Trampa atəş açan şəxsin kimliyi açıqlandı

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampa atəş açmaqda şübhəli bilinən şəxsin Pensilvaniya ştatından olan 20 yaşlı gənc olduğunu müəyyən edib. Sozcu.az xəbər verir ki, bu barədə CNN telekanalının müxbiri Ebbi Filipp məlumat verib. “FTB şübhəlinin şəxsiyyətini müəyyənləşdirib. Adı hələ açıqlanmayıb, lakin mənbələr onun Pensilvaniyadan olan 20 yaşlı bir gənc olduğunu deyir», - jurnalist bildirib. "Röyters"in məlumatına görə, Trampa Metyu Kruks adlı gənc atəş açıb. Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Trampa mitinq zamanı atəş açılıb.

İran atom bombası yaratmaq ərəfəsindədir - Xəbərdarlıq

İran İslam Respublikası atom bombası yaratmaq ərəfəsindədir və bunun qarşısını almaq üçün nəsə etmək lazımdır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-in 9 düşüncə mərkəzinin birgə bəyanatında xəbərdarlıq edilib. “İslam Respublikası bir neçə gün ərzində bir neçə nüvə silahı istehsal etmək üçün lazım olan uranı istehsal edə bilər və bunun qarşısını almaq üçün təcili tədbirlər görülməli, Amerikanın növbəti prezidenti etibarlı hərbi variantları nəzərdən keçirməlidir”, - bəyanatda bildirilib. Həmçinin bəyanatda dünyanın diqqətinin İsrail-HƏMAS müharibəsinə və 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə yönəldiyi bir vaxtda Tehranın davamlı və sakit şəkildə nüvə zənginləşdirmə fəaliyyətlərini artırdığı da qeyd olunub.

SON DƏQİQƏ! Zəngəzurda 2 erməni hərbçi öldü

Ermənistanda tərxis olunmuş hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb. Sozcu.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan məlumat yayıb. Sünik vilayətində baş vermiş qəza nəticəsində 2 nəfər həlak olub, 3 nəfər xəstəxanaya yerləşdirilib.

Zahid Oruc bu rayona başçı təyin edilir - İDDİA

Millət vəkili, 6-cı çağırış Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Zahid Orucun icra başçısı təyin olunacağı haqda iddia yayılıb. Sozcu.az xəbər verir ki. sosial şəbəkələrdə yayılan iddiada onun Bərdə rayonuna icra başçısı göndəriləcəyi bildirilir. Qeyd edək ki, Milli Məclisin vitse-spikeri Adil Əliyevin Suraxanı RİH başçısı təyin edilməsi bu iddianın yayılmasına rəvac verib.axar)

Azərbaycanın quru sərhədləri açılır - TARİX AÇIQLANDI

Azərbaycanda karantin rejimi səbəbindən 4 ildir ki, bağlı qalan quru sərhədləri bir aylıq müddətinə açıla bilər.  Məlumata görə, hökumətin belə bir addım atması COP29-la əlaqəli olacaq. Yayılan xəbərlərdə deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hazırda bu məsələni müzakirə edir. Həmin müzakirələrdə bir aylıq quru sərhədlərin açılması müddəti xüsusi diqqət mərkəzindədir. Məlumatlara görə, əsasən avqust və ya sentyabr ayları üçün quru sərhədlərin açılması nəzərədə tutulur. Mənbələr oktyabrın 1-dən isə quru sərhədlərin birdəfəlik açılacağını qeyd ediblər. Məsələ ilə bağlı Referans.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması həm iqtisadi, həm imic, həm də təhlükəsizliklə bağlı dünyada söz-söhbətlər yaradaraq ölkəyə çox ciddi ziyan vurur: “Bu məsələ həqiqətən də sona çatdırılmalıdır. Dünyada pandemiya ilə bağlı quru sərhədlərini bağlı saxlayan ölkə qalmayıb. Bizdə quru sərhədlərin bağlı olması pandemiya ilə əlaqəlidir. Ona görə də düşünürəm ki, indidən hazırlıq işlərinin görülməsinə ehtiyac var ki, sentyabr-oktyabr aylarından bu məsələ öz həllini tapsın. Bu turizmin canlanmasına səbəb olacaq. Pandemiyadan əvvəl Azərbaycanda turizm baxımından rekord rəqəmlər qeydə alınmışdı. Sərhədyanı ticarətin canlanması üçün də quru sərhədlərin açılması çox vacibdir. Bu həm də ölkənin daxilində rahatlıq yaradacaq”. Ekspert bildirir ki, bəzi rəsmilərin açıqlamalarına görə, təhlükəsizlik məsələləri səbəbindən sərhədlərin bağlı qaldığı söylənilir və bu gərginlik yaradır: “İnsanlar düşünür ki, Azərbaycan nə təhlükələr var ki, quru sərhədləri bağlı saxlanılır? Azərbaycan elə bölgədə yerləşir ki, həmişə təhlükələr olacaq. Bu o demək deyil ki, quru sərhədlərini həmişə bağlı saxlamaq lazımdır. Azərbaycan ordusu, hüquq- mühafizə, xüsusi xidmət orqanları çox güclü olan ölkədir. Açıq sərhəd rejimində də Azərbaycan öz təhlükəsizliyini çox yüksək səviyyədə, tam təmin etməyə qadir ölkədir”. Ekspertin sözlərinə görə, bu baxımdan payız aylarından, elə sentyabrdan quru sərhədlərin açılması çox yaxşı olardı: “Həm də ona görə ki, Azərbaycan COP29-a ev sahibliyi edir. Çox sayda qonağın gəlməsi gözlənilir. Hətta, veloyürüş də təşkil olunacaq. Yüzlərlə velosipedçi başqa ölkələrdən quru sərhəd yolu ilə Azərbaycana gəlib COP29-a dəstək vermək istəyir”.  

Ukrayna Həştərxana hücum etdi: hava limanı bağlandı

Təyyarələrin Həştərxan hava limanına gəliş-gedişi PUA hücumu səbəbindən müvəqqəti olaraq məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” hava limanına istinadən məlumat yayıb. “Regionda hava məkanından istifadəyə qoyulan məhdudiyyətlərlə əlaqədar Həştərxan hava limanının cədvəlində dəyişikliklər baş verib. Sərnişinlər Həştərxan hava limanının internet saytından uçuş statusu ilə bağlı aktual məlumat əldə edə bilərlər”, - məlumatda bildirilib. Qeyd edək ki, Ukrayna bu gecə Rusiyanın 6 vilayətinə kütləvi hücum edib.

"Avtomobil bazarında ucuzlaşma müvəqqətidir, çünki..." - Açıqlama

"Hazırda avtomobil bazarında ucuzlaşma müşahidə olunur. Bu, qısamüddətli vəziyyətdir. Bazarda yeni avtomobillər çoxaldıqca, zamanla qiymətlər də stabilləşəcək”. Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. O qeyd edib ki, ucuzlaşmaya səbəb köhnə avtomobillərdir. Bu avtomobillərin çoxu taksi kimi istifadə olunurdu. Yeni qaydalara görə, köhnə avtomobillər artıq taksi xidməti göstərə bilmir. Ona görə də sahibkarlar avtomobillərini satmağı üstün tuturlar. Bu da istər-istəməz qiymətlərə öz təsirini göstərir: “Bir müddət sonra bazarda qiymətlər yenidən stabilləşəcək. Avtomobil gətirən sahibkar köhnə maşına tələbat olmadığını görüb daha onları gətirməyəcəklər. Artıq daha bahalı avtomobillər idxal ediləcək. Beləliklə, bazar stabilləşəcək. Gətirilən avtomobillərin dəyəri artacaq”.

Bakıda bu yolda hərəkət tam məhdudlaşacaq

Sabah saat 07:00-dan iyulun 7-si saat 22:00-a qədər Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Keçmiş prezident Pezeşkiana səs verdi

İranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi bu gün prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkiana səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Xatəmiyə yaxın sosial media kanalları məlumat yayıb. Xatəmi səsvermədən sonra ondan müsahibə götürmək istəyən İran televizyasının əməkdaşlarının suallarını cavablandırmaqdan imtina edib. Qeyd edək ki, İranda bu gün keçirilən növbədənkənar seçkilərin ikinci turunda azərbaycanlı Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.

Ermənistan ehtiyatda olan hərbçiləri toplayır

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Qeyd edilib ki, təlim avqustun 1-dən oktyabrın 25-dək keçiriləcək.

MİQ müsabiqəsinin test imtahanı mərhələsi başladı

İyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, test imtahanları iyulun 2-10-da ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək. İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub. Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Şəmkirdə qəzalı vəziyyətdə olan elektrik dirəyi - fotolar

Fotolar Şəmkir rayon Düzqışlaq kənd sakini Məmmədov Vüqar Əli oğlu tərəfindən göndərilib. Fotolardan göründüyü kimi elektrik dirəyi qəzalı vəziyyətdədir. Hər an vətəndaşlara təhlükə yarada bilər. Şikayətçi bildirir ki, qəzalı vəziyyətlə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Elektirik Şəbəkəsini məlumatlandırıb. Çox təəssüf ki, nə vəziyyətlə maraqlanan olub, nədə ki, qəzalı vəziyyətlə bağlı tədbir görən. Sözcü.az