Bütün bunlar müharibənin sonunda baş verəcək - Zelenski

Xarici hərbi kontingentin Ukraynaya gəlməsi yalnız müharibə başa çatdıqdan sonra mümkündür. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib: “Bununla belə, bütün bunlar müharibənin sonunda baş verəcək. Siz başa düşürsünüz ki, heç kim hərbi əməliyyata cəlb olunmaq üçün Ukraynaya sadəcə olaraq öz qoşunlarını göndərməklə risk etməyəcək. Hətta heç kim olmasa da, əksər ölkələr”. Zelenski qeyd edib ki, “Arzulayanlar koalisiyası”nın iştirakçıları arasında öz hərbi kontingentini Ukraynaya göndərməyə hazır olanlar da var. “Biz bunu çox dəstəkləyirik”, - deyə Prezident bildirib. Ukrayna Prezidenti vurğulayıb ki, bəzi ölkələr atəşkəsdən sonra Ukrayna və Rusiyanın təkbətək qalmasını istəyəcək. Artıq belə siqnallar qeydə alınır. “Görürsünüz, hətta ilk addımı - atəşkəsi əldə etmək nə qədər çətindir. Təsəvvür edin, hamı başa düşür, ərazi məsələsi, sanksiyalar – bütün bunlar nə qədər çətin olacaq. Ona görə də elə siqnallar var ki, böyük ehtimalla atəşkəs haqqında razılığa gələndən sonra bəzi ölkələr bizimlə rusların təkbətək qalmasını istəyəcək. "Bunlar məhz belə siqnallardır", - deyə Zelenski ABŞ-ın danışıqları tərk etməsi ilə bağlı suala cavabında bildirib. Eyni zamanda, Prezident vurğulayıb ki, Avropa Ukraynanın yanında olacaq, “çünki çoxlu əlaqədar məsələ var”. ABŞ-ın danışıqlar prosesindən geri çəkilməsi ehtimalı ilə bağlı Zelenski deyib: “Mənə elə gəlir ki, onların belə düşüncələri var, çünki hər şey həqiqətən çox çətindir”.

Rusiyanın itkiləri 955 mini ötdü

Ukrayna müharibənin 1165-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 955 470 hərbçi, 10 745 ədəd tank, 22 369 ədəd zirehli döyüş maşını, 27 186 ədəd artilleriya sistemi, 1 375 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 153 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 47 003 ədəd avtomobil texnikası, 34 665 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 870 xüsusi avadanlıq itirib.

ABŞ Rusiyaya təzyiq üçün variantlar hazırlayıb

Prezident Vladimir Putin Ukraynada müharibəni dayandırmağa tələsmədiyi üçün ABŞ administrasiyası Rusiyaya iqtisadi təzyiqi artırmaq məqsədilə bir sıra variantlar hazırlayıb. Sozcu.az xəbər verir ki, “Blumberq” adının açıqlanmasını istəməyən Ağ Ev rəsmilərinə istinadla məlumat yayıb. “Diplomatik səylər davam etdiyi üçün Prezident Donald Tramp hələ qərar verməyib. Yekun qərar yalnız prezident tərəfindən veriləcək”, - məlumatda qeyd olunub.

ABŞ-İran danışıqları təxirə salındı

ABŞ və İran nümayəndə heyətləri arasında mayın 3-nə planlaşdırılan danışıqlar logistik səbəblərə görə təxirə salınıb. Sozcu.az xəbər verir ki, bu barədə Oman Xarici İşlər Naziriliyi məlumat yayıb. Xatırladaq ki, Oman iki ölkə arasında danışıqlarda vasitəçi kimi çıxış edir.

Vuçiçə xəbərdarlıq: Rusiyaya səfərdən yayın, yoxsa…

Avropa Komissiyası Serbiya Prezidentinə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Giyom Mersyenin sözlərinə görə, xəbərdarlıq Aleksandar Vuçiçin Rusiyaya planlaşdırılan səfəri ilə bağlıdır. Belə ki, Avropa Komissiyası Vuçiçi xəbərdar edib ki, 9 May – Qələbə Paradı ilə bağlı Rusiyaya planlaşdırılan səfər Serbiyanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarını çətinləşdirə bilər.

Trampa arxalanmayın! - ABŞ prezidentinin keçmiş müşaviri

“Rusiya döyüş meydanında vəziyyətin onun xeyrinə olduğuna və danışıqlarda daha çox şey əldə edə biləcəyinə inandığı üçün nizamlanmaya tələsmir. Rusiya lideri Vladimir Putin amerikalı həmkarı Donald Trampın bütün güzəştlərə getməyə hazır olduğunu bildiyi üçün onu dəstəkləyəcəyinə əmindir”. Sozcu.az xəbər verir ki, bunu “Delfi”yə müsahibəsində Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib. Eyni zamanda, Bolton iddia edib ki, Putinin “Rusiya imperiyasını yenidən yaratmaq” ambisiyaları Ukrayna hüdudlarından kənara çıxır. O, Avropa ölkələrini birləşməyə və Trampa arxalanmamağa çağırıb. “Düşünürəm ki, Putin keçmiş “KQB” agenti kimi insanları manipulyasiya etməyi bacarır. Onların zəif cəhətlərini bilir. Putin həm Trampın ilk prezidentlik dövründə, həm də Tramp bu il vəzifəyə gəldikdən sonra ilk 90 gün ərzində onunla uğurla oynaya bildi. Putin açıq şəkildə bütün Ukraynanı ələ keçirmək istəyir. O, Rusiya imperiyasını yenidən yaratmağa çalışır. Ona görə də Ukraynada baş verənlərdən asılı olmayaraq, digər keçmiş sovet respublikaları Moskva tərəfindən daim təhdid altındadır. Və mən hesab edirəm ki, bu gün Kreml nədənsə Ukraynada atəşkəsə razılaşsa belə, bu, yalnız müvəqqəti xarakter daşıyacaq, o vaxta qədər ki, onlar öz silahlı qüvvələrini yenidən quracaq, yeni texnikalar alacaq, sonra da müharibəyə davam edəcək. Çünki Rusiya imperiyasının yenidən yaradılması böyük məsələdir. Bunun üçün Ukrayna lazımdır, lakin bir çox başqa şeylər də tələb olunur. Deməli, Putin üçün bu, çox uzunmüddətli plandır. Söhbət təkcə Ukraynanın şərqində növbəti altı ay ərzində baş verəcəklərdən getmir. Mən əmin deyiləm ki, Tramp bu böyük mənzərəni anlayır və ya başa düşürmü, bu onun mühakiməsinə təsir edəcəkmi? Məncə, Kremlin həyata keçirə biləcəyi başqa məqsədlər də var. Bu gün Belarus praktiki olaraq Rusiyanın bir hissəsidir. O, Ermənistan, Azərbaycan, Gürcüstan, Orta Asiya respublikalarını təhdid altında saxlayır. Amma Baltikyanı ölkələr onun siyahısından açıq-aydın kənardadır. Putin onların Rusiya İmperiyasının bir hissəsi olduğuna inanır. Ola bilsin ki, Mərkəzi və Şərqi Avropanın digər ölkələrində rusların “Rusiya İmperiyasının” bir hissəsi kimi görmək istədikləri ərazilər var”, - Bolton bildirib.

Trampa pis xəbər: vəzifədən erkən gedə bilər…

ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına təqdim edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Demokrat konqresmeni Şri Tanedar X sosial şəbəkə hesabında məlumat paylaşıb. “Mən yeddi maddəlik impiçment qətnaməsi təqdim etmişəm. Tramp Konstitusiyanı, Konqresi və məhkəmələri nəzərə almır, demokratiyanı təhlükə altına qoyur”, – o vurğulayıb. Konqresmen həmçinin Ağ Ev rəhbərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini vurğulayıb.

"Biz Putini və ölkəsini balıqlar üçün yemə çevirə bilərik" - senator Kennedi

"Biz Rusiyanı sındırmalı və onu boğmalıyıq, əks halda onlar danışıqlar masasına əyləşməyəcək..." ABŞ-ın Respublikaçılar Partiyasından senator Con Kennedi "Fox News" telekanalında çıxışı zamanı prezident Donald Trampı Putini yerinə oturtmağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə "moscowtimes.ru" nəşri məlumat yayıb. "Putin prezident Trampa verdiyi bütün vədləri pozub. O, ələ keçirdiyi bütün əraziləri saxlamaq istəyir. O, Ukraynanın NATO-ya üzv olmasını yasaqlamaq və Amerika ilə Avropanın Ukraynaya yardımı dayandırmasını istəyir", -  respublikaçı bildirib. "Putin düşünür ki, biz ondan qorxuruq, - Kennedi davam edib. - O, prezident Trampı hər addımda ələ salıb. O, bizim prezidentə hörmətsizlik göstərib. Mən hesab edirəm ki, vəziyyət o vaxta qədər dəyişməyəcək ki, biz cənab Putinə açıq şəkildə bildirməyək: onu və ölkəsini balıqlar üçün yeməyə çevirə biləcəyik". Senator həmçinin qeyd edib ki, Moskvanın Kiyevlə qanlı müharibəni dayandırmaq niyyəti ilə danışıqlar masasına əyləşməsi üçün konkret nə etmək lazım olduğunu görür. "Biz Rusiyanı sındırmalı və onu boğmalıyıq. Əks halda onlar danışıqlar masasına əyləşməyəcək", - Kennedi vurğulayıb və əlavə edib ki, Avropa Ukraynaya hərbi yardımı artırmaqda daha fəal olmalıdır. "Əgər amerikalı vergi ödəyiciləri olmasaydı, Putin indi Parisdə olardı. Avropa daha çox şey etməlidir. Amma əsas odur ki, biz Putinə anlatmalıyıq: bizim prezidentimizi aldatdığı üçün müəyyən bir bədəl ödəməli olacaq", - Con Kennedi fikrini tamamlayıb. Xatırladaq ki, bundan öncə ABŞ prezidenti Donald Tramp bir daha Putini Ukraynaya qarşı hücumları dayandırmağa və danışıqlar masasına əyləşməyə çağırıb. Ağ Ev rəhbəri həmçinin bildirib ki, aprelin 24-ü, cümə axşamı Kiyevə raket hücumu nəticəsində 12 nəfərin ölməsi və 87 nəfərin yaralanması onu "çox məyus edib". "Bir neçə gün ərzində nələrin baş verəcəyinə baxacağıq. Bizim razılaşma üçün bazamız mövcuddur. Mən istəyirəm ki, o, bunu imzalasın, hər şeyi bitirsin və sadəcə normal həyata qayıtsın", - Tramp jurnalistlərə deyib. Bundan öncəTramp dəfələrlə bildirib ki, Putin danışıqlara hazırdır və "sülh istəyir". Lakin təkcə aprel ayında Rusiya ordusu Ukraynanın Krivoy Roq, Sumı və Kiyev şəhərlərinə üç kütləvi zərbə endirib və çoxlu sayda insan tələfatı olub.

Zelenski və Tramp 15 dəqiqə danışıb, razılığa gəldilər

12:55 Ukrayna Prezidenti Vladim Zirelenski və ABŞ Prezidenti Donald Tramp danışıqları davam etdirməyə razılaşıb. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. "Prezidentlər Müqəddəs Pyotr Bazilikasında (Vatikanda) görüşüblər. Görüş təxminən 15 dəqiqə çəkdi. Onlar danışıqları davam etdirməyə razılaşıblar. Komandalar görüşün davamının təşkili üzərində işləyirlər", - Nikiforov bildirib. O, görüşün davamının bu gün baş tutacağını qeyd edib.

Pakistandan xəbərdarlıq: Nüvə toqquşması ola bilər!

Pakistanın müdafiə naziri Asif Xavaca Hindistanla nüvə münaqişəsi riski barədə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, o, bu barədə “Əl-Cəzirə” telekanalına deyib. Pakistanlı nazir beynəlxalq ictimaiyyəti ikitərəfli münasibətlərin pisləşməsinə diqqət yetirməyə çağırıb: “Hər iki ölkənin nüvə silahı var və mübahisə nüvə qarşıdurmasına çevrilə bilər”. Qeyd edək ki, gərginliyə aprelin 22-də Pahalqam (Cammu və Kəşmir) şəhərində turistlərin atəşə tutulması və 26 nəfərin həlak olması, çoxlu sayda insanın yaralanması ilə nəticələnən terror aktı səbəb olub. Hindistan kəşfiyyat orqanlarının məlumatına görə, hücuma görə məsuliyyət Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin dəstəyi ilə “Ləşkər-e-Taibə” qruplaşmasının üzərinə düşür. Hindistan buna görə sərt tədbirlərə əl atıb.

Uşaqları, böyükləri diri-diri basdırıblar - Zelenski

Rusiya atəşkəsə hazır olduğunu deyirsə, Ukraynaya kütləvi zərbələrini dayandırmalıdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CAR Prezidenti Siril Ramafosa ilə keçirdiyi mətbuat konfransında deyib. “Kiminsə daxilində nə baş verdiyini bilmirəm, amma ukraynalıların səbri davam gətirməyəcək. Başa düşürsünüz? Çünki biz hücuma məruz qalmışıq. Və başqa heç kim. Bunu heç kimə arzulamazdım, amma biz Rusiya raketlərinin hücumu altındayıq. Ukraynanın terrorçularla danışıqlar masasına oturmağa hazır olması artıq böyük kompromisdir. Bizə hücum ediblər, ərazilərimizi işğal ediblər, uşaqları, böyükləri diri-diri basdırıblar”, - Zelenski bildirib.

Zəlzələ İstanbulu təşvişə saldı - Məktəblər və universitetlər bağlandı

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra məktəblərdə və universitetlərdə tədrisə ara verilib. Sozcu.az xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin İstanbulda zəlzələ ilə əlaqədar məktəblərin və universitetlərin 2 gün müddətinə bağlandığını açıqlayıb. Həmçinin bildirilib ki, dövlət müəssisələrində işləyən əlil, hamilə, əlil veteran və 10 yaşınadək uşağı olan analar da inzibati məzuniyyətə çıxacaqlar.  Xatırladaq ki, İstanbulda güclü zəlzələ baş verib. Saat 12.49-da Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyinin 6,92 kilometr olduğu açıqlanıb və şiddətli təkan İstanbulun bütün rayonları ilə yanaşı ətraf vilayətlərdə də hiss olunub. Zəlzələ nəticəsində 150-dən çox insan xəsarət alıb.