500 min sənədsiz tikili ilə bağlı yeni açıqlama: “Kupça” yalnız bu evlərə veriləcək

2023-cü ilin mart ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək. Bu fikirlər dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklərin müzakirəsində səslənib.  Ancaq bu çıxarışların əsasən hansı evlərə şamil olunduğu ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənir. Hətta uzun müddətdir ki, "500 min evə çıxarış veriləcək” fikrinin 40 minlə məhdudlaşacağı da deyilir.  Bəs əslində dəyişiklilər nədən ibarətdir, bu sənədlə hansı evlərə çıxarışların verilməsi nəzərdə tutulur?  Millət vəkili Vüqar Bayramov bildirib ki, dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələrinin çıxarış (kupça) ilə təmin ediləcək:  "Bu, o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa edilməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək. Digər dəyişikliklər ilə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək. Müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı, növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacbliyi qeyd olundu. İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək”.  Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirib ki, burada söhbət 40 min qeyri-yaşayış obyektindən, həm də əlavə 500 min evdən gedir: "Bu 40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikilib, həmin obyektlərə "kupça” verilmir. Çünki evlərdə olduğu kimi qeyri-yaşayış obtyektlərində də sənədlər qaydasında deyilsə, torpağın təyinatı ilə üst-üstə düşmürsə, ona çıxarış verilmir. Həmin obyektlərin əksəriyyətində tikinti normativləri qorunmayıb. Məsələn, bir vətəndaş yolun kənarında 1 sot torpaq alıb, nəsə tikib. Yaxud bir hissəsində ev, digər qismində obyekti var. İlkin olaraq həmin obyektlərin sənədləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub ki, sənədləşdirilsin. Çünki bu obyektlər illərdir ki, fəaliyyət göstərir. Ünvan olaraq vergilərdən qeydiyyatdan keçib, kassa aparatları quraşdırılıb, vergi ödəyirlər. İşıq, su,qaz xətləri çəkilib. Obyektdirsə, mənzil kimi yox, qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər. Çəkilən bütün kommunikasiya xətləri texniki şərtlə qeyri-yaşayış obyekti kimi çəkilir. Bütün bu göstərilənlər varsa, niyə sənəd verməsinlər? Bu baxımdan ilkin növbədə 40 min qeyri-yaşayış obyekti, daha sonra da 500 min fərdi yaşayış evinə sənəd verilməsi nəzərdə tutulur. Həyət evlərinin də normativlərə uyğun olanlar çıxarışla təmin olunması məsələsi qaldırılıb. Çünki bəzi yerlər var ki, qadağan olunmuş ərazilərdir və orada qanunla tikintiyə icazə verilməməlidir. Tikinti normativlərinin pozulması halları var”.  Ekspert deyir ki, söhbət təhlükəsizliyin deyil, normativlərin pozulmasından söhbət gedir:  "Normativlər odur ki, məsələn, bir obyektlə digər obyekt arasında ara məsafəsi olmalıdır. Yaxud hündürlüyü, eni ilə bağlı müəyyən normativlər pozulsa belə, onlara çıxarışının verilməsi məsələsi qabardılıb. Milli Məclisdə bu mövzuda dəfələrlə çıxışlar olub, ancaq nəticə yoxdur. Sənədsiz evlərlə bağlı ölkə baçısının tapşırıqları çox olsa da, onu icra etmirlər. İcra mexanizmini qurmaq lazımdır. Məsələ qabardılır, yenə də əvvəlki vəziyyətinə qayıdır. Ümumiyyətlə, burada həm də məsələ bələdiyyə torpaqlarının özəlləşdirilməsindən gedir. Bələdiyyə torpaqları üzərində tikilən evlərə çıxarışlar veriləcək. Burada ziyan daha çox dövlətə dəyir. İnsanlar həmin evlərdə onsuz da yaşayır, kommunal xərcləri ödəyirlər. Satılanda da dövlətə vergi verilmir. İndi ən böyük problem  qeydiyyatdır. İnsanları qeydiyyatdan çıxarıblar. Onların 90 faizinin evləri var, sadəcə çıxarış olmadığına görə öz evlərinə qeydiyyata düşə bilmirlər. Yəni burada çox problem var və onun həlli yolu çıxarışın verilməsindən keçir. Normalda torpaqlar hərrac vasitəsilə satılıb özəlləşdirilir. Ancaq indi hərrac olmayacaq. Çünki üzərində evlər tikilib. Bələdiyyə qanunvericiliyində göstərilir ki, vətəndaş bələdiyyə torpağında 5 ildən artıq yaşayırsa, onun icarə müaqviləsinin rəsmiləşməsinə, yaxud özəlləşməsinə şərait yaradılmalıdır”. 

Gürcüstan hakimiyyəti polşalı həkimlərə Saakaşvilini müayinə etməyə icazə verdi

Gürcüstan hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin bir qrup polşalı həkim tərəfindən müayinə olunmasına icazə verib. Bu barədə “Radio Svoboda”nın jurnalisti Rikard Jozvyak məlumat verib. Jozvyak adı açıqlanmayan Avropa İttifaqı rəsmilərinə istinad edib. “Polşanın həkim komandasına Saakaşvilini görməyə icazə verilib”, - deyə o, “Twitter” hesabında paylaşım edib. Jozvyak qeyd edib ki, söhbət Saakaşvilinin Polşaya göndərilməsindən getmir, polşalı həkimlər onu Gürcüstanda müayinə edəcəklər. Lakin polşalı həkimlərdən ibarət nümayəndə heyətinin bu ölkəyə nə vaxt gedəcəyi hələlik məlum deyil.

Arif Əliyev: "Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti sıfıra bərabərdir"

"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti sıfıra bərabərdir.Ümumiyyətlə, Azərbaycanda həmkarlıq ittifaqı sistemi işləmir". Bu fikirləri "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri, ictimai əlaqələr üzrə tanınmış mütəxəssis Arif Əliyev bildirib. O deyib ki, bu sistemin işlədilməsinə vaxtilə neftçilər tərəfindən cəhdlər edilsə də, ancaq bu, onlara çox ağır başa gəldi: "Bəlkə o dərs oldu, bəlkə başqa məsələlər də var idi. Fikrimcə, Həmkarlar İttifaqında adətən işə götürənlərlə işə alınanların münasibətləri tənzimlənir. Ancaq hesab edirəm ki, Azərbaycanda Həmkarlar İttifaqı Konfederasiyasının fəalliyəti demək sıfıra bərabərdir. Bəzi yerlərdə onlar sosial məsələlərlə məşğul olurlar, əmək hüquqları ilə məşğul olduqları müşahidə olunmur".Demokrat.az

Bakıda iki yaşlı uşağı oğurlayan qadınla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gültəkin Muradova adam oğurluğunda təqsirli bilinib, lakin məhkəmə ittiham olunan şəxsə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib. Hökmə əsasən, Gültəkin Muradova 2 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Gültəkin Muradova son sözündə əməlindən peşman olduğunu deyib. Xatırlatma: 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin oğurlanması barədə polisə məlumat daxil olub. 2022-ci ilin yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib. İttihamda göstərilib ki, Gültəkin Muradova qeyri-rəsmi nikahda olduğu şəxslə birgə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq istəyib. Bu məqsədlə də qəsəbədə yerləşən yaşayış massivlərini gəzib, uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib. Hadisə baş verən gün Gültəkin Muradova yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt azyaşlı Məhəmməd Şıxaliyev bacısı Firuzənin yanında olub. İttiham olunan şəxs uşağı aparan zaman azyaşlının bacısı ona etiraz etsə də o, Məhəmmədə şirniyyat alıb geri gətirəcəyini deyib. Təqsirləndirilən şəxs bir neçə gün sonra saxlanılıb, azyaşlı aidiyyəti üzrə təhvil verilib. Gültəkin Muradova barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. Azyaşlı tapılandan sonra Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti uşağın atası Elgün Nəsirovun da saxlanması barədə məlumat yayıb. Məlumatda onun bu işdə iştirakının ehtimal olunduğu qeyd olunaraq araşdırma aparıldığı bildirilib. Həmçinin Gültəkin Muradova ilə qeyri-rəsmi nikahda yaşayan Şamil Əliyevin də saxlanıldığı açıqlanıb. Bununla belə, hazırda təqsirləndirilən şəxs qismində yalnız Gültəkin Muradova məhkəmə qarşısına çıxarılıb.

Test ləğv olunsa, savadlı uşaqlar kənddə dana otaracaq...

Dəyişmək, yeniləşmək zamanın tələbidir. Test Quran ayəsi deyil ki, toxunmaq qadağan olunsun...  Mən Azərbaycanda test üsulu ilə tələbə adını qazanan ilk pionerlərdən biriyəm. Əgər 1992-ci ildə ölkədə test üsulu tətbiq olunmasaydı, bəlkə də indi hansısa dərədə qoyun güdürdüm. İndiki gənclər bilməz, sovet dövründə ali təhsil almaq üçün təkcə yaxşı oxumaq kifayət etmirdi. Həm də yaxşı “dayı”, yaxşı pul lazım idi. Yaxşı “dayın”, yaxşı pulun olmayanda, yaxşı təhsilin əhəmiyyəti olmurdu. Oxuculardan üzr istəyirəm, iki eşşəyin arpasını bölə bilməyən adamlar dədəsinin pulu sayəsində tələbə ola bilirdilər. Nəinki tələbə, hətta məmur da olurdular. Pul bütün qapıları onların üzünə açırdı. Demirəm ki, savadlı, istedadlı gənclərimiz hamısı kənarda qalırdı, amma o vaxt ali təhsil almaq indiki kimi asan deyildi. Yüzdə, bəzən mində bir adama rüşvət vermədən tələbə adını qazanmaq qismət olurdu.  Mən Cəbrayılın ən adlı-sanlı, tanınmış kəndlərindən birində anadan olmuşam. Hələ sovet dövründə kəndimizdən 50-dən çox alim çıxmışdı. Soltanlı kənd orta məktəbinin məzunları bütün SSRİ-yə səs salmışdı. Müxtəlif ali məktəblərdə çalışan alimlərimiz öz qohum-qardaşlarının, yaxınlarının qolundan tutub irəli çəkirdilər. Buna görə də hər il məktəbimizin məzunlarının 70-80 faizi ali məktəblərə qəbul ola bilirdi. Onların arasında savadsız gənclərlə yanaşı, çox savadlı, istedadlı uşaqlar da vardı. Dərd burasındaydı ki, təkcə savadsız deyil, həm də savadlı uşaqların valideynləri qəbul vaxtı qapısındakı danaları bazara çıxarırdı. Nə qədər savadlı olsan da öküzün, davarın pulu olmasaydı, sən də tələbə ola bilmirdin.  Test üsulu kəndlini bu problemdən xilas etdi. 1992-ci ildən bəri heç kim uşağını oxutmaq üçün qapısındakı damazlıq dananı satmır, savadı olan abituriyentlər heç kimin minnətini götürmədən tələbə ola bilirlər.  Son günlər test üsulu ilə bağlı müzakirələr yenidən qızışıb. Hətta bəzi dostlarımız test üsulunun ləğv edilməsini, DİM-in səlahiyyətlərinin Elm və Təhsil Nazirliyinə verilməsini təklif edirlər. İnanın, bu sözləri eşidəndə canımı qorxu alır. Kimlərsə bilərəkdən, ya da bilməyərəkdən bizi rüşvətin tüğyan etdiyi sovet dövrünə qaytarmaq istəyir. Elm və Təhsil Nazirliyinə etibar etmək olar?  Sizi deyə bilmərəm, şəxsən mən bu barədə düşünmək belə istəmirəm. Bir nazirliyin ki, tabeliyində olan məktəblərdə hətta süpürgəçini də işə rüşvətlə götürürlər, o quruma qəbul imtahanını həvalə etmək ağılsızlıq olardı. Test üsulundan imtina etsək, sürətlə keçmiş dövrə qayıdacağıq; yenə prokurorun balası prokuror, çobanın balası çoban olacaq... Bəs nə edək? Məncə, testi təkmilləşdirək, ağıllı adamların, mütəxəssislərin verdikləri təklifləri süzgəcdən keçirək, ölçək-biçək, xarici təcrübədən yaxşı nümunələr götürək, pisi atıb yaxşını seçək, amma nə isə edək... Bunu yazmağa əlim gəlmir, çəkinirəm, ehtiyat edirəm, amma belə olacağına yüz faiz əminəm: test ləğv olunsa, savadlı uşaqlar kənddə dana otaracaq... Seymur VERDİZADƏ

Tikinti obyektlərinin sökülməsi qaydası dəyişdirilir

Azərbaycanda Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək. Sozcu.az xəbər verir ki, bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir.

"Tərtər işi"ndə təqsirləndirilənlərin məhkəməsi: "Eyni əməllər Qazax, Şəmkir, Ağcabədi və Beyləqanda da törədilib"

Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında "Tərtər işi"ndə təqsirləndirilən 4 nəfər yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. "Report"un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilirb. Məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri, Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi, Ramil Qarayev və Rüstəm Ələsgərov isə hərbi hissələrin kəşfiyyatçıları olublar. Hakim bildirib ki, Vüsal Ələsgərov Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma), 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), Rəşid Niftəliyev və Ramil Qarayev Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), Rüstəm Ələsgərov isə Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), 125-ci (Özünü öldürmə həddinə çatdırma), 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirli bilinir. Prosesdə təqsirləndirilən şəxslər məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb və ev dustaqlığına buraxılmalarını istəyiblər. İş üzrə 194 zərərçəkmiş olsa da, prosesə təxminə 20-yə yaxın zərərçəkmiş qatılıb. Zərərçəkmişlərdən Emil Orucovun vəsatətində qeyd edilib ki, "Tərtər hadisələri" kimi eyni əməllər Qazax, Şəmkir, Ağcabədi və Beyləqanda da törədilib: "Orada da hərbçilərə işgəncələr verilib. Bu işdə təqsiri olan şəxslərin siyahısı çoxdur". Vəsatətdə general-mayorlar Hikmət Həsənov və Mais Bərxudarovun məhkəməyə çağırılması, dindirilməsi və üzləşdirilməsi tələb edilib. Qeyd olunub ki, Tərtər hadisələri baş verən ərəfədə Mais Bərxudarovun harada olması ilə bağlı telefon siqnalları vasitəsilə yoxlama aparılsın. Dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirərkən qeyd edib ki, məhkəmənin qapalı keçirilməsi və müttəhimlərin ev dustaqlığına buraxılması üçün hüquqi əsaslar yoxdur. O, ittihamların ağırlaşdırılması və yeni şəxslərin məsuliyyətə cəlb olunmaları ilə bağlı vəstətləri isə məhkəmənin gedişində müzakirə etməyi məqbul sayıb. Prokuror qeyd edib ki, hazırda Baş Prokurorluq tərəfindən “Tərtər işi” üzrə istintaq hələ davam edir. İş üzrə cinayət törətməsinə dair əsaslı şübhələr yaranarsa, yeni şəxslər məhkəmədə məsuliyyətə cəlb oluna bilər. O, gedişatın zərərçəkmişlərin ifadələrindən asılı olacağını qeyd edib. Hakimlər müaşvirəyə yollanıb. Müşavirə zamanı zərərçəkmişlər 4 müttəhimlə söhbət etməyə çalışıb. Zərərçəkmişlər Hikmət Həsənovun məsuliyyətə cəlb olunacağı təqdirdə onları bağışlayacaqlarını bildiriblər. Müşavirədən sonra qərar elan olunub. Hakimlər prosesin qapalı keçirilməsi və tutulan şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin etməyiblər. Digər vəstətlər isə baxılmamış saxlanılıb. Proses martın 28-də baxışa təyin olunub.

Ordumuz 19 dəfə atəşə tutuldu

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Suraxanıda kuryerlərin mopedlərini oğurlayan şəxs tutulub

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan paytaxt ərazisində yaşayan Əli Abbasov saxlanılıb. Bu barədə Sozcu.az-a DİN-dən məlumat verilib. Araşdırma zamanı müəyyən edilib ki, Ə.Abbasov Qaraçuxur qəsəbəsində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif ünvanlara pul müqabilində satıb. Onun Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir. Ə.Abbasov barəsində 32-ci Polis Bölməsində toplanmış materiallar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.

Rusiyalılar əsgərlərinin alt paltarları üçün pul toplamağa başladı...

“Dünyanın ikinci ordusu” həm ayaqyalın, həm çılpaq, silahsızdır və  həm də insani prinsiplərə malik deyil..." Ukraynada Rusiya Federasiyası ordusunun genişmiqyaslı işğalının əvvəlindən işğalçı əsgərləri "bomjlar ordusu" adlandlrmağa başlayıblar.  Çünki işğalçılar yanı üstdə olan və ukraynalıların sülh dövründə əldə etdikləri hər şeyi daşıyırlar.  Amma indi “bomjlar ordusu” ifadəsi tamam başqa məna kəsb edir. Rusiyalı könüllülər Rusiya hərbçiləri üçün alt paltarları tikmək üçün parça almaqdan ötrü pul yığmağa başlayıblar. Sozcu.az xəbər verir ki, bu barədə daha ətraflı Rusiyanın "ASTRA" telegram- kanalı məlumat yayıb. Permdən olan yerli könüllü sosial şəbəkələrdə elan yerləşdirərək sakinlərdən hərbçilər üçün şortlarin tikilməsinə köməklik göstərmələrini xahiş edib. O, elanla yanaşı, sakinlərin gətirdiyi parçadan hərbçilər üçün alt paltarının fotosunu da yerləşdirib. Həvəskar üçün rəngləmə - solğun mavi parça üzərində mavi çiçək:  rus işğalçısına uyğundur. Könüllü həmçinin səngərdə şamları düzəltmək üçün dəmir qutular istəyib, həmçinin yastıq üzlükləri və alt paltarlarının tikilməsi üçün kömək istəyib. Elanda şortların həm cəbhəyə, həm də xəstəxanalara göndərildiyi bildirilir. Daha əvvəl  bildirilmişdi ki, ruslar kütləvi şəkildə bir-birlərinə qarşı donoslar yazmağa başlayıblar. Rusiya ordusunu “diskreditə etmək” ittihamları şəxsi söhbətlərdə səsləndirilən bəyanatlarla bağlı daha çox yayılıb.

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı hərbçisi həlak olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, Ukrayna ordusunun baş əsgəri İlkin Hacıyev iki gün əvvəl Donbas istiqamətində həlak olub. Əslən Azərbaycanın Mingəçevir şəhərindən olan İ.Hacıyev Ukraynanın Vinnitsa şəhərində yaşayıb.

Gürcüstanda etirazlara səbəb olan layihə geri çağırıldı

Gürcüstan hakimiyyəti geri çəkildi: etirazlara səbəb olan layihə geri çağırıldı Tbilisidəki kütləvi etirazlar fonunda hakim “Gürcü Arzusu” partiyası xarici təsirin şəffaflığı haqqında qanun layihəsini Gürcüstan parlamentindən geri götürmək qərarına gəlib. Bu barədə siyasi birliyin cümə axşamı dərc olunmuş bəyanatında deyilir. “Qəbul edilən qanun layihəsinin cəmiyyətdə müzakirələrə səbəb olduğunu görürük. Yalan maşını qanun layihəsini mənfi tərəfdən təqdim edərək əhalinin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə “Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim olundu. Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb etməyə nail olublar. Biz ölkəmizdə sülhə, əmin-amanlığa və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolu ilə irəliləməsinə ən çox diqqət yetirməliyik. Ona görə də hər bir həmvətənimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır. Bütün qeyd olunanları nəzərə alaraq, cəmiyyətin hər bir üzvü qarşısında məsul orqan olaraq, dəstəklədiyimiz qanun layihəsini heç bir qeyd-şərtsiz geri götürmək qərarına gəldik. Emosional fon səngidikcə, qanun layihəsinin nə üçün qəbul edildiyini və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah edəcəyik. Bunun üçün əhali ilə görüşlərə başlayacağıq və məsələnin hər bir detalı ilə bağlı bütün həqiqətləri geniş ictimaiyyətə çatdıracağıq. Biz idarəedici qüvvə olaraq cəmiyyətin hər bir üzvü qarşısında daşıdığımız xüsusi məsuliyyətlə hərəkət edirik. Gürcüstan sülh və sabitliyi qoruyacaq və gürcü cəmiyyətinin əsas seçimi olan Avropaya doğru layiqincə irəliləyəcək”, – deyə, partiyanın saytında yerləşdirilən bəyanatda vurğulanır. Mustafa Hacıbəyli