Bakıda özəl klinikada ölüm... - Rəsmi

Bakıda özəl klinikada ölüm faktı ilə bağlı araşdırma aparılır. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. “Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”, - məlumatda vurğulanıb.

Ermənistan İsraildən PUA əleyhinə sistemlər alır

Ermənistan Ədliyyə Nazirliyi PUA-larla mübarizə məqsədilə avadanlıqlar alacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib. “Biz PUA-ların cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmasının qarşısını almaq üçün İsrail istehsalı olan xüsusi avadanlıq almalıyıq”, - Minasyan bildirib. Onun sözlərinə görə, müasir texnologiyalar kifayət qədər böyük məsafədən bir metrə qədər dəqiqliklə narkotiklərin cəzaçəkmə müəssisəsinin ərazisinə atılmasına imkan verir. Qeyd edək ki, son vaxtlar dronlar vasitəsilə Ermənistandakı cəzaçəkmə müəssisələrinin ərazisinə narkotik vasitələrin atılması halları artıb.

“7 bal gücündə zəlzələ gözlənilir” - Qorxulu PROQNOZ

Alimlər yaza qədər Türkiyədə güclü zəlzələ olacağını proqnozlaşdırıblar. Sozcu.az news24.az-a istinadən xəbər verir ki, bu barədə professor Ahmet Ercan məlumat verib. Onun sözlərinə görə, Anadoluda çox gərgin vəziyyət hökm sürür: "Yeraltı təkanların dəqiq yerini müəyyənləşdirmək çətindir. 2011-ci ildə Van zəlzələsi zamanı gərginliyik Hatay bölgəsinə, Bitlis zonasından isə Hakkariyə doğru gedib. Yer qabığını qırmaq üçün kifayət qədər gərginlik toplanarsa, təxminən 7 bal gücündə zəlzələ gözlənilir".

Hacı Şahin, Qənirə və Aygünün ölümündə şok detal

Azərbaycanda son bir ildə vəfat edən üç tanınmış sima – Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli, deputat Qənirə Paşayeva və əməkdar artist Aygün Bəylərin ölümündə qəribə məqam üzə çıxıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, ictimaiyyətdə kifayət qədər tanınan hər üç şəxs ömrünün 48-ci ilində vəfat edib. Belə ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənli və 1975-ci il təvəllüdlü deputat Qənirə Paşayeva 2023-cü ildə – 48 yaşlarını tamamladıqdan sonra dünyalarını dəyişiblər. Ötən gün isə Əməkdar artist Aygün Bəylər 48 yaşında həyatını itirib. Üç məşhur şəxsin eyni yaşda vəfat etməsi diqqət çəkib. Allah rəhmət eləsin!

Şəhid anası: Arzum var ki, Qarabağ Universitetində magistratura oxuyum

Kürdəmir rayon sakini 52 yaşlı Simuzər Bağıyeva orta məktəbi bitirdikdən 35 il sonra, bu il ali məktəbə qəbul olub. Sozcu.az xəbər verir ki, hazırda Lənkəran Dövlət Universitetinin 1-ci kurs tələbəsi olan Simuzər xanım uzun illər orta ixtisas təhsili üzrə rayon xəstəxanasında tibb bacısı işləyib. Bununla kifayətlənməyərək ötən il fərdi qaydada hazırlaşaraq imtahanlarda iştirak edib, keçid balını toplayaraq tələbə adını qazanıb. “Özümə inanırdım, qarşıma məqsəd qoydum və hədəfə çatdım. Düzdür, bu, o qədər də asan olmadı, həm işləmək, həm də uzun illər məktəbdən ayrılandan sonra yenidən dərs vəsaitləri ilə məşğul olmaq... Bir neçə müəllim yanına getməklə, müxtəlif fənlərdən hazırlaşdım, sonra da imtahanlardan uğurla keçdim”, - deyə o bildirib. Simuzər Bağıyeva ilk dərs günündən də söz açaraq deyib ki, əvvəl bir qədər həyəcanlı olsa da, sonradan öyrəşib: “Düzdür, auditoriyaya girəndə bir az qəribə oldum, çünki hamısı uşaq idi, ən yaşlısı mən idim. Onlar mənim kiçik oğlumdan da balacadırlar. Amma bu, məndə kompleks yaratmadı, əslində onlardan güc aldım, kiçik olmaqlarına baxmayaraq, mənə mənəvi dəstək verdilər”. Simuzər ananın 3 oğulu İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Böyük və kiçik övladı müharibədən sağ-salamat qayıtsa da, ortancıl oğlu gizir Cəmil Həşimli şəhidlik zirvəsinə ucalıb. Oğlunun şəhidlik zirvəsinə yüksəlməsindən bir müddət sonra özünü toparlayaraq yenidən ayaqları üstə durmağı bacaran ana, övladının arzularını reallaşdırmağa qərar verib. “Oxumaq arzum həmişə olsa da, bunu əsasən şəhid oğlumun istəyinə görə reallaşdırdım. Mən həmişə təhsilə, savada üstünlük vermişəm, öz zəhmətimlə övladlarımın ali təhsil almasına dəstək olmuşam. Düşünürdüm ki, nə vaxtsa mən də ali təhsil alacağam, görünür, bu günə qismət imiş. Bütün şəhid analarına da deyirəm ki, bu hadisələr artıq bizim başımıza gəlib, balalarımız şəhid olub. Ona köklənib həyatımızı məhv etməməliyik, yaşamalıyıq ki, onları da yaşadaq. Çünki ağlamaqla, sızlamaqla şəhidlərimizi narahat edirik. Bu səbəbdən də bir şeylə məşğul olmalıyıq, ona görə də mən elə bu yolu seçdim”, - deyə o vurğulayıb. Günün bir neçə saatını dərslərinə ayıran Simuzər xanım qarşıdan gələn imtahanlara hazırlaşır. Əsas hədəfi və planları isə hələ irəlidədir: “Mən şəhid anasıyam, dərsimi oxumayım deyə bir şey yoxdur. Dərslərimi oxuyuram. Hələ bundan sonra arzum var ki, Qarabağ Universitetində magistraturanı oxuyum. Allahdan mən ömür yox, möhlət istəyirəm”. Bu payız tələbə adı ilə bərabər nənə adını da qazanan qəhrəmanımız, asudə vaxtlarını nəvəsi ilə keçirir. Vaxtı olanda ev işlərində gəlininə də kömək etməyi unutmur. (AZƏRTAC)

Rusiyanın Ukraynadakı itkiləri 363 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 790 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 363 070 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 14 zirehli döyüş maşını, 30 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Laçında həlak olanlara şəhid statusu veriləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu gün Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Modern.az-a bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir. Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək. Qeyd edək ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

Türkiyəyə F-16-ların satışı... - ABŞ-dan açıqlama

ABŞ administrasiyası Türkiyəyə F-16-ların satışını və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmür. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. “Bu iki məsələni bir-biri ilə bağlı görən ABŞ Konqresinin üzvləridir. Məsələ ilə bağlı Konqresdə bəzi problemlər mövcuddur. Biz F-16-lar da daxil olmaqla, iki ölkə ilə bağlı məsələlər üzərində həssaslıqla çalışırıq”, - Miller bildirib.

Tokayev yenidən prezidentliyə namizəd olmaq niyyəti ilə bağlı yayılan xəbərləri təkzib edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakimiyyətin prezident seçkilərində yenidən iştirak etmək üçün 2026-cı ildə Konstitusiyaya dair referendum keçirmək niyyəti ilə bağlı bəyanatları dezinformasiya adlandırıb. Sozcu.az "Kazinform"a istinadən xəbər verir ki, bunu Tokayev "Egemen Qazaqstan" qəzetinə müsahibəsində deyib. "Bu dezinformasiyadır. Əminəm ki, Konstitusiyaya, xüsusən də belə fundamental məsələ ilə bağlı özbaşına əlavələr edilməsi artıq mümkün deyil. Konstitusiya islahatı Əsas Qanuna özbaşına dəyişikliklərin edilməsi məqsədilə aparılmayıb", - o qeyd edib. Tokayev vurğulayıb ki, Konstitusiyada vahid prezidentlik müddəti ilə bağlı müddəa dəyişməzdir: “Bu norma dövlətimizin müstəqilliyi, unitarlığı, ərazi bütövlüyü və idarəetmə forması ilə bağlı normalar kimi sarsılmazdır”. Qeyd edək ki, yenilənmiş Konstitusiyaya əsasən, Qazaxıstanda prezidentlik yeddi il müddətinə təyin edilir və dövlət başçısı yalnız bir dəfə seçilə bilər.

Rusiyanın atdığı 10 “Xəncər”in 10-u da vuruldu - Təcili

Rusiyanın atdığı 10 “Xəncər” raketinin 10-u da “Patriot” hava hücumundan müdafiə sisteminin köməyi ilə məhv edilib. Bu, rekorddur. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı deyib. O əlavə edib ki, raketlər hədəfi vursa, bunun ölkə üçün nəticələri fəlakətli olacaq. Zalujnı təhvil verilmiş hava hücumundan müdafiə sistemlərinə görə tərəfdaşlarına təşəkkür edib və əlavə silahların ötürülməsinə çağırıb. Qeyd edək ki, yanvarın 2-də ruslar Ukrayna ərazisinə 35 PUA, müxtəlif, o cümlədən 10 ədəd X-47M2 “Xəncər” aeroballistik raketi və s. ilə kütləvi hücum həyata keçirib. Nəticədə 4 nəfər ölüb, 100-dən çox yaralı var.

İsraildən Ərdoğanla bağlı sərt BƏYANAT

İsrailin Xarici İşlər Nazirliyi bəyan edib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti olduğu müddətdə rəsmi Tel-Əviv Ankaradakı səfir vəzifəsinə diplomat göndərməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen X mikrobloqunda yazıb. “Nə qədər ki, Ərdoğan Türkiyənin prezidentidir, İsrail səfirinin geri dönəcəyi yer yoxdur”, - o qeyd edib. Bundan əvvəl Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitlerlə müqayisə edərək Netanyahu ilə Hitlerin hərəkətləri arasında heç bir fərq olmadığını bildirmişdi.

Azərbaycanlı alimin qızı Fransada faciəvi şəkildə öldü

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundovanın qızı Dilavər Axundova faciəli şəkildə vəfat edib. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Fransada baş verib. Belə ki, orada təhsil alan D.Axundova yol qəzasında dünyasını dəyişib. O, bu ölkədəki universitetlərin birində ikinci kurs tələbəsi imiş. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi prosesi aparılır. Məlumata görə, həmin vaxt N.Axundova özü də Polşada ezamiyyətdə olub. Qeyd edək ki, N.Axundova İnstitutun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisidir.