Paşinyan: Üçtərəfli bəyanatı buna görə imzaladım

Şuşanın itirilməsi 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri olub. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran parlament komissiyasının iclasında çıxışı zamanı deyib. “Niyə mən noyabrın 10-da Üçtərəfli bəyanatı imzaladım? Burada, təbii ki, Şuşanın itirilməsi dönüş nöqtəsi oldu. Burada şəhərin təkcə simvolik mənası deyil, həm də strateji əhəmiyyəti var idi. Şuşadan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə düşə bilərdi”, - o bildirib.

Ombudsman Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətində uşaqlardan istifadəsinə dair hesabat hazırlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair xüsusi hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilib. Bu barədə Sozcu.az-a Ombudsman Aparatından məlumat verilib. Məlumatda bildirilib ki, 18 iyun tarixi dünyada Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur və bu hesabatın hazırlanmasında da məqsəd Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan istifadə olunmasına dair faktların dünya ictimaiyyətinin, eləcə də aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırmaq və nifrət siyasətinin qarşısının alınması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir. Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən nifrət siyasətinə uşaqların alət edilməsi, münaqişə dövründə,o cümlədən İkinci Qarabağ müharibəsi zamanı uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı faktlardan, mediada bununla bağlı qeyd olunmuş məlumatlardan və digər mənbələrdən istifadə olunub. Qeyd edək ki, Ombudsman Aparatı tərəfindən bundan əvvəl də araşdırmalar nəticəsində əldə edilmiş faktoloji materiallar, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlar əsasında azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlanıb və müvafiq beynəlxalq insan hüquqları qurumlarına ünvanlanıb. Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Ceyhun Bayramov Britaniyaya gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində nazir C.Bayramovun Azərbaycan ilə Böyük Britaniya arasında strateji dialoqda, eləcə də Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulub. Səfər çərçivəsində nazirin bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşləri, beyin mərkəzlərində çıxışları planlaşdırılır.

Zelenski: “Ukrayna ordusu Donbasda irəliləyir”

Ukrayna ordusu Donbasda irəliləyir. Bu barədə Ukrayanın dövlət başçısı Volodimir Zelenski videomüraciətində bildirib. Ukrayna Prezidenti “Tavriya” hərbçilərinə cəbhədə irəlilədiklərinə görə təşəkkür edib. "Tavriya, - yeri gəlmişkən, irəli getdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm, döyüşçülər! Afərin! Şərqdəki bütün döyüşçülərimiz, güclü döyüşçülər - dözümünüzə və dəqiqliyinizə görə sizə təşəkkür edirəm", - dövlət başçısı deyib. Son məlumatlara görə, Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə 219 min 170 hərbçi itirib. O cümlədən, ötən sutka ərzində Rusiyanın daha 670-ə yaxın hərbçisi həlak olu“Report” 

Əli Əliyev işdən çıxarıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri olmuş Əli Əliyev işdən çıxarılıb. Bu barədə Sozcuaz-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. Rəsmi məlumata görə, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb. “Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, - QMİ-nin məlumatında vurğulanıb.

Ehtiyatda hərbçilərin təlim toplanışı başa çatdı

2023-cü ilin hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb edilməsi ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb. Müdafiə Nazirliyindən Sozcu.az-a bildirilib ki, plana uyğun olaraq, hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını yerinə yetiriblər. Təlim toplanışı zamanı, həmçinin hərbi vəzifəlilərlə sıra hazırlığı, rabitə hazırlığı məşğələləri keçirilib, onlara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və düzgün istifadə qaydaları öyrədilib, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilib. Qeyd edək ki, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim toplanışında qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Nərmin sağdır? - Hüquqşünasdan şok AÇIQLAMA

“İlkin Süleymanovun Nərmin Quliyevanı qətlə yetirməsinə dair “etiraf” videosunu dəfələrlə izlədim. Əminliklə deyirəm ki, bu adamın həmin cinayətlə yaxından-uzaqdan əlaqəsi yoxdur”. Sozcu.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı deyib. O bildirib ki, ifadənin yerində yoxlanılması deyə bir məsələ var: “İlkinin istifadə etdiyi terminlər var ki, bunlar sadə insanların leksikonunda yoxdur. Görüntülərdən də məlum olur ki, adama əvvəlcədən hazırlanmış mətni əzbərlədiblər. Ali təhsilli fizik olması, yaddaş probleminin olmaması ona əzbərlədiyini rahat şəkildə ifadə etməyə imkan verir”. M.Muradlı deyib ki, peşəkar hüquq psixoloqu hər şey üzə çıxara bilər: “Təəssüf ki, Azərbaycanda hüquq psixologiya dərsi olsa da, onu hüquqla əlaqəsi olmayan şəxslər keçir. Adi ifadənin yoxlanmasında prosesual pozuntular var. Orada kənar adamların iştirakı istintaqın gedişinə müdaxilə kimi qiymətləndirilməli idi. Məhkəmə prosesini vaxtım olmadığı üçün izləməmişəm. Amma yenə də əminliklə deyirəm ki, yayılan həmin video İlkinin günahsız olduğunu deməyə kifayət edir”. Hüquqşünas tapılan cəsədin Nərminə aid olduğuna şübhə edir: “Ortada qətlin olub-olmaması da müəmmalıdır. Ümumiyyətlə, cəsədin Nərminə aid olması da şübhə doğurur. Evin və otağın görüntüsünü verirlər ki, guya Nərmin 40 gün orada qalıb. Bəs qapalı otaqda qalan biri ehtiyaclarını harada ödəyib? Yaxşı, deyək ki, otağa qab gətirib. Sizcə, 40 gün sonra iydən ora daxil olmaq olardı? Çox yox, 1 həftə otaqdan çıxmayan, təbii ehtiyaclarını həmin otaqda ödəyən adamdan da, evdən də üfunət gələrdi. Təmizlənsə də, aylarla o iy otaqdan getməzdi. Lakin prokuror və müstəntiq rahat şəkildə otaqda hərəkət edirdilər. Bunlar çox vacib məsələdir”.

Qadının atraksiondan yıxılması ilə bağlı cinayət işi açıldı

Abşeronda qadının atraksiondan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyunun 8-də rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılıb və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq tədbirləri davam edir.

ABŞ-dan separatçılara çağırış: Bakı ilə razılaşmasaz...

ABŞ Qarabağdakı separatçıları Azərbaycanla görüşməyə çağırır, əgər qondarma qurum bu çağırışdan imtina edərsə, Bakı anti-terror əməliyyatı keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə RİA Novosti Vaşinqtondakı diplomatik mənbəyə istinadən məlumat yayıb. "Vaşinqton ultimatum formasında Qarabağ nümayəndələrini (separatçıları-red.) Azərbaycan tərəfi ilə yaxın gələcəkdə amerikalı kuratorun iştirakı ilə üçüncü ölkədə görüşə razılaşmağa çağırır. Məqsəd ABŞ-ın bölgəyə daxil olmasıdır", - məlumatda bildirilib. Mənbə qeyd edib ki, Amerikanın sülhməramlı təşəbbüsünü Qarabağdakı separatçılara qondarma rejimin "xarici işlər naziri” Sergey Kazaryan çatdırır: "Onun maraqları Azərbaycanın maraqlarına tam uyğundur”.

Bayden Stoltenberqlə görüşdü

ABŞ Prezidenti Co Bayden Vaşinqtonda NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Bayden və Stoltenberq Rusiyanın Ukraynaya qarşı müharibəsinin transatlantik təhlükəsizlik üçün nəticələrini müzakirə edib. Görüşdə NATO-nun çəkindirici və müdafiə qüvvələrinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Borrell: Qarabağda Rusiya sülhməramlılarının olması əlavə çətinlik kimi qiymətləndirilməməlidir

Qarabağda Rusiya sülhməramlılarının olması Ermənistan-Azərbaycan əlaqələrinin tənzimlənməsi baxımından əlavə çətinlik kimi qiymətləndirilməməlidir. Bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində (AP) Azərbaycan-Ermənistan əlaqələri, Qarabağda və Laçın yolunda vəziyyətlə bağlı keçirilən dinləmədə deyib. “Əlbəttə, müəyyən sülhməramlıların mövcudluğuna ehtiyacımız var idi. Rusiya bunu edəcək vəziyyətdə idi, çünki bu, Azərbaycan tərəfindən qəbul edilmişdi. Başqa heç kəslə bu belə deyildi. Ona görə də mən düşünürəm ki, Rusiya qoşunlarının dünyanın bu hissəsində, bu münaqişənin ortasında olması əlavə çətinlik kimi nəzərdən keçirilməməlidir”, - Borrell AP deputatının sualına cavabında bildirib./APA

Naxçıvanla sərhəddə erməni zavodu... - Bəyanat yayıldı

Azərbaycan diaspor təşkilatları Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıb. Sozcu.az bəyanatın mətnini təqdim edir: “Biz, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın ekoloji vəziyyətin gərginləşməsi istiqamətində növbəti addımının ifşası kimi dəyərləndiririk. 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan belə bir zavodun tikilməsi Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması deməkdir. Mövcud Espo Konvensiyasının müddəalarına görə, Ermənistan öz ərazisində planlaşdırdığı belə bir iri təsərrüfat fəaliyyətinin digər ölkələrin, xüsusilə Azərbaycanın ərazisinə mənfi ekoloji təsiri olduğu üçün bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırılmalıdır. Ermənistanın bu addımı beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Belə ki, bir müddət əvvəl Azərbaycan Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı haqlı iddia ilə çıxış etmişdir. Nəticədə Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olmuşdur. Bildiririk ki, Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərməkdədir. Qeyd etdiyimiz faktlar bir daha sübut edir ki, Ermənistan öz qanunsuz fəaliyyətləri ilə ümumi regionun ekoloji mühiti üçün təhlükə yaradır. Xaricdə yaşayan azərbaycanlılar kimi soydaşlarımızın haqq səsinə qoşularaq Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırırıq”.