Heydər Əliyev prospektində "JAC” markalı (BYD şirkəti - red.) avtomobilin sayca 3-cü qəzası baş verib. Bir xaric olmaqla, bu qəzaların eyni prospektdə və oxşar qızası, üstəlik, “Bolt” taksi xidmətinə məxsus olması müəyyən şübhələr və ehtimallar yaradıb.
Mövzu ilə bağlı "Yeni Sabah" danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, məsuliyyəti birbaşa taksi şirkətlərinin üzərinə atıb:
“Öncə ondan başlayaq ki, avtomobilin məsələyə heç bir aidiyyəti yoxdur. Tam standarta uyğun nəqliyyat vasitəsidir. Əvvəllər, adətən, “Toyota Prius”ları adı daha çox hallanırdı, indi onları “BYD”lər əvəz edib.
Bu nəqliyyat vasitələri, yəqin ki, taksi fəaliyyətində özlərini doğrultduğuna göə şirkətlər məhz həmin maşınlara üstünlük verirlər. Odur ki, əsas yük taksi şirkətlərinin üzərinə düşür. Sürücülərin iş rejimi, onlar avtomobilin sükanına oturmazdan öncə tibbi yoxlanışdan keçməsi, qeydiyyatda olan şəxsin nəqliyyat vasitəsini idarə etməsi məhz şirkətinin məsuliyyətindədir.
Bütün hallarda, maşın kimə etibar olunursa, sima kimi şirkət cavabdehdir. İkincisi, klaviatura arxasında oturub, sosial şəbəkədə özünü qəhrəman hesab edənlər anlasınlar ki, onların özlərinin də məsuliyyəti var. Ən azı istifadəçi olaraq, sifariş etdiyimiz nəqliyyat vasitəsinin sürücüsü, maşının markası və digər məlumatlar tətbiqdə göstərilir. Bunlar uyğun olmadıqda, həmin nəqliyyat vasitəsinə oturmağın heç bir mənası yoxdur. Vətəndaşlar bu məsələyə ciddi yanaşmalıdır”.
Ekspert qeyd edib ki, belə halların tez-tez baş verməsi taksi şirkətinin fəaliyyətinə xitam verilməsi ilə nəticələnə bilər:
“Əsas məsuliyyət birmənalı olaraq, şirkətin üzərindədir. Buna nəzarət edən qurum Dövlət Yol Polis İdarəsidir. Onlar da mütəmadi olaraq reydlər keçirməlidir.
Doğrudur, bunu müəyyən etmək nəzarət edən qurum üçün çox çətindir. Söhbət insan həyatından gedir. İnsanlar ödənişini etdiyi halda, qəzalarla rastlaşır. Bu kimi hallarda, əlbəttə, hər hansı taksi şirkəti ilə bağlı müəyyən tədbirlər görmək olar.
Bir neçə xəbərdarlıqdan sonra aydın məsələdir ki, cərimələr və məhdudiyyətlərin tətbiq olunması ilə yanaşı, şirkətin fəaliyyətinə xitam da verilə bilər. Bu kimi qəzalar insan həyatı, xəsarət və maddi baxımdan yol infrastrukturuna dəyən ziyandır. Hər halda şirkətlər taksi fəaliyyətində məsuliyyətin altına giribsə, nəzarəti də yerinə yetirməlidir. Bunun başqa yolu yoxdur”.