii artımı təşviq etmək üçün əlavə tədbirlər görməyə zərurət yarana bilər. Hətta bu yaxınlarda Milli Məclisdə "çoxuşaqlı ailə" anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təklif irəli sürüldü. Əslində, məqsəd Azərbaycanda təbii artımı təşviq etmək, dəstək olmaqdır. Yəni 5 uşağa nəzərdə tutulan imtiyazlar 3 uşaqlı ailəyə də tətbiq olunacaq. Yəni hər uşağa görə verilən 105 manat onlara da veriləcək. Əlbəttə, əgər bu qanun qəbul olunarsa. Əgər təbii artım aşağı düşürsə, mexaniki artım yüksəlir. Yəni miqrantların hesabına əhali arta bilər. Bu, genefond təhlükəsizliyi üçün problem yaradır. Hazırda Avropa ölkələrinin bir çoxu bu təhlükə ilə üz-üzədir. Belə problemin ölkəmizdə yaşanmaması üçün çalışmalıyıq ki, təbii artım yüksək səviyyədə olsun”.

Ramazanın üçüncü günü: Dua, imsak və iftar vaxtı...

Sabah Ramazan ayının üçüncü günüdür. Sozcu.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, imsak saat 05:46, iftar isə saat 18:49-dadır. Ramazan ayının 3-cü gününün duası: “İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!”

Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi CAVAB

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Sozcu.az xəbər verir ki, buraxılış imtahanının nəticələrinin nə vaxt açıqlanacağı məlum olub. Bildirilib ki, martın 3-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 6 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

Martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 65-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 5-9° isti, dağlarda gecə 9-14° şaxta, yüksək dağlıq ərazilərdə gecə 14-19° şaxta, gündüz 0-5° şaxta olacaq. Bəzi yollar buz bağlayacaq.

Vəfat edən hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1975-ci il təvəllüdlü Rüstəmov Faiq Akif oğlu kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat edib. Sozcu.az vəfat edən hərbçimizin fotosunu təqdim edir:

Martda neçə gün iş olmayacaq?

Mart ayında Azərbaycanda şənbə və bazar günləri də daxil olmaqla 18 gün iş olmayacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Belə ki, 22, 23 mart tarixləri şənbə və bazar günləri olduğu üçün əlavə olaraq 25, 26 mart tarixləri də tətil günü hesab ediləcək. Digər tərəfdən, Nazirlər Kabinetinin qərarına əsasən, 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da 27 və 28 mart tarixlərində də iş olmayacaq. 30 və 31 martda Ramazan bayramı qeyd olunduğu üçün həmin günlər də qeyri-iş günləri siyahısına daxil ediləcək. Həmçinin, 1-2, 8-9, 15-16 mart tarixləri həftəsonu olduğu üçün ümumilikdə, mart ayında 18 gün qeyri-iş günü hesab ediləcək. Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

"Orta məktəblərdə "kişilik dərnəyi" təşkil olunmalıdır" - Məhəmməd Həşimov

Orta məktəblərdə oğlanların kişi kimi formalaşması üçün xüsusi dərnəklər olmalıdır! Son illərdə cəmiyyətimizdə oğlan uşaqlarının və gənclərin kişi kimi yetişməsində ciddi boşluqların olduğu hiss olunur. Əksər ailələrdə atalar gün boyu işdə olduğu üçün övladlarının tərbiyəsi əsasən anaların üzərinə düşür. Bundan əlavə, oğlan uşaqları bağçaya gedəndə qadın tərbiyəçilərlə, məktəbə gedəndə isə əsasən qadın müəllimlərlə qarşılaşırlar. Məktəb rəhbərliyinin də əksəriyyətinin qadın olması bu tendensiyanı daha da gücləndirir. Bu o deməkdir ki, oğlan uşaqları kişi nümunəsi görmədən böyüyür və nəticədə, kişilik xarakterlərini formalaşdıra bilmir. Kişilik nədir və niyə vacibdir? Burada söhbət sadəcə cinsiyyətdən getmir. Kişilik dedikdə, məsuliyyətli olmaq, güclü iradəyə sahib olmaq, əxlaq prinsiplərinə bağlı qalmaq, öz ailəsini, cəmiyyətini qorumaq və daim inkişaf etmək qabiliyyəti nəzərdə tutulur. Keçmişdə kişilər bu keyfiyyətləri atalarından, babalarından və yaşlı kişilərdən öyrənirdilər. İndi isə oğlan uşaqlarının çoxu belə nümunələrdən məhrumdur. Bu boşluğu doldurmaq üçün məktəblərdə xüsusi dərnəklər və təlim proqramları yaradılmalıdır. Orta məktəblərdə "kişilik dərnəyi" təşkil olunmalıdır Bu dərnəklərdə təcrübəli müəllimlər və həyat təcrübəsi olan kişilər tərəfindən oğlanlara aşağıdakı mövzular öyrədilə bilər: ✅ Məsuliyyət və liderlik – Oğlan uşaqları kiçik yaşlarından məsuliyyət daşımalı, verdiyi sözə sahib çıxmağı və liderlik etməyi öyrənməlidir. ✅ Fiziki və psixoloji dözümlülük – Çətinliklər qarşısında sınmamaq, problemlərlə üzləşəndə onları həll etmək bacarığı formalaşdırılmalıdır. ✅ Qarşı cinsə hörmət – Həm qadınlara, həm də digər insanlara qarşı hörmətli və ədalətli davranmağın əhəmiyyəti izah olunmalıdır. ✅ Ailə və cəmiyyət qarşısında öhdəliklər – Ailənin dayağı olmaq, vətəni qorumaq və cəmiyyətə faydalı olmaq kimi dəyərlər aşılanmalıdır. ✅ Fiziki hazırlıq və intizam – İdman, nizam-intizam, sağlam həyat tərzi və döyüş sənətləri ilə bağlı əsas biliklər verilməlidir. Gələcəyimiz təhlükədədir! Bu gün cəmiyyətimizdə oğlan uşaqlarının zəif iradəli, məsuliyyətsiz və həyatdan qorxan fərdlərə çevrildiyini görməkdəyik. Bu vəziyyət davam edərsə, 5-10 ildən sonra cəmiyyətimizin dayaqları sarsıla bilər. Çünki kişi gücü, məsuliyyəti və liderliyi olmadan sağlam cəmiyyət qurmaq mümkün deyil. Bu məsələnin həlli üçün təcili tədbirlər görülməlidir! Orta ümumtəhsil məktəblərində xüsusi dərnəklər təşkil olunmalı, kişi müəllimlər və nümunəvi şəxsiyyətlər bu proqramlara cəlb edilməlidir. Əks halda, gələcək nəsillərimiz kişi xarakterindən uzaq böyüyəcək və cəmiyyətin inkişafı üçün ciddi problemlər yaranacaqdır. Məhəmməd Həşimov, Şəmkir rayon Şiştəpə kənd Qalib Allahverdiyev adına tam ümumtəhsil orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və fiziki tərbiyə müəllimi.