Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobillə "Şevrolet" markalı maşın toqquşub. Nəticədə VAZ-da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, hətta sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə rast gəlinir. Sozcu.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin sürücülərə çağırışında qeyd olunub. Bildirilib ki, səhhətində problemlər olduğunu bildiyi halda qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi “Mersedes Vito” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub. Qəzada xəsarətlər alan sürücü və sərnişini – Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb. "Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır!",- deyə məlumatda qeyd olunub.
Əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Sozcu.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu tədbirlər çərçivəsində cinayət məsuliyyətinə cəlb edilən tiktokerlərin adları bəlli olub. Bunlar Abdullazadə Elvin Füzuli oğlu, Həsənov Məhərrəm İlqar oğlu, Alısoy Zahid Şəmsəddin oğlu, Qasımzadə Alim Rasim oğlu, Nəbiyev Ceyhun Şakir oğlu, Məmmədov Murad Bəxtiyar oğlu, Əliyeva Günay Ağməmməd qızı, Husifov Hakan Adəm oğlu, Quliyeva Quanna Zahir qızı, Yusifova Nurdan Zəkəriyyə qızıdır. Adıçəkilən şəxslərin hər biri barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Sozcu.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 3. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 4. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 15. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər); 16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 17. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 18. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 19. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında; 20. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 21. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində; 22. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 23. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib: "Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir". Məlumata görə, məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir: "Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır". İdarədən o da bildirilib ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb. Son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən uzaqlaşdırılıb. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq vətəndaşların icbari ümumi orta təhsil almaq hüququ təmin olunur.
Yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı proqnozlaşdırılıb. Bu barədə məşhur hava proqnozu platforması olan "Windy.com" məlumat yayıb. Proqnoza görə, qarlı hava şəraiti ilə yanaşı, temperaturun kəskin enməsi gözlənilir. Bu vəziyyət nəqliyyat şəbəkəsi və yol hərəkətinə də təsir göstərə bilər. Əgər qar intensiv olarsa, xüsusən də Bakının bəzi yüksək ərazilərində yollarda sürüşmə və tıxac problemləri yarana bilər. Qeyd edək ki, "Windy.com" dəqiq və etibarlı proqnozları ilə dünyada geniş istifadə olunur. Platforma təkcə hava şəraitini deyil, külək istiqaməti, temperatur, yağıntı və digər ətraf mühit göstəricilərini də dəqiqliklə təqdim edir./Azxeber.com
İlyas İsmayılovun vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan bildirilib ki, İlyas İsmayılovun Mərkəzi Klinikanın stasionar şöbəsində müalicəsi davam edir. "Vəziyyəti ağır stabil olaraq qalır".APA
"TikTok" əməliyyatında həbs edilən "Xan" ləqəbli tiktoker Əsgər Əlizadə ev dustaqlığına buraxılmayıb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb. Onun vəkili Yusif Seyfəlov bildirib ki, Nərimanov Rayon Məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs qətimkan tədbirindən narazıdır. Daha sonra məhkəmə yekun qərarı elan edib. Qərara əsasən, tiktokerin şikayəti təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərar qüvvədə saxlanılıb. Xatırladaq ki, "Xan" ləqəbli tiktoker Əsgər Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən əməliyyat keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətətlərdə təqsirləndirilirlər.
Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın. Yenisabah.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bu məsələ haqqında fikirlərini belə ifadə edib: “İlk növbədə qeyd edim ki, biz artıq hər saat Bakı və digər böyük şəhərlərdə səhər saatlarında ictimai nəqliyyatın həddindən artıq yüklənməsi problemi ilə üzləşirik. Bu sıxlıq tələbələr, valideynlər və işçilər üçün hər gün vaxt itkisinə, narahatlığa və hətta təhlükəsizliyə zərər verə biləcək vəziyyətlərə səbəb olur. Statistik müşahidələr və dünya təcrübəsi göstərir ki, dərs və iş saatlarının uyğunlaşdırılması və ya fərqli vaxtlarda başlaması həm nəqliyyat sisteminin yükünü azalda, həm də təhsil və iş məhsuldarlığını artıra bilər. Azərbaycanda hazırda məktəblərin dərs saatları, əsasən, səhər saat 8:00-da başlayır. İş saatlarının çox vaxt 9:00-da başlaması ilə məktəb və iş trafiki üst-üstə düşür. Bakı Metropoliteninin 2023-cü ilə aid statistikasına əsasən, səhər saat 7:30-dan 9:00-a qədər metroda sərnişin axını pik həddə çatır və bu müddət ərzində nəqliyyatdan istifadə edən sərnişinlərin 35-40%-ni məktəb yaşlı uşaqlar və onların valideynləri təşkil edir. İctimai avtobuslarda isə bu göstərici 45%-ə qədər artır. Bu, şəhər nəqliyyatının yüklənməsinin əsas səbəblərindən birinin məktəb saatlarının iş saatları ilə üst-üstə düşməsi olduğunu göstərir. Qanunvericiliyə nəzər saldıqda, Azərbaycanda məktəb dərslərinin başlanma vaxtı ilə bağlı konkret normativ hüquqi akt yoxdur. “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanunu təhsil müəssisələrinin fəaliyyət prinsiplərini müəyyən etsə də, dərslərin başlanma vaxtının tənzimlənməsi təhsil idarəetmə orqanlarının və hər bir məktəbin daxili qərarına əsaslanır. Bu, çevik yanaşmalar üçün imkan yaratsa da, vahid bir strategiyanın olmaması sistemdə problemlərə səbəb olur”. Ekspert bildirib ki, dərslərin başlanma saatının 10:00-a keçirilməsi müxtəlif problemləri həll edə bilər: “Birincisi, ictimai nəqliyyatda sıxlıq əhəmiyyətli dərəcədə azalacaq. Məktəb yaşlı uşaqların və onların valideynlərinin nəqliyyatdan istifadə etdiyi vaxtla işçilərin hərəkət etdiyi vaxt fərqlənəcək. Bu yanaşma nəqliyyat vasitələrinin daha effektiv istifadə olunmasına və sərnişinlərin rahatlığının artırılmasına şərait yaradar. Məsələn, Finlandiyada məktəblər səhər saat 9:00-dan əvvəl dərslərə başlamır. Bu yanaşma həm şagirdlərin sağlamlığına, həm də ictimai nəqliyyatın yükünün azaldılmasına müsbət təsir göstərir. ABŞ-ın bəzi ştatlarında da məktəblərin dərs saatlarını daha gec başlamaq üçün dəyişikliklər edilib. Tədqiqatlar göstərir ki, bu dəyişiklik şagirdlərin akademik performansında əhəmiyyətli artımlara səbəb olub. İkincisi, dərslərin daha gec başlaması şagirdlərin sağlamlığı üçün faydalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, məktəb yaşlı uşaqların yuxu ehtiyacı gündə 8-10 saatdır. Hazırkı təhsil qrafiki isə, xüsusilə qış aylarında, bu ehtiyacın qarşılanmasına mane olur. Səhər tezdən dərsə getmək üçün erkən oyanmaq tələbələrin yuxu balansını pozur və bu, onların konsentrasiyasını, yaddaşını və ümumi sağlamlığını zəiflədir. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin apardığı bir araşdırma göstərib ki, dərslərin daha gec başlaması şagirdlərin akademik göstəricilərində 20%-ə qədər artıma və məktəbdə iştirak səviyyəsinin yüksəlməsinə səbəb olub. Üçüncüsü, bu yanaşma müəllimlərin iş şəraitini də yaxşılaşdırar. Daha gec başlayan dərs saatları müəllimlərə dərsə daha yaxşı hazırlaşmaq və iş yükünü daha effektiv idarə etmək üçün imkan yaradar. Bu, həm təhsilin keyfiyyətinə müsbət təsir edər, həm də müəllimlərin psixoloji rahatlığını artırar”. K.Əsədov onu da vurğulayıb ki, dərs saatlarının dəyişdirilməsi müəyyən çətinliklər də yarada bilər: “Valideynlərin iş qrafiki ilə uşaqların dərs qrafiki arasında ziddiyyət yaranması mümkündür. Valideynlərin əksəriyyəti işə 9:00-da başlayır və bu, uşaqların məktəbə getmədən əvvəl nəzarətsiz qalması ilə nəticələnə bilər. Bununla belə, bu problem məktəblərdə erkən saatlarda uşaqlar üçün əlavə nəzarət və ya hazırlıq dərslərinin təşkil edilməsi ilə həll oluna bilər. Nəticə olaraq, məktəblərdə dərslərin daha gec başlaması, məsələn, saat 10:00-da təyin edilməsi, nəqliyyatın yüklənməsinin azaldılması, şagirdlərin və müəllimlərin sağlamlığı və məhsuldarlığının artırılması baxımından əhəmiyyətli ola bilər. Bu yanaşma dünya təcrübəsində öz səmərəliliyini sübut etmişdir və Azərbaycanda da tətbiq edilə bilər. Təhsil Nazirliyi və Nəqliyyat Agentliyi birgə pilot layihələr həyata keçirərək bu məsələnin mümkün təsirlərini araşdırmalı, nəticələri təhlil etməli və uyğun qərarlar qəbul etməlidir. Şagirdlərin təhlükəsizliyi, sağlamlığı və təhsil keyfiyyəti üçün bu məsələnin prioritet olaraq gündəmə gətirilməsi zəruridir”.
Son günlər ictimaiyyətdə müzakirə olunan məsələlərdən biri də qadınların bu il pensiya yaşının artırılması ilə bağlıdır. Belə ki, 2025-ci ildə Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 olacaq. Sirr deyil ki, son zamanlar ölüm yaşı gəncləşib, əksəriyyət pensiya yaşı həddinə çatmır. Sual yaranır: "Əgər ölüm yaşı azalırsa, o zaman pensiya yaşı nəyə əsasən tənzimlənir?" Sozcu.az bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, hazırda kişilərin pensiya yaşı 65-dir, qadınlarda da 2027-ci ilə qədər bu hədd 65-ə çatacaq. O, qanunla qadınların pensiya yaşının 6 ay artırıldığını qeyd edib: "Kişilərdə bu proses daha sürətli getdi, qadınlarda isə 60-dan 65-ə artırıldığına görə gec gedir. Artım kişilərdə 2021-ci ildə yekunlaşıb, qadınlarda 2027-ci ildə yekunlaşacaq. Bu, "Əmək pensiyaları haqqında" Qanuna uyğun həyata keçirilir. Artıq qanun 7-8 il bundan öncə Milli Məclisdə qəbul edilib. Sadəcə, ardıcıllıq belə planlaşdırılıb və 2027-ci ildə bitəcək". İqtisadçı deyib ki, son illərin statistikası əvvəlki illərlə müqayisədə ömür müddətinin artdığını göstərir: "Biz bunu rəsmi statistikaya əsasən deməliyik. Digər tərəfdən qadınların ömrü kişilərdən haradasa 2 il çox olur. Kişilərin 65, qadınların isə daha tez pensiyaya çıxmasına gender problemi kimi baxıla bilər. Nəzəri olaraq kişilərlə qadınların eyni vaxtda pensiyaya çıxması yaxşıdır. Lakin məsələyə ümumi yanaşdıqda, pensiya yaş həddi Azərbaycan üçün çoxdur. 2017-ci ildə qəbul edilmiş qanun tamamilə yanlışdır. Burada ciddi sürətdə anti-humanist addım atılıb. Dediyim kimi, qadınlar kişilərdən çox yaşayır. Bunun orta yaş həddi haradasa 74 yaş həddindədir. 65 yaşda pensiyaya çıxanda orta ömür müddəti 74 olursa, bu o deməkdir ki, hökumət nəzəri olaraq vətəndaşa 9 il pensiya vermiş olur. Bunu da ona görə belə ediblər ki, daha az adama pensiya verilsin. Çünki pensioner dövlət üçün əlavə sosial yükdür". Xalid Kərimli Azərbaycanla Avropanı müqayisə edib: "Avropada da 65 yaşdan pensiyaya çıxılır. Amma orada insanların ömür müddəti 83-84 ildir. Avropada ömür müddətinin 80 ildən aşağı olan ölkəsi yoxdur. Ona görə də bizdə həm kişilərin, həm də qadınların pensiya yaş həddinin 65-ə qaldırılması yanlış idi. Lakin kişi və qadınların eyni yaşda pensiyaya çıxması tamamilə doğrudur. Bu, fərqli ola bilməz. Hətta fərqli olacaqsa, kişilərin xeyrinə olmalıdır. Çünki bəylərin gözlənilən ömür müddəti daha aşağıdır". Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, azı 25 il sığorta stajı olan qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qadınların pensiya yaşı sonuncu dəfə 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. 64 yaş müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. 2025-ci il iyulun 1-dən isə əmək pensiyası hüququ olan qadınların yaşı 64 il 6 aya qalxacaq. Beləliklə də, 1 iyul 2026-cı il tarixindən etibarən Azərbaycanda kişilərlə qadınların pensiya yaşı 65 olacaq. Xatırladaq ki, Azərbaycanda azı 25 il sığorta stajı olan kişilərin pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 edilib.
Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək. Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18-i olacaq. Belə ki, fevralın 25-də ilk - Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq. Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il üçün Azərbaycanda martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı kimi müəyyən olunub. Martın 23-ü və 24-ü şənbə, bazar gününə təsadüf etdiyindən ardıcıl olaraq 20, 21, 22, 23, 24, 25, 26 mart qeyri-iş günləri olacaq./Azxeber.com
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib. O, yanvarın 9-da oğlunun yanında dəfn ediləcək. Qeyd edək ki, Qasım Həşimov bu gün vəfat edib.