Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ

Prezident Administrasiyasının dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb. Sozcu.az xəbər verir ki, bu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Ramiz Ənvər oğlu Mehdiyev barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ay uzadılıb. Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasının vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş vəsatəti təmin edib.  Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur.  Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

İlham Əliyevlə Ceyms Devid Vensin görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Ceyms Devid Vens ilə məhdud tərkibdə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, fevralın 10-da C.D.Vensin Azərbaycana səfəri başlayıb.

Uşaqlarla bağlı istintaqlarda psixoloqlar da iştirak edəcək

Yetkinlik yaşına çatmamış şəxslərlə əlaqədar istintaq proseslərində iştirak etməli olan şəxslərin əhatə dairəsi genişləndirilir. Sozcu.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. Layihəyə əsasən, uşaqların dindirilməsi, üzləşdirilməsi və digər proseslər zamanı müəllim, həkim, tərcüməçi və uşağın qanuni nümayəndəsi ilə yanaşı psixoloqlar da iştirak edəcək.

Cərimə ödənilən kimi saxlanılan nəqliyyat vasitəsi geri qaytarılacaq

Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq. Sozcu.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib. “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq.

Ermənistan Rusiyanın Zəngəzur dəhlizində iştirakını İSTƏMİR

Ermənistan Parlamentinin sədri Alen Simonyan Rusiyanın TRIPP layihəsində iştirakını təsəvvür etmədiyini bildirib Sozcu.az xəbər verir ki, bunun Ermənistan-Amerika təşəbbüsü olduğunu vurğulayıb. "Rusiya yalnız TRIPP-ə diqqət yetirməməlidir. Digər marşrutlar da Ermənistandan keçir", - deyə Simonyan qeyd edib. O, əlavə edib ki, Moskva TRIPP çərçivəsindən kənar infrastruktur layihələrinin tikintisində və istismarında iştirak etməyi təklif edə bilər və Ermənistan bu cür təklifləri nəzərdən keçirməyə hazırdır. Rusiyaya səfərindən sonra Simonyan bildirib ki: tərəflər açıq şəkildə narahatlıqlarını bölüşüblər və investisiyalar və mədəni əməkdaşlıq müzakirə ediblər. Rusiya tərəfi Ermənistanın daxili siyasətinə müdaxilə etməkdə maraqlı olmadığına əminlik verib.

Yaponiya Ukrayna ilə bağlı bu təşəbbüsə qoşuldu

Yaponiya Ukraynanın dəstəklənməsi ilə bağlı PURL (Ukraynanın prioritet ehtiyaclarının siyahısı) təşəbbüsünə qoşulur. Sozcu.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Məlumata görə, Yaponiya yalnız radar sistemləri və zirehli jiletlər daxil olmaqla, ölümcül olmayan müdafiə avadanlıqları üçün maliyyə ayıracaq. Bildirilib ki, Yaponiya artıq bir neçə NATO üzvünü və Ukraynanı planı barədə məlumatlandırıb. NATO rəsmilərindən biri hətta qeyri-öldürücü avadanlıqların belə Ukrayna üçün vacib olduğunu vurğulayıb və əlavə edib ki, Yaponiyanın bu təşəbbüsdə iştirakı əhəmiyyətlidir.

Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi

Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin bundan əvvəlki sədri Tahir Budaqov olub. O, dövlət başçısının Sərəncamı ilə Nəsimi rayonunun icra başçısı təyin edilib.

ABŞ-dan azərbaycanlı fəalın həbsi ilə bağlı çağırış

ABŞ Beynəlxalq Əfv Təşkilatı güneyli insan haqları fəalı və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi barəsində çıxarılan 7,5 illik həbs cəzasını pisləyərək, onun dərhal azadlığa buraxılmasına çağırış edib. Sozcu.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilir. Paylaşımda qeyd edilir ki, Məhəmmədi vəkillə əlaqə imkanı olmadan 59 gün həbsdə saxlanılıb və bu müddətdə onun sağlamlıq durumu ciddi şəkildə pisləşib. Qeyd olunub ki, o, minimum ədalətli məhkəmə standartlarına cavab verməyən proseslə mühakimə edilib. Beynəlxalq Əfv Təşkilatı hökmü pisləyib, Nərgiz Məhəmmədinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb və onun vəziyyətinə uyğun ixtisaslaşmış tibbi yardıma tez bir zamanda çıxışının olmasının vacibliyini vurğulayıb. Təşkilat həmçinin beynəlxalq ictimaiyyəti insan haqları müdafiəçilərinə qarşı repressiyalara son qoymaq üçün İslam Respublikasına təzyiqi artırmağa çağırıb.

Ceyhun Bayramov ABŞ nümayəndələri ilə TRIPP marşrutunu müzakirə etdi

10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Xuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən Sozcu.az-a verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə 31 şirkətin rəhbər şəxsləri və nümayəndələri daxildir. Görüş zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq əlaqələrinin təsis edilməsi istiqamətində atılan addımlar, ölkələrimiz arasında enerji, ticarət, nəqliyyat, logistika, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, bir sıra əhəmiyyətli sahələrdə iqtisadi sərmayə kimi istiqamətlərdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, planlar və ABŞ-nin özəl sektoru ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Ötən ilin 8 avqust tarixində Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib, imzalanacaq Xartiyanın münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb. Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları, habelə digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda daha bir ərazidə böyük söküntü başlayır

Bakıda növbəti böyük söküntü prosesi başlayır. Sozcu.az Bakı.vs-yə istinadən xəbər verir ki, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən fərdi yaşayış evləri söküləcək. Artıq bu ərazidə yaşayan sakinlərə rəsmi bildirişlər təqdim olunub və evlərin boşaldılması üçün hazırlıq mərhələsinə start verilib. Söküntünün səbəbi paytaxtın əsas nəqliyyat problemlərindən birinin həlli ilə bağlıdır. Belə ki, "20 Yanvar dairəsi" və "Şamaxinka" ərazisində tıxacların azaldılması məqsədilə Xiyabani küçəsindən keçəcək yeni avtomobil tunelinin tikintisi planlaşdırılır. Qeyd edək ki, söküləcək evlərin sahiblərinə qanunvericiliyə uyğun kompensasiya ödəniləcək. Kompensasiya məbləğinin daşınmaz əmlakın yerləşdiyi ərazi, sahəsi və bazar dəyəri əsasında müəyyən ediləcəyi bildirilir. Hazırda söküntü siyahısına düşən evlərin dəqiq sayı açıqlanmasa da, Xiyabani küçəsinin tunelin keçəcəyi hissəsində yerləşən yaşayış məntəqələrinin layihə çərçivəsində tamamilə boşaldılacağı gözlənilir. Sakinlərə bu məqsədlə bildirişlər də təqdim olunub. Qeyd edək ki, söküntü "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində aparılacaq işlərin tərkib hissəsidir. Proqrama əsasən, yeni tunel şəhərin bu hissəsində nəqliyyat axınını yüngülləşdirməli, uzun illərdir problem yaradan sıxlığı aradan qaldırmalıdır.

Vens qondarma “erməni soyqırımı abidəsi”ni ziyarət edib

Ermənistanda səfərdə olan ABŞ-ın vitse-prezidenti J.D.Vens İrəvanda qondarma “erməni soyqırımı abidəsi”ni ziyarət edib. Onu bu ziyarət zamanı həyat yoldaşı Uşa Vens də müşayiət edib. Sozcu.az xəbər verir ki, bu barərə Erməni KİV-i məlumat yayıb. Xatırladaq ki, J.D. Vens dünən rəsmi səfərlə İrəvana gəlib. O bu gün Bakıya yola düşəcək.

Kibercinayətkarlığa qarşı Konvensiya ratifikasiya edilir

Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası ratifikasiya ediləcək. Sozcu.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub. Birləşmiş Millətlər Təşkilatı kibercinayətkarlıqla mübarizəni informasiya və kommunikasiya texnologiyalarının inkişafı fonunda yaranan transsərhəd cinayət təhdidlərinə qarşı beynəlxalq əməkdaşlıq tələb edən prioritet sahələrdən biri kimi müəyyən edir. Bu istiqamətdə dövlətlər arasında hüquqi əməkdaşlığın gücləndirilməsi məqsədilə “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi haqqında Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası” 25 oktyabr 2025-ci il tarixində Hanoy şəhərində imzaya açılmışdır. Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, habelə ağır cinayətlərə aid olan sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılmasıdır. Konvensiya kibercinayətkarlıqla mübarizənin yalnız milli səviyyədə deyil, həmçinin beynəlxalq hüquqi yardım, ekstradisiya və operativ qarşılıqlı əlaqə mexanizmləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Konvensiya çərçivəsində kibercinayətkarlıq sahəsində istifadə olunan anlayışların vahid şəkildə müəyyən edilməsi, elektron mühitdə sübutların itirilməsinin, dəyişdirilməsinin və ya məhv edilməsinin qarşısının alınması, habelə istintaq və təqib proseslərinin effektivliyinin təmin edilməsi əsas prinsiplər kimi çıxış edir. Sənəddə dövlətlərin səlahiyyətli orqanları arasında birbaşa və operativ əməkdaşlıq, qarşılıqlı hüquqi yardım mexanizmlərinin sadələşdirilməsi və fasiləsiz fəaliyyət göstərən əlaqə mexanizmlərinin yaradılmasına xüsusi əhəmiyyət verilir. Konvensiyanın yekun müddəalarına uyğun olaraq sənəd dövlətlərin imzası, ratifikasiyası, qəbulu və ya təsdiqi üçün açıqdır və müvafiq daxili prosedurlar tamamlandıqdan sonra qüvvəyə minir. Eyni zamanda Konvensiya iştirakçı dövlətlərə onun müəyyən müddəaları üzrə bəyanatlar və qeyd-şərtlər vermək imkanı tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya edərkən bir sıra mühüm bəyanatlar və qeyd-şərtlər təqdim etmişdir. Həmin bəyanatlarla ekstradisiya və qarşılıqlı hüquqi yardım sahəsində Konvensiyanın hüquqi əsas kimi qəbul edilməsi, bu proseslər üzrə səlahiyyətli mərkəzi orqanların müəyyən edilməsi, habelə sorğuların təqdim edilməsi dili və operativ əlaqə mexanizmləri ilə bağlı mövqelər ifadə olunmuşdur. Qeyd-şərtlərlə isə Konvensiya çərçivəsində müəyyən edilmiş bəzi cinayət tərkibləri üzrə cinayət məsuliyyətinin yaranma şərtləri, əhəmiyyətli zərər meyarı və milli hüquq sisteminin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq dairəsi dəqiqləşdirilmişdir. Beləliklə, Konvensiya və ona dair Azərbaycan Respublikasının bəyanat və qeyd-şərtləri kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsaslarını formalaşdırır və Konvensiyadan irəli gələn maddi və prosessual normaların milli hüquq sistemində tətbiqinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu dəyişikliklər Konvensiyanın müddəalarının, eləcə də Azərbaycan Respublikasının təqdim etdiyi bəyanat və qeyd-şərtlərin milli qanunvericilikdə implementasiyasına yönəlib.

Beyləqan xəstəxanasında körpə ölümü

Beyləqan rayonunda yeni doğulan körpənin ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, rayonun Birinci Şahsevən kənd sakini 30 yaşlı Ülviyyə Əliyevanın Beyləqan Rayon Mərkəzi Xəstəxanasına dünyaya gətirdiyi oğlan uşağı doğuşdan sonra ölüb. Faktla bağlı araşdırma aparılır

Tərtərdə maşın aşdı, 1 nəfər öldü

Tərtər rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə Tərtər-Goran yolunun Seydimli kəndi ərazisində qeydə alınıb. Rayon sakini İxtiyar Cəfərovun idarə etdiyi "JAC" markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı avtomobildə olan 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bu əraziyə 37 sm qar yağdı

Fevralın 10-u saat 10:00-a olan məlumata əsasən, Azərbaycanda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahbuzda 37, Qaxda (Sarıbaş) 25, Qrızda 6, Şahdağda 4, Xaltanda 3, Şəki (Kişçay), Xızı və Qusarda 2, Göygöl, Daşkəsən, Kəlbəcər və Qubada 1 sm-dir. Düşən yağıntının miqdarı Ordubadda 6, Naxçıvan və Sədərəkdə 4, Şərur, Şabran, Astara və Yardımlıda 3, Culfa, Şəmkir, Lerik və Lənkəranda 2, Gədəbəy, Laçın, Qubadlı, Gəncə, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Mingəçevir, Sabirabad, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Şahdağ və Neftçalada 20, Daşkəsən və Naftalanda 18, Şəkidə 15 m/s-dək güclənir. Şamaxı, Quba, Qusar, Qrız, Xaltan, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Azərbaycanda pensiyaların nə qədər artacağı açıqlandı

Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Sozcu.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 543 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 578 manata çatıb: "Yeni artımla orta aylıq pensiya və yaşa görə orta aylıq pensiya müvafiq olaraq 593 manata və 632 manata çatır. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir". R.Mustafayev əlavə edib ki, bu il üçün pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manat nəzərdə tutulub ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir. Nazir müavini yeni Sərəncamla sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitallarının da istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə uyğun olaraq 5,6 faiz artırıldığını diqqətə çatdırıb.

Qələm və Çəngəl: Vicdanın İki Üzü

​Dünya qəribə bir teatr səhnəsidir — və biz hamımız orada həm aktyor, həm də tamaşaçıyıq. Bu səhnədə ən uca səslə "mərhəmət" deyənlər, pərdəarxasında həmin mərhəməti duzlayıb-istiotlayanlardır. Şairin uşaqlar üçün qələmə aldığı misralar ilə süfrəsindəki təamlar arasındakı məsafə, insan təbiətinin ən qaranlıq təzadıdır. ​İki Səhnə, Bir Həqiqət ​Birinci kadr: Yeddiyaşlı uşaq əlində kitab, gözləri parıldayaraq kürsüdə dayanıb. Böyük həyəcanla misraları sıralayır: "Mənim quzum mələyir, ot yeyib su içir... Onu sevin, incitməyin!" Onun kiçik qəlbində quzu artıq oyun yoldaşına, toxunulmaz bir dosta çevrilib. ​İkinci kadr: Cəmi bir neçə saat sonra isə şair və o uşaq eyni süfrə arxasındadırlar. Şair bayaqkı misraların müəllifi kimi deyil, bir ovçu iştahası ilə quzu ətindən hazırlanmış dolmanı çəngəlinə keçirir. Bayaq "mələyən" canlının buxarlanan ətri vicdanın səsini çoxdan boğub. Uşaq isə şeirdə sevdiyi "dostunu" şam yeməyində dadmağa alışdırılır. Poeziya məğlub olur, qastronomiya qalib gəlir. ​Nəticə ​Şairin uşağa verdiyi dərs ilə sərgilədiyi həyat tərzi arasındakı bu uçurum, bəşəriyyətin ən böyük dramıdır. Biz eyni canlının həm gözəlliyinə dastan yazan, həm də dadına tamah salan yeganə varlığıq. ​Müəllif: Əbil Həsənov

Vens Ermənistandadır

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistandadır. Sozcu.az xəbər verir ki, onun təyyarəsi bir neçə dəqiqə öncə "Zvartnots" aeroportuna eniş edib.  Xatırladaq ki, Vens 9-10 fevral tarixlərində Ermənistanda olacaq və bundan sonra Azərbaycana səfər edəcək.

Siyəzən sakini dəm qazından ölüb

Siyəzən sakini dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, Siyəzən rayonu sakini İzzət Cəfərovun yaşadığı evin hamamında dəm qazından zəhərlənərək öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır. (APA)

Pensiya artımları kimlərə şamil olunacaq?

Prezident İlham Əliyev bu gün "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sənədlə 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2025-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 9,3 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Əmək pensiyalarının indeksləşdirilməsi “Əmək Pensiyaları” haqqına Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2025-ci ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Artımlar 1 milyon 100 min vətəndaşımıza şamil olunacaq. Vüqar Bayramov Milli Məclisin deputatı

İranda hərbçilərə silahlı hücum edildi: yaralananlar var

Bu gün İranın Sistan və Bəlucistan əyalətinin Xaş bölgəsində hərbçilərin avtomobilinə silahlı hücum olub. Sozcu.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Məlumata görə, hücum nəticəsində biri polkovnik olmaqla 3 hərbçi yaralanıb. Rəsmi dövlət mediası isə yaralananların mülki şəxslər olduğunu yazıb.

Sabah külək güclənəcək - Xəbərdarlıq

Fevralın 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Neftçala, Xızı, Qusar, Ağstafa, Tovuz, Naftalan, Goranboy, Kəlbəcər, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Daha bir nazirlikdən qarlı hava ilə bağlı xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bu barədə Sozcu.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 10-11-də ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb: "Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Eyni zamanda, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməli, dəm qazı təhlükəsinə qarşı diqqətli davranılmalıdır. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır". FHN-nin məlumatında bildirilib ki, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər: "Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur".

Bu sahədə aparılan yoxlamalar daha bir il dayandırıldı

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı qanuna dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb. Dəyişikliyə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda nəzərdə tutulan müddət 2026-cı ildən 2027-ci ilə qədər uzadılıb. Bununla da sahibkarlıq subyektlərində planlı yoxlamaların dayandırılması daha bir il qüvvədə qalacaq. Qanun 2026-cı il yanvarın 1-dən tətbiq ediləcək.