Kaya Kallas Bakıya gəlir

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə Brüsseldəki mənbə məlumat verib. “Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib. Azərbaycan Xarici İşlər Nazirliyi isə K.Kallasın səfəri ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib. Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.

Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışırıq - Paşinyan

Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq təşəbbüsü vətəndaş cəmiyyətindən gəlib. Bununla bağlı qanun layihəsi təqdim etdilər və hökumətimiz bunu təsdiqlədi. Parlamentimizin bu qanunu təsdiqləməsi ehtimalı yüksəkdir və biz Aİ ilə gələcək hüquqi yaxınlaşma prosesinə başlayacağıq. Sozcu.az xəbər verir ki, bunu yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Niyə biz Avropa İttifaqına daha yaxın olmaq istədik? Çünki biz demokratik dövlətik. Bu halda demokratiyanın əsas axınında olmaq istəyirsən. İndi də biz Aİ ilə çox sıx əməkdaşlıq edirik. Açığını deyim ki, son illər Avropa İttifaqı ilə münasibətlərimizdə çox böyük dəyişikliklər və irəliləyişlər olub. Məsələn, biz uzun illərdir gündəmimizdə olan viza rejiminin liberallaşdırılması sazişi ətrafında danışıqlara indi başlamışıq. Və ümid edirəm ki, biz onu  ən qısa zamanda tamamlayıb sənədi imzalaya biləcəyik. İndi Ermənistan Avropa Sülh Aləti proqramına daxildi. Ölkəmizdə Avropa Mülki Müşahidəçilər Missiyası fəaliyyət göstərir ki, bu da çox vacibdir. Biz Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin icrası prosesindəyik və çox sıx əməkdaşlıq edirik”, - Paşinyan bildirib. Aİ ilə iqtisadi əlaqələrə toxunan baş nazir qeyd edib: “Təbii ki, biz iqtisadi baxımdan da Avropa İttifaqına daha yaxın olmaq istəyirik. Amma digər tərəfdən, biz iqtisadi baxımdan regionumuzun ölkələri ilə daha yaxın olmaq istəyirik. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk günlərindən biz bir növ iqtisadi təcrid vəziyyətindəyik, çünki Türkiyə və Azərbaycanla sərhədlərimiz bağlı olub və bağlı qalır. Bu addımla təkcə regionumuzda deyil, bütün dünyada dəyişikliklər edirik”. Paşinyanın sözlərinə görə ermənistan balanslaşdırılmış xarici siyasət yürütmək qərarına gəlib: "Bu o o deməkdir ki, biz Avropa İttifaqı və Rusiya ilə münasibətlərimizdə balans yaratmağa çalışacağıq.  İranla əlaqələrimiz çox önəmlidir. Biz Türkiyə ilə diplomatik əlaqələr qurmağa çalışırıq. Biz Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışırıq. Və bu, əlbəttə ki, asan deyil. Ancaq digər tərəfdən, bunun mümkünsüz olduğunu düşünmürəm". Türkiyə ilə diplomatik əlaqələr qurulması barədə danışarkən o deyib: "Məndən soruşurlar ki, bu məsələdə optimistəm, yoxsa pessimist? Mən nə optimist, nə də pessimistəm. Mən praqmatikəm. Sadəcə başa düşürəm ki, problem həll olunana qədər işləmək lazımdır. Əsas və məncə, ən əsası sülh gündəmindən kənara çıxmamaqdır. Məqsədimizə diqqət yetirməli və təslim olmadan və ümidsizliyə qapılmadan işləməyə davam etməliyik. Bu halda biz beynəlxalq ictimaiyyətin dəstəyini alacağıq və ümid edirəm ki, bu dəstək veriləcək”.

Mirzoyan sabah Moskvaya gedir

2025-ci il yanvarın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya işgüzar səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Səfər çərçivəsində A.Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək, sonra isə nazirlər birgə mətbuat konfransı keçirəcəklər. Qeyd edək ki, bundan əvvəl erməni nazir Vaşinqtonda olub və ABŞ-ın istefaya gedən dövlət katibi Entoni Blinkenlə strateji tərəfdaşlıq haqqında Saziş imzalayıb.

Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi

Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hakan Fidan Bakıya gəldi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Hakan Fidanın ölkəmizə səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub. Görüşlərdə Azərbaycan və Türkiyə arasında siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Delimitasiya hansı xəritə ilə aparılacaq?

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşü keçirilib. Komissiyanın qərarına əsasən, hansı xəritələrə və yanaşmalara üstünlük veriləcəyi görüşlərin nəticəsində müəyyənləşəcək. Mübahisəli ərazilər üzrə isə əlavə müzakirələr və yanaşmalar tətbiq olunacaq. Bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev delimitasiya və demarkasiyası üzrə Dövlət Komissiyalarının növbəti görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, sonuncu görüş Azərbaycan anklavlarının qaytarılacağına dair müzakirələrə də meydan açıb: “Bu proses çərçivəsində Azərbaycanın anklavlarının qaytarılması məsələsi də gündəmdədir və demarkasiya və delimitasiyanın tərkib hissəsi kimi müzakirə olunur. Hər iki tərəfin mövqeyi əsasən sahədə, yəni sərhəd bölgələrində araşdırılır. Elə istiqamətlər mövcuddur ki, orada sərhədlərin müəyyən edilməsi ya gecikdirilə, ya da müəyyən bir müddət sonra həyata keçirilə bilər. Ermənistanın sülh sazişi ilə bağlı yanaşması, fərqli xarici güclərin regiona və sərhədə toplaşması üzərindən məsələlərə təsiri birmənalı fikir yürütməyi çətinləşdirir. Buna görə də yaxın zamanlarda tam razılaşma əldə ediləcəyini gözləmək mümkün deyil. Məsələ ilə bağlı mübahisəli məqamlar mövcuddur. Tərəflər arasında aparılan danışıqların nəticələri zamanla daha aydın şəkildə ortaya çıxacaq”.

Azərbaycanla Ermənistan razılığa gəldi - RƏSMİ

2025-ci il yanvarın 16-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib. Sozcu.az xəbər verir ki, görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq Həmçinin Tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Akkreditasiyadan keçən müşahidəçilərin sayı...

Bələdiyyə seçkilərini müşahidə etmək üçün 68 min 869 nəfər akkreditasiyadan keçib. Sozcu.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib. Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub.

"Xarici siyasət vizionunda dəyişiklik vaxtı çatıb" - Arif Hacılı

Belə görünür ki, Rusiyanın Ukrayna ərazilərini işğalı ilə başlanan yeni dünya düzəninin formalaşması prosesi Trampın prezidentliyi dövründə daha da sürətlənəcək.  ABŞ prezidentinin Çin, İran, qismən də Rusiya əleyhinə açıqlamalarından  sonra NATO da müttəfiqləri olan və demokratik dünyanı təmsil edən Kanada, Danimarka kimi ölkələri də hədəfə alması, Suriyada baş verənlər, İran-Türkiyə münasibətlərində yaranan gərginlik və digər geopolitik gəlişmələr yaxın dövrlərdə dünya düzənində mühüm dəyişikliklərin daha sürətlə davam edəcəyini göstərir.  Bu dəyişikliklər bizim də maraq dairəmizdəki yaxın şərq regionundan, birbaşa qonşuluğumuzda olan və ya sərhədlərimizə yaxın ölkələrdən də yan keçməyəcək.  Məhəmmədəmin bəyin təbirincə desək, dünya qəribə dəyişəcək.  İndi dövlət və millət olaraq əsas hədəfimiz bu toqquşmalar və dəyişiliklər dönəmindən uğurla çıxmaq olmalıdır.  Azərbaycan-Ermənistan münaqişəsini tarixin arxivinə göndərmək, bu ölkə ilə lazımsız və perspektivsiz rəqabət şəraitindən çıxmaq,  tariximizin bu səhifəsini qatlamaq,  1946-cı ildən sonra ilk dəfə Güney Azərbaycanda yaşayan 40 milyonadək xalqımızın öz müqəddəratını təyin etməsi istiqamətində mühüm irəliləyişinə uğurlu şəraitin  yaranacağını da nəzərə alaraq Azərbaycanın yeni dünya düzənində  daha təsirli və cəlbedici dövlət kimi yer tutması üçün həm daxili, həm də xarici siyasət vizionunda əsaslı dəyişikliklər zamanı çoxdan çatıb. Yazı Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb. 

Türkiyə səfirliyi təkzib etdi: Yeni səfir Bakıda deyil

17:51 Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün Bakıya gəldiyi barədə xəbəri Türkiyə səfirliyi təkzib edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfirliyinin sosial şəbəkə hesabında məlumat yayılıb Bildirilib ki, Akgün fevral ayında vəzifəsinin icrasına başlayacaq.

İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT

İranın şimalında yeni uzunmənzilli radarlar quraşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumat İranın rəsmi informasiya agentliklərində yayılıb. Bildirilir ki, "Nazir" adlar radarlar 800 kilometrədək radiusda fəaliyyət göstərə biləcək. Radarlar Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə səmalarını müşahidə edə biləcək. Azərbaycan, Ermənistan, şərqi Türkiyə, Gürcüstan, qərbi Türkmənistan, cənub-qərbi Qazaxıstan və bütün Xəzər dənizi üzərində hava məkanı İran hava hücumundan müdafiə sistemlərinin müşahidəsi altında olacaq. İddia edilir ki, adar 30 km-dən çox yüksəklikdə hədəfləri aşkar edə, pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi aşağı radiolokasiya əksetməli hədəfləri müəyyən edə bilir. Ekspertlər yeni radarların Ərdəbil şəhəri yaxınlığında quraşdırılmasını Azərbaycana qarşı təxribat kimi qiymətləndirir.

Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi

Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı digər sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.