Qızılca Azərbaycanda daha bir uşağın həyatına son qoydu

Şəkidə altı yaşlı uşaq xəstəxanada ölüb. Yanvarın beşindən altısına keçən gecə rayonun Sarıca kənd sakini, altı yaşlı Yusif müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib. Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir. Qeyd edək ki, son bir ay ərzində ölkədə qızılca xəstəliyindən 10-dək uşaq dünyasını dəyişib.

Alimlər immuniteti gücləndirən virus aşkarlayıblar

Rusiyalı tədqiqatçılar VSV virusu bazasında yeni onkolitik preparat yaradıblar, o, təkcə xərçəng hüceyrələrini məhv etmir, həm də şişlə daha fəal şəkildə mübarizə aparmaq üçün immuniteti gücləndirir. Sozcu.az report.az-a istinadla xəbər verir ki, bu barədə tədqiqatçıların "International Journal of Molecular Sciences" elmi nəşrində dərc edilmiş məqaləsində qeyd edilir. Bildirilir ki, bu virus siçanlarda implant edilmiş şişlərin böyüməsini əhəmiyyətli dərəcədə yavaşladıb və ömürlərini uzadıb. "VSV virusunun bir çox üstünlükləri var, ona qarşı immunitet yoxdur, onun genomuna düzəliş etmək asandır və eyni zamanda o, çoxlu sayda hüceyrə növlərində sürətlə inkişaf edə bilir. Bundan əlavə, ondan immuniteti gücləndirən molekulları şişlərə ötürmək üçün istifadə edilə bilər. Bunu nümayiş etdirmək üçün biz iki oxşar maddənin, IL-12 və GM-CSF-nin istehsalını təşviq edən virus yaratmışıq", - deyə tədqiqatda deyilir. "Sirius" Universitetinin Translyasiya Təbabəti Elmi Mərkəzinin Gen terapiyası istiqamətinin rəhbəri Aleksandr Karabelskinin rəhbərlik etdiyi bioloqlar qrupu bu cür virusların immun sistemini daha da gücləndirəcəyi və şişlə daha fəal mübarizə aparmağa məcbur edəcəyi şəkildə modifikasiya edildiyi təqdirdə onların effektivliyini artırmağın mümkün olub-olmaması barədə danışıb. Belə ki, alimlər VSV virusunun genomunu elə bir şəkildə modifikasiya ediblər ki, o həm şiş hüceyrələrini aktiv şəkildə məhv edib, həm də onları çox miqdarda IL-12 və GM-CSF zülalları istehsal etməyə vadar edib. Həm anadangəlmə, həm də qazanılmış immunitet formasının fəallığını artıran və şişlərlə mübarizə aparan dendritik hüceyrələrin yetişməsini sürətləndirən immunitet sisteminin siqnal molekullarıdır. Bioloqlar tərəfindən aparılan müşahidələr onu göstərir ki, VSV virusunun hər iki variasiyası əhəmiyyətli dərəcədə (36-40 faiz) şişlərin böyüməsini yavaşladıb, bunun sayəsində onları qəbul edən siçanlar nəzarət qrupundakı fərdlərdən orta hesabla bir neçə gün daha çox yaşayıblar. Eyni zamanda, immunitetin gücləndirilməsi gəmiricilərin sağ qalmasını artırıb ki, bu da şişlərin daxilindəki aktivləşməyə onun müsbət təsirini sübuta yetirir.

Azərbaycanda daha bir uşaq qızılcadan öldü - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə ölən 4 yaşlı uşaqla bağlı məlumat açıqlayıb. Qurumdan bildirilib ki, serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq 14.12.2023-cü il tarixdə səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib. "Həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib. Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri tərəfindən 14.12.2023-cü il tarixində saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb", - məlumatda qeyd edilib. 09:24 Şəmkirdə 4 yaşlı oğlan uşağı qızılca xəstəliyindən ölüb. Sozcu.az APA-ya istinadən bildirir ki, 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H. Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb. Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır

Zəlzələ qorxusu nədir və ona necə qalib gəlmək olar? - Psixoloqdan AÇIQLAMA

Şiddətindən və yerindən asılı olmayaraq zəlzələ hər kəsi qorxuya salır. Əksər insanlar zəlzələdən sonra təkcə özünün deyil, ailəsinin, yaxın çevrəsinin və bütün dünyanın zərər görəcəyindən narahatlıq keçirir. Bəs, zəlzələ qorxusu ilə necə mübarizə aparmaq lazımdır? Sozcu.az zəlzələ qorxusundan xilas olmağın yollarını təqdim edir: Zəlzələdən sonra keçirilən narahatlıqlar: Yuxu pozğunluqları, kiçik bir hərəkətdən belə qorxmaq, ağlamaq istəyi, sıx narahatlıq hissi, depressiya, davamlı olaraq zəlzələ olacağını düşünmək və zəlzələdə baş verənlərlə bağlı böyük ağrıdan gündəlik həyata davam edə bilməmək. Biz dünyaya təbii fəlakətlərdən əvvəl təhlükəsiz yer kimi baxırıq. Amma hər təbii fəlakətdən sonra dünya ilə yenidən tanış olur və anlayırıq ki, əslində dünya təhlükəsiz yer deyil. Zaman keçdikcə dünya yenidən təhlükəsiz yer kimi hiss olunur. Türkiyəli psixoloq İsmail Aykut Öztürk bu məsələni belə izah edir və zəlzələdən sonra yaşanan qorxulara qarşı alınması lazım olan tədbirləri sadalayıb. Belə anlarda ağlınız pis bir şeyin ola biləcəyinə inanır, ona görə də zəlzələnin baş verməməsi ehtimalı barədə düşünə bilməzsiniz. Çünki narahatlıq və qorxu var. Ancaq dərindən nəfəs alıb həmin anda zəlzələ olmaya biləcəyini düşünmək sizi rahatlaşdıracaq. Bunu yaşadıqdan sonra ertəsi gün yenidən zəlzələ yaşayacağınızdan qorxursunuz və bu proses davam etdikcə əslində qorxmaqdan qorxacaqsınız. Sonra ertəsi gün yenidən zəlzələ qorxusunu yaşayacağınızdan qorxursunuz. Bu proses davam etdikcə əslində zəlzələdən yox, həm də qorxmaqdan qorxacaqsınız. Bütün digər qorxular kimi zəlzələ qorxusu da qəbul olunduqca azalır.  Zəlzələdən sonra insanları ən çox narahat edən qorxu və təşviş kimi görünsə də, əslində bu narahatçılığın yaranmasında “mənfi düşüncələr” ciddi əhəmiyyət kəsb edir. “Yenə zəlzələ olacaq, evdən çıxa bilməyəcəm.”, “Sağ qalsam da, sevdiklərim bacarmasa, həyatıma necə davam edəcəyəm?”, “Dağıntılar altında qalsam, kim məni xilas etməyin neçə saat çəkəcəyini bilir?", "Mən orada ac-susuz necə qala bilərəm?" Bu kimi fikirlər ağlınıza gəldikdə, onları rədd etmək əvəzinə bu düşüncələrdən qaçmamaq və onlarla üzləşmək lazımdır. Onları yenidən şərh etmək sizi zehni və fiziki cəhətdən rahatlaşdıracaq. Mənfi düşüncələri rədd etmədən, onlar haqqında düşünməyə davam etmək lazımdır. “Zəlzələ olanda ev yıxılmaya bilər.”, “Zəlzələ olsa belə, yaxınlarıma və mənə ziyan dəyə bilməz.”, “Eşitdiyim bu səslər zəlzələdən yaranmaya bilər.”, “ Zəlzələ olduğu üçün yata bilmirəm, amma nə qədər ki, tədbir görməmişəm, yatıb yatmaq arasında heç bir fərq olmayacaq”. kimi cümlələr qurmağı da bacarmaq lazımdır. Bu, təkcə neqativlərə deyil, həm də müsbətə diqqət yetirmək üçün yol açır. Ehtiyat tədbirləri görmək həmişə qorxunu azaldır. Buna görə də riskli binada yaşasanız, zəlzələ çantası hazırlamasanız, zəlzələ zamanı necə davranacağınızı düşünməsəniz və s. qorxu və narahatlıq səviyyəniz artacaq.BAKU.WS)

Sığınacaqda 40-a yaxın uşaq qızılcaya YOLUXDU

Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında yaşayan 40-a yaxın uşaq qızılcaya yoluxub. Bu barədə Sozcu.az-a Birliyin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib. O deyib ki, yoluxanlardan 15-i artıq sağalıb, digərləri müalicə üçün xəstəxanaya yerləşdirilib. "Uşaqlardan 40-a yaxını virusa yoluxub. Onlardan 15-ə yaxını artıq sağalıb. Uşaqlarımız hazırda 1 nömrəli Uşaq Yoluxucu Xəstəxanasında müalicə olunur. Yoluxan uşaqlar qızılcaya görə peyvənd olunmayıb. Baxımsız şəraitdən gəldiklərinə görə peyvəndlərlər bağlı məlumatımız olmur. Çünki sığınacaqda olan uşaqların əksəriyyəti sənədsizdir", - Rüfət Zəkizadə bildirib.

Daha bir məktəbdə qızılca: 9 şagird, 1 müəllim...

Bakıda 20 nömrəli məktəb-liseydə şagirdlərin kütləvi şəkildə qızılcaya yoluxması ilə bağlı iddialar yayılıb.  Sozcu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilir.  Məktəbdən bildirilib ki, 20 nömrəli məktəb-liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub. Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil: "Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb".

10 yaşa qədər uşaqlar tez bir zamanda… – Səhiyyə Nazirliyi

2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin, qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur. Səhiyyə Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. “Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir. Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədi ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar. Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur”, – qeyd olunub.

Qızılcanın insanlar üçün yaratdığı TƏHLÜKƏ AÇIQLANDI

“Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma saylarında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm də koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin yenidən alovlanması səbəb olub”. Bunu “Report”a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib. Onun sözlərinə görə, müraciətlər arasında respirator viruslar üstünlük təşkil edir: “Pasiyentlər həm qrip, həm pnevmoniyadan ağırlaşma ilə gəlir. Xatırladım ki, bu gün poliklinikaların hamısında qrip peyvəndi var. Nəzərinizə çatdırım ki, bütün yoluxuculuq qabiliyyəti yüksək olan xəstəliklərin qarşısının alınmasında peyvənd ən yaxşı çıxış yoludur”. Həkim-infeksionist vurğulayıb ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidimoloqlar müəyyən edirlər: “Hazırda ölkədə yayılması davam edən qızılca xəstəliyinə hələ kütləvi yoluxmalar qeydə alınmayıb. Amma bilməliyik ki, qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və müalicəsi olmayan bir çox xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”. L.Qalimova əlavə edib ki, immun sistemi zəif olan şəxslər yoluxucu xəstəliklərə tez yoluxurlar: “Yüksək risk qrupuna 5 yaşdan aşağı olan immuniteti zəif olan uşaqlar, onkoloji, revmotoloji xəstəliyi olanlar, kimya terapiya alanlar, immun sistemi pozitiv İİV xəstələri aiddir. Artıq ölkə üzrə qrip əleyhinə peyvəndləmə işlərinə də başlanılıb. Hazırda bütün səhiyyə qurumları xəstəliyin yayılmasının profilaktikası, erkən aşkarlanması, xəstələrin müşahidəsi, zəruri hallarda stasionar müalicə ilə təmin olunması istiqamətində sıx əməkdaşlıq edirlər”. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, bir çox ölkədə uşaqlar arasında naməlum tənəffüs yolu virusu sürətlə yayılır. Buna əsas kimi COVID-19 məhdudiyyətlərinin aradan qaldırılması, payız-qış mövsümünün başlaması, həmçinin qrip və digər virusların yayılması göstərilir. Xatırladaq ki, Azərbaycanda əhalinin qrip əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Eyni zamanda orta və yaşlı əhalinin qızılcaya qarşı da vaksinasiya olunması nəzərdə tutulur.

Hər dəqiqədə 1 nəfəri öldürən xəstəlik: Ölkəmizdə vəziyyət necədir?

Hər il dekabrın 1-i Ümumdünya Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə Mübarizə Günü qeyd edilir. İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Həmin xəstəliklə əlaqədar tez-tez beynəlxalq səviyyədə genişmiqyaslı tədbirlər təşkil olunur. BMT-nin məlumatına görə, dünyada hər 4 dəqiqədə QİÇS-dən bir nəfər ölür. Hər həftə 4000 nəfər İİV-ə yoluxur və İİV-lə yaşayan 39 milyon insandan 9,2 milyonu müalicə ala bilmir. Məlumata görə, region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Ümumilikdə ölkəmizdə ilk dəfə sözügedən infeksiyaya yoluxma halı 1987-ci ildə aşkar edilib. Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır. Bu ilin 11 ayı ərzində 792 nəfərdə İİV infeksiyası aşkarlanıb. Onların 761 nəfəri Azərbaycan vətəndaşıdır. Bu günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyasının və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. QİÇŞ-lə bağlı ən böyük problemlərdən biri bu xəstəliyə yoluxan insanların cəmiyyətdən təcrid edilməsidir. Səhiyyə Nazirliyinin həkim-eksperti Zakir Quliyev Modern.az-a açıqlamasında deyib ki, hazırkı dövrdə QİÇS o qədər də qorxulu xəstəlik deyil. "Bunun müalicə yolları var, sözügedən xəstəlikdən əziyyət çəkənləri digər insanlardan kənar tutmaq düzgün deyil. Günümüzdə bir çox dərman preparatları var ki, rahat şəkildə QİÇS-in müalicə edilməsində yardımçı olur. Bu infeksiyaya yoluxan insanları cəmiyyətdən xaric etmək doğru deyil. QİÇS qucaqlaşmaq, toxunmaq  və s. yollarla yox, birbaşa qan vastiəsilə keçir", - o qeyd edib. Ekspert deyir ki, uşaq yaşlarından maarifləndirmə doğru qaydada aparılarsa, qorunmağın nə qədər önəmli olduğu deyilərsə, xəstəliyin qarşısını almaq bir o qədər mümkün olar. "Həmin infeksiyadan uzaq durmaq üçün narkotik vasitələrdən də qaçmaq mühümdür. Onu da qeyd edim ki, Azərbaycanda da sözügedən xəstəliyə qarşı ciddi mübarizə tədbirləri mütəmadi şəkildə görülür”.

Məktəblər qızılcaya görə bağlanacaq? - Nazir

Hazırda qızılcaya yoluxma ilə bağlı rəsmi saylara görə məktəblərdə qapanmağa getməyi planlaşdırmırıq. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, növbəti günlərdə təhlillərə əsasən, kütləvi yoluxma olsa, distant təhsilə keçmək barədə qərar verilə bilər: “Hazırda bütün məlumatlar toplanılır. Ayrı-ayrı məktəblərdən bu tipli məlumatlar daxil olur. Amma say təşvişə səbəb olacaq həddə deyil. Aidiyyəti qurumlarla birgə işləyirik. Mütəxəssislərin tövsiyəsi ilə kütləvi yoluxma olsa və təhlükəli hal qeydə alınsa, sinif və ya məktəb distant təhsilə keçid edə bilər”.

Zəhərə çevrilən həyat mənbəyi: Havada dəm qazının artmasının QORXUNC FƏSADLARI

“Son günlər Bakı şəhərində və Abşeron yarımadasında havada dəm qazının miqdarının artmasının fəsadları özünü kəskin şəkildə göstərməkdədir. Əsasən də meteohəssas, qan təzyiqi, şəkər və endokrin xəstəliyinin digər formalarından şikayət edən insanlar bundan çox əziyyət çəkirlər”. Bu sözləri terapevt Abbas Bağırov Bizim.Media-ya açıqlamasında bildirib.  Dəm qazının karbon qazına nisbətən bir neçə dəfə çox toksiki-zəhərli təsirə malik olduğunu söyləyən terapevt onun qan zülalları ilə birləşdiyini və bütün toxumalara daşındığını diqqətə çatdırıb: “Bununla da toxumaların mübadilə prosesini ciddi şəkildə pozur. Ağır dəm qazından zəhərlənmə halları bununla əlaqədardır. Buna görə də ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və digər rəsmi qurumlar əhali arasında təlimatlandırma və maarifləndirmə prosesinə başlamalı, bununla ciddi məşğul olmalıdır”. Onun sözlərinə görə, bu qazın miqdarı qanda artdıqda hüceyrələrdə kəskin hipoksiya, yəni oksigen çatışmazlığı yaradır: “Bunun fonunda da membranın keçiriciliyi dəyişir, tormozlanır, beyin qidalanması pozulur, hətta dəm qazından ağır zəhərlənmələrə səbəb olur və ölüm halları baş verir”.  Müsahibimiz onu da əlavə edib ki, atmosferdə dəm qazının miqdarının artması insanlarda kütləvi şəkildə ümumi yorğunluğa səbəb olur:  “Eyni zamanda, baş ağrıları, beyin yorğunluğu, ürək döyüntülərinin artması, ətrafa diqqətin pozulması kimi hallarla özünün göstərir. Əsasən də, meteohəssas və yaşlı insanlarda kəskin baş ağrıları, baş dönmələri və göz qaralmaları baş verir. Son günlərin praktiki göstəriciləri də bunu açıq şəkildə göstərir”.  Həkim, dəm qazının atmosferdə artmasının başlıca səbəbini əhali sıxlığı ilə əlaqələndirib: “Son illər Bakı şəhərində və Abşeron yarımadasında da əhalinin çox sıx şəkildə yerləşməsi avtomobillərin sayının çoxluğu, sənaye müəssisələrinin fəaliyyəti nəticəsində dəm qazının miqdarı çoxalır. Digər tərəfdən isə atmosferdə zəhərlənmələr artıb. Ona görə ki, dünyada ağır müharibələr gedir. Bu zaman yaranan reaksiyalar atmosferdə birləşir və bütün dünyaya yayılır”.  Qeyd edək ki, bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhərində dəm qazının normadan çox olduğunu açıqlayıb.  Məlumata görə, gün ərzində Bakının havasında dəm qazının miqdarı normadan 1,2 dəfə yüksəkdir.

TƏBİB-dən qızılca ilə bağlı AÇIQLAMA

"Media nümayəndələrindən daxil çoxsaylı müraciətlərə cavab olaraq bildirmək istəyirik ki, hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Bir çoxunuza məlum olduğu kimi, ölkəmizdə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə ümumiyyətlə, yoluxma olmayıb, ən yüksək yoluxma isə 2018-ci ildə qeydə alınıb. Bu da daha çox 40 yaşdan yuxarı əhali arasında müşahidə olunub və dövlət tərəfindən təqvimdən kənar peyvənd kampaniyalarına başlanılıb". Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılmışdır. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar. "Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir. Nəzərinizə çatdırmaq istəyirik ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir. Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur. Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır. Əlavə edək ki, qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır", - qurumun məlumatında vurğulanıb.