2026-ci il yanvarın 1-dən Azərbaycanda bütün ölkə üzrə İcbari tibbi sığortadan pulsuz istifadə dövrü böyük əhali qrupu üçün bitir və səhiyyədə çətin dövr başlayır. “Medicina” xəbər verir ki, işləməyən, vergi ödəməyən, rəsmi iş yeri olmayan hər kəs əlavə olaraq aylıq tibbi sığorta haqqı ödənişi etməsə, 90% tibbi xidmətdən pulsuz istifadə edə bilməyəcək. Əsas məsələlərdən biri təcili təxirəsalınmaz yardım və doğuşdur. Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz olaraq göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır. Bəs yeni ildən hamilə qadınların doğuş məsələsi necə olacaq. Bu xidmət qadının işləməsindən və ödənişindən asılı olmayaraq, yenə də İTS-lə qarşılanacaqmı? Əgər yeni qaydalar qanunla qüvvəyə minərsə, o zaman rayonlar da daxil olmaqla doğuş və keysəriyyədə ciddi riskli vəziyyətlər yarana bilər. Mövzu ilə bağlı sualları İcbari Tibb Sığorta üzrə Agentliyə yönləndirdik. Rəsmi məlumatda bildirildi ki, “bu məsələlər “Tibbi Sığorta haqqında Qanunla tənzimlənir. Bu qərarlar qanunverici orqan Milli Məclis tərəfindən qəbul olunur. Hələ ki, 2026-cı il üçün qeyd olunan məsələlər və işləməyən əhali kateqoriyası üçün ödənişli tibbi xidmət belə qanunla qəbul olunmayıb. Bu sadəcə gündəndə olan məsələdir. Belə bir qanun qüvvəyə minərsə, ona uyğun şərtlər açıqlanacaq”.
Səhiyyə Nazirliyi genetik analizlərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınmasını təklif edir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanematoloq Yeganə Abbasova Sumqayıtda keçirilən "Regionda ilk: Meyitdən orqan nəqli. Uğurlu təcrübədən gələcəyə doğru" Beynəlxalq Elmi Konfransında deyib. O qeyd edib ki, sümeli və kök hüceyrə transplantasiyası üçün bu analizlər vacibdir: "Xatırlatmaq istəyirəm ki, hazırda ümumilikdə 1021 nəfər müxtəlif orqanların çatışmazlığından əziyyət çəkdiyindən növbədədir".
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək. Sozcu.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edilib ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə biləcək. Qüvvədə olan qanuna əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Müayinə və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.
Son zamanlar Azərbaycanda əhali arasında infeksion xəstəliklərə yoluxma halları artıb. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yüksək hərarət, boğaz ağrısı, burun axması və öskürəklə müşayiət olunan xəstəliyə daha çox uşaqlar arasında rast gəlinir. Belə ki, virus günlərlə davam edir, sürətlə yayılır və böyüklərə də keçir. Xüsusilə də məktəblər, uşaq bağçaları kimi ictimai yerlərdə yayılan qripəbənzər virus insanların təşvişinə səbəb olub. Hətta yayılan virusun COVID ştamı olması ehtimalları da var. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərovanın sözlərinə görə, yayılan xəstəlik mövsümi xarakter daşıyır: “Son dövrlər xüsusən uşaqlar arasında infeksion xəstəliklər yayılıb. Bu, mövsümi xəstəlikdir. COVID ştamı da ola bilər, onu təsdiqləmək üçün virusoloji müayinə metodları aparılmalıdır. Bunun yoxlanmamış, təsdiqlənməmiş COVID olduğunu deyə bilmərik. Həmçinin rotavirus, adenovirus və digər viruslar da ola bilər. Uşaqlar arasında daha çox yayılıb. Uşaqlar adətən yoluxduran olur”. O hesab edir ki, hazırda ölkəyə gətirilən qrip əleyhinə peyvəndlər də bunun müəyyən qədər qarşısını alacaq: “Peyvəndləmədən bəzən bizim insanlarımız qorxurlar. Əslində peyvənd ancaq ağırlaşmanın qarşısını almaq üçündür. Bu virusa yoluxsa da, həmin şəxsdə ağırlaşma olmayacaq”. K.Cəfərova bildirib ki, əhali ənənəvi qorunma yollarından istifadə etməli, maska taxmalı, digər şəxsləri yoluxdurmamağa çalışmalıdır: “Əgər uşaq xəstədirsə, bağçaya, məktəbə göndərmək olmaz. Bu virus infeksiyasının daşıyıcısı olmasınlar, digər uşaqları da yoluxdurmasınlar. Uşaqlarda immun sistemi zəif olduğuna görə onlar bu virusu daha ağır keçirirlər. İstirahət rejimi, bol maye qəbul etmək, yüksək temperatur olarsa, hərarət salıcı dərmanlardan istifadə tövsiyə olunur”. Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə qarşı vaksinlər gətirilib. Oktyabrın 8-dən etibarən əhali arasında vaksinasiyaya başlanılıb. Xüsusilə səhiyyə işçilərinin, hamilələrin, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı körpələrin qripə qarşı peyvənd olunması tövsiyə edilir.
Azərbaycanda körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün yeni testlər tətbiq ediləcək. TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi bu məqsədlə 325 min ədəd müxtəlif növ neonatal skrininq testi sifariş edib. Sozcu.az xəbər verir ki, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin əməkdaşı Vəfa Hacıyevanın sözlərinə görə, genetik xəstəliklərin qarşısının alınması məqsədilə hazırda doğuş aparılan bütün tibb müəssisələrində neonatal skrininq testlərinin tətbiqi məcburidir.
Aterosklerozla bağlı xəstəliklər – ürəyin işemik xəstəliyi, infarkt və insult xəstəliklərinin qarşısını almağın yeganə yolu vaxtında profilaktika və müalicədir. Məhz bu səbəbdən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu ölkəmizdə lipid xidmətlərinin yaradılması istiqamətində genişmiqyaslı layihəyə start verib və Azərbaycanda lipid məktəbi yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, institut tərəfindən Azərbaycanda lipid xidmətinin təşkili üçün yol xəritəsi hazırlanıb: “Yol xəritəsinin məqsədi ürək-damar xəstəliklərinin yayılmasının qarşısını almaq və risk qrupunda olan şəxslərin vaxtında aşkarlanmasıdır. Bunun üçün Azərbaycan üzrə lipid məktəblərinin və mərkəzlərinin yaradılması, skrininq proqramlarının həyata keçirilməsi və hər bir xəstə üçün milli reyestr sisteminin qurulması üzərində işlər gedir, keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi aparılır. Lipid xidmətləri çərçivəsində vətəndaşlara yüksək keyfiyyətli tibbi yardım göstəriləcək. Belə ki, lipid profili analizi, irsi hiperkolesterinemiyanın aşkarlanması, mütəxəssis konsultasiyası, genetik testlər tətbiqi həyata keçiriləcək. Xəstələrin davamlı izlənməsi və regionlarda maarifləndirici proqramların keçirilməsi də layihənin əsas hədəflərindəndir”. Qeyd olunub ki, əhalinin geniş maarifləndirilməsi üçün kampaniyalar aparılır: “Xolesterininizi yoxlayın!” şüarı altında sosial şəbəkələrdə, mediada və tədris materiallarında maarifləndirici məzmun paylaşılacaq, risk qrupları üçün xüsusi seminar və təlimlər təşkil ediləcək.
“Havaların soyuması ilə əlaqədar hava-damcı üsulu ilə ötürülən virus infeksiyalarının yayılmasında artımlarım olması epidemioloji qanunauyğunluq olaraq hər il təkrarlanır. Hazırda, hələ ki, epidemioloji durum sabit olaraq qalır, keçən illə müqayisədə yoluxma sayında artımlar qeyd olunmur”. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edilir: “Əhali arasında respirator və ümumi əlamətlərlə müşayiət edilən hallar müxtəlif kəskin respirator viruslar tərəfindən törədilir. Bu tip infeksiyalar arasında daha çox fəsadlaşa bilən qrip infeksiyasıdır ki, buna qarşı sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edirik”. Təyyar Eyvazov qeyd edib ki, bundan başqa xəstələnmiş insanların aktiv aşkarı və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplaşmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə, əl gigiyenasına riayət olunması, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalması üçün önəm daşıyır. (Mənbə APA)
"Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında radioloq Aydın Əliyev deyib. O bildirib ki, hazırda dərman idxalı sahəsində monopoliya hökm sürür: “Bu əslində yeni yox, köhnə problemdir. Çünki Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır. İkincisi, dərman sahəsində hazırda monopoliya var. Yəni ölkəyə yalnız bəlli şəxslər ancaq dərman idxal edə bilir və istədiyi qiyməti qoyurlar. Əgər bu məsələ sərbəst olsa, digər imkanlı şəxslər və dərman biznesi ilə məşğul olan insanlar rahat şəkildə müxtəlif ölkələrdən dərman idxal edə bilsə, dərman bol, qiymətləri isə münasib olacaq. Hər şey tələb-təklifə bağlıdır. Lakin buna şərait yaratmırlar”. Həkim vurğulayıb ki, bəzi xəstəliklərin dərman və müayinə xərclərini dövlət qarşılamalıdır: “Onkoloji xidmət ölkədə bərbad vəziyyətdədir. Müalicəsi bahalı olan xəstəliklərin dərmanlarını dövlət qarşılamalıdır. Birinci növbədə onkoloji xidmət heç də yaxşı vəziyyətdə deyil. Adı dövlət hesabına olsa da, təəssüflər olsun ki, xəstələr ödəniş etməyə məcbur olurlar. Ödəniş etməyən xəstəyə isə yuxarıdan aşağı baxırlar. Sistemdə dəyişiklik olmalıdır. Orqan köçürülməsi, onkoloji xəstəliklər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlərin şəxsi vəsaitləri müalicəyə bəs etmir. Digər tərəfdən, sosial şəbəkələrdə tez-tez müalicəyə ehtiyac olan və köməklik üçün müraciət edən vətəndaşlar qarşımıza çıxır. Eyni zamanda məlum verilişlər xəstələri efirə çıxararaq, həmin şəxslər üçün pul yığırlar. Bu ayıbdır. Belə ağır xəstələr niyə dövlətə müraciət edib, rahat şəkildə müalicə ala bilməməlidir? Bu məsələlər həll edilməlidir”. Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin dünən keçirilən iclasında bildirib ki, dərman vasitələri cəmiyyətimizi narahat edən məsələdir. Deputat qeyd edib ki, seçicilər görüşlərdə dərmanların qiymətlərindən də narazılıqlarının bildirirlər.
Rusiya xərçəng əleyhinə hazırladığı vaksin sınaqları uğurla tamamlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Vaksinin üzərində aparılan araşdırlmaların nəticəsində təkrar tətbiqlərdə belə təhlükəsiz və yüksək effektivlik göstərdiyi məlum olub. Tədqiqatçılar şişlərin ölçüsündə azalma və inkişaf tempinin yavaşlamasını müşahidə ediblər. Bu göstəricilər xəstəliyin xüsusiyyətlərindən asılı olaraq 60%-dən 80%-ə qədər dəyişib. Bundan əlavə, vaksin sayəsində sağ qalma göstəricilərinin də artdığı müəyyən olunub. Vaksinin ilkin hədəfi yoğun bağırsaq (kolorektal) xərçəngi olacaq. Peyvəndin artıq istifadəyə hazır olduğu da bildirilib.
Azərbaycanda dağınıq skleroz (MS) xəstələri üçün həyati vacib sayılan "Dimerast" dərmanı artıq üç aydır ki, tapılmır. Dövlət qurumları da dərmanın çatışmadığını təsdiqləyib. Apteklərdə satılan ehtiyatlar tükənib və xəstələr dərmansız qalıb. Pasiyent şikayətləri MS diaqnozu ilə yaşayan pasiyentlərdən biri Medicina.az-a danışaraq bildirib ki, sonuncu dəfə dərmanı may ayında ala bilib: “Axırıncı dəfə mayda götürmüşük. İyun ayında getdik, dedilər ki, yoxdur. Ondan sonra özümüz axtarmağa başladıq. "Dimerast" heç yerdə tapılmır, əvəzedicisi "Tekfidera" var. "Dimerast" gəlmədiyi üçün apteklər onun da qiymətini qaldırır. Birinci ay 350 manata almışdım, ikinci ay 400, üçüncü ay 450 manat ödədim. İndisə ümumiyyətlə, tapa bilmirik. Xüsusi apteklər satır, amma hər adama vermirlər. Bu, dəhşətdir, xəstələri üç ay dərmansız qoymaq nə deməkdir?!” Digər pasiyentlər də dərmanın tapılmaması səbəbindən müalicələrinin yarımçıq qaldığından şikayətlənirlər. Bəziləri maddi imkanına görə həbləri gündəlik yox, günaşırı qəbul edir: “Axır vaxtlar bir həb qəbul edirəm ki, heç olmasa, yola verim. Öz pulumuzla belə dərmanı tapa bilmirik”. Qiymətlər qalxır, dərman isə yoxdur Əvvəllər dövlət təminatı ilə yanaşı, "Dimerast" bəzi apteklərdə də satılırdı. Hazırda isə nə dövlət xəstəxanaları, nə də apteklər bu dərmanı verə bilir. Əvəzində pasiyentlərə təklif olunan "Tekfidera" bahadır, həm də əlçatan deyil. Qiyməti hər ay artmaqla yanaşı, bəzi apteklərdə yalnız tanışlıq vasitəsilə satıldığı iddia olunur. TƏBİB: Problem istehsalçı ilə bağlıdır TƏBİB-dən Bakupost.az-a bildirilib ki, dərman təminatında yaşanan problem istehsalçı ilə bağlıdır və yaxın zamanlarda həllini tapmalıdır. Maraqlıdır, TƏBİB-dən yaxın zaman deyərkən hansı müddəti nəzərdə tuturlar? Bir həftə, bir ay yoxsa, daha uzun müddət? Bəlli deyil. Vəziyyət isə doğrudan da acınacaqlı və dözülməzdir. Məsələ burasındadır ki, Azərbaycanda 2 minə yaxın pasiyent dağınıq sklerozdan əziyyət çəkir. Onların arasında 13 yaşdan aşağı uşaqlar da var. Uzun müddət dərmanın tapılmaması bu xəstəlikdən əziyyət çəkənlərin səhhətində ciddi ağırlaşmalara yol aça bilər. Çünki dağınıq sklerozun müalicəsində fasiləyə yol verilə bilməz. Hər keçən gün xəstələrin vəziyyətini daha da ağırlaşdırır. Sistemdəki boşluqlar Qeyd edək ki, dövlət tərəfindən təmin olunan preparatlarla bağlı oxşar problemlər mütəmadi olaraq gündəmə gəlir. Hər dəfə aydın olur ki, bir sıra həyati vacib dərmanlarla bağlı ehtiyatlar yoxdur, səhiyyə qurumları belə vəziyyətlər üçün "B" planına malik deyil və bu cür məsuliyyətsiz yanaşma nəticəsində xəstələrin həyatı riskə altındadır. Ötən ilin statistikasına görə, Azərbaycanda 1867 dağınıq skleroz xəstəsi rəsmi qeydiyyatdadır və onların hər biri mövcud dərman böhranının birbaşa təsiri altındadır. Qanunvericiliyə görə, dağınıq skleroz xəstələrinin müalicəsi üçün nəzərdə tutulan preparatlar dövlət tərəfindən tam qarşılanmalıdır. Yəni bu dərmanların apteklərdə kommersiya məqsədilə satılması qanunsuzdur. Əslində bu, yalnız dövlət tədarükü əsasında xəstələrə pulsuz paylanmalıdır. Ancaq xəstələr hazırda öz hesablarına belə bu dərmanı əldə edə bilmirlər...BakuPost)
“Yay mövsümündə dənizlə təmas uşaqlar üçün həm fiziki, həm də psixoloji baxımdan faydalıdır. Dəniz havası, günəş və hərəkət immun sistemini gücləndirə bilər. Amma son illərdə biz həkimlər olaraq müşahidə edirik ki, dənizdən sonra uşaqlarda müxtəlif infeksion əlamətlər – öskürək, qızdırma, qusma, ishal və qarın ağrısı ilə müraciətlər artmaqdadır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında pediatır, infeksionist Aytən Ziyadova bildirib. Həkim məsələ ilə bağlı bir sıra məqamları diqqətə çatdırıb: “Bu hallar əsasən iki səbəblə bağlı ola bilər: birincisi, çimərlik suyunun və qumun mikrobioloji baxımdan təmiz olmaması; ikincisi isə gigiyena qaydalarına əməl olunmaması. Uşaqlar qumlu əllə ağızlarına, gözlərinə toxunur, dəniz suyunu udurlar və bu, virus, bakteriya və parazitlərin orqanizmə keçməsi üçün şərait yaradır. Qeyd etməliyəm ki, bu simptomlar sadəcə soyuqdəymə deyil, rotavirus, adenovirus, enterovirus, bəzi hallarda isə bağırsaq parazitləri ilə bağlı ola bilər. İnfeksiya əlamətlərini ciddiyə almaq və vaxtında həkimə müraciət etmək vacibdir”. A.Ziyadova uşaqları dəniz və çimərlik infeksiyalarından qorumaqla bağlı valideynlərə aşağıdakı tövsiyələri verib: “Çox sadə, amma vacib qaydalara riayət etməklə bu riskləri minimuma endirmək mümkündür: Yalnız rəsmi və sanitar nəzarətdən keçmiş çimərliklərə gedilməlidir. Uşaq dənizdən çıxan kimi təmiz su ilə yuyulmalı, islanmış geyim dərhal dəyişdirilməlidir. Qumla oynayan uşaqların əlləri tez-tez yuyulmalı, gigiyena öyrədilməlidir. Yeməklər mütləq ev şəraitində hazırlanmalı, su isə butulkada verilməlidir. Əgər uşaqda halsızlıq, qızdırma, qusma və ya ishal yaranarsa, dərhal pediatr-infeksionistə müraciət edilməlidir – çünki vaxtında müdaxilə daha ciddi fəsadların qarşısını alır”.
Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 31-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.