Şarl Mişel Paşinyanla sülhdən DANIŞDI

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Mişel özünün "X" hesabında yazıb. Telefon danışığı zamanı Aİ-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması müzakirə olunub. “Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur”, - Mişel bildirib.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – Video

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər. Sozcu.az xəbər verir ki, fevralın 19-da Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər.

Britaniyalı nazir Azərbaycana gəlir

Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart gələn həftə Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, nazir səfər çərçivəsində Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək. Q.Stüart fevralın 22-də ADA Universitetində mühazirə deyəcək, bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Böyük Britaniyanın COP26-ya dair təcrübəsindən danışacaq. Xatırladaq ki, COP26 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilib. Azərbaycanda COP-29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Prezident: Ermənistan qanunvericiliyini normal qaydaya salmasa...

Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söyləyib. “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Paşinyan: “Ermənistan MN Azərbaycanla sərhəddə təxribat yaratmamaq barədə əmr verib”

Ermənistan Müdafiə Nazirliyinin (MN) yeni əmrinə əsasən, bu ölkənin hərbi qulluqçuları Azərbaycanla sərhəddə eskalasiyaya səbəb olmamalı, təxribatlar yaratmamalıdırlar. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Britaniya parlamentinin İcmalar Palatasının üzvü Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyətinin nümayəndələri ilə görüşündə deyib. “Sizin səfəriniz Azərbaycanla sərhəddə yeni eskalasiya ilə üst-üstə düşdü. Hökumətimiz sülh prosesini davam etdirəcək, çünki əminik ki, bunun alternativi yoxdur. Ermənistan Müdafiə Nazirliyindən heç bir eskalasiyaya yol verməmək, təxribatlar yaratmamaq barədə çox sərt göstəriş var”, - Paşinyan bildirib. Mənbə: TASS

Rəsmi Bakıdan İrəvana çağırış

XİN son hərbi təxribatlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib. Sozcu.az xəbər verir ki, bu barədə XİN bəyanat yayıb. Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır. “Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan gələn təhlükəni aradan qaldırıb. Bu, sırf cavab tədbiri idi. Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, - məlumatda qeyd olunub.

“Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyirik” - ABŞ Dövlət Departamenti

ABŞ Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib. "Biz açıq şəkildə bu məsələ ilə bağlı davamlı dialoqu dəstəkləyirik. İnanırıq ki, bu, davamlı nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bununla bağlı səyləri davam etdirəcəyik", - Miller bildirib. Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bildirib ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyə ümidvardır. Rəsmi Bakı xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələlik razılaşdırılmadığını bildirib.

“Azərbaycanla sülh müqaviləsinin prinsipləri razılaşdırılıb” - Paşinyan

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb”. Sozcu.az xəbər verir ki, bunu “The Telegraph”a müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var: “Ötən ilin sonu bizə elə gəldi ki, yekun müqavilənin mətnini razılaşdırmağa yaxınıq. Güman edirəm ki, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra razılaşdırılmış maddələrin reallaşdırılmasına nail ola biləcəyik”.

Ermənistan ərazisi ilə bağlı anlayışımız budur

Açıq şəkildə bildirməliyik ki, bizim Ermənistan Respublikasının ərazisi ilə bağlı anlayışımız Ermənistan SSR ərazisi ilə bağlı anlayışımızla tam üst-üstə düşür və biz öz siyasətimizi bunun əsasında aparırıq. Sozcu.az xəbər verir ki, bu sözləri “Mülki müqavilə” partiyasının regional qurultayında çıxış edən partiya sədri, Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, bu gün biz ərazi və xəritə haqqında məlumatların yazıldığı Ermənistan kadastr sertifikatını düzəldirik.

Şahin Mustafayev Qriqoryanla növbəti dəfə nə vaxt görüşəcək?

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın sonuncu iclasında cari məsələlər müzakirə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, komissiyanın Ermənistan tərəfindən nümayəndəsi Mher Qriqoryan yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, növbəti görüşlə bağlı hələlik razılaşma hələlik yoxdur. Qriqoryan görüşün tezliklə baş tutacağına ümid etdiyini bildirib. Qeyd edək ki, sonuncu görüş yanvarın 31-də Qazax-İcevan sərhədində baş tutub. Görüşdə Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan iştirak edib. Görüş üçüncü tərəfin iştirakı olmadan baş tutub. Xatırladaq ki, sonuncu görüş sayca altıncı olub.  Görüşlərin 4-ü sərhəddə, biri Moskvada, biri Brüsseldə keçrilib.

Qarabağın Ermənistana birləşdirilməsi nə deməkdir? - Paşinyan

"Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı dünyadan danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil”.  Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı ölkə Konstitusiyasına ediləcək dəyişiklikdən danışarkən deyib.  “Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur, bizim müzakirəmizdir. Biz bu günümüzdən, sabahımızdan, gələcəyimizdən danışırıq”, - Paşinyan bildirib.  Baş nazir müxalifəti də tənqid edib:  “Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq? Amma Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeyləri başa düşürlər. Erməni xalqı nə istəyir? Erməni xalqı Argentinada, ABŞ-da, Rusiyada, İranda, İsraildə yaşayır, orada yaşayan erməni xalqının arzularının eyni olduğuna əminikmi? Əgər buna əminiksə, o zaman bu harada formalaşıb?”. 

Müsavat Partiyası seçkilərlə bağlı ilkin rəyini açıqladı

Müsavat Partiyası 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.  Partiyanın mətbuat xidmətindən təqdim olunan sənəddə deyilir:   "7 fevral 2024-cü il tarixdə növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri əvvəlcədən hər hansı ictimai diskussiyalar aparılmadan, növbədənkənar seçkilərin təyin edilməsinin səbəbləri xalqa izah edilmədən təyin edilib. Növbədənkənar prezident seçkilərinin vaxtından 1 il 3 ay əvvəl günlərin qısa, tətillərin çox olduğu qış aylarına təyin edilməsi seçki kampaniyasının 2 ay, təşviqat kampaniyasının cəmi 21 gün olduğu şəraitdə seçkilərdə mövcud iqtidarın alternativi olan, resursları qeyri-qanuni yollarla məhdudlaşdırılmış siyasi qüvvələr üçün əlavə çətinliklər yaradıb. Müsavat Partiyası növbədənkənar prezident seçkiləri təyin olunduqdan sonra Azərbaycan hakimiyyətinə seçkiqabağı demokratik şəraitin yaradılması istiqamətində addımların atılması, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşma hüququnun, ifadə azadlığının təmin edilməsi, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinə şərait yaradılması barədə çağırış edib. Müsavat Partiyasının seçki kampaniyası dövründə bərabər rəqabət şəraitinin yaradılması üçün irəli sürdüyü bu təkliflər cavabsız qalıb.  Tam əksinə olaraq növbədənkənar seçkilər təyin olunduqdan sonra da siyasi opponentlərə qarşı təqiblər, siyasi motivli həbslər davam edib. Müsavat Partiyası bütün bunları, eləcə də Müsavat Partiyası strukturlarında aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. 2024-cü il 7 fevral tarixinə təyin olunan növbədənkənar prezident seçkiləri hər hansı siyasi zərurət olmadan qərarlaşdırılıb. Bu barədə Azərbaycan Respublikasının prezidenti adından verilən 7 dekabr 2023-cü il tarixli sərəncamın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun hər hansı hüquqi əsasları yoxdur. Belə ki, Konstitusiyada fövqəladə, ümummilli əhəmiyyətli növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün konkret hüquqi əsas və ya səbəb göstərilməyib. Bu qərar faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 5-ci dəfə prezident olması üçün rəqabətsiz şərait yaradılmasına xidmət edib. Vətən müharibəsi və sonrakı dövrlərdə işğaldan azad olunmuş ərazilərdə cəmi 26 seçki məntəqəsi yaradılması və orada məskunlaşan əhali arasında cəmi 3400-ə qədər seçicinin olması ilk dəfə seçkilərin Azərbaycanın bütün ərazisində keçirilməsi iddiasının həqiqətə uyğun olmadığını təsdiq edir. Ölkədə vətəndaşların sərbəst toplaşmaq hüququ demək olar ki, ləğv edilib. Siyasi məhbuslar problemi nəinki həll edilməyib, əksinə, onların sayı artaraq 200 nəfəri keçib. Azərbaycan hakimiyyəti ölkədə bərabərhüquqlu siyasi rəqabət şəraitinin tam aradan qaldırılması, təkpartiyalı siyasi sistemin qurulması istiqamətində fəaliyyətini növbədənkənar prezident seçkiləri ərəfəsində də davam etdirib. Son parlament seçkilərinin nəticələrinin saxtalaşdırılması hesabına parlamentə buraxılmayan aparıcı müxalifət partiyalarının sərbəst siyasi fəaliyyətinə imkan verilməyib. "Siyasi Partiyalar haqqında" Qanuna edilən mürtəce dəyişikliklər icra hakimiyyətinin müxalifətin fəaliyyətinə müdaxilə imkanları daha da artırıb. Müstəqil mətbuat əsasən sıradan çıxarılıb. Ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları tamamilə hakimiyyətin nəzarəti altındadır, müstəqil və müxalifət qəzetləri yoxdur, müxalif yönlü saytlar bloklanmaqda davam edir. Müxalifətə informasiya dəstəyi verən saytlara qarşı polis və prokurorluğun təzyiqləri davam edir.  "Media haqqında" mürtəce qanun müstəqil və tənqidçi medianın qanuni fəaliyyət göstərməsini əngəlləyib.  Seçkilər ərəfəsində 10-dan cox jurnalist qanunsuz həbs edilib. Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən beynəlxalq təşkilatların tövsiyələri yerinə yetirilməyib. Bunun nəticəsində MSK da daxil olmaqla, bütün seçki komissiyaları və oradakı vəzifələr faktiki olaraq həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında qalıb. Bundan əvvəl Azərbaycanda keçirilən seçkilərin nəticələrinin seçki komissiyaları tərəfindən saxtalaşdırıldığı yerli və beynəlxalq müşahidə mərkəzləri tərəfindən dəfələrlə qeyd olunsa da, seçki komissiyalarının tərkibi dəyişdirilməyib. Seçici siyahıları ciddi qüsurlarla tərtib edilib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə ölkədə 7,5 milyona yaxın seçici yaşında vətəndaşın olması barədə məlumatla seçici siyahılarında olan seçicicilərin sayını müqayisə edərkən aydın olur ki, bir milyondan artıq seçicinin adı seçici siyahılarına daxil edilməyib. Seçki kampaniyası dövründə namizədlərin əksəriyyəti öz platformalarını elektorata çatdırmayıb, kütləvi görüşlər keçirilməyib, vəd verməyib, ümumiyyətlə təbliğat kampaniyası aparılmayıb. Seçki günü aparılan müşahidələr zamanı seçicilərin böyük əksəriyyətinin səsvermə məntəqələrinə getmədiyi, karusel əməliyyatı vasitəsi ilə seçici qruplarının müxtəlif məntəqələrdə dəfələrlə səs verməsinə şərait yaradılması, seçki qutularına topa halında seçki bülletenlərinin atılması kimi pozuntular aşkar edilib. Bütün bunlar MSK- nın seçici fəallığı ilə bağlı elan etdiyi rəqəmlərin bir-neçə dəfə şişirdildiyini göstərir.  2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Prezidenti seçkiləri azad və ədalətli olmayıb. Bu seçkilər son illərdə ölkəmizdə keçirilən digər seçkilərdə olduğu kimi BMT, ATƏT və digər nüfuzlu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib. Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Prezidenti seçkilərini azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsinin ifadəsini əks etdirməyən seçkilər hesab edir. Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin  nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən, demokratik seçkilər vasitəsilə prezident seçkilərinin keçirilməsini tələb edir".