Biləsuvarda qardaş qardaşını öldürdü

Biləsuvarda qardaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb. Belə ki, iyunun 17-si, saat 02:00 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Laçında yük maşınları toqquşdu: ölən var

Laçın-Zabux yolunun 2-ci km-də qəza baş verib. Sozcu.az xəbər verir ki, qəza zamanı MAN markalı nəqliyyat vasitəsinin sürücüsü Fərman Hüseynov idarəetməni itirərək qarşıdan gələn Elman Qarayevin idarə etdiyi MAN markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hər iki nəqliyyat vasitəsinin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılarkən Fərman Hüseynov yolda ölüb. Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.

Zəngilan istiqamətində ağır döyüşlər gedir

Hazırda Azərbaycan dövlət sərhədinin Zəngilan istiqamətində ağır döyüşlər gedir. Sozcu.az xəbər verir ki, bununla bağlı “Caliber” məlumat yayıb. Bildirilib ki, döyüşlər Azərbaycan sərhəd məntəqəsinin atəşə tutulmasından sonra başlayıb. Ermənistan tərəfi minaatanlardan və PUA-lardan istifadə edir. Azərbaycan Ordusu düşmənə layiqli cavab verir.

Erməni təxribatı: Ordumuz dərhal dayandırdı

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Rus ordusu geri çəkildi: Ukrayna ordusu cinahları təmizləyir

Ukrayna Silahlı Qüvvələrinin üçüncü hücum briqadası Baxmut ətrafındakı cinahları təmizləməyə və torpaqları azad etməyə davam edir. Sozcu.az xəbər verir ki, bu barədə briqadanın mətbuat xidmətindən bildirilib. "Son 24 saat ərzində əsgərlər cəbhə xətti boyu 1,8 km, cəbhənin 1,2 km dərinliyindəki ərazilərdən düşməni geri çəkilməyə məcbur ediblər", - məlumatda qeyd olunub. Məlumata görə, 2-ci hücum batalyonunun hücumları nəticəsində Rusiyanın 57-ci briqadasının bölmələri və “Storm z” məhbus dəstələri xeyli itki verib.

İsrail İranın silah anbarlarını vurdu

Qolan təpələrindən Dəməşqin cənub-qərbindəki əraziləri hədəf alan İsrail ordusu İrana bağlı qüvvələrin hərbi anbarlarını dağıdıb. Sozcu.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Məlumatda bir hərbçinin öldüyü, silah-sursat anbarlarına ziyan dəydiyi bildirilib. Qeyd edək ki, bu, 2023-cü il ərzində İsrail ordusunun 18-ci hücumudur. Cari ildə İsrail Suriyada silah və sursat anbarları, hərbi və logistika mərkəzləri də daxil olmaqla, 40 obyekti hədəf alıb.

110 milyon insan qaçqın düşüb - BMT

Təxminən 110 milyon insan münaqişə, təqiblər və ya insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb. BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Cenevrədə jurnalistlərə açıqlamasında, "bu, dünyamızın vəziyyəti ilə bağlı olduqca ağır ittihamdır", - deyə bildirib. Təkcə keçən il əlavə 19 milyon insan, o cümlədən Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından qaçan 11 milyondan çox insan məcburi köçkün düşüb. Bu da İkinci Dünya Müharibəsindən sonra insanların ən sürətli və ən böyük köçü hesab olunur. Həmçinin qeyd olunub ki, Sudandakı müharibə qaçqınların sayının rekord həddə çatmasına səbəb olan növbəti böhrandır. Belə ki, müharibə aprel ayından bəri 2 milyona yaxın insanı didərgin salıb.

Erməni terrorçuları Naxçıvandakı mövqelərimizi atəşə tutdu

İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda deyilir.

Ukrayna nə vaxt NATO üzvü olacaq? - Stoltenberqin cavabı

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın NATO-ya daxil olma vaxtını açıqlamaqdan imtina edib. Sozcu.az xəbər verir ki, bu barədə ona PBS telekanalına müsahibəsində sual ünvanlanıb. "Mən başa düşürəm ki, Zelenski NATO-ya daxil olmaq üçün dəqiq vaxt cədvəlində israr edir. Eyni zamanda, hesab edirəm ki, müharibənin ortasında olduğumuz zaman dəqiq tarixlər söyləmək mümkün deyil. Və hesab edirəm ki, bütün müttəfiqlər də bunda çox maraqlı olacaqlar. Aydındır ki, indi ən aktual vəzifə Ukraynanın suveren, müstəqil dövlət kimi qələbəsini təmin etməkdir. Suveren, müstəqil, demokratik Ukrayna NATO-ya üzv ola bilər”, - alyansın baş katibi bildirib. Qeyd edək ki, Ukrayna lideri “The Wall Street Journal”a müsahibəsində belə bir sual verib: “Ukraynalıların həyatı nə qədərdir ki, müharibədən sonra, təhlükəsiz olduqdan sonra NATO-da olacaq?”.

Bir gündə rusların dörd bölüyü məhv edildi

Ukrayna müdafiəçiləri sutka ərzində Tavriya istiqamətində Rusiya ordusunun dörd bölüyünü məhv ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qruplaşmasının komandiri, briqada generalı Aleksandr Tarnavski deyib. O, həmçinin bildirib ki, gün ərzində qarşı tərəfin 25 texnikası sıradan çıxarılıb.

Hərbçimizi qətlə yetirən şəxs həbs edildi

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz" adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda cinayət işi istintaq edilir. Sozcu.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Bildirilib ki, istintaqın gedişatı və hadisə barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin olunacaq. Aparılmış istintaqla İbrahimov Elpərəs Bəhman oğlunun sözügedən məkanda bıçaqla Tapdıqov Teymur Cümşüd oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən E.B.İbrahimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilərək, Şəmkir hərbi prokurorunun təqdimatına əsasən Gəncə Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, istintaq zamanı, həmçinin, Tapdıqov Seymur Cümşüd oğlunun qeyd olunan məkanda bıçaqla İbrahimov Elpərəs Bəhman oğluna müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunduğundan S.C.Tapdıqova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham elan edilərək, Şəmkir hərbi prokurorunun təqdimatına əsasən, Gəncə Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

DTX erməni hərbi xəritəsini belə ələ keçirdi

Ermənistanda Köhnə Tağlar kəndi yaxınlığında erməni terrorçularının ələ keçirilməsi ilə bağlı başlanmış cinayət işi məhkəməyə təqdim edilib. Sozcu.az xəbər verir ki, bu barədə ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, 2020-ci ilin dekabrın 11-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi anti-terror əməliyyatı zamanı terrorçuların komandirləri mayor V.Q. və polkovnik-leytenant C.M.-in səriştəsizliyi ucbatından döyüş mövqelərinin olduğu xəritə də ələ keçirilib. Ermənistan rəhbərliyi iddia edir ki, guya həmin xəritənin ələ keçirilməsi Azərbaycan hərbçilərinə digər erməni postlarını da mühasirəyə almaq imkanı verib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ordumuza qarşı terror əməliyyatı həyata keçirən silahlı ermənilərin sığındıqları meşə və iki kənd – Köhnə Tağlar və Çaylaqqala nəzarətə götürülmüşdü.