Britaniyalı generaldan əhaliyə: Rusiya ilə müharibəyə hazır olun! - Təcili

Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, o, bu gün Londonda keçirilən Beynəlxalq Zirehli Maşınlar Sərgisində bu barədə danışıb. P.Sanders söyləyib ki, britaniyalılar Rusiya ilə müharibə olacağı təqdirdə orduda xidmət etməyə hazır olmalıdırlar. Onun sözlərinə görə, bu ehtimal edilən ssenari ilə bağlı olaraq britaniyalıların şüurunda dəyişiklik olmalıdır. Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır. Xatırladaq ki, NATO Soyuq müharibədən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir.

Ukrayna bu istiqamətdə 400 rus hərbçisini məhv etdi

Ukrayna ordusu son sutkada Tavriya istiqamətində 400 rusiyalı hərbçini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, sözügedən istiqamətdə Rusiyanın 54 hərbi texnikası da məhv edilib. Ümumilikdə son sutkada Rusiya Tavriya istiqamətində 39 hava zərbəsi endirib, 919 artilleriya atəşi və 36 hərbi əməliyyat həyata keçirib.

Zelenski Putini qəzəbləndirəcək fərman İMZALADI

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasında ukraynalıların tarixən məskunlaşdıqları ərazilərlə bağlı fərman imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısı yanvarın 22-də Ukraynanın Birlik Gününün 105 illiyi münasibətilə təbrikində bildirib. “Bu, Ukraynanın gələcəyi naminə tarixi keçmişlə bağlı həqiqətin qaytarılmasıdır”, - deyə prezident bildirib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti “hüquq və azadlıqların birliyi, ukraynalılar və ölkə haqqında həqiqətlər üçün” hər şeyi etməlidir. Zelenskinin saytında dərc olunan fərmanın mətnində deyilir ki, Ukrayna hakimiyyəti uraynalıların tarixən Rusiya Federasiyasında yaşadıqları torpaqlarda, o cümlədən  Krasnodar, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətlərində milli kimliyi qorumaq üçün fəaliyyət planı” hazırlamağa hazırlaşır. Bundan əlavə, Ukrayna hakimiyyəti Rusiyada yaşayan ukraynalılara qarşı törədilmiş cinayətlər, həmçinin “məcburi ruslaşdırma siyasəti, siyasi repressiya və deportasiya” haqqında məlumat toplayan mərkəz yaratmağı planlaşdırır. Kiyev həmçinin Rusiya Federasiyasından gələn dezinformasiya və təbliğatla daha fəal mübarizə aparmağı, həmçinin “Ukrayna haqqında rus miflərini ifşa etməyə yönəlmiş” tədbirlər keçirməyi nəzərdə tutur. Prezident bildirib ki, Rusiya Federasiyası daxilində tarixən məskunlaşdıqları torpaqlarda etnik ukraynalıların əsl tarixini izah etmək üçün Ukraynada təhsil proqramlarına dəyişikliklər ediləcək. Bundan əlavə, Ukrayna prezidenti Ali Radaya vətəndaşlıqla bağlı yeni qanun layihəsi də təqdim etdiyini açıqlayıb. Sənədə əsasən, Rusiya istisna olmaqla, dünyanın müxtəlif ölkələrindən olan bütün etnik ukraynalılar Ukrayna vətəndaşlığını ala biləcəklər.

Yalnız Avdeyevkada 10 ildə Əfqanıstandakından daha çox Rusiya hərbçisi ölüb...

"Rusiya hakimiyyəti şəhəri Yeni ilə qədər ələ keçirmək istəyirdi, lakin onların planları puç olub..." Ukraynanın Avdeyevka şəhəri istiqamətində işğalçılar rekord itkilər verməkdə davam edir. Bir neçə ay ərzində "ət" hücumlarında ölənlərin sayı Əfqanıstanda onilliklərlə davam edən müharibədə olduğu qədərdir. Sozcu.az  "UNİAN"-a istinadla xəbər verir ki, Yakov Handzyuk adına 59-cu əlahiddə moto-atıcı briqadanın zabiti  Sergey Tsexotski Avdeevkaya edilən hücumların 4 ayında SSRİ-nin Əfqanıstandakı on illik müharibəsində öldüyü qədər insan öldüyünü söyləyib. "4 ayda Avdeyevkanın özünün yanında, bir fikirləşin, 10 ildə Sovet İttifaqı Əfqanıstanda itirdiyi qədər hərbçi ölüb. Yalnız bir Avdeyevka. Əfqanıstandan sonra, xatırladığınız kimi, SSRİ dağıldı. Rusiyanı da eyni şey gözləyir. Ola bilməz ki, bu işə yaramasın", - deyə Tsexotski bildirib. Zabit əmindir ki, Putin hələ də Rusiya Federasiyasının Ukraynadakı itkiləri üçün bəhanələr gətirməli olacaq. O xatırladıb ki, Başqurdustan artıq diktatordan itkilərin niyə bu qədər qlobal olduğunu soruşmağa başlayıb. Bunun nəticəsi olaraq digər bölgələr də bunu edəcək, çünki cəsədlərin parçaları ilə dolu kisələr Rusiya Federasiyasına qayıtmağa başlayır... Avdeyevkaya hücum haqda... Ruslar uzun müddətdir ki, Avdeyevkanı tutmağa çalışır, lakin Ukrayna müdafiəçiləri tərəfindən ağız-burunları əzilir və böyük itkilər verirlər. Avdeyevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş bildirib ki, Rusiya hakimiyyəti şəhəri Yeni ilə qədər ələ keçirmək istəyirdi, lakin onların planları puç olub...

İranda hərbi hissədə atışma: 5 əsgər öldürüldü - nə baş verir?

İranın Kirman vilayətində yerləşən hərbi hissədə atışma baş verib. İlkin məlumata görə, olayda 5 hərbçi həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Təfərrüatlar açıqlanmır.

Ukrayna Leninqraddakı qaz terminalını vurdu

Rusiyanın Leninqrad vilayətinin Ust-Luq limanında “Novateka” şirkətinə məxsus qaz terminalında partlayışlar baş verib. Sozcu.az xəbər verir ki, Kinqiseppski rayonunun rəhbəri Yuri Zapalatski məlumat verib. “Partlayış zamanı müəssisədə 148 nəfər olub. Ölən və yaralanan qeydə alınmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Vəziyyət tam nəzarət altındadır”, - Zapalatski bildirib. Rusiya mətbuatının məlumatına görə, terminala Ukrayna PUA-larının hücumu olub.

Batumi-İstanbul reysi bomba xəbərinə görə təxirə salındı

Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması barədə xəbər yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə "Birinci Kanal" məlumat yayıb. Hava limanına bomba qoyulması barədə anonim məlumat daxil olduqdan sonra Batumi-İstanbul reysi 2 saat müddətinə təxirə salınıb. Sapyorlar hadisə yerinə gəlsələr də, hər hansı partlayıcı qurğu tapmayıblar.

Britaniyanın "Əjdaha atəşi": İstənilən hədəfi vurur

Böyük Britaniya “Dragon Fire” (Əjdaha atəşi) adlı enerji lazer silahının yeni uğurlu sınağını keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Bildirilib ki, hava hədəflərinə ilk dəfə olduqca güclü atəş açılıb. Sınaq Şotlandiyanın qərb sahillərindəki Hebrid adalarında baş tutub. Agentlik milli təhlükəsizlik baxımından "Dragon Fire"ın atış məsafəsini açıqlamayıb, lakin qeyd edib ki, silah hər hansı görünən hədəfi məhv edə bilər. Müdafiə Nazirliyi 1 km məsafədən sikkə vurmağa qadir olan yüksək dəqiqliyə malik lazer silahları yaratmaq niyyətində olduqlarını vurğulayıb.

Ukrayna Rusiya ərazisindəki neft bazasını vurdu

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya ərazisindəki neft bazasını vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna KV-ləri məlumat yayıb. Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən qatar gəlib. Regionun qubernatoru Aleksandr Boqomaz məlumatı təsdiqləyib. Onun sözlərinə görə, PUA-lar zərərsizləşdirildikdən sonra onun sursatları neft bazasının üzərinə düşüb. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi əraziyə PUA hücumu barədə məlumat yaymış və texnikaların vurulduğunu bildirmişdi.

Pakistan İran ordusunu silib-süpürər - Korgeneral

Hazırda İranda dövlət idarəçiliyi sarsıntı içərisindədir. Belə sarsıntı içərisində ikən Pakistanla yaxşı münasibətlər qurmaq yerinə, atdıqları addım son dərəcə yanlışdır. Bu sözləri Axar.az-a İranın Pakistanı raket atəşinə tutması barədə danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib. General-polkovnik İranı düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb: “İranın daxilində çoxlu problemləri var. Xüsusilə Bəlucistanda İranı sıxışdırırlar. Yeri gəldi-gəlmədi məsələnin kökünü Pakistanda axtarırlar. Məncə, İran belə düşünülməmiş addımlar atmaqdan çəkinməlidir. Çünki vəziyyət gərginləşsə, Pakistan İran ordusunu silib-süpürər. Yəni Pakistan hərbi baxımdan qat-qat güclüdür, ancaq Hindistanla yaşanan problemlərə görə tələskənlik etmək istəmir. Fikrimcə, belə gərgin geosiyasi vəziyyətdə Türkiyə, Azərbaycan, Pakistan və İran bir-birinə kömək etməlidir”. Karakuş hadisənin SEPAH-ın içərisində İran-Pakistan yaxınlaşmasını istəməyən qüvvələr tərəfindən təşkil olunma ehtimalını istisna etməyib: “SEPAH-ın içərisində İran və Pakistan arasında vəziyyətin gərginləşməsini istəyən qüvvələrin də durumdan istifadə etməsi mümkündür. Yaxın keçmişdə də bunun nümunələri var. Türkiyə Cümhuriyyəti müstəqilliyini qazanandan sonra ingilislər yaxınlaşmanın qarşısını almaq üçün İranda türk sülaləsi olan Qacarları devirdilər və yerinə Pəhləviləri gətirdilər. İndi bu versiyanı da diqqətdən kənarda saxlamaq olmaz. Bölgədə öz planlarını həyata keçirmək istəyən qüvvələr heç vaxt müsəlman ölkələrinin birliyini istəməz. Bunu unutmamalıyıq”. Qeyd edək ki, İran Pakistana raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Hücumun hədəfi Pakistanın Bəlucistan əyalətinin Koh Sabz adlanan ərazisidir və burada “Ceyş ül-Ədl” qruplaşmasının qərargahı olub. Nəticədə iki uşaq ölüb. Pakistan dövləti Tehrana kəskin etirazını bildirib və İrandakı səfirini geri çağırıb.

Pakistan ordu rəhbərliyi TƏCİLİ toplandı - İranla savaş...

Pakistan Silahlı Qüvvələrinin komandanlığı toplaşıb. Sozcu.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilir ki, Pakistanda ordu komandanlığının fövqəladə iclası başlayıb, İranın ölkə ərazisinə raket hücumuna cavab variantları müzakirə edilir.

İranın Pakistana zərbəsi nəticəsində iki uşaq öldü

İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbələri nəticəsində iki uşaq həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb”, – sənəddə qeyd olunub. Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Tehran iddia edib ki, hədəf oradakı “terror qruplaşmaları” olub.report