Gəncədə 44 yaşlı kişi qətlə yetirildi

Gəncə sakinini öldürməkdə təqsirləndirilən şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini, 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb. Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Şahin Mustafayev Qriqoryanla görüşdü: razılıq əldə edildi

2024-cü il noyabrın 1-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın onuncu görüşü keçirilib. Sozcu.az xəbər verir ki, yuxarıda qeyd olunan komissiyaların birgə fəaliyyəti haqqında 2024-cü il avqustun 30-da imzalanmış Əsasnamənin 7-ci maddəsinə uyğun olaraq, görüş zamanı Tərəflər həmin Əsasnamənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər. Əsasnamənin 7-ci maddəsinin bu cür prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı gündə onun qüvvəyə minməsini təsbit etməsini nəzərə alaraq, Tərəflər vurğuladılar ki, sözügedən Əsasnamə 2024-cü il noyabrın 1-də qüvvəyə minir. Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar. Tərəflər delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə etdilər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər. Komissiyaların görüşü başa çatdıqdan sonra Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə etdilər.

KİV: İran yaxın günlərdə İraq ərazisindən İsrailə zərbə endirmək niyyətindədir

İran İsrailin son hücumuna cavab olaraq yaxın günlərdə İraq ərazisindən yəhudi dövlətinə genişmiqyaslı zərbə endirməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Tehran ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl çoxlu sayda PUA və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər.

Sabahdan COP29-la bağlı yeni qadağa qüvvəyə minir - DİQQƏT!

Bu gecə saat 00:00-dan etibarən Bakı şəhərinin bir sıra küçə və prospektlərində təşkil edilən COP29 zolaqlarına girmək qadağası qüvvəyə minir. Sozcu.az oxu.az-a istinadla bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib. Həmin zolaqların hər birində 5.9, yəni "Marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları quraşdırılıb. Həmin küçə və prospektlər bunlardır: Xocalı prospekti, Şah İsmayıl Xətai prospekti, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Abdulla Şaiq, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Zuğulba yolu və Zığ şosesi. Azadlıq prospekti, Bülbül prospekti, Neftçilər prospekti, Heydər Əliyev prospekti, Parlament prospekti, Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyov, Bakıxanov, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Teymur Elçin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Həsən Əliyev, Salyan şosesi və Hava limanı şosesi. COP29 bitəndən sonra həmin zolaqlar ləğv olunacaq? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, COP29 tədbirindən sonra heç bir avtobus, velosiped və digər xüsusi zolaqlar ləğv olunmayacaq. "Zolaqlara çəkilən COP29 loqoları tədbirdən sonra silinəcək və zolaqlar nəqliyyat vasitələrinin hərəkət zolağı kimi fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilib. COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağalar olacaq? COP29 Nəqliyyat Departamentinin rəsmi məlumatına görə, tədbirin keçiriləcəyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmayıb. Yalnız noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə dövlət və hökumət başçılarının daşıyan kortejlərin keçəcəyi yollarda alternativlər müəyyən olunub. Həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlərə Neftçilər prospekti, Yusif Səfərov, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir. Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

Bakıda gecə saatlarında faciə: arvadını öldürüb intihar etdi

Bakıda qətl hadisəsi olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunun 8-ci kilometr qəsəbəsi ərazisində baş verib. Şəxsiyyəti hələlik məlum olmayan kişi əvvəlcə arvadını, sonra isə ilkin ehtimala görə, özünü bıçaqlayaraq öldürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən ər-arvadın meyitini aşkar ediblər. Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.

VAZ markalı iki maşın toqquşdu: ölənlər var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Cəlayir kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı iki minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu tarixlərdə yollar bağlanacaq, metrodan istifadə edin

Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq. Sozcu.az xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib. "Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq", - o əlavə edib. Qeyd edək ki, 12-13 noyabr qeyri-iş günləridir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə 8-13 noyabr tarixləri qeyri-iş günləri elan edilib.

MN açıqladı: Bu sursatlar məhv ediləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir. Müdafiə Nazirliyindən Sozcu.az-a bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi 28.10.2024-cü il tarixdən 01.11.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Gürcüstanda seçkilərin ilkin rəsmi nəticəsi: Kim öndədir?

21:44 Gürcüstanda bu gün baş tutan seçkilərin ilkin rəsmi nəticəsi elan edilib. Sozcu.az TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Georgi Kalandarişvili brifinqdə bildirib. Onun sözlərinə görə, bülletenlərin 97%-nin sayılmasından sonra nəticələr belədir: - Gürcü Arzusu – 52,99%; - Birlik – Milli Hərəkat (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) – 9,83%; - Dəyişiklik üçün Koalisiya ("Axali", "Girçi - daha çox azadlıq", "Droa") - 11,2%; - Güclü Gürcüstan (“Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq Meydanı”, “Vətəndaşlar”) - 9,02%; - Gürcüstan üçün Qaxariya – 8,22%. Qalan partiyalar 5%-lik baryeri keçə bilməyiblər. Bu nəticələr Gürcü Arzusunun tam qalib gəldiyini və hökuməti təkbaşına formalaşdıracağını göstərir. Buna baxmayaraq, o, arzuladığı konstitusiya çoxluğunu əldə edə bilməyib. Bundan ötrü Gürcüstan parlamentindəki 150 yerin 113-nə sahib olmaq lazımdır. Hazırkı nəticələr isə Gürcü Arzusuna 90-91 mandat vəd edir.

TƏCİLİ! İranda TERROR: 10 polis ÖLDÜRÜLDÜ

İranın Sistan və Bəluçistan vilayətinin Təftan bölgəsində yerləşən Qouhar Kuh rayonunda törədilən terror aktı nəticəsində ən azı 10 hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib. Musavat.com xəbər verir ki, bu barədə İslam Respublikasının polisi məlumat yayıb. Hadisənin təfərrüatlarını araşdırmaq üçün İranın daxili işlər naziri İskəndər Momeni xüsusi istintaq qrupunun yaradılmasını tapşırıb. İranın Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, terror aktı nəticəsində xəsarət alan yaralılar xəstəxanalara yerləşdirilib, lakin onların dəqiq sayı açıqlanmayıb. Sistan və Bəluçistan vilayəti polis idarəsinin açıqlamasına əsasən, hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Hadisə ilə əlaqədar bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyətə nəzarət etmək və istintaq aparmaq üçün xüsusi təhqiqat qrupları əraziyə göndərilib.

Ostin Qalantla danışdı: Qəti imkan verilməyəcək!

ABŞ müdafiə naziri Lloyd Ostinlə israilli həmkarı Yoav Qalantla arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayderin yazılı bəyanatında deyilir. "Pentaqon rəhbəri ABŞ-ın İsrailin təhlükəsizliyinə və özünümüdafiə hüququna sarsılmaz sadiqliyini təsdiqləyib. O vurğulayıb ki, ABŞ-ın döyüş hazırlığı İran və onun dəstəklədiyi terror qruplarının təhdidləri qarşısında ABŞ qüvvələrini, İsraili və regiondakı tərəfdaşları qorumaq məqsədilə artırılıb. ABŞ hər hansı bir subyektin gərginlikdən istifadə etməsinə və ya regiondakı münaqişəni genişləndirməsinə qəti şəkildə imkan verməyəcək", - deyə bəyanatda bildirilib.

Türkiyədə atışma: PKK üzvü öldürüldü

Türkiyənin Mardin şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya X hesabında yazıb. O bildirib ki, Artuklu rayonunda keçirilən “Gürz-19” əməliyyatı çərçivəsində Ramazan Aktaş adlı PKK/KCK nümayəndəsi polislərə müqavimət göstərib və o, atışma nəticəsində öldürülüb. “Faraşin-Bedran” kod adlı terrorçunun qırmızı bülletenlə axtarıldığı bildirilir. Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində 1 M16 avtomatı, 1 AKİS avtomatı, 5 ədəd M16 avtomatının darağı, 5 ədəd AKİS avtomatının darağı, 4 əl bombası, 2 poverbank, 3 durbin, 1 bel çantası, 1 diktafon, 1 əl fənəri və digər ləvazimatlar ələ keçirilib. Ə.Yerliqaya bildirib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.