Bakıda həyətyanı sahədə qazılan quyu partlayışa səbəb olub, bir nəfər ölüb - FOTO

Bakının Xəzər rayonunun Binə qəsəbəsində ölümlə nəticələnən partlayış baş verib. Sozcu.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu mərkəzi kanalizasiya sistemi olmadığı həyatyanı sahədə təbii ehtiyaclar üçün qazılan quyuda iş görən zaman partlayış baş verib. Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. *** 01:45 Sozcu.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü Mehrəliyev Şahid Ədalət oğlu yeraltı su kanalizasiya xəttində iş görən zaman ordan keçən qaz borusunda sızma olub. Nəticədə partlayış baş verib. Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Fakt araşdırılır.apa

“Deputatlar qanun müzakirəsində susurlar, sonra pafosa başlayırlar” – Qalmaqal

Taksilərlə bağlı qəbul edilən qərar müzakirələr yaratmaqla yanaşı, narazılığa da səbəb olub. Qərara görə, 1 iyul 2024-cü il tarixindən taksi xidməti göstərən avtomobillər ağ və qırmızı rənglərdə olmalıdır. Maşınların buraxılış ili 2009-cu ildən başlamalıdır. Bu standartlar pozulduqda taksi fəaliyyətinə icazə verilməyəcək. Sahibkarlar, sürücülər bu qərardan narazı qalıb. Tanınmış şəxslər arasında da hökuməti bu mövzuda tənqid edənlər var. Tənqidçilər sırasına bəzi deputatlar da qoşulub. Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, taksi xidmətində keyfiyyətin artırılması üçün müəyyən addımlar atılıb. Onun sözlərinə görə, onlardan biri sürücülərə dair tələbdirsə, ən önəmlisi nəqliyyat vasitələrinə dair qaydalardır: “Yəni nəqliyyat vasitələrinin texniki, daxili vəziyyəti, rəng görünüşü, əyləc sistemindən tutmuş istehsal ilinə qədər müəyyən tələblər ortaya qoyulub. Bu, Azərbaycanda qəbul edilmiş ilk belə qanundur. Ötən il “Avtomobil nəqliyyatı haqqında” Qanunda bütün bunların öz əksini tapdığını deyə bilərəm. İndi deputatlar buna etiraz edir, lap yaxşı. Həmin deputatlar axı ötən il özləri buna səs verib, qəbul ediblər. İndi nəyə etiraz edirlər?! Belə çıxır ki, bəzi deputatlar səs verdikləri qanuna etiraz edirlər? Elə deputat var ki, tez-tez pafoslu çıxışlar edir. Niyə parlamentdə müzakirə olunan zaman bu qanunun əleyhinə çıxış etmir, təklif vermir, sərt mövqe bildirmirdilər? İş-işdən keçib, qanun qüvvəyə minib, Nazirlər Kabineti qanundan irəli gələn qərarların icrasına başlayıb, bəzi deputatların indi yadına düşüb ki, taksi sürücüləri işsiz qalacaq. Bilirsiniz, burada məsələ iş, sosial həyat və s. deyil. Bəzi insanlar və qüvvələr bu məsələni məqsədli şəkildə şişirdirlər”. Ekspertin fikrincə, dünyanın heç bir yerində belə biabırçı xidmət yoxdur: “Azərbaycanda bunu bəzi işbazlar, transmilli şirkətlər yaratdı. Çünki onlara bu xaotik vəziyyət sərf edirdi. Belə olan halda dövlət buna müdaxilə etməli oldu. Son illər taksi xidməti üçün ölkəyə minlərlə “Prius” maşınları gətirilib. Bunu sürən şəxslərin əksəriyyəti standarta cavab vermir. Bəs hökumət buna laqeyd qalsın? Tədbir görməsin?!”. E.Muradlı Bakı şəhərində 70 minə yaxın taksinin olduğunu, amma islahatlardan sonra bu sayın maksimum 10 min azalacağını deyib. O bildirib ki, populist çıxış etməkdənsə, sürücülərin hazırkı vəziyyətinə dəstək olmaq lazımdır: “Taksi sürücüləri müştəri gözləyəndə 2-3 dəqiqə yolda dayanırlar. Bu zaman 20 manat cərimə gəlir. Sistem görürsə ki, bu, taksidir, buna güzəşt etmək lazımdır. Onlar orada keflərindən dayanmır. Vətəndaş avtobus dayanacağında taksi sifariş verir. Nəticədə də duracağa yaxınlaşan taksiyə 40 manat cərimə yazılır. Bunların həlli yolunu tapmaq lazımdır. Yoxsa, deputatlar orada özləri qanuna səs verib, qəbul edirlər, üstündən bir ay keçməmiş deyirlər, “yox, burada məsələ düz deyil”. Düz deyil, bəs vaxtında bax gör, nəyə səs verirsən də”.

Sabahın havası - 24° isti

Aprelin 3-də Azərbaycanda hava yağmursuz olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Aprel döyüşlərindən 8 il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən 8 il ötür. Sozcu.az-ın məlumatına görə, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhə boyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərini, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqeləri, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Aprel döyüşlərində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib. Azərbaycan Ordusunun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib. Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub. Uğurlu aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqlənib. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçuları olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və s. faktlar buna əyani sübutdur. Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var. Uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qalıb.

Prokurorluqdan sosial yardımlarla bağlı müraciət

Baş Prokurorluq ünvanlı sosial yardımlarla bağlı vətəndaşlara müraciət edib. Sozcu.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda vətəndaşları narahat edən məsələlər sırasına sosial müdafiə, sosial təminat sahəsi ilə bağlı mövcud olan hüquqpozmaların və sui-istifadə hallarının olduğu bildirilib. “Ünvanlı sosial yardım hüququnu haqqında “Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aşağıdakı aztəminatlı ailələrə təyin olunur: 1. Bütün ailə üzvlərinin əmək qabiliyyətsiz olması; 2. Ailənin əmək qabiliyyətli üzvünün: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi; - 18 yaşınadək əlilliyinin müəyyən edilməsi; - 8 yaşına çatmamış uşağa qulluq etməsi ; - 23 yaşınadək əyani təhsil alması; - işsiz kimi qeydiyyata alınması. 3. Bundan başqa, ailənin əmək qabiliyyətli üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi və ya olduğu yerin məlum olmaması. Məsələn, bir ailə 3 nəfərdən ibarətdir. Ailədə ailə başçısı işləyir, məşğul şəxsdir. Ana 2 yaşında bir uşağa qulluq edir, ondan məşğulluq tələb olunmur və o əmək qabiliyyətsiz sayılır. Bu ailənin 3 üzvü üçün ehtiyac meyarı 3*270 AZN= 810 AZN şəklində müəyyən olunur. Əgər ailə başçısının gəliri 400 manatdırsa, bu zaman ailənin orta aylıq gəliri 400 manat olduğu üçün ailəyə ehtiyac meyarı və orta aylıq ailə gəliri arasındakı fərq qədər, yəni 410 manat ünvanlı sosial yardım təyin olunur. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” altsisteminə (VEMTAS-a) 15 (on beş) iş günü müddətində məlumat verməlidir”, - məlumatda bildirilib. "Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətləri üzrə aparılan təhlillərlə aktuallığı ilə seçilən həssas sahələrin müəyyən edilməsi və bu istiqamətdə hüquqpozmaların qarşısının alınması məqsədi ilə kompleks tədbirlər görülməsi davam etdirilməkdədir", - açıqlamaya əlavə olunub.

ŞOK: Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi  Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb.  Bu barədə Yenisabah.az-a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib. Alimin 5 mindən artıq kitabının olduğu bildirilir.  Fazil İsmayılov Yenisabah.az-a açıqlamasında haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu "faciə" adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib. Fazil İsmayılovun kömək üçün Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir. 

Azərbaycanda əhalini belə soyurlar: Sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA

Əhali arasında kommunal xidmətlərin qiymətləri və tarifləri ilə bağlı yetərincə narazılıq var. Xüsusən qaz və işıqla bağlı müəyyən limitlərin tətbiqi bir çox vətəndaşa kommunal ödənişləri ödəməkdə çətinlik yaradır. Cəmiyyətdə etiraz doğuran digər nüans isə təqdim olunan tariflərlə bağlıdır.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan kommunal məsələr üzrə ekspert Elçin Bayramlı bildirib ki, ölkədə kommunal xidmətlərin qiymətləri o qədər bahadır ki, minimum maaşla sadəcə bu xidmətlərin birini ödəmək mümkün olur:  “Ümumiyyətlə bir ölkədə məhsul və xidmətlərin qiymətləri vətəndaşların gəlir səviyyəsinə adekvat olmalıdır. Bizdə isə kommunal qiymətlər çox bahadır. Nominal məbləğdə götüsək, başqa ölkələrdən ucuzdur. Amma nəzərə alsaq ki, Avropa ölkələrində maaş məbləği bizdən 10 dəfə yüksəkdir, onda məlum olur ki, hesablama prinsipi belə aparılmamalıdır. Bu nisbi aparılmalıdır. Məsələn, minimum maaş 345 manatdırsa, həmin məbləğdən nə qədər su, qaz və işıq ala biləcəyinə baxmaq lazımdır. Belə götürsək, bizdə kommunal xidmətlərin qiymətləri olduqca pik və acınacaqlıdır. Bizdə minimum maaş hər hansı həyət evinin 1 aylıq qaz sərfiyyatını ödəyəcək qədərdir. Bu isə biabırçılıqdır. Dünyanın heç bir yerində ola bilməz ki, minimum maaş kommunal xidmətlərin hamısını yox, sadəcə birini ödəsin. Bu gün ölkədə rayon və kənd evlərində 1 ayda qaza ortalama 300 manat pul verilir. Digər tərəfdən elektrik və su qiymətləri də bahadır. Ona görə də qiymətlər təyin edilərkən əhalinin maaş və pensiyaları nəzərə alınmalıdır”.  Ekspert sayğaclar və qəbzlərdə qeyd olunan məbləğlərlə bağlı da ciddi problemlərin olduğunu diqqətə çatdırıb: “Sayğaclar vətəndaşın heç bir yoxlama imkanı olmadan quraşdırılır. Bu o deməkdir ki, sayğaca istənilən formada müdaxilə etmək mümkündür. Bəzi binalarda sayğaclar binanın zirzəmisində, qapalı şəraitdə qoyulub. Heç bir halda vətəndaşın onu görmə imkanı yoxdur. Yalnız elektrik idarəsinin nümayəndəsi haçansa gəlib sayğaca baxa bilir. Bəzən də əməkdaşların qəsdən etdiyi hallar olur. Tutaq ki. əməkdaş bilərəkdən sayğacı xarab edir və vətəndaşa cərimə yazılır, yaxud artıq pul almaq üçün hesablayıcılara müdaxilə edir. Ümumilikdə komunal təsərrüfatların da yanaşması əhalidən haqsız yerə pul almaqdır. Bu sahədə çox sayıda problemlər var. Digər tərəfdən bəzi evlərə kommunal ödənişlərlə bağlı rəqəmlər tam standart vəziyyətdə gəlir. Məsələn, deyək ki, hər hansı bir mənzilə bir-birinin ardınca hər ay 15 manat, 10 manat və ya 12 manat sərfiyyət ödənişi təqdim olunur. Bu nəzəri cəhətdən də mümkün deyil. Çünki mümkün deyil ki, stabil olaraq hər ay hansısa mənzil qəpiyə-qəpik sudan və ya qazdan istifadə etsin. Bu o deməkdir ki, ödəniş məbləğləri standart yazılır. Vətəndaşlar işlətdikləri suyun, qazın, işığın sərfiyyatını istənilən vaxt yoxalaya bilməlidir. Dünyada da sistem belə qurulub. Nəzərə alsaq ki, Azərbaycanda enerji daşıyıcıları yerlidir və çox ucuzdur, lakin bu məhsulları xaricdən alan ölkələrdən daha baha satılır. Ölkənin qaz resursları ola-ola qiymət olduqca bahadır və üstəlik limit də var. Ona görə də bu məsələyə mütləq şəkildə yenidən baxılmalıdır”. 

Bakının mərkəzində fantastik parklanma qiymətləri - Yarım saatı 2 manat...

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib. Sozcu.az xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən edilir. Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur. Parklanma qiymətləri aşağıdakı kimidir : 15-30 dəqiqə - bir manat, 30-60 dəqiqə - iki manat, 1-2 saat - dörd manat, 2-3 saat - altı manat, 3-5 saat – 10 manat, 5-7 saat - 14 manat, 7-10 saat - 18 manat, 10-15 saat – 22 manat, 15-20 saat – 26 manat, 20-24 saat – 30 manat. Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

Faciəvi şəkildə ölən əsgərimizin FOTOSU

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Elcan Emin oğlu Bağırov odlu silahdan istifadə edərək özünü öldürüb. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə əsgərimizin görüntüsü paylaşılıb.

Paytaxtda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Martın 26-da Azərbaycanda havanın küləkli və yağıntılı olacağı, həmçinin çaylarda sululuğun artacağı ehtimal olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Sabah Bakıda və Abşeron yarımadasında gündüz qısa müddətə cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Bildirilib ki, Azərbaycanın qərb rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Gəncə-Qazax, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin 15-20 m/s, 26-sı gündüzdən 27-si gündüzədək arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 32-37 m/s-dək güclənəcəyi gözlənilir. Həmçinin çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Külək güclənəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Martın 25-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, səhər bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.

Ukraynanın NATO-ya üzvlük məsələsi həll olunub - Admiral

Ukraynanın alyansa üzvlük məsələsi həll olunub. Sozcu.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib. “Ukrayna mütləq alyansın üzvü olacaq. Bunun nə vaxt baş verə biləcəyi ilə bağlı müzakirələr davam edir”, - o bildirib.