Qəzaya uğrayan təyyarədə olan uşaqların sayı...

Qazaxıstanda qəzaya uğrayan AZAL şirkətinə məxsus təyyarənin göyərtəsində 4 uşaq və yeniyetmə olub. Sozcu.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb. Təyyarənin göyərtəsində Azərbaycan vətəndaşları - 16 yaşlı S.Cerova, 17 yaşlı N.Cəlilov, 11 yaşlı Qazaxıstan vətəndaşı E.Cumaqat və 11 yaşlı Rusiya vətəndaşı D.Arsbayeva olub. Qeyd edək ki, təyyarədə ekipajla birgə 67 sərnişin olub. Onlardan sağ qalan 28 nəfər xəstəxanaya yerləşdirilib.

Söyüş, əxlaqsızlıq, narkotikin təbliği - Azərbaycanda TikTok bağlanacaq?

TikTok sosial şəbəkəsinin Azərbaycanda artan populyarlığı və platformada yayılan bəzi məzmunların cəmiyyətə mənfi təsirləri son dövrlərdə geniş müzakirə olunur. Bu şəbəkədə müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Dünən bir neçə aktiv “TikTok” istifadəçisi saxlanılıb. Saxlanılanlar arasında Abdullayev Emin və Rəşad qardaşları, tanınmış aparıcı Azər İsmayılov (Azər Zahid) və özünü şair kimi təqdim edən İlhamə Elşadqızı da var. Tiktokerlərin həbsi ilə bağlı Bakupost.az -a danışan texnobloger Fərid Pərdəşünas bildirib ki, həmin məzmunların arasında xuliqanlığı təbliğ edən detallar olduğuna görə, Daxili İşlər Nazirliyi (DİN) bu məsələyə qarışıb: “Ümumiyyətlə, statistika göstərir ki, TikTok sosial şəbəkəsi Azərbaycanda kifayət qədər populyardır və sosial şəbəkələr arasında istifadəçi sayına görə, birinci yerdədir. Təəssüf ki, TikTok sosial platforması bu istifadəçilər arasında nə qədər yetkinlik yaşına çatmayan uşaqların olduğunu açıqlamır. Ehtimallar isə onu deyir ki, onlar üstünlük təşkil edir. Nəinki yetkinlik yaşına çatmayan uşaqlar, hətta azyaşlılar öz yaşlarını dəyişdirərək bu platformadan istifadə edirlər. Artıq demək olar ki, valideynlər uşaqlarıyla mübarizə apara bilmirlər. Onların ilk üz tutduğu platforma məhz TikTokdur. Bu platformada son zamanlar canlı yayımlar çox populyarlaşıb və həmin canlı yayımlarda qeyri-etik davranışların, bəzən də narkotik vasitələrin təbliği aparılır”. F.Pərdəşünasın sözlərinə görə, məzmunların tərkibi son dövrlərdə daha da pisləşib: “Bu da təbii ki, çox böyük rezonans doğurdu. Orada yaradılan realiti-şoular, keçirilən yarışmalar, yarışmalarda atılan atmacalar, hətta söyüşlər, qeyri-əxlaqi söhbətlər cəmiyyətdə müzakirələrə səbəb oldu. Son olaraq da DİN-in bu istiqamətdə müdaxiləsini gördük. Düşünmürəm ki, TikTok sosial şəbəkəsi Azərbaycanda bloklanacaq. Doğrudur, dünyanın bir çox ölkələrində bloklanması aktual məsələdir, lakin bu qeyri-əxlaqi məsələlərə görə yox, istifadəçilərin məlumat təhlükəsizliyi ilə bağlıdır. Bu platformanı Çin hökuməti ilə əlaqələndirirlər. Düşünürlər ki, Çin dünya üzrə istifadəçilərin datalarını yığır”. Texnobloger bildirib ki, Azərbaycanda sadəcə, platformada olan aktiv şəxslərlə bağlı müəyyən tədbirlər görülür: "Hansı ki, bu şəxslər cəmiyyətdə mənfi təsirlər göstərə biləcək məzmunlar yaradırlar. Mən düşünürəm ki, sosial şəbəkələri bağlamaq çıxış yolu deyil. Cəmiyyəti maarifləndirmək, formalaşdırmaq lazımdır ki, onlar normal məzmunlara daha çox önəm versinlər. Təbii ki, valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onlar nəzarətsiz qalmamalı, yetkinlik yaşına çatmamış bu tip məzmunlarla qarşılaşmamalıdırlar. Burada həm cəmiyyətin, həm valideynlərin, həm də dövlətin üzərinə böyük bir yük düşür ki, bu məzmunların Azərbaycanda yayılmasının qarşısını alsınlar”.

Diqqət! Sabah güclü maqnit qasırğası olacaq

Dekabrın 25-də Yer üzərində güclü maqnit qasırğası və qütb parıltısının müşahidə olunacağı gözlənilir. Sozcu.az xəbər verir ki, sözügedən hadisənin səbəbi bir gün əvvəl Günəşdə baş vermiş partlayışdır. Mütəxəssisin sözlərinə görə, Bazar ertəsi səhəri Günəşdə orta səviyyəli partlayış qeydə alınıb. Bununla yanaşı, partlayışın gücü maksimal "X" sinfinə yaxınlaşıb. Bu Günəşdə baş vermiş partlayış ilə əlaqəli tac kütləsinin atılması 25 dekabrda Yer səthinə çatacaq və Bakı vaxtı ilə saat 16:00-dan sonra G1-G2 sinfi olan zəif və ya orta səviyyəli maqnit qasırğasına səbəb olacaq. Maqnit qasırğasının təxmini davametmə müddəti 10 saat olaraq qiymətləndirilir. Günəş partlayışlarının gücü A, B, C, M və X siniflərinə bölünür. Hazırda onların tezliyi və intensivliyi artır, çünki Günəş öz aktivliyinin zirvəsinə yaxınlaşır. Proqnozlara əsasən, aktivliyin maksimum həddi gələn ilin yaz-yay mövsümündə baş verəcək.

Sosial müavinətlərin və təqaüdlərin məbləğləri ARTIRILACAQ

Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq. Sozcu.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Dekabrda havanın temperaturu... - Xidmət rəsmisi

2024-cü ilin dekabr ayının ötən dövründə ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. O deyib ki, Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 16 gün normadan yuxarı, 1 gün norma daxilində, 6 gün isə normadan aşağı olub. Onun sözlərinə görə, dekabrın ötən dövründə maksimal temperatur dekabrın 18-də qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə Sabirabad rayonunda 17 dərəcə, Bakıda və Abşeron yarımadasında isə 15.9 dərəcə isti olub. Minimal temperatur isə ölkə üzrə dekabrın 15-i Şahdağda 22 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə 2.6 dərəcə şaxta müşahidə olunub: "Bölgələr üzrə dekabrın ötən dövrü ərzində 13 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 219 faizi olmaqla Bakı və Abşeron yarımadasına, bölgələr üzrə aylıq normanın 132 faizi olmaqla Mərkəzi Aran zonasına düşüb". G. Abbasova qeyd edib ki, dekabr ayının ötən dövrünün bəzi günlərində ölkə ərazisinin əksər bölgələrinə sulu qar, qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü dağlıq rayonlarda 10-20 sm, Bakı və Abşeron yarımadasında 2 sm olub. “Dekabr ayının ötən dövrünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə 9 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 34 m/s-dək güclənib", - deyə o qeyd edib.

Aliment borcu bu hallarda silinə bilər - RƏSMİ

Azərbaycan Respublikasının Ali Məhkəməsi aliment borcunun silinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.  Sozcu.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. "İşin hallarına görə, iddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış aliment borcunun silinməsi tələbi ilə məhkəməyə müraciət edib. Tələb onunla əsaslandırılıb ki, həmin dövrdə uşaqların maddi ehtiyaclarını təmin edib. Belə olan halda həmin aylar üzrə ona yenidən aliment borcu hesablana bilməz. Birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxaraq qətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verib. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçı 12 avqust – 20 dekabr 2022-ci il tarixləri aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Ali Məhkəmə də hesab edib ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2022-ci ilin avqust - dekabr aylarına hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər.  Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir.  Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir", - deyə məlumatda qeyd olunub.

Bakı yollarında TIXAC

Bakının bir sıra yollarında tıxac yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 2. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Zərifə Əliyeva küçəsində; 6. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 8. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Faktiki hava: Dağlıq rayonlarda şaxta qeydə alındı

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

2024-cü ildə Quqlda ən çox axtarılanlar...

2024-cü ildə Quqlda axtarışa verilən ən populyar sorğular açıqlanıb. Sozcu.az xəbər verir ki, bu haqda şirkət məlumat dərc edib. Belə ki, axtarış sistemi istifadəçiləri 2024-cü ildə ən çox ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Uels şahzadəsi Keyt Middleton haqqında məlumat axtarıb. İstifadəçilər tez-tez təbii fəlakətlər, xüsusən də ABŞ-da Milton qasırğası və Yaponiyada tayfun haqqında məlumat axtarışa veriblər. Üçüncü yeri Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı axtarış sorğusu tutub.

Paytaxtın yollarında TIXAC var

Paytaxtın mərkəzindəki bir çox küçələrdə sıxlıq müşahidə olunur. Sozcu.az xəbər verir ki, artıq bir neçə saatdır ki, Füzuli, M.Əliyev, Ş.Bədəlbəyli və R.Rza küçələrində sıxlıq müşahidə olunmaqdadır. Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumatda bildirilir ki, sıxlığın yaranması üçün hər hansı bir səbəb yoxdur. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 6. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində; 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 10. Zərifə Əliyeva küçəsində; 11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində; 12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 15. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 16. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 17. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində; 18. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində; 19. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 20. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində sıxlıq müşahidə olunur", - deyə məlumatda qeyd olunur.

“Ciyəraxşamı”ndan sonra kütləvi dava - Yaralananlar var

Ucar rayonunda qohumlar arasında kütləvi dava olub. Sozcu.az xəbər verir ki, gecə saatlarında rayonun Bağman kəndində keçirilən “ciyəraxşamı” məclisindən sonra bir qrup şəxs arasında münaqişə baş verib. Nəticədə yaxın qohum olan 1975-ci il təvəllüdlü Əlisahib Ağasəlim oğlu Səlimov, 2003-cü il təvəllüdlü Nicat Əlisahib oğlu Səlimov, 1975-ci il təvəllüdlü Mehman Muğdət oğlu Səfərəliyev və 1991-ci il təvəllüdlü Mansur Mahsud oğlu Səfərəliyev müxtəlifdərəcəli xəsarətlər alıblar. Onlar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, faktla bağlı Ucar RPŞ-də təhqiqat araşdırmaları aparılır. Tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Dəm qazından ölən Milli Qəhrəmanın bacısı imiş

Goranboyda dəm qazından zəhərlənərək ölən qadınlarla bağlı bəzi məqamlar məlum olub. Sozcu.az apa-ya istinadla xəbər verir ki, ölən qadınlar əmi qızları olublar. SUPER40 endirim kodu - Sən sifariş edənə qədər bəlkə də bu məhsullar tükənəcək! Hadisə ötən gecə Xocalı rayon sakini 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Goranboyun Ağcakənd qəsəbəsində yaşadığı evdə baş verib. 52 yaşlı Xumar Səlimova hadisə baş verən mənzildə tək yaşayırmış. 1979-cu il təvəllüdlü əmisi qızı Sevil Səlimova ötən gün onun evinə qonaq gəlib. Onlar evdə dəm qazından boğularaq ölüblər. 52 yaşlı Xumar Səlimovanın Xocalı faciəsi zamanı atası və 3 qardaşı şəhid olub. Qardaşı Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanıdır. Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.