Ombudsman Ermənistanla bağlı etiraz bəyanatı yaydı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda etnik nifrət siyasətinin təbliğ olunması ilə əlaqədar etiraz bəyanatı yayıb. Ombudsman Aparatından Sozcu.az-a verilən xəbərə görə, bəyanatda deyilir: "25 aprel 2023-cü il tarixində Ermənistanda nifrət və terror siyasətinin dövlət səviyyəsində dəstəklənməsini təsdiqləyən növbəti hal baş verib. XX əsrin əvvəllərində ermənilər tərəfindən hazırlanaraq icra edilmiş, qisas mənası daşıyan “Nemezis” termini ilə adlandırılan terror əməliyyatının “qəhrəmanlarının şərəfinə” Ermənistanın paytaxtında dövlət rəsmilərinin iştirakı ilə təntənəli surətdə abidə açılması bunun aşkar sübutu oldu. Azərbaycan və türk diplomatlarının, dövlət xadimlərinin amansız qətlini təşkil etmiş həmin gizli terror əməliyyatının təşkilatçıları və icraçılarının adlarının bu formada əbədiləşdirilməsi Ermənistanda terrorun dövlət siyasətinə çevrildiyini bir daha göstərmiş oldu. Məlumdur ki, beynəlxalq səviyyədə hüquqpozma hallarının təkrarlanmasının qarşısının alınması və etimadın bərpası məqsədilə dövlətlər tərəfindən keçmiş yanlışların etiraf edilməsi təcrübəsi geniş təbliğ olunur. Ermənistan tərəfi isə bunun əksinə olaraq, barışığın əldə edilməsinə zidd addımlar ataraq, bölgədə gərginliyi artırmağa davam edir. Eləcə də ümumtanınmış normalara əsasən, törədilən əməllərin cinayət olmasına ədalət mühakiməsi yolu ilə qərar verilməli, təqsirkarlar müəyyən edildikdə isə qanun çərçivəsində cəzalandırılmalıdır, lakin Ermənistanda terror əməliyyatı ilə əlaqədar abidə ucaldılması insanların hər hansı əsas olmadan terror qurbanına çevrilməsinin təbliğatına xidmət edir. Xatırladaq ki, bundan öncə də Ermənistanda nasizm tərəfdarı olmuş, erməni irqinin üstünlüyü və türk etnik mənsubiyyətinə nifrət ideologiyasının banisi Qaregin Njdenin xatirəsinə ehtiram olaraq abidə ucaldılmış, tərəfimizdən bu hala da etiraz bildirilmişdir. Təəssüf ki, Ermənistanda uzun illərdir həyata keçirilən dövlət səviyyəli etnik nifrət təbliğatının ağır nəticələri özünü son günlər daha aşkar göstərir: əsir götürülmüş azərbaycanlı əsgərə qarşı qeyri-insani rəftar göstərilməsi və bu halın sosial şəbəkələrdə açıq şəkildə yayımlanması, ağırlıqqaldırma üzrə Avropa çempionatının açılışında Azərbaycan Dövlət Bayrağına qarşı təxribat, İrəvanda keçirilmiş aksiyada Azərbaycan və Türkiyə bayraqlarının birgə yandırılması, İrəvanda Ermənistan-Türkiyə futbol yığmalarının qarşılaşmasında erməni azarkeşlərin yuxarıda adıçəkilən “Nemezis” terror əməliyyatını təbliğ edən şüarlar qaldırması və s. Bütün bunlar Ermənistanın hakim dairələrinin sülh qurucuğunda deyil, sülhün pozulmasında daha çox maraqlı olmasını göstərir. Onilliklərdir Azərbaycana qarşı nifrət cinayətlərini davam etdirən Ermənistan, eyni zamanda, Azərbaycan ərazilərində basdırdığı minaların dəqiq xəritələrini ölkəmizə verməkdən yayınmaqla 10 noyabr 2020-ci il tarixindən bugünədək 300-ə yaxın insanın mina terrorunun qurbanına çevrilməsinə səbəb olmuşdur. Ötən gün vətəndaş cəmiyyəti nümayəndəsi olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsünün Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşməsi nəticəsində ayağının amputasiya olunması da növbəti belə fakt oldu. İnsanların yaşamaq və sağlamlığın qorunması hüquqlarına etinasız yanaşmanın əyani göstəricisi olan bu kimi hallara qarşı dünya ictimaiyyəti tərəfindən qəti münasibət bildirilməməsi, bununla da Azərbaycana qarşı çoxsaylı terror əməlləri törətmiş Ermənistanın beynəlxalq hüquqa zidd olan növbəti təxribatlar törətmək üçün ruhlanması bizdə ciddi narahatlıq doğurur. Azərbaycan Ombudsmanı olaraq, bir daha beynəlxalq ictimaiyyətə müraciət edir, insan hüquqlarının təmini kimi ali məqsədi rəhbər tutaraq Ermənistanın bölgədə və ümumilikdə beynəlxalq miqyasda mənfi təcrübə yaranmasına səbəb olan, cəzasızlıqla müşayiət olunan nifrət motivli əməllərinə münasibətdə sərt mövqe sərgiləməyə çağırıram".

Qarabağa göndərilən general dinc azərbaycanlıları qətlə yetirib - İDDİA

Qarabağdakı rus sülhməramlılarının yeni rəhbəri, general-polkovnik Aleksandr Lentsov dinc azərbaycanlıları qətlə yetirib. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, bu iddia ilə "AZfront" Teleqram kanalı çıxış edib. Lentsovun Çeçenistan, Suriya, Cənubi Osetiya və Ukraynada döyüş əməliyyatlarında iştirakı ilə tanındığını xatırladan kanal Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytına istinadla yazır: “Aleksandr Lentsov 1989-cu ildə M.V.Frunze adına Hərbi Akademiyasını bitirdikdən sonra Hərbi Hava Qüvvələrində alay qərargah rəisi, alay komandiri, müavini və bölmə komandiri vəzifələrində xidmət edib. 1990-cı ildə Lentsov SSRİ Silahlı Qüvvələrinin 98-ci diviziyasına daxil olan 331-ci qvardiya hava-desant alayının komandiri olub. Həmin ilin yanvarında bu diviziya Bakının və Azərbaycanın digər rayonlarının dinc əhalisinin qırğınında iştirak edib". "AZfront" daha sonra qeyd edir ki, Bakıdakı qırğının qisası gec də olsa, alınıb: "Rusiya xüsusi təyinatlılarının elit briqadası Ukraynada demək olar ki, tamamilə məhv edilib".

ABŞ-dan Laçındakı nəzarət-buraxılış məntəqəsi ilə bağlı daha bir açıqlama

“Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətləri ABŞ Dövlət Departamentinin Baş katibinin çox yüksək qiymətləndirdiyi və çox önəm verdiyi bir məsələdir. Həftə sonu gördüyünüz kimi, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması bizi çox narahat edir”. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel aprelin 25-də keçirdiyi brifinqdə deyib. “Açığını deyim ki, bu, sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır və biz Laçın dəhlizində insanların sərbəst və açıq gediş-gəlişinin və ticarətin olmasının tərəfdarıyıq. Lakin baş məsləhətçi Bono, katibin köməkçisi Hoqan, katib - biz bununla dərindən məşğul olmağa davam edəcəyik”, - V.Patel əlavə edib. Qeyd edək ki, Dövlət Departamentinin Mətbuat xidməti daha əvvəl yaydığı bəyanatda ABŞ-ın Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahat olduğu bildirilib.

Şarl Mişel Paşinyana Azərbaycanın Laçındakı sərhəd-buraxılış məntəqəsi haqda nə dedi?..

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Sozcu.az xəbər verir ki, bu haqda "Aykakan Jamanak" nəşri  erməni baş nazirin aparatına istinadla məlumat yayıb. "Söhbət zamanı Regionda yaranmış hərbi-siyasi və humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Baş nazir Paşinyan vurğulayıb ki, Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımlar onun Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin ardıcıl həyata keçirilməsinə və Dağlıq Qarabağın tamamilə boşaldılmasına yönəlib. Baş nazir Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərinə beynəlxalq ictimaiyyətin adekvat reaksiya verməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin qərarının qeyd-şərtsiz icrası istiqamətində fəal addımlar atmasının vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səyləri vurğulayıblar"- xəbərdə belə deyilir. Bəs  Avropa İttifaqı rəhbəri Azərbaycanın öz dövlət sərhədində sərhəd-buraxılış  məntəqəsi qurmasına necə münasibət bildirib? Bu haqda Ermənistan baş naziri aparatının yaydığı məlumatda heç nə deyilməyib..

Direktoru kabinetində öldürən polkovnik-leytenantın oğlu yenidən hakim qarşısına çıxır

Kənd Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədovu qətlə yetirməkdə təqsirləndirilən, 1992-ci il təvəllüdlü Mirhadı Tağıyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 27-nə təyin edilib. Şikayət hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırılacaq. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Tağıyev Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib və ona 10 il 6 ay müddətinə həbs cəzası verilib. İttihama görə, hadisədən bir neçə ay əvvəl həmin quruma mühasib vəzifəsinə təyin edilən Mirhadı vəzifəsinə səhlənkar yanaşıb və mütəmadi olaraq işdən yayınıb. Belə ki, DAİM-in rəhbəri Z.Əhmədov M.Tağıyevə sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə mütəmadi iradlar bildirib. Həmçinin xidməti fəaliyyətinə aid olmayan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı onların aralarında mübahisələr baş verib. Son olaraq 8 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində M.Tağıyevlə direktor arasında “Müştəribank” tətbiqinin şifrəsinə görə mübahisə yaşanıb. Bundan əsəbiləşən gənc mühasib iş yerini tərk edərək evə gedib. Həmin gün saat 13 radələrində Mirhadının atası Mirtağı Bağırov oğluna zəng edərək iş yerini tərk etdiyi üçün onu danlayıb və Z.Əhmədovun onu iş yerində gözlədiyini bildirib. Bundan sonra Mirhadı mağazadan bıçaq alaraq işlədiyi idarəyə gedib və binanın 2-ci mərtəbəsinə qalxaraq direktorun kabinetinə daxil olub və onu qətlə yetirib. Qeyd edək ki, Mirhadının atası Mirtağı Bağırov polis polkovnik-leytenantıdır. Mirtağı Bağırov uzun müddət Goranboy Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsini tutub, bir müddət rəis vəzifəsini də icra edib.

İnquşetiya müstəqillik istəyir - Ordu yaradıldı

İnquşetiyanın Rusiya işğalından azad edilməsi və müstəqilliyi üçün İnquş Qurtuluş Ordusunun yarandığı elan edilib.  Sozcu.az xəbər verir ki, İnquş Müstəqillik Komitəsi yeni silahlı qruplaşmanın gerb və bayrağını da təqdim edib. İnquş Qurtuluş Ordusunun bəyanatına görə, Kreml elitləri və rus mafiyası inquş xalqına qarşı zülmlər edir, soyqırımlar törədir, bu səbəbdən inquş xalqı öz müqəddəratını özü təyin etməli və müstəqil olmalıdır.

NATO-nun mobil təlim qrupu Azərbaycana gəldi

Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin birinci günündə qonaqlara inzibati məlumatlandırma və bölmənin fəaliyyəti barədə brifinqlər təqdim edilib. Sonra təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı kurs iştirakçılarına məlumatlar verilib. Həmçinin NATO-nun mobil təlim qrupu tərəfindən "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu və qitmətləndiricilərin fəaliyyətinə dair mövzular izah olunub. Daha sonra sindikatlar üzrə müxtəlif hazırlıq fəaliyyətləri icra edilib. Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən tədbir müddətində HHQ-nin aidiyyəti bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim edilib.

"Təzə Pir" məscidində də bayram namazı qılındı

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə "Təzə Pir" məscidində bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.

Erika Olson: ABŞ Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan danışıqlara dəstək verməyə daim hazırdır

Bölgədə sülh və sabitliyin bərqərar olunması əhəmiyyətlidir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib. O bildirib ki, bunun üçün sülh sazişinin imzalanması zəruridir. Olson ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi başlayıb

Bu gün saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb. Müsabiqə qaydalarına əsasən iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdirilib. Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunan şəhid ailələrinin üzvləri şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 25 aprel saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.

"Quru sərhədlər monopolistlərin daha da varlanması naminə bağlıdır" - Arif Hacılı

Arif Hacılı: "Quru sərhədlərin bağlı saxlanmasının nə pandemiya, nə də təhlükəsizliklə heç bir əlaqəsi yoxdur".  "Quru sərhədləri aviaşirkətlərin, xarici ticarətlə məşğul olan vəzifəli oliqarxların  monipolist maraqları, onların daha da varlanması naminə bağlı saxlanılır.  Çünki quru sərhədləri hakim zümrə üçün həmişə açıqdır. Hər gün bu sərhədlərdən yüzlərlə, bəlkə də minlərlə maşın keçir.  Azərbaycanda olan bütün qapılar kimi, quru sərhədlərin qapıları da yalnız zillət işində yaşamağa məhkum edilən xalqın üzünə bağlıdır".

ABŞ-dakı soydaşlarımız Ermənistanın hərəkətlərinə hüquqi qiymət verilməsinə çağırıb

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı ABŞ-də yaşayan Azərbaycan icmasında böyük hiddət doğurub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Nyu-Yorkdakı Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzi, Yuta-Azərbaycan Dostluq Təşkilatı, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası, Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Mərkəzi, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası, Floridanın Azərbaycan-Amerika Cəmiyyəti, Azərbaycan-Amerika Gənclər Təşkilatı adından beynəlxalq qurumlara ünvanlanan bəyanatda Ermənistanda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirova və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundova qarşı qeyri-insani rəftara diqqət cəlb edilib. Nəzərə çatdırılıb ki, Ermənistan mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmir. Soydaşlarımız müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.