Sabah hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

2026-cı ilin bayram günləri müəyyən edildi

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Müvqafiq qərarla 2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri kimi müəyyən edilib.

Kəlbəcərdə atəşfəşanlıq olacaq

Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq. Sozcu.az xəbər verir ki, gün ərzində kiçik tamaşa parçalarının və müxtəlif səpkili sərgilərin nümayişi də nəzərdə tutulur. Bu gün axşam saatlarında isə incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı və daha sonra atəşfəşanlıq planlaşdırılır.

Bu ölkə yeniyetmələrə sosial şəbəkələri qadağan edir

Malayziya 2026-cı ildən etibarən 16 yaşdan kiçik yeniyetmələr üçün sosial media qadağası tətbiq edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Malayziyanın rabitə naziri Fəhmi Fadzil məlumat yayıb. “Hökumət uşaqların onlayn təhlükəsizliyini artırmaq üçün 16 yaşdan kiçiklərin sosial şəbəkələrə qoşulmasına icazə verməyəcək. Platforma təminatçıları 2026-cı ildə elektron şəxsiyyət yoxlanışı (eKYC) sistemini tətbiq etməlidir”, - məlumatda bildirilib.

İş yerinə dair arayışın alınması "mygov”a köçürüldü

“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir rəqəmsal xidmət təqdim olunub. Bu barədə Axar.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib. Məlumata görə, “iş yerinə dair arayışın alınması” xidməti artıq “mygov” platformasında da istifadəyə verilib. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb. Yeni xidmət vətəndaşlara iş yerlərinə dair arayışı birbaşa “mygov”dan əldə etməyə imkan yaradır. Hazırlanmış sənəd elektron formatda (PDF) yüklənir və təqdimata hazır olur. Arayışı viza, kredit, ipoteka və ya digər rəsmi məqsədlər üçün təqdim edilə bilər. Xidmətdən istifadə qaydaları aşağıdakı kimidir: Vətəndaş “mygov” platformasında “Xidmətlər” bölməsində “Məşğulluq” kateqoriyasına daxil olur. “İş yerinə dair arayışın alınması” xidmətini seçir. Sistem avtomatik olaraq istifadəçinin aktiv əmək müqaviləsini yoxlayır və mövcud müqavilələrdən biri seçilir. İstifadəçi arayışda görünəcək məlumatları özü müəyyən edir: əməkhaqqının göstərilib-göstərilməməsi, arayışın məqsədi (viza, kredit, ipoteka və s.) və əlaqə nömrəsi. Əgər arayış müəyyən bir quruma təqdim olunacaqsa, istifadəçi həmin qurumun VÖEN-i və ya adını daxil edə bilər. Təsdiqdən sonra sistem avtomatik olaraq arayışı yaradır, ona unikal sənəd nömrəsi və QR kod əlavə edir. Vətəndaş yaradılmış sənədi elektron formatda yükləyə və istənilən quruma təqdim edə bilər. Bundan əlavə, kənar qurumlar və ya şəxslər arayışın doğruluğunu QR kod vasitəsilə, sənəd nömrəsini daxil etməklə, həmçinin “my.gov.az” portalında “Sənəd axtarışı” bölməsi vasitəsilə onlayn şəkildə yoxlaya bilirlər. Bu xidmətin istifadəyə verilməsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Yenilik sayəsində vətəndaşlar gündəlik əməliyyatlarını daha sürətli, şəffaf və rahat şəkildə həyata keçirə biləcəklər.

Şəhidin son telefon danışığı: Ata, qayıdırıq, tarlanı əkmisən?

Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan kiçik zabitlər İlker Aykut və Berkay Karacanın ailələrinə acı xəbər çatdırılıb. Sozcu.az Savaşmedia.az-a istinadla xəbər verir ki, təyyarə texniki qərargah çavuşu İlker Aykut uçuşdan əvvəl atasına zəng edərək "Ata, qayıdırıq, tarlanı əkmisən?" deyib. Onun ailəsi ilə son telefon danışığı belə olub. Qəza xəbəri ailəsinə Tekirdağda verilib, anası Zülbiyyə Aykut xəbərdən sonra xəstəxanaya aparılıb.

“Temu” istifadəçilərinə PİS XƏBƏR: Bədəni zəhərləyir!

“Polyester dediyimiz material əslində polietilendən əldə edilən süni bir lifdir. Bu maddə gündəlik həyatda istifadə etdiyimiz bir çox qablaşdırma məhsullarının, məsələn, şirə butulkalarının, plastik qabların hazırlanmasında da əsas xammal kimi istifadə olunur. Yəni polyester neft mənşəli bir materialdır və kimyəvi yolla emal edilərək lif halına gətirilir. Bunu “Yeni Sabah”a həkim-allerqoloq Şahvələd Məmmədov bildirib. O, “Temu” onlayn ticarət platformasından alınan ucuz məhsulların tərkibi ilə bağlı narahatlığa aydınlıq gətirib.  Ş Məmmədov əksər geyimlərin polyester materialından hazırlanmasına toxunaraq bunun dəri sağlamlığına necə təsir etdiyini izah edib:  "Bu lifdən hazırlanan geyimlər uzunömürlü, davamlı və elastik olur. Onlar yuyulmaya qarşı dözümlüdür, formalarını asanlıqla itirmir. Məhz buna görə polyester parça həm idman geyimləri, həm də gündəlik paltarların istehsalında geniş istifadə edilir”. Həkim xəbərdarlıq edir ki, polyester geyimlərin uzunmüddətli istifadəsi sağlamlıq üçün fəsadlar doğurur: “O cümlədən, uzun müddət polyester materialdan hazırlanmış geyimdən istifadə allergik xəstələrdə qıcıq yaradır, allergik dermatitin, eqzemanın əmələ gəlməsinə səbəb olur. Elə xəstələr var ki, polyester geyim onların dərilərində yanıq yarada bilər. Buna “polyester yanığı” deyirlər. Uzun müddət bu tip geyimlər geyinmək məsləhət deyil”. Mütəxəssis qeyd edib ki, eyni materialdan hazırlanan plastik qablar və butulkalar da sağlamlıq üçün risklidir: “Həmin polietilendən hazırlanan qablar, plastik butulkalar, əslində, sağlamlıq baxımından müəyyən risklər daşıyır. Bu cür qablar yüksək temperatur və ya günəş işığına məruz qaldıqda tərkibindəki kimyəvi maddələr içkiyə keçə bilər. Məsələn, su, “Cola”, “Fanta” kimi qazlı içkilər bu qabların içərisində uzun müddət qaldıqda  onların tərkibindəki bəzi birləşmələr orqanizm üçün zərərli təsir göstərə bilər. Məhz buna görə, xüsusilə, Avropa ölkələrində içkilərin şüşə qabda satılmasına daha çox üstünlük verilir. Şüşə qablar həm təbii, həm də kimyəvi baxımdan daha təhlükəsiz sayılır və içkilərin dadını, tərkibini dəyişmir. Bu, sağlamlıq baxımından daha doğru seçim hesab olunur”.

Azərbaycanda 5 gün ardıcıl iş olmayacaq

Yeni ildə ardıcıl 5 gün iş olmayacaq. Sozcu.az xəbər verir ki, 2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən Azərbaycanda sonuncu qeyri-iş günü 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 2026-cı ilin 1-2 Yanvar tarixləri isə Azərbaycanda Yeni il bayramı ilə bağlı qeyri-iş günləri olacaq. Müvafiq olaraq bu tarixlər cümə axşamı və cümə gününə təsadüf edir. 3-4 yanvar isə şənbə-bazar günləri olduğu üçün Yeni ildə 31 dekabr - 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

"ChatGPT" istifadəçilərinə pis xəbər...

"OpenAI" şirkəti "ChatGPT"də reklam yerləşdirməyə hazırlaşır. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, şirkət "ChatGPT"də reklam formatlarının tətbiqi imkanları da daxil olmaqla, strategiyasında əhəmiyyətli dəyişikliklər olacağını elan edib. Şirkətin tətbiqlər üzrə yeni direktoru Fici Simo pul qazanma ilə bağlı departamentə rəhbərlik edə biləcək yüksək səviyyəli menecer axtarışına başlayıb. Bu mütəxəssis abunə xidmətlərinin inkişafı və "ChatGPT" də daxil olmaqla, "OpenAI" məhsulları üçün reklam vasitələrinin yaradılmasına cavabdeh olacaq. Fici Simo texnologiya dünyasında tanınmış simadır. O, əvvəllər Feysbukun inkişafına nəzarət edib və "Meta"nın reklam modelinin genişləndirilməsində əsas rol oynayıb. İndi "OpenAI" onun bu təcrübəsini süni intellekt sahəsinə tətbiq etməyi planlaşdırır. İnsayderlərin sözlərinə görə, yeni menecer Sem Altmana yox, birbaşa Simoya hesabat verəcək. Qeyd edək ki, hazırda "OpenAI" "ChatGPT Plus" abunəliklərindən və korporativ həllərdən gəlir əldə edir.

Bu gün Azərbaycana payız gəlir

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq. Sozcu.az  xəbər verir ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.  Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

4 gün ardıcıl İŞ OLMAYACAQ

2025-ci ilin noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq. Sozcu.az xəbər verir ki, 8 noyabr Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Günüdür. Hər iki gün müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir. Bu səbəbdən noyabrın 10 və 11 tarixləri qeyri-iş günü olacaq.  Beləliklə, 8-11 tarixlərində iş olmayacaq.

Payız fəsli Azərbaycana nə vaxt gəlir?

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Sozcu.az-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.