Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan reyslər niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb. "Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi tərəfindən məlumat verilir. Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək. Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - məlumatda vurğulanıb.

Faktiki hava: Bəzi ərazilərə yağış yağır

Azərbaycanda dekabrın 30-u saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, düşən yağıntının miqdarı Qobustanda 6 mm, Lənkəranda 3 mm, Qəbələ, Qubada 2 mm, Şahbuz, Zaqatala, Sarıbaş (Qax), Şəki, Oğuz, Şamaxı, Xaçmaz, Qusar, Qırız, Xaltan, Şabran, Cəfərxanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dir. Qarın hündürlüyü Şahdağda 16, Şahbuz, Qrızda 7, Sarıbaş (Qax) 5, Xınalıq, Altıağacda 1 sm-dir. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s, Naftalanda 18 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur. Sumqayıt, Şərur, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qırız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 5-8 dərəcə isti, Naxçıvan MR-da 2-7 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3-8, yüksək dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.

Bu yerə qəhrəman pilotumuzun adı veriləcək

Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında məlumat yayıb. “Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq” , - səfir bildirib. Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.

İki rayonda qar yağır

Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Şəki, Quba, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçalada arabir yağış, Şahdağ, Qaxda (Sarıbaş) qar yağır. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Binə, Pirallahı, Çilov adası, Şərur, Daşkəsən, Göygöl, Balakən, Qax, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Şahdağ, Göyçayda duman müşahidə olunub, görünüş 50-200 metrədək məhdudlaşıb. Qərb küləyi arabir Naftalanda 18 m/s, Lerikdə 17 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 9, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 5 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Yol polisindən küləkli hava ilə bağlı müraciət

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. Müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə dekabrın 29-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. BDYPİ verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Qoşqulu, tentli, uzunölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

#Rusiyaüzristə həştəqi ilə kampaniya başladıldı

Sosial şəbəkələrdə “#Rusiyaüzristə” həştəqi ilə kampaniya başladılıb. İstifadəçilər Rusiyadan Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin ölkənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmasına görə üzr istəməsini tələb edirlər. Sözügedən həştəqlə əsas olaraq feysbuk və “X” sosial şəbəkələrində paylaşımlar edilib. Bu paylaşımlara bir sıra tanınmış şəxslər də qoşulub. Qeyd edək ki, “Caliber.Az” Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən, Rəsmi Bakının Rusiyadan üzr gözləməsini bildirib: “Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”. Xatırladaq ki, dekabrın 26-da “Euronews” “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raketin olduğunu yazıb. 

Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü

Təyyarə qəzasından sağ çıxan azərbaycanlı Ayhan Bayramzadə qəza anı yaşadıqlarından danışıb. Axar.az-ın məlumatına görə, o bildirib ki, təyyarə 3-cü dəfə Qroznıya enişə cəhd edən zaman artıq sərnişinlər təhlükədə olduqlarını hiss ediblər. "İşləmək üçün Qroznıya əmimin yanına gedirdim. İlk dəfə idi ki, təyyarədə səfər edirdim. Belə tam xatırlaya bilmirəm. Əvvəl bizə dedilər ki, Qroznıya enirik. Pilot birinci dəfə enməyə çalışdı, amma alınmadı. Səmaya qalxdı. Eyni şeyi ikinci dəfə təkrar etdi. Bu dəfə də alınmadı. Artıq üçüncü enişdə biz təhlükəni hiss etdik. Ondan sonra təyyarə 1-2 saat ətrafında Qroznı ətrafında fırlandı. Sonra Aktauda qəza enişi etdik. Artıq hər şeydən əlimizi üzdük", - o deyib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Qəzada həlak olan Qoşqar Sadıqov dəfn olundu

Təyyarə qəzasında həlak olan 27 yaşlı Cəlilabad rayon sakini Qoşqar Sadıqov dəfn olunub. Sozcu.az xəbər verir ki, Qazaxısranın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində həlak olan Cəlilabad rayon Mirzəli kənd sakini 1997-ci il təvəllüdlü Qoşqar Furudin oğlu Sadıqovun meyiti ailəsinə təhvil verilib. Vida mərasimindən sonra gecə saat 3 radələrində doğulduğu kənddə dəfn olunub. Bildirək ki, ailədə bir qardaş bir bacı olan Qoşqar subay idi. O, Rusiya Fedetrasiyasının Qroznı şəhərində işləyirdi.

Bakıya 2 gün yağış yağacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var. Dekabrın 27-si axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 29-u səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var.

Xəsarət alanlardan 8-i süni tənəffüs aparatına qoşulub

Aktauda təyyarə qəzasında xəsarət alan 29 nəfərdən səkkizi süni tənəffüs aparatına qoşulub. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb. "Bu gün səhər saatlarına olan məlumata görə, xəsarət alanlardan 11-i reanimasiya, 13-ü travmatologiya, 2-si neyrocərrahiyyə, 1-i isə cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti son dərəcə ağır, 11-nin vəziyyəti ağır, 14-nün vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxşdir", - məlumatda qeyd olunub. Səhiyyə Nazirliyindən bildirilib ki, 11 yaralıdan 8-i süni tənəffüs aparatına qoşulub. Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

“Zəng edib dedilər ki, başınız sağ olsun!” - Hökümənin atası

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarənin göyərtəsində olan ekipaj üzvlərindən, stüardessa Hökümə Əliyevanın atası Cəlil Əliyev açıqlama verib. Sozcu.az xəbər verir ki, C.Əliyev qızının taleyi ilə bağlı suala cavab verib: “Bu gün təyyarə qəzasında ekipaj üzvləri arasında olanlardan biri də, mənim qızım Hökümə Əliyevadır. Azərbaycan Hava Yollarından mənə zəng edib dedilər ki, başınız sağ olsun! Başqa heç nə bilmirəm”. O bildirib ki, Hökümə 2016-cı ildən Azərbaycan Hava Yollarında çalışıb. Xatırladaq ki, daha əvvəl Ə.Hökümənin qardaşı Coşqun Nəsibli bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan DNT analizi götürülüb. Onu da əlavə edək ki, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, qəzaya uğrayan təyyarənin 3 ekipaj üzvü sağ qalıb, ikisi həlak olub. Qeyd edək ki, təyyarənin qəza enişi etməsindən bir neçə dəqiqə öncə videogörüntüləri yayılıb. 33 yaşlı Hökümə Əliyeva həmin görüntülərdə son ana qədər sərnişinlərə təlimat verən, onları təmkinli olmağa səsləyən həmin ekipaj üzvüdür. Onun “Hər şey yaxşı olacaq” dediyi video sosial mediada geniş müzakirə olunur.qafqazinfo)

Zəng edib dedi ki... - Qəzada xəsarət alan şəxsin atası

"Oğlum Qroznuya getmək üçün dünən Bakıya yollanıb. Bu gün səhər saatlarında təyyarə ilə yola düşüb. Uçuşdan 2 saat sonra təyyarənin qəzaya düşməsi barədə məlumatımız oldu". Bunu təyyarə qəzası nəticəsində xəsarət alan Gəncə sakini Toğrul Cəfərovun atası Mahir Cəfərov APA-ya açıqlamasında deyib. O bildirib ki, qəzadan bir müddət sonra oğlu onlara zəng edib: "Dedi ki, vəziyyətim yaxşıdır, təcili tibbi yardım maşını ilə xəstəxanaya apardılar. İndi müayinə edirlər. Görüntülü danışmışıq, həkimi ilə də əlaqə saxladım".