Körpələrdə genetik xəstəlikləri aşkarlayan yeni testlər gətirilir

Azərbaycanda körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün yeni testlər tətbiq ediləcək. TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi bu məqsədlə 325 min ədəd müxtəlif növ neonatal skrininq testi sifariş edib. Sozcu.az xəbər verir ki, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin əməkdaşı Vəfa Hacıyevanın sözlərinə görə, genetik xəstəliklərin qarşısının alınması məqsədilə hazırda doğuş aparılan bütün tibb müəssisələrində neonatal skrininq testlərinin tətbiqi məcburidir.

Nazirlikdən ürək xəstəliklərinə qarşı addım: Lipid məktəbi...

Aterosklerozla bağlı xəstəliklər – ürəyin işemik xəstəliyi, infarkt və insult xəstəliklərinin qarşısını almağın yeganə yolu vaxtında profilaktika və müalicədir. Məhz bu səbəbdən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu ölkəmizdə lipid xidmətlərinin yaradılması istiqamətində genişmiqyaslı layihəyə start verib və Azərbaycanda lipid məktəbi yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, institut tərəfindən Azərbaycanda lipid xidmətinin təşkili üçün yol xəritəsi hazırlanıb: “Yol xəritəsinin məqsədi ürək-damar xəstəliklərinin yayılmasının qarşısını almaq və risk qrupunda olan şəxslərin vaxtında aşkarlanmasıdır. Bunun üçün Azərbaycan üzrə lipid məktəblərinin və mərkəzlərinin yaradılması, skrininq proqramlarının həyata keçirilməsi və hər bir xəstə üçün milli reyestr sisteminin qurulması üzərində işlər gedir, keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi aparılır. Lipid xidmətləri çərçivəsində vətəndaşlara yüksək keyfiyyətli tibbi yardım göstəriləcək. Belə ki, lipid profili analizi, irsi hiperkolesterinemiyanın aşkarlanması, mütəxəssis konsultasiyası, genetik testlər tətbiqi həyata keçiriləcək. Xəstələrin davamlı izlənməsi və regionlarda maarifləndirici proqramların keçirilməsi də layihənin əsas hədəflərindəndir”. Qeyd olunub ki, əhalinin geniş maarifləndirilməsi üçün kampaniyalar aparılır: “Xolesterininizi yoxlayın!” şüarı altında sosial şəbəkələrdə, mediada və tədris materiallarında maarifləndirici məzmun paylaşılacaq, risk qrupları üçün xüsusi seminar və təlimlər təşkil ediləcək.

Nazirli əhaliyə müraciət etdi - Peyvənddə iştirak edin

“Havaların soyuması ilə əlaqədar hava-damcı üsulu ilə ötürülən virus infeksiyalarının yayılmasında artımlarım olması epidemioloji qanunauyğunluq olaraq hər il təkrarlanır. Hazırda, hələ ki, epidemioloji durum sabit olaraq qalır, keçən illə müqayisədə yoluxma sayında artımlar qeyd olunmur”. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edilir: “Əhali arasında respirator və ümumi əlamətlərlə müşayiət edilən hallar müxtəlif kəskin respirator viruslar tərəfindən törədilir. Bu tip infeksiyalar arasında daha çox fəsadlaşa bilən qrip infeksiyasıdır ki, buna qarşı sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edirik”. Təyyar Eyvazov qeyd edib ki, bundan başqa xəstələnmiş insanların aktiv aşkarı və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplaşmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə, əl gigiyenasına riayət olunması, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalması üçün önəm daşıyır. (Mənbə APA)

"Müalicəsi bahalı olan xəstəliklərin dərmanlarını dövlət qarşılamalıdır" - Aydın Əliyev

"Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında radioloq Aydın Əliyev deyib. O bildirib ki, hazırda dərman idxalı sahəsində monopoliya hökm sürür: “Bu əslində yeni yox, köhnə problemdir. Çünki Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır. İkincisi, dərman sahəsində hazırda monopoliya var. Yəni ölkəyə yalnız bəlli şəxslər ancaq dərman idxal edə bilir və istədiyi qiyməti qoyurlar. Əgər bu məsələ sərbəst olsa, digər imkanlı şəxslər və dərman biznesi ilə məşğul olan insanlar rahat şəkildə müxtəlif ölkələrdən dərman idxal edə bilsə, dərman bol, qiymətləri isə münasib olacaq. Hər şey tələb-təklifə bağlıdır. Lakin buna şərait yaratmırlar”.  Həkim vurğulayıb ki, bəzi xəstəliklərin dərman və müayinə xərclərini dövlət qarşılamalıdır: “Onkoloji xidmət ölkədə bərbad vəziyyətdədir. Müalicəsi bahalı olan xəstəliklərin dərmanlarını dövlət qarşılamalıdır. Birinci növbədə onkoloji xidmət heç də yaxşı vəziyyətdə deyil. Adı dövlət hesabına olsa da, təəssüflər olsun ki, xəstələr ödəniş etməyə məcbur olurlar. Ödəniş etməyən xəstəyə isə yuxarıdan aşağı baxırlar. Sistemdə dəyişiklik olmalıdır. Orqan köçürülməsi, onkoloji xəstəliklər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlərin şəxsi vəsaitləri müalicəyə bəs etmir. Digər tərəfdən, sosial şəbəkələrdə tez-tez müalicəyə ehtiyac olan və köməklik üçün müraciət edən vətəndaşlar qarşımıza çıxır. Eyni zamanda məlum verilişlər xəstələri efirə çıxararaq, həmin şəxslər üçün pul yığırlar. Bu ayıbdır. Belə ağır xəstələr niyə dövlətə müraciət edib, rahat şəkildə müalicə ala bilməməlidir? Bu məsələlər həll edilməlidir”. Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin dünən keçirilən iclasında bildirib ki, dərman vasitələri cəmiyyətimizi narahat edən məsələdir. Deputat qeyd edib ki, seçicilər görüşlərdə dərmanların qiymətlərindən də narazılıqlarının bildirirlər.

Bu ölkədə xərçəng əleyhinə vaksin istehsal olundu

Rusiya xərçəng əleyhinə hazırladığı vaksin sınaqları uğurla tamamlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Vaksinin üzərində aparılan araşdırlmaların nəticəsində təkrar tətbiqlərdə belə təhlükəsiz və yüksək effektivlik göstərdiyi məlum olub. Tədqiqatçılar şişlərin ölçüsündə azalma və inkişaf tempinin yavaşlamasını müşahidə ediblər. Bu göstəricilər xəstəliyin xüsusiyyətlərindən asılı olaraq 60%-dən 80%-ə qədər dəyişib. Bundan əlavə, vaksin sayəsində sağ qalma göstəricilərinin də artdığı müəyyən olunub. Vaksinin ilkin hədəfi yoğun bağırsaq (kolorektal) xərçəngi olacaq. Peyvəndin artıq istifadəyə hazır olduğu da bildirilib.

Ağır xəstələr 3 aydır dərmansız qalıb – Azərbaycanda "Dimerast" böhranı

Azərbaycanda dağınıq skleroz (MS) xəstələri üçün həyati vacib sayılan "Dimerast" dərmanı artıq üç aydır ki, tapılmır. Dövlət qurumları da dərmanın çatışmadığını təsdiqləyib. Apteklərdə satılan ehtiyatlar tükənib və xəstələr dərmansız qalıb. Pasiyent şikayətləri MS diaqnozu ilə yaşayan pasiyentlərdən biri Medicina.az-a danışaraq bildirib ki, sonuncu dəfə dərmanı may ayında ala bilib: “Axırıncı dəfə mayda götürmüşük. İyun ayında getdik, dedilər ki, yoxdur. Ondan sonra özümüz axtarmağa başladıq. "Dimerast" heç yerdə tapılmır, əvəzedicisi "Tekfidera" var. "Dimerast" gəlmədiyi üçün apteklər onun da qiymətini qaldırır. Birinci ay 350 manata almışdım, ikinci ay 400, üçüncü ay 450 manat ödədim. İndisə ümumiyyətlə, tapa bilmirik. Xüsusi apteklər satır, amma hər adama vermirlər. Bu, dəhşətdir, xəstələri üç ay dərmansız qoymaq nə deməkdir?!” Digər pasiyentlər də dərmanın tapılmaması səbəbindən müalicələrinin yarımçıq qaldığından şikayətlənirlər. Bəziləri maddi imkanına görə həbləri gündəlik yox, günaşırı qəbul edir: “Axır vaxtlar bir həb qəbul edirəm ki, heç olmasa, yola verim. Öz pulumuzla belə dərmanı tapa bilmirik”. Qiymətlər qalxır, dərman isə yoxdur Əvvəllər dövlət təminatı ilə yanaşı, "Dimerast" bəzi apteklərdə də satılırdı. Hazırda isə nə dövlət xəstəxanaları, nə də apteklər bu dərmanı verə bilir. Əvəzində pasiyentlərə təklif olunan "Tekfidera" bahadır, həm də əlçatan deyil. Qiyməti hər ay artmaqla yanaşı, bəzi apteklərdə yalnız tanışlıq vasitəsilə satıldığı iddia olunur. TƏBİB: Problem istehsalçı ilə bağlıdır TƏBİB-dən Bakupost.az-a bildirilib ki, dərman təminatında yaşanan problem istehsalçı ilə bağlıdır və yaxın zamanlarda həllini tapmalıdır. Maraqlıdır, TƏBİB-dən yaxın zaman deyərkən hansı müddəti nəzərdə tuturlar? Bir həftə, bir ay yoxsa, daha uzun müddət? Bəlli deyil. Vəziyyət isə doğrudan da acınacaqlı və dözülməzdir. Məsələ burasındadır ki, Azərbaycanda 2 minə yaxın pasiyent dağınıq sklerozdan əziyyət çəkir. Onların arasında 13 yaşdan aşağı uşaqlar da var. Uzun müddət dərmanın tapılmaması bu xəstəlikdən əziyyət çəkənlərin səhhətində ciddi ağırlaşmalara yol aça bilər. Çünki dağınıq sklerozun müalicəsində fasiləyə yol verilə bilməz. Hər keçən gün xəstələrin vəziyyətini daha da ağırlaşdırır. Sistemdəki boşluqlar Qeyd edək ki, dövlət tərəfindən təmin olunan preparatlarla bağlı oxşar problemlər mütəmadi olaraq gündəmə gəlir. Hər dəfə aydın olur ki, bir sıra həyati vacib dərmanlarla bağlı ehtiyatlar yoxdur, səhiyyə qurumları belə vəziyyətlər üçün "B" planına malik deyil və bu cür məsuliyyətsiz yanaşma nəticəsində xəstələrin həyatı riskə altındadır. Ötən ilin statistikasına görə, Azərbaycanda 1867 dağınıq skleroz xəstəsi rəsmi qeydiyyatdadır və onların hər biri mövcud dərman böhranının birbaşa təsiri altındadır. Qanunvericiliyə görə, dağınıq skleroz xəstələrinin müalicəsi üçün nəzərdə tutulan preparatlar dövlət tərəfindən tam qarşılanmalıdır. Yəni bu dərmanların apteklərdə kommersiya məqsədilə satılması qanunsuzdur. Əslində bu, yalnız dövlət tədarükü əsasında xəstələrə pulsuz paylanmalıdır. Ancaq xəstələr hazırda öz hesablarına belə bu dərmanı əldə edə bilmirlər...BakuPost)

Öskürək, qusma, ishal – Həkim XƏBƏRDARLIQ ETDİ!

“Yay mövsümündə dənizlə təmas uşaqlar üçün həm fiziki, həm də psixoloji baxımdan faydalıdır. Dəniz havası, günəş və hərəkət immun sistemini gücləndirə bilər. Amma son illərdə biz həkimlər olaraq müşahidə edirik ki, dənizdən sonra uşaqlarda müxtəlif infeksion əlamətlər – öskürək, qızdırma, qusma, ishal və qarın ağrısı ilə müraciətlər artmaqdadır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında pediatır, infeksionist Aytən Ziyadova bildirib. Həkim məsələ ilə bağlı bir sıra məqamları diqqətə çatdırıb: “Bu hallar əsasən iki səbəblə bağlı ola bilər: birincisi, çimərlik suyunun və qumun mikrobioloji baxımdan təmiz olmaması; ikincisi isə gigiyena qaydalarına əməl olunmaması. Uşaqlar qumlu əllə ağızlarına, gözlərinə toxunur, dəniz suyunu udurlar və bu, virus, bakteriya və parazitlərin orqanizmə keçməsi üçün şərait yaradır.  Qeyd etməliyəm ki, bu simptomlar sadəcə soyuqdəymə deyil, rotavirus, adenovirus, enterovirus, bəzi hallarda isə bağırsaq parazitləri ilə bağlı ola bilər. İnfeksiya əlamətlərini ciddiyə almaq və vaxtında həkimə müraciət etmək vacibdir”. A.Ziyadova uşaqları dəniz və çimərlik infeksiyalarından qorumaqla bağlı valideynlərə aşağıdakı tövsiyələri verib: “Çox sadə, amma vacib qaydalara riayət etməklə bu riskləri minimuma endirmək mümkündür: Yalnız rəsmi və sanitar nəzarətdən keçmiş çimərliklərə gedilməlidir. Uşaq dənizdən çıxan kimi təmiz su ilə yuyulmalı, islanmış geyim dərhal dəyişdirilməlidir. Qumla oynayan uşaqların əlləri tez-tez yuyulmalı, gigiyena öyrədilməlidir. Yeməklər mütləq ev şəraitində hazırlanmalı, su isə butulkada verilməlidir. Əgər uşaqda halsızlıq, qızdırma, qusma və ya ishal yaranarsa, dərhal pediatr-infeksionistə müraciət edilməlidir – çünki vaxtında müdaxilə daha ciddi fəsadların qarşısını alır”.

Hava bu insanlar üçün əlverişsiz olacaq - Xəbərdarlıq

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 31-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Uşaqlar arasında yayılan xəstəliklər... - Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan xəstəliklərə aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, nazirlikdən APA-ya bildirilib ki, hazırda ölkə üzrə yoluxucu xəstəliklərlə bağlı səhiyyə müəssisələrinə edilən müraciətlərin sayında nəzərəçarpacaq artım qeydə alınmayıb. Bildirilib ki, uşaqlarda rast gəlinən hallar əsasən, yüngül simptomlarla müşayiət olunur və qısa müddətdə sağalma ilə nəticələnir: “Dövlət Sanitariya Nəzarəti müəssisələri epidemioloji durumu daim nəzarətdə saxlayır və zəruri profilaktik tədbirlər görülür. Valideynlərdən xahiş olunur ki, uşaqların gigiyenası, qidalanması, uzun müddət qızmar günəş altında qalmasına və immun sistemini dəstəkləyən rejimlərinə diqqət yetirsinlər”. Qeyd edək ki, bir müddətdir uşaqlar arasında yüksək qızdırma, halsızlıq, iştahasızlıq müşahidə olunur.

Xırdalanda 4 yaşlı uşaq qızdırmadan öldü

Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib. İyulun 22-si saat 01 radələrində 2021-ci il təvəllüdlü Aybars Kərimlinin yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospektindəki evdə hərarəti yüksəlib. Nəticədə azyaşlı yüksək temperaturun yaratdığı fəsadlardan vəfat edib. Faktla bağlı araşdırmalar aparılır. Qafqazinfo)

Azərbaycanda xərçəng xəstələrinin sayı artdı

Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub. Məlumata əsasən onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub. Qeyd edilib ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub.

Azərbaycanda qızılcaya neçə nəfər yoluxub? - Rəsmi cavab

Hazırda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, ölkədə epidemiloji vəziyyət sabitdir. Bildirilib ki, Azərbaycanda kifayət qədər həm uşaqların vaksinasiyası üçün Qızılca-Parotit-Məxmərək peyvəndi, həm də böyük yașlı əhali üçün Qızılca-Məxmərək peyvəndi mövcuddur.