Şəkidə inək sahibini öldürdü

Şəkidə iribuynuzlu heyvan sahibini öldürüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Şirinbulaq kəndində baş verib. Martın 2-i kənd sakini 70 yaşlı Fikrət İsmayılova yaşadığı ünvanda təsərrüfat işləri aparan zaman onu ailəsinə məxsus inək vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. F. İsmayılov aldığı müxtəlif dərəcəli xəsarətlərlə Şəki rayon Mərkəzi Xəstəxanasında (RMX) müalicə alıb. Həkimlərin səyinə baxmayaraq, F. İsmayılov ötən gün xəstəxanada dünyasını dəyişib.

“Ruslan yenə də gedib öz hərbi xidmətini keçəcək” - atası DANIŞDI

“Ruslan yenə də gedib öz hərbi xidmətini keçəcək, bu vətənə öz borcunu qaytaracaq”. Sozcu.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən və bu gün Bakıya qaytarılan Ruslan Pənahovun atası Eldəniz Pənahov bildirib. “Mən ilk öncə ölkə başçısına dərin təşəkkürümü bildirirəm. Mənim övladım əsir düşmüşdü. Şükürlər olsun, öz torpağına, öz vətəninə sağ-salamat qayıtdı. Oğlumun əsirlikdən xilas olmasında zəhmət çəkən hər kəsə dərin minnətdaram” – E.Pənahov əlavə edib. Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı.

İtlərin parçaladığı uşağın vəziyyəti necədir? - AÇIQLAMA

Ötən gün Qaradağ rayonunun Qobu qəsəbəsində sahibsiz it azyaşlıya hücum edib. Nəticədə 2014-cü il təvəllüdlü azyaşlı oğlan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dünən onun vəziyyətinin  ağır olduğu bildirilirdi.  Azyaşlının anası Fatma Şahbazova  hadisə ilə bağlı danışarkən qeyd edib ki, dostları ilə həyətdə oynadığı vaxt üç it oğluna hücum edib. O bildirib ki, it övladının bütün bədənini parçalayıb. Modern.az azyaşlının bugünkü vəziyyətini öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb.  Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd uşağın hazırkı vəziyyəti ilə bağlı saytımıza bunları deyib:  “İt parçalayan 9 yaşlı uşağın vəziyyəti ağır stabil olaraq qalır. Reanimasiyada müalicəsi davam etdirilir”. 

BDU-nun hüquq fakültəsinin tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyev vəfat edib.  Bu barədə Sozcu.az-a BDU-dan məlumat verilib.  Qeyd edək ki, Elçin Əliyev BDU-ya 600-dən yuxarı balla qəbul olunub, Universitetin təhsil göstəricilərinə görə fərqlənən tələbələrindən olub. 

“İldə bir-iki dəfə müayinə olunuram” - Ramiz Mehdiyev

Bu gün mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin vəziyyətinin ağırlaşdığı və İsrailə aparıldığı barədə məlumat yayılıb. Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, yayılan məlumatlar yalandır: “Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir ya iki dəfə baş verən bir haldır. Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.

Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

Martın 2-si saat 00:40 radələrində Xaçmaz rayon sakini 1990-cı il təvəllüdlü Kamran Niftəliyevə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  Bu barədə Sozcu.az-a Xaçmaz rayon prokurorluğundan məlumat verilib.  Araşdırma zamanı 1986-cı il təvəllüdlü Faiq Cəbrayılovun martın 1-i saat 23 radələrində rayonun Qaraqurdlu kəndi ərazisində yerləşən kafelərdən birinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Faiq Cəbrayılov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. 

Xocalıda daha 5 nəfərin qalıqları tapıldı - Təsirli fakt

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2 nəfərin yetkinlik yaşına çatmayan olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib. Aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlarla birgə hadisə yerinin müayinəsi davam etdirilir", - məlumatda bildirilib.

Bakıda ilkin olaraq bu ərazilərdəki evlər sənədləşdiriləcək - AÇIQLANDI

Sənədsiz evlərin inventarlaşdırılması təklif edilir. Bu məsələ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.  Məruzədə qeyd edilirbki, Ombudsman əvvəlki illik məruzələrində ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən, birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, eyni zamanda həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilməsini təklif edib.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, sənədsiz evlərin yerləşdiyi ərazilərə ilk öncə ünvanların təyin olunması olduqca vacib məsələdir.  “Bəzi ərazilər var ki, oradakı evlərə sənəd verilə bilməz. Lakin uzun illərdir ki, həmin ərazilərdə insanlar ev tikib yaşayır. Hansısa müəssisənin balansında olmasından və təyinatından dolayı oradakı evlərin sənədləşməsi qeyri-mümkündür. Buna görə də həmin evlərə qeydiyyata düşmək problemi yaranır. Hazırda çox sayıda ölkə vətəndaşı qeydiyyatsız yaşayır. Bu səbəbdən həmin ərazilərdəki məhəllələrə ünvan da verilmir. Belə olduqda isə hansısa vətəndaşa məktub, çağırış gəldikdə faktiki yaşadığı ünvana deyil, qeydiyyatda olduğu yerə göndərilir. Digər tərəfdən fövqəladə hal zamanı çağırılan təcili yardım, yanğınsöndürən və digər maşınların ünvana çatması müşkülə dönür. Çünki qeydiyyat olmadığı üçün ünvan təyin olunmur, buna görə də insanlar olduqları yeri düzgün izah edə bilmir. Əvvəlcə ünvan təyin olunmalı, daha sonra ona uyğun formada evlərin sənədləşdirilməsinə başlanmalıdır”.  Ekspert Bakıda ilkin mərhələdə bu ərazidə tikilmi. evlərin sənədləşdirilməsinin vacib olduğunu deyib:  “Yaxın dövrdə ilkin formada hansı ərazilərin sənədləşdirilməsi ilə bağlı konkret nəsə demək çətindir. Sənədləşmə ilə bağlı illərlə hansısa qanun layihəsinin təsdiqlənəcəyi, hansısa qərarın veriləcəyi deyilsə də, görünən odur ki, ortada ciddi nəsə yoxdur. Ancaq Bakının mərkəzində yerləşən Yasamal, "Papanin", Alatava və digər ərazilər 100 ildən artıqdır ki, yaşayış massivləri kimi fəaliyyət göstərir. Buralar neft ərazisi və digər təyinatlı torpaq deyil. Bu massivlər sovet dövründə mənzil kommunal istismar sahələri tərəfindən ayrılmış yaşayış məntəqələridir. Qanunvericiliyə əsasən hansısa vətəndaş bir ünvanda 30 ildən artıq yaşayırsa və başqa bir şəxsin bu ünvanla bağlı iddiası yoxdursa, məhkəmə qaydasında həmin əmlakı öz mülkiyyətinə çevirə bilər”. 

Prokuror “Nikosayağı”ya bu qədər cəza istədi

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə istintaqı tamamlanıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror N.Şakirlinin sərxoş vəziyyətdə yol qəzası törətməkdə təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 6 il azadlıqdan məhrum edilməsini tələb edib. Çıxışda qeyd edilib ki, sərbəst mühakimə edilən bloqer məhkəmə zalında dərhal həbs edilməlidir. Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilib. Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Fərdi evlərlərlə bağlı yeni xəbər: “Qiymətlər kəskin artacaq”

2024-cü ildə Azərbaycanda fərdi evlərin qiyməti artacaq. Sozcu.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya əmlak ekspert Elnur Əsədov məlumat verib. Ekspert hesab edir ki, fərdi evlərin tikintisi ilə bağlı təkliflər az olan ərazilərdə qiymət artımı qaçılmazdır. Elnur Əsədovun sözlərinə görə, turistlərin aktiv axını olan rayonlarda çıxarışla təmin olunmuş torpaq sahələrinin sayı məhduddur: “Həmçinin oktyabr ayında qanunda müəyyən dəyişikliklər olunub. Sənədsiz və qanunvericiliyin tələblərinə uyğun olmayan torpaq sahələrində artıq fərdi evlərin tikintisi mümkün olmayacaq. Çıxarışla təmin olunmuş torpaqların qiymətində isə artım qaçılmazdır”. Elnur Əsədovun fikirincə, ilin sonuna kimi fərdi evlərin qiymətində 15% artım gözlənilir.

"İcra başçısının vəzifəsi əlindən alınsaydı, aparıcı xanım ona ərə gedərdimi?"

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ikinci dəfə ailə həyatı qurur. 40 yaşlı icra başçısı Alidə Mustafayeva adlı teleaparıcı ilə izdivaca girir. Cütlüyün toy xəbəri cəmiyyətdə böyük ajiotaj yaradıb və müzakirələrə səbəb olub. Mövzu ilə bağlı yenisabah.az-a danışan Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 4 övladı olan icra başçısının dəbdəbəli toy məclisi keçirməsini sərt şəkildə qınayıb: “Hər kəs ailə qura  bilər, bu hamının haqqıdır, lakin sözügedən icra başçısının 4 övladı var. 4 uşağın gözünün qabağında dəbdəbəli toy etmək, özünü göstərmək kimə lazımdır?!  Başqa bir məmurumuz da bir müddət əvvəl aparıcılardan biri ilə ailə qurdu, onun 20-25 yaşında övladları vardı, buna baxmayaraq ikinci evliliyindən olan övladının doğum anlarını sosial şəbəkələrdə paylaşdı. Bu kimi hallar bizim mentalitetimizə, ailə dəyərlərimizə ziddir, bu bizə xas olan addımlar deyil. Evlənirsən, evlən, toy etmək nədir?! 4 uşağın qarşısında toy etmək vacibdir?! Bu onun üçün çoxmu vacib idi?!  Mən hökumətin yerinə olsaydım, gedib həmin icra başçısının fəaliyyətini yoxlayardım. Görək o işini ədalətləmi görür, rayonda hansı işlərlə məşğuldur?”  Hüquq müdafiəçisi bu gün ərə gedən aparıcı Alidə Mustafayevanın sevgisinin saflığına inanmadığını bildirib:  “Görəsən, icra başçısının vəzifəsi əlindən alınsaydı, həmin aparıcı xanım ona ərə gedərdimi?  Onun ərə getdiyi şəxsin 4 övladı var! Mən demirəm evlənməsinlər, amma evlənirlərsə, bunu bu qədər ictimailəşdirib bütün saytlarda, sosial şəbəkələrdə yaymasınlar. Özləri yığışıb aralarında kiçik bir qonaqlıq edə bilərdilər, dəbdəbəli toy vacibdir?! Əgər iki insan bir-birini həqiqətən sevirsə, qarşısındakı qadın da onu başa düşürsə, belə bir şeyə heç vaxt razı olmazdı. Xanımın ilk evliliyinin olmasının bu məsələyə dəxli yoxdur, 37 yox, lap 25 yaşı olsun, əgər o, başa düşən qadın olsaydı, bunu etməzdi. 4 uşağın atasına ərə gedən o aparıcı xoşbəxt olacaqmı? Mən qətiyyən inanmıram ki, onlar böyük bir sevgi ilə ailə qururlar. İcra başçısı ilə evlənən qız özü bunları düşünməli idi, o 4 övladın qarşısında bu həyatı necə quracaq? Gözəllik bu gün var, sabah gedəcək, həmçinin pul da bu gün var, sonra yoxdur. Açığı, bu məsələdən sonra həmin adamın vəzifədə qalacağına da inanmıram”. 

Aparıcının bu gün ərə getdiyi 4 uşaqlı icra başçısı...

Xəbər verdiyimiz kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. O, tanınmış aparıcı Alidə Mustafayeva ilə ailə həyatı quracaq. Kult.az xəbər verir ki, Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi olub. 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. 11 mart 2021 tarixinədək bu vəzifəni icra edib. 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Seymur Orucov bundan öncə sabiq deputat, 2004-2014-cü illərdə İqtisad Universitetinin rektoru olmuş Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Bu izdivacdan cütlüyün dörd övladı (iki oğlan, iki qız) dünyaya gəlib. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.