Zaqatalada maşın qadın piyadanı vurub öldürdü

Zaqatalada piyadanı avtomobil vururaraq öldürüb. Sozcu.az xəbər verir ki, Zaqatala rayonunun Muxax kəndi ərazisində avtomobil yolu keçən piyada, 1966-cı il təvəllüdlü Südabə Mürsaliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanıb, araşdırma aparılır.

Avqustun havası AÇIQLANDI

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür. Sozcu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib. "Avqustun 3-cü ongünlüyü isə keçid dövrünə yaxın olduğu üçün dəyişkən hava kütlələri üstünlük təşkil edəcək. Meridianal proseslər, şimaldan daxil olan hava kütlələri üstünlük təşkil edərsə, yağıntı müşahidə olunacaq. Bu zaman dağlıq və dağ ətəyi zonalarda sel hadisələri və daşqın nəticəsində çaylarda suyun səviyyəsi arta bilər”, - o qeyd edib.

Bu şəxslərə verilən dərmanlarla bağlı dəyişiklik

Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib. Dəyişikliyə əsasən, “Fabhalta/Fabhalta” dərman vasitəsi həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 124-ə çatıb.

Üzərlik bu ölkələrdə narkotik hesab olunurmuş - SİYAHI

Üzərliklə sərhədi keçmək istəyənlər artır – bəzi ölkələrdə cinayət məsuliyyəti tətbiq olunur. Son zamanlar bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması hallarının artdığı müşahidə olunur. Bu barədə məlumatı Ədliyyə Nazirliyi yayıb. Nazirlik bu bitkinin bir sıra ölkələrdə narkotik və psixotrop tərkibli maddə kimi qiymətləndirildiyini xatırladıb Modern.az bu barədə araşdırma aparıb. Üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan edilmiş maddələr siyahısına daxildir. - Fransa - 2005-ci ildən üzərlik və onun tərkib maddələrinin satışı və saxlanması tamamilə qadağan edilib. - Kanada - Bitkinin tərkibindəki alkaloidlər “Schedule III” maddələr siyahısına daxildir, bu səbəbdən satış və daşıma cinayət məsuliyyəti daşıyır. - Avstraliya - Harmalin və harin alkaloidləri yalnız elmi araşdırma məqsədilə istifadə oluna bilər. - ABŞ-ın bəzi ştatları - Luiziana ştatında üzərlik və toxumları qadağandır, Arizona, Nevada, OreQon kimi ştatlarda isə bitki "invaziv alaq" kimi qeydə alınıb və məhdudiyyətlər tətbiq olunur. - Finlandiya - Tibbi məqsədlə istifadə üçün həkim resepti tələb olunur. - Rusiya – 2024-cü ilin əvvəlində "Peganum harmala" rəsmi olaraq psixotrop tərkibli bitkilər siyahısına salınıb və dövlət nəzarətinə götürülüb. Bəzi ölkələrdə gömrük və sərhəd xidməti tərəfindən üzərlik toxumu və qurudulmuş formaları ilə səyahət edən şəxslərin saxlanıldığı barədə məlumatlar yayılıb. Səlahiyyətli qurumlar bu bitkinin bəzi hallarda psixotrop təsirli maddə kimi istifadə olunduğunu əsas gətirərək, hüquqi tədbirlərə əl atırlar. Hərçənd ki, üzərlik bir çox Şərq ölkələrində ənənəvi təmizləyici və qoruyucu vasitə kimi tanınır, Qərb ölkələrində bu bitkiyə münasibət daha sərtdir. Xüsusilə də onun tərkibindəki bəzi maddələri halusinogen qarışıqlarda istifadə olunması hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

İyulun son günü: 41 dərəcə isti!

Azərbaycanda iyulun 31-də havanı günəşli keçəcəyi, 41 dərəcə isti olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Sabah Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-50 % təşkil edəcək.  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Bağça müdiri həbs olundu

Rüşvət almaqda ittiham olunan Ağdam rayonu Dördyol qəsəbə-2 uşaq bağçasının müdiri Kəmalə Quliyevaya hökm oxunub. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi) maddəsi ilə təqsirləndirilən Kəmalə Quliyeva Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib. Hakim Dadaş İmanovun çıxardığı hökmə əsasən, Kəmalə Quliyevaya 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Kəmalə Quliyeva 2024-cü ildə başqa bir cinayət işinə görə Xətai Rayon Məhkəməsinin hökmü 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Bu cəza 11 ay 28 gün (1 günə 2 gün hesabı ilə) azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla hazırki cəza ilə qismən toplanılıb. Beləliklə, Kəmalə Quliyevaya qəti olaraq 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay azadlıqdan məhrumetmə cəza təyin edilib. İş materiallarından məlum olur ki, Kəmalə Quliyeva Dilguşə İmanova adlı rəfiqəsi ondan həyat yoldaşını uşaq bağçasına işə götürməsini istəyib. Kəmalə Quliyeva isə onu ocaqçı vəzifəsinə düzəldə biləcəyini deyib. Bunun müqbailində isə Dilguşə İmanovadan 2300 manat pul alıb.

Sumqayıtda ağır qəza: qadın öldü

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Belə ki, avtoqəza zamanı "Kia" markalı minik avtomobilində olan 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Kişi qardaşı oğlunu bıçaqladı

Şəmkirdə qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov münaqişə zəminində qardaşı oğlu, 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədova bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıblar, onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma başlanılıb.

Şəmkirdə uşaq əyləncə mərkəzlərini özəlləşdirən kimlərdir?

Şəmkir Şəhər Mərkəzi Parkındakı attraksionlar və uşaq əyləncə alətləri kim tərəfindən özəlləşdirilib ? Şəmkir rayonunda əsas istirahət məkanlarından biri Şəmkir Şəhər Mərkəzi Parkıdır. Vaxtilə bu park öz gözəlliyi və cəlbediciliyi ilə regionda birinci idi. Sonrakı illərdə parkda müəyyən bərpa və abadlıq işləri aparılıb. Mətbuatda getmiş məlumatlara baxsaq 2023-cü ildə mərkəzi parkda aparılmış abadlıq işləri çərçivəsində parkın elektrik və işıqlandırma sistemi yenidən qurulmuş, sıradan çıxmış lampalar yeniləri ilə əvəz olunmuş, işıq dirəkləri, o cümlədən skamyalar, tullantı qabları təmir olunaraq rənglənmişdir. Bununla yanaşı Şəmkir Şəhər Mərkəzi Parkında əvvəllər mövcud olmuş velosiped yolu bərpa edilərək asfalt örtüyü salınmış, müvafiq xətlər çəkilmişdir. İlk dəfə olaraq parkda kiçik yaşlı sakinlərin əyləncəsi üçün uşaq oyun meydançası, eyni zamanda digər yaş qruplarından olanların sağlam həyat tərzinin təmin olunması üçün açıq idman meydançası yaradılıb, idman qurğuları quraşdırılıb. Mətbuatda getmiş məlumatlarda attraksionlar və uşaq əyləncə alətləri haqqında heç bir məlumat yoxdur. Bildiyimiz kimi bir neçə ildir ki, onlar fəaliyyətini dayandırıb. Müəyyən açıqlamalarda oxuyuruq ki, onlar özəlləşdirilib və özəlləşdirən şəxsin qərarı əsasında fəaliyyətini bərpa edə bilər. İndi sual doğurur dövlətin parkının attraksionlarının satılmasına səbəb nə olub ?  Azərbaycanın ən böyük rayonlarından birinin Mərkəzi Parkında uşaqların istirahəti   hansı səbəbdən bir şəxsin keyfinə, istəklərinə həvalə edilib ?   Parkadakı attraksionları, uşaq əyləncə alətlərini alan adı açıqlanmayan x şəxs kimdir? Həmin şəxsin Şəmkir rayonu kimi böyük bir rayonun Mərkəzi Parkını bu vəziyyətə salmasında məqsədi nədir? Ceyhun Nəbi, "Sozcu.az"saytının redaktoru 

Bəzi ərazilərə leysan yağır

İyulun 26-sı saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Qaxda 5, Bakıda və Abşeron yarımadası, eyni zamanda Yevlaxda 3, Gədəbəy, Daşkəsən, Naftalan, Şəki, Oğuz, Zaqatala, Tərtər, Bərdə, Qazax, Ağstafa, Şəmkir, Tovuz və Mingəçevirdə 1 mm-dir. İyulun 25-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti qeydə alınıb.

Sənədi var, amma satıla bilməz – Bu torpaq elanlarına ALDANMAYIN!

“Bəzən torpaq sahələrinin qeydiyyatında və hüquqi sənədləşmələrində ciddi uyğunsuzluqlar müşahidə olunur. Bu uyğunsuzluqlar, əsasən, illər öncə aparılmış natamam və ya qeyri-dəqiq sənədləşmələrin nəticəsində meydana çıxır. Vaxtilə buraxılmış texniki qüsurlar bu gün torpaq sahələrinin yenidən araşdırılmasına və təkrar yoxlanmasına səbəb olur. Məhz bu səbəbdən bir çox vətəndaşın əlində olan torpaq sənədləri, torpağın faktiki mövcudluğu ilə uyğun gəlmir və nəticədə ciddi narazılıqlar yaranır”. Bu fikirləri Yenisabah.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib. Qeyd edib ki, bəzi hallarda kadastr sənədləri vətəndaşlara verilsə də, həmin sənədlərdə koordinatların yanlış göstərilməsi, ölçülərin qeyri-dəqiq olması və torpağın yerləşdiyi real coğrafi mövqeyin düzgün müəyyənləşdirilməməsi nəticəsində ərazilərdə 200-400 metrə qədər fərq qeydə alınır: “Bu cür uyğunsuzluqlar, əsasən, köhnə sənədlərdə daha çox müşahidə olunur. Nəticədə bir çox ərazidə torpaq sahəsi kiçik olsa da, həmin sahəyə bir neçə vətəndaşın iddiası yaranır, çünki torpağın sərhədləri bir-birinin ərazisinə düşür. Belə vəziyyətlərdə torpaq sahiblərinin hüquqları pozulur, bəzən isə bir şəxsin torpaq sahəsi həm yola, həm də qonşulara aid ərazilərə düşür.  Bu cür hallarla qarşılaşan vətəndaşlar aidiyyəti qurumlara müraciət etdikdə, onlara bildirilsə də ki, məsələ araşdırılır və uyğunsuzluq var, praktiki olaraq bu işlər illərlə uzanır və problem öz həllini tapmır. Ərazilərin yenidən ölçülməsi, kadastr xəritələrinin yenilənməsi və müvafiq hüquqi dəqiqləşdirmələrin aparılması isə kifayət qədər vaxt və resurs tələb edir”. E.Azadov vurğulayıb ki, bəzi hallarda torpaq sahələrinin koordinatları o qədər uyğunsuzluqla göstərilib ki, nəticədə həmin sahələr faktiki olaraq bir neçə kilometr sürüşmə ilə başqa bir əraziyə düşür: “Bu sürüşmə torpaq sahəsinin yolun kənarında, meyilli ərazidə və ya çətin relyefli yerdə yerləşməsinə görə daha da dəyişkən ola bilir. Belə hallarda 4-5-6 sotluq fərdi sahələrin sərhədləri bir-birinin ərazisinə qarışır, bəzən isə tamamilə digər şəxslərə məxsus torpağın üzərinə düşür. Bütün bu səbəblər nəticəsində bir çox vətəndaşlar aldıqları torpaq sahəsində ev tikmək, sənədləşmə işlərini tamamlayaraq hüquqi mülkiyyətlərini rəsmiləşdirməkdə ciddi çətinliklərlə qarşılaşırlar. Bu isə onların illərlə yığdığı vəsaiti risk altına atır, eyni zamanda sosial və hüquqi münaqişələrin yaranmasına səbəb olur”.

Sənədsiz evlərin qeydiyyata alınması hansı tikililərə aid olmayacaq? - AÇIQLAMA

Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq. Amma sənədsiz evlərin leqallaşdırılması bəzi tikililərə şamil olunmayacaq. Belə ki, bəzi sənədsiz evlər yüksək təzyiqli qaz kəmərlərinin, neft boru xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarında yerləşir. Həmçinin, sənədi olmayan, dövlət və ya bələdiyyə torpaqlarının zəbt olunması yolu ilə inşa edilən evlərin də qeydiyyatı mümkün deyil və bu tikililərə hüquq tanınmayacaq.  Bəs görəsən, bu evlərlə bağlı hansı addımlar atıla bilər? Sozcu.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Unikal"a açıqlamasında bildirib ki, yaxın gələcəkdə bələdiyyə və digər qurumların ayırdığı torpaqlarla bağlı problemlər öz həllini tapacaq.  Onun sözlərinə görə, ilkin mərhələdə fərman təxminən 2000-ci ilin əvvəllərinə qədər ayrılmış torpaq sahələrində tikilən evlərə şamil olunur: "Yəqin ki, növbəti mərhələdə bələdiyyə və digər təyinatlı torpaqlarla da bağlı olacaq. Bəzi ərazilər var ki, oralar qadağan olunub. Qadağan olunmuş ərazilərdə inşa olunmuş yaşayış evlərinə çıxarışların verilməsi mümkünsüzdür. O zamana qədər ki, həmin əmlak üzərindən qadağan olunma statusu götürülsün. Yəni, əmlak üzərindən hər hansı yüksək gərginlikli elektrik naqilləri və yaxud digər kommunikasiya xətləri keçirsə, onların yeri dəyişdirilərsə, bu halda əmlaklar çıxarışla təmin oluna bilər. Əks halda onlara çıxarışların verilməsi mümkün deyil. Ən böyük problemlərdən biri də neft ərazilərində tikilmiş fərdi yaşayış evləri ilə bağlıdır. Onlar neft buruqlarının ətrafında olduğuna görə bu tip ərazilər çıxarışla təmin oluna bilməyəcək. Bu da böyük sayda əmlakları özündə əks etdirir. Düşünürəm ki, gələcəkdə bununla bağlı hər hansı tədbirlər planı görülə bilər. Ya həmin əmlakların sökülməsi və yaxud çıxarış verilməsə də, vətəndaşlara yaşamaq hüququ verilərsə, yaşama hüququ bir sənəddir. Vətəndaş həmin sənədlə ən azından qeydiyyat və digər problemlərini həll edə bilər".