Baydendən Kim Çen İnə təklif: Görüşək...

ABŞ Prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen İnlə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etmək üçün ilkin şərt olmadan görüşməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Bu təklifə müsbət cavab vermədilər, amma hələ də qüvvədədir. Biz ilkin şərt olmadan oturub danışıqlar aparmağa hazırıq”, - Kirbi bildirib.

REAL üzv siyahısını yenidən Nazirliyə təqdim etdi

"Dünən REAL partiyasının yenilənmiş reyestri (5401 nəfər) Ədliyyə Nazirliyinə çatdı". Sozcu.az xəbər verir ki, bunu partiyanın sədri İlqar Məmmədov bildirib. "Əvvəlki siyahımızda olanların çoxunun məlumatları elə əvvəldən düz idi, digərlərinə isə düzəlişlər etdik. Üstəgəl yeni qeydiyyatdan keçmiş üzvlər də əlavə olundu. 30 gün ərzində müsbət cavab alsaq, ondan sonrakı 90 gün ərzində yeni qanunda nəzərdə tutulduğu üçün qurultay keçirməliyik", - o qeyd edib. Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb. Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.   

Kəlbəcərdə erməni diversantın dövlət sərhədini pozması ilə bağlı cinayət işi başlanıldı

Kəlbəcərdə erməni diversantın dövlət sərhədini pozması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb. Araşdırma zamanı Ermənistan silahlı birləşmələrinin üzvü və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib avqustun 16-da, saat 11 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib daşıdıqları odlu silah və döyüş sursatları ilə birgə qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçməklə ölkəmizdə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu kəndi ərazisində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçularına odlu silahla atəşlər açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən təxribat-diversiya qrupunun üzvü saxlanılmaqla ondan cinayətin alət və vasitələri götürülüb. Qeyd edilən faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda cinayət işi üzrə yaradılmış istintaq qrupu tərəfindən təxirəsalınmaz zəruri istintaq tədbirləri davam edir. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Telefonlara gələn zəlzələ xəbərdarlığı... - Rəsmi açıqlama

Telefonlara gələn zəlzələ xəbərdarlığı ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib. Onun sözlərinə görə, zəlzələ Türkmənistan ərazisində baş verib. Qeyd edək ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ baş verib.

Şuşada əsir saxlanılan azərbaycanlı: “Ermənilər əsirləri öldürüb, meyitlərini donuzlara yedirirdilər”

“Elə əsir yoldaşlarım vardı ki, onları iş görmək adı ilə aparıb, geri gətirmirdilər”. Sozcu.az xəbər verir ki, bu sözləri Şuşa həbsxanasında əsirlikdə olan Həbib Kazımov deyib. Onun sözlərinə görə, əsir yoldaşları vəhşicəsinə öldürülərək həbsxana ərazisində basdırılıblar: “Mən 1992-ci ildə Qubadlı rayonunda başımdan yaralanaraq əsir düşmüşəm. Bir il doqquz ay bu Şuşa həbsxanasında əsirlikdə qalmışam. Mən əsirlikdə olduğum müddətdə olmazın işgəncələr görmüşəm. Biz indi şahidi oluruq ki, həmin əsir yoldaşlarımız vəhşicəsinə öldürülərək burada basdırılıblar. Bu həbsxanada ermənilər azərbaycanlılara çox əzab-əziyyət veriblər. O vaxt həbsxananın həyətində olan hovuz su ilə dolu idi. Qış vaxtı bizi işlədəndən sonra gətirib hovuzun içinə atırdılar. Burada əsirləri öldürüb meyitlərin donuzlara yedizdirirdilər. Hətta bir əsirimizi burada asmışdılar. Gördük ki, donuzlar aşağıdan yuxarıya doğru ağızları çatana qədər onun meyitini yeyirlər...”

"İmtahan sualları sadələşdirilsin" — TƏKLİF

“Bu gün Azərbaycanda ali məktəb tələbəsi olmaq deyildiyi və göründüyü qədər əlçatan deyil. Əksinə, deyərdim ki, bizim ölkədə ali məktəbə qəbul sistemi digər ölkələrlə müqayisədə həddindən artıq çətindir”.  Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Onun fikrincə, universitetə qədərki yol çox mürəkkəbdir: “Universitetin qapısı abituriyentlərin üzünə çətin açılır, oradan çıxış isə çox asan olur. Bu da o deməkdir ki, çətinliklə tələbə adını qazanan şəxs daxil olduqdan sonra asanlıqla məzun ola bilir. Universitetlərə qəbulda qiymətləndirmə meyarı, testlər, situasiya tipli suallar və s. çətinliklər var”.  Ekspert keçid ballarının aşağı olmasına da münasibət bildirib: “Keçid ballarının aşağı düşməsi, bəzi ixtisaslar üzrə 150-180 bal olması bizi çaşdırmasın. Keçid balları nisbidir. Bu gün keçid balı 180 olan ixtisas gələn il 100 bala qədər dəyişə bilər. Bunu imtahan verən abituriyentlərin ümumi göstəriciləri müəyyənləşdirir, nə Dövlət İmtahan Mərkəzi, nə də digər bir qurum müəyyən edir”.  E.Nuri hesab edir ki, DİM qəbul mexanizmində müəyyən yumşalmalar etsə, situasiya tipli suallar daha sadə qoyulsa, açıq suallar daha anlaşılan olsa, göstəricilər də yüksək olar:  “Razıyam, abituriyentlərin balları o qədər də yüksək olmadığına görə nisbi xarakter daşıyan ümumi ortaq göstərici getdikcə aşağı düşür. Xatırlayırsınızsa, 4-5 il əvvələ qədər hər il 700 bal toplayan abituriyentlər olurdu, hətta bir il ərzində təxminən 23 nəfər 700 bal toplamışdı. Sonradan imtahan mexanizmi dəyişildi, iki mərhələli keçirilməyə başlandı. Situasiya və açıq tipli sualların sayı artırıldı. Nəticədə nə oldu? İkinci şans verilsə də artıq 3 ildir ki, maksimum bal toplayan olmur.  Əminliklə deyə bilərəm ki, indinin 150 balı 4 il bundan əvvəlin 280-300 balına bərabərdir. DİM müəyyən güzəştlərə getməlidir ki, səviyyə aşağı düşməsin. Bəzi ixtisaslar üzrə keçidi 150-ə endirməkdənsə, imtahanların təşkili və suallar sadələşdirilsin. Beləliklə, nəticə daha ürəkaçan olar”.

Putinin “desantı” bu gündən Xankəndində “pulsuz yeməkxanalar” şousuna başladı...

"Bu da Kremlin təşkil etdiyi “blokada”, “humanitar yardım” şousunun tərkib hissəsidir... Vardanyan bir ilə yaxındır Azərbaycan torpağında boş yerə oturmayıb ki..." Bu gün – iyulun 15-dən Xankəndində fəaliyyətə başlayacaq “xeyriyyə” yeməkxanalarının "ərzaq qıtlığını müəyyən qədər azaldacağı gözlənilir". Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb. Yeməkxanalar Putinin milyarder “desantı” Ruben Vardanyanın rəhbərlik etdiyi qondarma “Artsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi” qanunsuz “ictimai hərəkatı” tərəfindən açılır. Burada hamilə qadınlar, 16 yaşdan kiçik uşaqlar və 65 yaşdan yuxarı insanlar yemək yeyə bilərlər. Vardanyanın ofisi bildirir ki, “Sosial yeməkxana” xeyriyyə proqramı “qidalanma ilə bağlı çətinlikləri yüngülləşdirmək məqsədi daşıyır və “ehtiyaclı soydaşlarımıza gündə bir dəfə yemək imkanı təklif edir”. Lakin bu təşəbbüs Xankəndi əhalisi tərəfindən birmənalı qarşılanmır.  “Bu qidaların haradan gəldiyini bilmirəm. Yaxşı olardı ki, həmin məhsullar mağazalara aparılsın, insanlar yaş məhdudiyyəti olmadan bir az alıb bütün ailə ilə yemək yesinlər. Hamı yemək istəyir”, - "Hraparak"ın  həmsöhbəti belə deyib. P.S. Bu da Kremlin təşkil etdiyi “blokada”, “humanitar yardım” şousunun tərkib hissəsidir... Vardanyan bir ilə yaxındır Azərbaycan torpağında boş yerə oturmayıb ki...

Rus terrorunun heç biri cavabsız qalmır - Zelenski

Ukrayna rusların heç bir cinayətini cavabsız qoymayacaq və Krım körpüsündə baş verən “tüstülənmə” bunun sübutlarından biridir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib. "Hər yerdə əsgərlərimiz işğalçıların terroruna cavab verir. Elə bir gün yoxdur ki, rus şəri bizim tam ədalətli cavabımızı almasın”, - deyə Zelenski bildirib. Qeyd edək ki, Krım körpüsündə ardıcıl partlayışlar baş verib.

“Separatçılara qarşı lokal xarakterli hərbi əməliyyatların keçirilməsi vacib görünür”

Qabil Hüseynli: “Bu, suverenliyimizin de-fakto təmini baxımından da vacibdir” Ermənistandan Xankəndinə silah-sursat daşnması prosesi davam edir. Digər tərəfdən, ordumuzun Ağdam və Kəlbəcərdəki mövqeləri yenə atəşə tutulub ki, bu da düşmənin öz təxribatlarından əl çəkmək istəmədiyini göstərir. Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli separatçılara qarşı yeni bir anti-terror əməliyyatının tətbiqinə ehtiyac olduğunu vurğulayıb: “Xankəndinə silah-sursat daşınması, habelə orumuzun mövqelərinin atəşə tutulması fonunda separatçılara qarşı lokal xarakterli hərbi əməliyaytların keçirilməsi vacib görünür. Bu, suverenliyimizin de-fakto təmini baxımından da vacibdir. Çünki proseslər göstərir ki, separatçılar öz təxribatçı əməlləri ilə bizə “əlcək atır”, öz təxribatalrından əl çəkmək istəmirlər. Bu səbəbdən də məlum problemi birdəfəlik ortadan qaldırmaq, təcribatların qarşısını qəti şəkildə almaq üçün belə bir əməliyyatın həyata keçirilməsinə ehtiyac var. Yəqin ki, bu variant da digər variantlarla birlikdə siyasi rəhbərliyin diqqət mərkəzindədir”.

Almaniyadan çağırış: Rus kəşfiyyatına qarşı mübarizə...

Rusiya xüsusi xidmət orqanlarına qarşı aktiv mübarizə aparmaq lazımdır. Sozcu.az xəbər verir ki, bunu Almaniya daxili işlər naziri Nensi Fezer deyib. “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Almaniyada da təhlükəsizlik vəziyyətini dəyişib. Casusluq, dezinformasiya kampaniyaları və kiberhücumlar təhlükəsi daha fərqli forma alıb”, - Fezer bildirib. Qeyd edək ki, bir müddət öncə Almanita ordusunun əməkdaşının Rusiyanın xeyrinə casusluq etdiyi üçün saxlanıldığı barədə məlumat yayılmışdı. Tomas.H adlı şübhəli Müdafiə Nazirliyinin silahlanma, informasiya texnologioyaları departamentində işləyirmiş.

Özbaşına “Göyçə Zəngəzur Respublikası” yaradıldığını elan edənlər istintaqa cəlb olundular

“Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla bağlı axtarışlar aparılaraq, sorğulanmaları ilə əlaqədar istintaq orqanına aparıldıqları bildirilir. “Qafqazinfo”nun məlumatına görə, hazırda hər iki şəxslə əlaqə saxlanılması mümkün deyil. Xatırladaq ki, 2022-ci ildə “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun “respublika”nın dövlət başçısı olduğu, həmçinin “respublika”nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilmişdi. (Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil). Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində “respublika”nın nümayəndəliyinin açıldığı bəyan edilmişdi. 2023-cü ilin yanvar ayında “Göyçə Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi tərəfindən Rizvan Talıbovun “Göyçə Zəngəzur Respublikası”na rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayılmışdı. Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etmişdi. Məlum olduğu kimi, Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirilmişdi. Daha sonra Rizvan Talıbovun rəhbər vəzifələrə təyin etdiyini bildirdiyi xarici ölkə vətəndaşlarının İraq kürd icmaları ilə və digər ölkələrdə müəmmalı görüşləri, xarici ölkə vətəndaşları tərəfindən Rizvan Talıbovun “respublika” prezidentliyindən uzaqlaşdırılaraq Tünzalə Çələbiyevanın prezident elan edilməsi ictimaiyyətdə əlavə çaşqınlıq və suallar yaratmışdı. Qeyd edək ki, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai qurumdur.

Əmilərini öldürməkdə təqsirləndirilən qardaşlara hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda əmilərini qətlə yetirməkdə təqsirləndirilən qardaşlar - Ariz və Fəqan Səfərovların cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Arizə 14 il, Fəqana isə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onların şikayətini təmin etməyib. Qeyd edək ki, 2022-ci il iyulun 31-i saat 7 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbadulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı, 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbadulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başladılıb. Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.