Bakıda 3 nəfər dəm qazından öldü

Bakının bir rayonunda üç nəfər dəm qazından boğulub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon sakinləri - 1977-ci il təvəllüdlü İlqar İsmayılov, 1982-ci il təvəllüdlü Andrey Lakutin və 1971-ci il təvəllüdlü İrina Kərimova yaşadıqları evlərdə dəm qazından boğularaq ölüblər. Hər üç faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Rayonlara qar yağıb - FAKTİKİ HAVA

Yanvarın 21-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə, yanvarın 21-i saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib. Lakin 20-də bəzi şərq rayonlarında arabir yağıntılı olub. Belə ki, düşən yağıntının miqdarı Biləsuvar, Yardımlıda 2, Ordubad, Şəki, Şabran, Astarada eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qrızda (Quba) 16, Altıağacda 9, Lerik, Şamaxıda 3, Şahbuzda 2, Xaltan, Lənkəran, Qobustan, Daşkəsəndə 1 sm-dir. Qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s-dək güclənib. Şamaxı, Qrız, Şahdağ, Lerik, Şəki, Qubada duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

“Dedilər dostunu nə tez unutdun?” - İlkindən tənqidlərə CAVAB

“Və gözlənilən şərhlər yağdı: “Dostunu nə tez unutdun?”, “O qədər yaxın idi, indi necə gülə bilirsən?” və s. Bütün şərhlərinizi oxudum, normalda belə hallarda şərh bölümünü bağlayırlar, amma mən etmədim, tənqidə hər zaman açıq olmuşam”. Bu sözləri aparıcı İlkin Həsəni instaqramda yazıb. O, Cem Yılmazla Bakı konsertindən sonra çəkilən fotosuna mənfi şərh bildirənlərə cavab verib: “Bir balaca analiz edib, daha sonra isə ümumi bir cavab yazıram hər zaman. Kədəri anlamaq üçün sadəcə ona baxmaq kifayət deyil. Çünki kədər göz yaşlarımızda deyil, qəlbin ən dərin qatlarında yatır. İnsanlar çox vaxt bizim xarici görünüşümüzlə daxili fırtınalarımız arasında körpü qura bilmirlər. Nəticədə isə içdəki nifrəti hərflərə çevirirlər. Dostumu əsla unutmadım, həyat isə mənim dayanmamağımı tələb edir. İnsan sevdiklərini itirdikcə, bir tərəfdən özü də kiçilir, yox olur. Amma həmin sevdiklərinin xatirəsi ilə yaşamaq bir növ borca çevrilir. İnsanın ayağa qalxması, addım atması, gülməsi unudulma demək deyil. Bu, sadəcə, o itki ilə barışmaq cəhdidir. Nə qədər qısa və hər anın nə qədər qiymətli olduğunu.  Məncə, dostum mənim göz yaşlarımı yox, gücümü, gülümsəməmi görmək istərdi. Bilin ki, kimisə unutmamaq üçün onu hər an matəm kimi yaşamaq da məcbur deyil. Həyat davam edir, çünki həyat dayanmır. Bu paylaşım da, Cem də, tədbir də, həyatın özü də onun xatirəsinə əlavə etdiyim yeni bir parça kimidir. Axı paylaşımda da qeyd etmişdim ki, bəzən həyatın qayğıları arasında belə anlar insanın ruhunu yenidən doğurur. Bəlkə də siz hər şeyin gözlə görünən tərəfinə baxırsınız. Amma əmin olun, qəlbinizi dinləsəniz, hər birimizin içində keçməyən yaraların izlərini görə bilərsiniz. Bu, mənim gerçəkliyimdir və bu gerçəklikdə 40 gün 40 gecə yas saxlamaq standartları yoxdur. Siz eləsinizsə heç kimi elə olmağa məcbur edə bilməzsiniz. Xahiş edirəm, imkan verin, dostumun ruhunu şad edim. Sevgi ilə qalın!”  (Olay)

Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə əlaqədar Azərbaycanın bütün ərazisində 1 dəqiqəlik sükut olub. Sozcu.az-ın məlumatına görə, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb. Bakı metrosunda 1 dəqiqəlik sükutla əlaqədar qatarların fit səsi eşidilib.

Faktiki hava: Bu ərazilərə qar yağdı

Yanvarın 19-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti arabir yağıntılı olub. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 20 sm, Şahdağda 18 sm, Zaqatalada (Əlibəy) 8 sm, Qaxda (Sarıbaş) 5 sm, Qusar (Laza), Xınalıqda 3 sm, Xaçmaz, Şəkidə (Kişçay) 1 sm-dir. Belə ki, düşən yağıntının miqdarı Şabranda 4 mm, Qubada (Qımıl) 3 mm, Zaqatala, Xınalıq, Altıağac, Şəkidə 1 mm-dək olub. Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s, Kəlbəcərdə 15 m/s-yə çatıb. Sumqayıt, Quba, Qusar, Qrız, Lerik, Qaxda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

Aidiyyəti dövlət orqanları sağ olsunlar, bank kartımdan pulu oğurlayanları vaxtında müəyyən etdi. Sozcu.az xəbər verir ki, bu fikirləri APA-ya Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib. ”Dünən Gəncə şəhərindən evimizə gəlirdim. Kəndə çatanda mənə zəng gəldi. Bildirdilər ki, "Kapital Bank"ın işçiləridir və dedilər ki, kartımın şifrəsini xakerlər görüblər, kartımdan pulumu oğurlamaq istəyirlər. Mənə kömək etmək istədiklərini dedilər. Bunun üçün isə kartda olan pulun başqa karta köçürmək lazım olduğunu qeyd etdilər. Mən də bunlara inanaraq vəsaiti digər karta köçürdüm. Necə elədilərsə, kartımdakı 100 993 manatdan 80 509 manatını mənimsədilər. Bundan sonra tez bir zamanda "Kapital Bank"a yaxınlaşdım, hadisəni olduğu kimi söylədim. Araşdırdılar ki, xakerlər pulu öz hesablarına köçürüblər. Eyni zamanda, DİN-in 102 xidmətinə zəng vurdum. Həmin dəqiqə Samux Rayon Polis İdarəsinin əməkdaşları gəldilər. Baş verən hadisəni araşdırdılar", - Cəlil Əliyev vurğulayıb. O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda cinayətkarı saxlayıb: "80 509 manatı geri qaytardı. Dövlətimiz sağ olsun, bir daha hər kəsə təşəkkür edirəm". Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev bank kartından 80 min manat oğurlandığını bildirib. DİN pul vəsaitini oğurlayan şəxslərin müəyyən edildiyini, zərərin ödənildiyini açıqlayıb.

Hökumənin vəfatına görə verilmiş pul oğurlandı

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub. Sozcu.az xəbər verir ki, bu barədə Ölkə.az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib. O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib. C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu “Kapital Bank”ın əməkdaşı olduğunu deyərək aldadıb: "Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, “Kapital Bank”ın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər". C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib. Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Nikahların sayı azaldı

Azərbaycanda ötən ilin 11 ayında nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 min 146 nikah və 19 min 597 boşanma halı qeydə alınıb. Məlumata görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Yanvarın 20-də güclü külək əsəcək, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, həmin gün şimal-qərb küləyi 7-12 m/s, gecə və səhər arabir 15-17 m/s-dək güclənəcək. Qeyd olunub ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq.

Xəstəxanaya gedən qadın qəfil vəfat etdi

Bakıda xəstəxanada qadın qəfil vəfat edib. Sozcu.az xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən özəl xəstəxanada baş verib. Dünən saat 14 radələrində xəstəxanaya getmiş 1966-cı il təvəllüdlü Solmaz Məhəməli qızı Qoradayeva oturacaqda əyləşdiyi zaman ürək çatışmazlığından ölüb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Məktəblərdə 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərslər keçiriləcək

17-18 yanvar tarixlərində təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Bu barədə Sozcu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu barədə elm və təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib. Plana əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulur.

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, yanvarın 16-ı axşam, 17-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Göygöl, Qazax, Ceyrançöl, Samux, Şəmkir, Tovuz, Ağstafa, Mingəçevir, Bərdədə qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.