Azərbaycan şəhərində əhali ilə polis toqquşdu

İyunun 20-də Ərdəbil şəhərində vətəndaşlarla polis qüvvələri və bələdiyyə məmurları arasında qarşıdurma yaşanıb. Sozcu.az xəbər verir ki, bu barədə ərdəbilli sosial media fəalları məlumat yayıb. Bildirilir ki, satıcının məmurlar tərəfindən döyülməsinə dözməyən ərdəbillilərin müdaxilə etməsi qarşıdurma ilə nəticələnib. Vətəndaşlara hücum edən polislər onları döyüb. Bir neçə nəfərin isə saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir.

İran Almaniyada müxalifləri oğurlayır – Xəbərdarlıq

Almaniyanın Daxili Təhlükəsizlik Təşkilatı ölkədə yaşayan iranlı mühacirlərin oğurlanması ilə bağlı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə təşilatın hazırladığı 380 səhifəlik son hesabatında deyilib. Hesabatda İran hökumətinin dövlət səviyyəsində terrorla məşğul olduğu, Almaniyada yaşayan Tehran müxaliflərinin İran hökumətinə bağlı qüvvələr tərəfindən oğurlanması təhlükəsi barədə xəbərdarlıq edilib.

Separatçılar təlaşda: Ukrayna kütləvi hücuma keçdi

Ukrayna Silahlı Qüvvələrinin 150 nəfərlik qrupu Kremennaya şəhərində Rusiya ordusunun müdafiə xəttini yarmağa cəhd edir. Sozcu.az xəbər verir ki, bu barədə Luqansk “xalq milis dəstəsi”nin “polkovnik-leytenantı” Andrey Maroçko deyib. O bildirib ki, şəhərdə vəziyyət olduqca ağırdır və Ukrayna uzun müddətdir ki, hücum əməliyyatları icra edir: “Üstəlik, dəfələrlə kütləvi hücum cəhdləri qeydə alınıb. Yəni kiçik qruplarla deyil, taktiki qruplarından başlayaraq təxminən 150 nəfərədək... Düşmən bizim müdafiə xəttimizi yoxlayır və onu yarmağa çalışır”.

Yazıçılar Birliyi Əkbər Azadın həbsini pislədi

İran Yazıçılar Birliyi Tehranda yaşayan Güney azərbaycanlı ziyalı və ana dili hərəkatının fəalı Əkbər Azadın həbsi və sürgün cəzasına məhkum edilməsi ilə bağlı bəyanat yayıb. Bu barədə Yazıçılar Birliyinin sosial media kanalında məlumat verilib. Bəyanatda Əkbər Azadın iki illik həbs cəzasından sonra iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə sürgünə göndərilməsi azad sözə qarşı təzyiqlərin davamı kimi qiymətləndirilib. "İran Yazıçılar Birliyi bu cür qəddar hökmlərin verilməsini öz ana dilində danışmaq, yazmaq və nəşr etmək istəyən hər kəsə qarşı söz azadlığının açıq-aşkar pozulması və təzyiq nümunəsi hesab edir. Buna görə də yazıçının özü və ailəsinə qarşı vurulan ziyanların məsuliyyətinin bu ədalətsiz hökmləri verənlərin üzərinə düşdüyünü bildiririk",- bəyanatda qeyd edilib. Qeyd edək ki, Tehranda yaşayan Güney azərbaycanlı milli fəal və ana dili hərəkatının tanınmış simalarından olan Əkbər Azad iki illik sürgün cəzasını çəkmək üçün iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə gedib. 2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilib.

Korrupsiyada ittiham olunan şəxs Təbrizə başçı təyin edildi

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xürrəm əvvəllər korrupsiyada ittiham olunan Yunis Fatehi Təbrizə başçı (fərmandar) təyin edib. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Fatehin fərmandar təyin edilməsi yerli media orqanları və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olub. Onlar bundan öncə bir sıra qanunsuz işlərdə, o cümlədən korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılan şəxsin şəhər başçısı seçilməsinə etiraz ediblər. Qeyd edək ki, İnzibati Ədliyyə Məhkəməsi Baş Kollegiyasının 1417 saylı qərarına əsasən, Yunis Fatehin özəl şirkət, qurum və təşkilatlarda, habelə rəsmi orqanlarda vəzifəyə təyin olunması qanuna ziddir.

İranda SEPAH zabiti öldürülüb

İranın Kürdüstan vilayətində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələri ilə “PJAK” arasında toqquşma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Məlumata əsasən, Mərivanın Darehtafi və Kani Sənan kəndlərində “PJAK” üzvləri ilə baş vermiş toqquşma nəticəsində bir SEPAH zabiti öldürülüb.

Araz Elsəsin Bakıda ilk solo konserti olacaq

Türk dünyasının böyük ozanı, əslən Güney Azərbaycandan olan sənətçi Araz Elsəsin Bakıda konserti planlaşdırılır. Konsertin sentyabrın 30-da Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulur. Bu, dünya şöhrətli azərbaycanlı ozan Araz Elsəsin ilk solo konserti olacaq. Türk dünyasının sevilən siması, Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının vurğunu və aşiqi ozan Araz Elsəsin konserti “Sevgili yurdum” adlanır. Kulis.az xəbər verir ki, türk dünyasının böyük ozanı konsertdə sevilən ifaları ilə yanaşı, türkçülüyü, vətənpərvərliyi tərənnüm edən yeni əsərlərini təqdim edəcək. Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

İsfahan həbsxanasına hücum edildi

İyunun 15-i gecə saatlarında İsfahan həbsxanasının qarşısında yerləşən nəzarət postuna naməlum silahlı şəxslər hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, “Kalaşnikov” və “Vinçester” silahlarından atəş açan şəxslər motosikletlə hadisə yerindən qaçıblar. İtkilər barədə açıqlama verilməyib. Hücum edənlərin saxlanılması istiqamətində axtarış-əməliyyat tədbirləri aparılır.

Rəisinin həyat yoldaşı türkləri düşmən adlandırdı

İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmülhuda Venesuela mediasına müsahibə verib. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, o, türkləri düşmən adlandırıb. "Tarix boyu İranın çoxlu düşməni olub: monqollar, türklər, ərəblər... Amma onlar İranın dil, mədəniyyət və sivilizasiyasını dəyişə bilməyiblər", - Cəmilə Ələmülhuda deyib.

İranda SEPAH üzvü qətlə yetirilib

İranın Kirmanşah vilayətinin Qərbi İslamabad şəhərində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) üzvlərinə silahlı hücum olub. Sozcu.az xəbər verir ki, bu barədə SEPAH-ın Kirmanşah Korpusunun İctimaiyyətlə Əlaqələr bölməsi məlumat yayıb. Məlumata əsasən, Qərbi İslamabadda baş vermiş atışma nəticəsində SEPAH üzvü Mehdi Şahməliki öldürülüb, digər iki əməkdaşı isə ağır yaralanıb. Şübhəli şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Tehranda daha bir molla bıçaqlandı

Tehranın Rudəki küçəsində bələdiyyə idarəsinin cümə imamı Cavir Rzayi bıçaqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, mollanı bıçaqlayan yeniyetmə oğlan hadisə yerindən qaçıb. Cabr Rzayi Xomeyni xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağırdır.

İranda silahlı qarşıdurma: ölənlər var

İyunun 11-i günortadan sonra İranın Xuzistan əyalətinin İzə şəhərində hökumət məmurları ilə vətəndaşlar arasında qarşıdurma yaşanıb. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Hadisə etiraz aksiyaları zamanı hökumət məmurları tərəfindən öldürülən 9 yaşlı Kiyan Purfələkin ad gününü qeyd edən vətəndaşlara hökumət məmurlarının hücumu nəticəsində meydana gəlib. Toqquşma zamanı polis kapitanı Məhəmməd Qənbəri və 21 yaşlı mülki şəxs Puya Molayi öldürülüb. Həmçinin, bir neçə etirazçının ağır yaralandığı, çox sayda insanın isə həbs edilərək naməlum yerə aparıldığı bildirilir.