Ermənistanın Azərbaycana ərazi iddiaları yüz illər əvvəl başlayıb. Tarixi torpaqlarımızda məskunlaşan ermənilər zaman-zaman soydaşlarımızı öz ata-baba yurdlarından sıxışdırıb çıxarmaqla öz mənfur niyyətlərini həyata keçirməyə çalışıblar. Ötən əsrin əvvəllərində qədim Azərbaycan torpaqlarında dövlət qurmağa nail olan ermənilər 20-ci əsrin sonlarında Azərbaycana yeni ərazi iddiaları irəli sürdülər. 35 il ərzində Qarabağı Azərbaycandan qoparmağa çalışan Ermənistan məqsədinə nail ola bilmədi və biabırcasına məğlub oldu. Buna baxmayaraq, Ermənistandakı revanşist qüvvələr daim qisas almaq üçün məqam axtarır və imkan düşən kimi təxribatlar törədirdilər. Öz silahlı qüvvələrini Qarabağdan çıxarmaqdan imtina edən Ermənistan Azərbaycanın suveren ərazisində qanunsuz silahlı dəstələr yerləşdirməklə müharibə ocağını saxlayırdı. Amma Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkdi və Qarabağdakı qeyri-qanuni silahlı birləşmələr təslim oldu. Bununla da 35 illik münaqişə birdəfəlik həll olundu. Ermənistandakı siyasi qüvvələr isə hələ də bu acı sonluqla barışmaq istəmir. “Qalib xalqın” nümayəndələri yenə ərazi iddialarından əl çəkmirlər. Müxtəlif planlar quran erməni siyasətçilər Qarabağı qaytaracaqlarına ümid edirlər.
Sozcu.az xəbər verir ki, Ermənistanda iranşunas tədqiqatçı kimi tanınan, daim Azərbaycana qarşı qarayaxma kampaniyalarının başında dayanan Vardan Voskanyan öz həmvətənlərini soyuqqanlı olmağa və mübarizə əhval-ruhiyyəsini qoruyub-saxlamağa çağırıb.
Voskanyan Qarabağın qaytarılması üçün xalqa müraciət də edib: “Əgər biz Qarabağı “ana” Ermənistanın tərkibinə qatmasaq, gələcək nəsillər bizi söyəcək, məzarımızı lənətləyəcək. Sonuncu erməni qalana qədər Qarabağ uğrunda mübarizə aparmalıyıq. Yalnız ondan sonra biz Ermənistanın dövlət qalasının tikintisinə başlamalıyıq, çünki Qarabağla Ermənistanın birləşməsi bizim təhlükəsiz və ləyaqətli yaşamağımızın yeganə təminatçısı olacaq”.
Bununla erməni xislətini bir daha nümayiş etdirən erməni “ziyalısı” yenidən öz millətinə ağrı-acı yaşatmaq üçün xalqa çağırış edir. Amma Voskanyan kimi siyasətbazların boş-boş bəyanatlarından yorulan erməni xalqı bir neçə dəfə müharibənin ağrı-acısını dadıb və onların daha belə çağırışların arxasınca getməyə həvəsi qalmayıb.