Kürdə suyun səviyyəsi niyə azalıb?

Kürdə suyun səviyyəsinin aşağı düşməsinə səbəb Mingəçevir su anbarından çayın aşağı hissəsinə tökülən kiçik çayların sululuğunun azalmasıdır. Sozcu.az xəbər verir ki, bunu Report-a açıqlamasında Regional Su Meliorasiya Xidmətinin baş məsləhətçisi Sarvan Ağayev deyib. Onun sözlərinə görə, Kür çayı üzərində yerləşən Mingəçevir su anbarından Kür çayına hazırda 250 kubmetr/san su buraxılır və bu, bir neçə aydır ki, belə davam edir: "Kür çayının Mingəçevir su anbarından aşağı hissəsinə tökülən kiçik çayların sululuğu azaldığından Kür çayında da suyun səviyyəsi aşağı düşüb. Belə vəziyyət ciddi çətinliklər yaratmır". Xidmət rəsmisi əlavə edib ki, əvvəlki illərlə müqayisədə son bir neçə il havaların yağmurlu keçməsi nəticəsində çaylarda suyun səviyyəsi artıb: "Bunun nəticəsində ölkəmizin su anbarlarında kifayət qədər su ehtiyatı toplanıb. Hazırda ölkəmizin əsas su anbarlarında 18 milyard kub metr su ehtiyatı toplanıb. Su anbarlarında su ehtiyatının olması suvarma kanallarına kifayət qədər suyun verilməsinə imkan verir. Bildiyiniz kimi, hazırda ölkə ərazisində istilər olduğundan və havalar yağmursuz keçdiyindən, çaylarda (əsasən dağ çaylarında) suyun səviyyəsi aşağı düşüb".

Bakıda 40 dərəcə isti...

Azərbaycanda avqustun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 36-41 dərəcə isti qeydə alınıb.

Azərbaycanda bu evlər bərpa ediləcək

Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş 21 ədəd fərdi yaşayış evində əlavə bərpa işləri aparılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi iqtisadiyyat.az-a bildirib. Məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti bununla bağlı hazırlıqları başa çatdırıb. Qurum bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tikinti şirkətlərinin biri ilə müqavilə bağlayıb. Müqaviləyə əlavə bərpa işlərinə yarım milyon manat vəsait sərf olunacaq.

Son 5 ildə iyulda havanın orta aylıq temperaturu...

2025-ci ilin iyul ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, bölgələrdə isə 41 dərəcəyədək isti olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, havanın orta aylıq temperaturu 28 dərəcə isti təşkil edib, bu da iqlim normasından 2 dərəcəyədək yuxarıdır. Eyni zamanda vurğulanıb ki, son beş ildə iyul ayında havanın orta aylıq temperaturu iqlim normasından 5-8 dərəcə yuxarı olub.

Tozlu hava neçə gün davam edəcək?

Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib. O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır. R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub: "Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir".

Bu rayonlarda 41 dərəcə isti…

Azərbaycanda avqustun 4-ü saat 9:00-a olan məlumata əsasən isti hava şəraiti davam edib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 41, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.

Bu evlərə sənəd verilməyəcək – SƏBƏBİ BİLİNDİ

Bu gün Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. Xüsusilə Bakı və ətrafında bu evlərin sayı kifayət qədər çoxdur. Həmin evlərin bir hissəsi sənədləşdirilsə də, proses davam edir. Lakin elə evlər var ki, onların sənəd alması olduqca mürəkkəb və hətta mümkünsüzdür. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış evlərindən danışıb. Onun sözlərinə görə, yüksək gərginlikli elektrik xəttlərinin altında, yüksək təzyiqli qaz və su kəmərlərinin çox yaxınlığında və ya üzərində, neftlə çirklənmiş torpaq sahələrində tikilən qanunsuz evlərə çıxarış verilməyəcək. Ekspert bildirib ki, bu evlər təhlükəsizlik tələblərinə cavab vermir və bu baxımdan da onlara sənəd verilməsi mümkün deyil. R.Qasımzadə vətəndaşlara bu cür evləri almaqdan çəkinməyi tövsiyə edib: “Çıxarışı olmadığı halda o evlərin gələcəkdə satılması, alınması mümkün olmayacaq. Belə hallarla üzləşməmək və gələcəkdə problemlər yaşamamaq üçün vətəndaşlar hər hansı fərdi yaşayış evi almadan öncə diqqətli şəkildə həm sənədləri yoxlatdırmalıdırlar, həm də tikinti üzrə mütəxəsis cəlb edib tikintinin normalara uyğun olub-olmadığını dəqiqləşdirməlidirlər”.

Bakıda 40, Naxçıvanda 41 dərəcə isti - FAKTİKİ HAVA

Avqustun 3-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində isti hava şəraiti davam edib. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 40, dağlıq rayonlarda 30, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.

Xankəndidə evdən kişi meyiti tapıldı

Xankəndidə evdən Kəlbəcər sakininin meyiti aşkarlanıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Kəlbəcər rayon sakini, 1993-cü il təvəllüdlü Ş.Fərmanzadə olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Qeyd edək ki, meyiti tapılan 32 yaşlı Ş.Fərmanzadə Goranboyda yaşayırdı. Faktla bağlı araşdırma aparılır.

Sabah 41 dərəcə isti gözlənilir - HAVA PROQNOZU

Avqustun 2-də Azərbaycanda 41 dərəcə isti gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq.  Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 36-39° isti, bəzi yerlərdə 41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz 29-34° isti olacaq.

Zaqatalada maşın qadın piyadanı vurub öldürdü

Zaqatalada piyadanı avtomobil vururaraq öldürüb. Sozcu.az xəbər verir ki, Zaqatala rayonunun Muxax kəndi ərazisində avtomobil yolu keçən piyada, 1966-cı il təvəllüdlü Südabə Mürsaliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanıb, araşdırma aparılır.

Avqustun havası AÇIQLANDI

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür. Sozcu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib. "Avqustun 3-cü ongünlüyü isə keçid dövrünə yaxın olduğu üçün dəyişkən hava kütlələri üstünlük təşkil edəcək. Meridianal proseslər, şimaldan daxil olan hava kütlələri üstünlük təşkil edərsə, yağıntı müşahidə olunacaq. Bu zaman dağlıq və dağ ətəyi zonalarda sel hadisələri və daşqın nəticəsində çaylarda suyun səviyyəsi arta bilər”, - o qeyd edib.