Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq”.
“Erməni kəndlərini (Qazaxın işğaldakı kəndləri – red.) Azərbaycana verməyə hazırsınızsa, o zaman Bakıdan Qarabağın muxtar statusunun bərpasını tələb edin”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. O, ölkənin baş naziri Nikol Paşinyanın kəndləri təhvil verməyə hazırlaşdığını iddia edib. “Bunu edirsinizsə, Qarabağla bağlı tələb irəli sürməyə borclusunuz. Ermənistanın bu məsələni gündəmə gətirmək hüququ var”, – diplomat bildirib. V.Oskanyan xüsusi vurğulayıb ki, rəsmi İrəvan Qarabağ ermənilərinin geri qayıtması üçün iş aparmalıdır, lakin bu istiqamətdə hər hansı fəaliyyət yoxdur.Globalinfo)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasının Baş nazir İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının, Gürcüstan Respublikasını və Türkiyə Respublikasının Xarici İşlər Nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşünün Bakı Bəyannaməsinin mətni açıqlanıb. Sozcu.az xəbər verir ki, Bakı Bəyannaməsində deyilir: "Azərbaycan Respublikasının xarici işlər naziri, zati-aliləri Ceyhun Bayramovun dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri, zati-aliləri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri, zati-aliləri İlya Darçiaşvilinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin Doqquzuncu Üçtərəfli Görüşü 15 mart 2024-cü il tarixində Bakıda keçirildi. Nazirlər, Ölkələri arasında dostluq və tarixi bağlar, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud möhkəm əlaqələri vurğulayaraq; Qarşılıqlı maraq doğuran bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələrində strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayaraq; Regionda sülhün, sabitliyin və inkişafın təşviqinə dövlətlərinin verdiyi əhəmiyyətli töhfələri və xalqlarının daha geniş regionda müştərək rifah və təhlükəsizlik üçün bu idealları daha da irəli aparmaq üçün qarşılıqlı istəyini nəzərə alaraq; Yalnız bütün forma və təzahürlərdəki terrorizm təhdidləri, kiber hücumlar və müharibənin hibrid formaları ilə məhdudlaşmayaraq, ölkələrinin qarşılaşdığı çağırışların və yaranan təhdidlərin fərqinə vararaq; Regional iqtisadi profilin gücləndirilməsi üçün ticarət və investisiya fəaliyyətlərinin sürətləndirilməsinin vacibliyini dərk edərək; Regionda dayanıqlı və güclü iqtisadi artım və inkişaf üçün təməl daşı kimi regional bağlantının əhəmiyyətini qeyd edərək; Münaqişədən zərər çəkmiş ərazilərinin yenidənqurulması və bərpası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəylik ifadə edərək; Sonuncu üçtərəfli toplantıdan sonra baş vermiş, 6 fevral 2023-cü il tarixində Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan və daha minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ və eləcə də son 6 ay ərzində Türkiyəyə qarşı törədilmiş silsilə terror aktları ilə əlaqədar türk xalqı ilə bir daha həmrəylik ifadə edərək; Aşağıdakıları bəyan etdilər: Dövlətlərinin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təkrarladılar; Dövlət sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını alqışladılar və Azərbaycan Respublikası hökumətinin post-münaqişə dövründə bərpa və yenidənqurma səylərinə dəstəklərini bir daha təsdiqlədilər; Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq etdilər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildirdilər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd etdilər; Montrö Konvensiyasının və Qara dənizdə artan eskalasiyanın uğurlu idarə edilməsində Türkiyənin bu konvensiyanı diqqətlə tətbiqinin əhəmiyyətini bir daha qeyd etdilər; Hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaq təxirəsalınmaz atəşkəsin, Qəzzaya təcili, maneəsiz, dayanıqlı və kifayət qədər humanitar yardım təchizatının və Yaxın Şərqdə daimi sülhün bərqərar olmasına yönəlmiş həqiqi sülh prosesinin bərpasının vacibliyi vurğulandı. Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha qeyd etdilər; Terrorizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə, miqrant qaçaqmalçılığına, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlərə və kibercinayətkarlığa qarşı mübarizə üçün müvafiq beynəlxalq və regional sənədlərə uyğun olaraq əməkdaşlığı gücləndirmək əzmlərini bir daha yenilədilər; Transxəzər Şərq-Qərb Orta Dəhlizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atılan mühüm addımları, habelə beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini vurğuladılar; Dəmir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars Dəmir Yolunun (BTQ) və Marmaray layihəsinin Asiya və Avropa arasında rəqabətli daşımaların asanlaşdırılmasındakı əsas rolunu vurğuladılar; BTQ-nin “Marabda-Kartsaxi” hissəsində bərpa, yenidənqurma və genişləndirmə işlərinin erkən başa çatdırılmasının və dəmir yolu xəttinin 2024-cü ildə yenidən tam istismara verilməsinin vacibliyini vurğuladılar; Nəqliyyat və kommunikasiya infrastrukturunun inkişafının vacibliyini vurğuladılar; Hava, dəmir yolu, yol əlaqələri və regional bağlantıların təkmilləşdirilməsi və gücləndirilməsi vasitəsilə də olmaqla, nəqliyyat, ticarət, yaşıl enerji və aşağı karbon texnologiyaları da daxil, enerji və eləcə də insanlar arasında təmaslar, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində əməkdaşlığın genişləndirilməsini qərara aldılar; Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinə (CQD), eləcə də təbii qazın həcminin artırılmasına yönələn enerji layihələrinə olan tam dəstəklərini bir daha təsdiq etdilər; Bərpa olunan enerjidən səmərəli istifadə də daxil olmaqla, dayanıqlı artım sahəsindəki tədbirlərinin koordinasiyasını dəstəklədilər; Təchizat təhlükəsizliyi, enerji sektorunun liberallaşdırılması, bazarların yaradılması və/və ya idarə edilməsinə dair əməkdaşlığı və bilik və təcrübə mübadiləsini təşviq etdilər; Səmərəli və nəticə yönümlü layihələr vasitəsilə ümumi maraq kəsb edən iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığı təsdiq etdilər; Qarşılıqlı maraq doğuran sahələrə investisiyaları daha da təşviq etməyə, habelə ixrac-idxal imkanlarının və iqtisadi əməkdaşlığın təşviqi üçün yeni metodların araşdırılması daxil olmaqla, üç dövlətin biznes dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa əlaqələrin davam etdirilməsinə hazır olduqlarını bildirdilər; Dövlətlərin, mümkün olduğu təqdirdə beynəlxalq təşkilatlarda müvafiq namizədliklərini dəstəkləmək vasitəsilə də daxil olmaqla, fəal əməkdaşlığını yüksək qiymətləndirdilər; Üçtərəfli tədbirlər və layihələr vasitəsilə ölkələrin gəncləri və idmançıları arasında dostluq, qardaşlıq və qohumluq bağlarını möhkəmləndirmək istəklərini bəyan etdilər; Azərbaycan Respublikasının 11-22 noyabr 2024-cü il tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu iclasına (COP29) ev sahibliyinə seçilməsini alqışladılar. Nazirlər görüşün uğurlu təşkilinə görə Azərbaycan Respublikasının Xarici İşlər Naziri zati-aliləri Ceyhun Bayramova dərin minnətdarlıqlarını ifadə etdilər. Üçtərəfli görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladılar və Onuncu Üçtərəfli Görüşün 2025-ci ildə qarşılıqlı razılaşdırılacaq tarixlərdə Türkiyədə keçirilməsinə qərar verdilər. 15 mart 2024-cü il tarixində, Bakıda, ingilis dilində imzalandı. Azərbaycan Respublikasının Xarici İşlər Naziri Zati-aliləri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Naziri Zati-aliləri İlya Darçiaşvili Türkiyə Respublikasının Xarici İşlər Naziri Zati-aliləri Hakan Fidan".
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib. Sozcu.az xəbər verir ki, söhbət zamanı Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olunub. Dövlət başçısı vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçilər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarı ilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib. APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb. Nazir Fidanın Bakıya yerli vaxtla saat 23:55-də (Türkiyə vaxtı ilə 22:55) çatdığı bildirilib. Xarici işlər naziri Fidan sabah (cümə günü səhər) Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda da iştirakı gözlənilir.
Ermənistan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün müraciət edə bilər, ölkənin icmaya inteqrasiyası ilə bağlı növbəti qərar bütün Aİ ölkələrinin razılığından asılıdır. Sozcu.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Avropa Komissiyasının nümayəndəsi Piter Stano deyib. “Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək naminə səy göstərmək hüququ var. Aİ-yə üzvlüklə bağlı hər bir Avropa ölkəsi - onun xalqı və hökuməti İttifaqa üzv olmaq üçün müraciət edib-etməyəcəyinə qərar verməlidir”,-deyə Stano vurğulayıb. Onun sözlərinə görə, hər hansı dövlət Aİ-yə daxil olmaq üçün müraciət edən kimi üzv dövlətlər bu müraciəti nəzərdən keçirir və sonra Aİ müqavilələri və müəyyən edilmiş meyarlar əsasında müvafiq qərar qəbul edirlər.
Müsavat Partiyasının başqanı Arif Hacılı başqan müavini, tanınmış vəkil Osman Kazımovu 60 yaşının tamam olması münasibəti ilə təbrik edib. Təbrikdə deyilir. " Hörmətli Osman bəy! Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram. Siz gənc yaşlarınızdan Milli Azadlıq Hərakatına qoşulmuş, Azərbaycanın istiqlalı və azadlığı uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri olmusunuz. Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq pariyanın təşkilatlanması, təsir imkanlarının artması üçün yorulmadan çalışmısınız. Ölkədə demokratik cəmiyyətin qurulması üçün müxtəlif siyasi tədbirlərdə, kütləvi aksiyalarda fəal iştirak etmisiniz. 1992-93-cü illərdə, Milli hakimiyət dövründə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının müavini olaraq bacarıqlı vəzifə adamı kimi əhalinin xidmətində durdunuz, ərazi bütövlüyümüzün təmin olunması üçün ön cəbhədə oldunuz. Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınması üçün mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir. Siz bu gün də Divan üzvü və başqan müavini kimi təşkilatın idarə olunmasında, partiyanın fəaliyyətinin güclənməsi, təbliği, müsavatçılıq ideologiyasının yayılması üçün çalışırsınız. Siz həm də uzun müddətdi peşəkar vəkillik fəaliyyəti ilə də məşğul olursunuz və Azərvaycanın ən tanınmış vəkillərindən birisiniz. Professional vəkil kimi Azərbaycan vəkilliyinin nüfuzunun formalaşdırılmasına, vətəndaşlarımızın hüquqlarının bərpası, onların müdafiəsi işinə böyük töhfə vermisiniz. Bir vəkil kimi müdafiə etdiyiniz şəxslərin hüquqlarının tam şəkildə qorunması üçün yorulmadan çalışmış və haqsızlığa qarşı barışmaz olmusunuz. Siz prinsipial, vicdanlı vəkil kimi həmişə haqqın, ədalətin yanındasız. Bu fəaliyyətinizə görə dəfələrlə təqib və və təzyiqlərə məruz qalmısız. Peşəkarlığınız və işgüzarlığınız, eyni zamanda fəal həyat mövqeyiniz cəmiyyətdə və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb. Hörmətli Osman bəy! Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”
“İndi Qarabağ məsələsi artıq bağlanıb, hazırda biz sülhə çox yaxınıq”. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”.
Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfiri dəyişdirmək qərarına gəlib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatında deyilir. Bildirilib ki, Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq barədə qərar qəbul edib. Məlumata görə, kadr dəyişiklikləri ölkənin Baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.
18:01 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. Sozcu.az xəbər verir ki, Migel Anxel Moratinos İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycanın COP29-un sədri seçilməsi münasibətilə təbrik edib. Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib. Qonaq ölkəmizin qazandığı nailiyyətlərin heyranedici olduğunu və Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğuladı. O, BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək verilmiş dəstəyə görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində Dünya Dini Liderlərinin iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək mövzusunda da tədbirlərinin keçiriləcəyi qeyd olundu, bu xüsusda əməkdaşlıq məsələlərinə toxunuldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirildi, onun beynəlxalq səviyyədə ən mühüm platformalardan birinə çevrildiyi vurğulandı. XI Qlobal Bakı Forumunda da dünyanın müxtəlif regionlarını təmsil edən çox sayda iştirakçının olduğu, burada aktual məsələlərin müzakirə ediləcəyi bildirildi. Görüşdə Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda uğurla keçirildiyi və bu ənənənin bundan sonra da davam edəcəyi vurğulandı. BMT-nin Sivilizasiyalar Alyansının Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olaraq öz dəstəyini daim göstərdiyi qeyd edilib. Söhbət zamanı Avropa ölkələrində artan islamofobiya meyillərindən narahatlıq ifadə olunub.
Avropa Parlamenti Ermənistanın AB üzvlüyünə namizədliyi imkanlarını nəzərdən keçirmək üçün qətnamə qəbul edib. Axar.az erməni mediasına istinadla xəbər verir ki, qətnamənin lehinə 504, əleyhinə 4 deputat səs verib, 32 deputat bitərəf qalıb. “Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və öz demokratiyasını gücləndirən sabit islahatlar yoluna davam etsə, bu, AB-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, - qətnamədə qeyd edilir.