41 yaşlı kişini döyərək öldürənlərdən daha biri saxlanıldı

Zaqatalada 41 yaşlı kişini döyüb öldürməkdə təqsirləndirilən daha bir nəfər saxlanılıb. Sozcu.az Oxu az-a istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Zaqatala rayon sakini İsgəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 34 yaşlı Hafiz Hacıyev saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, əməli törədən şəxslərdən digəri Rasim Abbasov da bir neçə gün öncə polis əməkdaşları tərəfindən saxlanılıb.

Gürcüstanda daha bir qalmaqallı həbs

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin sabiq müavini Koba Qabunia barəsində həbs qətimkan tədbiri seçib. Sozcu.az xəbər verir ki, Qabunia vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. İttihama əsasən, o, “Lagi Capital” MMC-yə qanunsuz üstünlük verib və layihə üzrə avans ödəyib. Bildirilir ki, şirkət 2023-cü ildə aldığı avans vəsaitini təyinatı üzrə xərcləməyib və uşaq bağçası tikintisi başa çatmayıb. Nəticədə dövlətə maddi ziyan dəydiyi iddia olunur. Prokuror bildirib ki, Qabunia istintaqla əməkdaşlıq etmir və yalnız həbs onun istintaqa mane olmasının qarşısını ala bilər. Müdafiə tərəfi bu arqumentlə razılaşmayaraq 400 min lari girov təklif edib. Qabunia məhkəmədə bildirib ki, heç vaxt maddi fayda əldə etməyib, layihələrin çoxluğu fonunda bəzi məqamları diqqətdən qaçıra bilib, lakin məqsədyönlü hərəkəti olmayıb. Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə aparılan əməliyyat zamanı Qabunia saxlanılıb. Sabiq nazir İrakli Karseladzenin də adı keçən iş üzrə 20-yə yaxın ünvanda axtarışlar aparılıb.

Erməni məktəblərində Azərbaycan dili tədris ediləcək

Ermənistanda 2025/2026-cı tədris ilindən etibarən üç məktəbdə Azərbaycan dili fənni tədris olunacaq. Sozcu.az xəbər verir ki, bu qərar xarici və regional dillərin inkişafına dair dövlət proqramı çərçivəsində qəbul edilib. Yeni proqramın məqsədi region ölkələrinin dillərinə marağı artırmaq və şagirdlərə əlavə bilik imkanları yaratmaqdır. Azərbaycan dili kursu könüllü olacaq və yalnız 10–12-ci sinif şagirdləri üçün nəzərdə tutulur. Tədrisin təşkili isə uyğun ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq. Proqramın reallaşdırılması Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək.

Məzahir Pənahov da Ramiz Mehdiyevə “Ata” deyirmiş

Hazırda həbsdə olan sabiq MSK üzvü Akif Qurbanov sosial media hesabında cinayət məsuliyyətinə cəlb olunan PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında gəzən söz-söhbətlərdən yazıb. “Yeni Sabah” xəbər verir ki, o MSK sədri Məzahir Pənahovun da Ramiz Mehdiyevə “ata” deyə xitab etməsinin şahidi olduğunu bildirib: “Ata” söhbəti Ramiz Mehdiyevlə bağlı bir xatirəmi yada saldı. İstədim, sizinlə də bölüşüm. Ramiz Mehdiyevə “ata” deyilməsinə bir dəfə də mən şahid olmuşam. 2011-ci ilin fevralında.  Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) 18 üzvünü yenidən təsdiq etmişdi. İlk iclasa Ramiz Mehdiyev gəlmişdi. “Akademik” çıxış etdi. Hamınızın bildiyi şeylərdən danışdı. Sonda dedi ki, İlham Əliyevin Məzahir Pənahova etimadı davam edir və onun MSK sədri vəzifəsində qalmasını təklif edir . Məzahir Pənahov yenidən sədr seçiləndən sonra iclası o davam etdirdi. Prezidentin yüksək etimadından, diqqət və qayğısından başlayıb keçdi Ramiz Mehdiyevi tərifləməyə. Sonda təxminən bunları dedi: “Prezidentlə yanaşı, onun administrasiyasının rəhbəri kimi biz həmişə sizin də diqqət və dəstəyinizi, himayənizi hiss etmişik. Həmişə sizi özümüzə bir ağsaqqal və ata kimi qəbul etmişik. Sizin dərin bilik və təcrübənizi özümüzə örnək bilib sizdən çox şey öyrənməyə çalışmışıq. Necə ki, atalar, valideynlər öz övladlarının səhvini, nöqsanını görür, amma onları bağışlayır, onlara doğru yol göstərir, inanırıq ki, siz də bizim nə səhvimiz, nöqsanımız varsa, bir ata kimi onları övladlarınızın səhvi kimi qəbul edərək bağışlayacaq, bizə doğru yol göstərəcəksiniz”.

Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto paylaşdı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında "Zəngəzur dəhlizi!!" başlığı ilə foto baylaşıb.

Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb. Sozcu.az Manset.az-a istinadən xəbər verir ki, BDU-nun rektoru Elçin Babayevin müvafiq Əmri ilə Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Digər Əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub. Qeyd edək ki, V.İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır. Xatırladaq ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva da bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad edilib.

Azərbaycanda üzdə olan 3 məmur həbs ediləcək! - Sensasion AÇIQLAMA

“Noyabr ayında Azərbaycanda həbslər davam edəcək, sensasion həbslər də olacaq”. Sozcu.az xəbər verir ki, bunu tanınmış astroloq Səbuhi Rəhimli noyabr ayı ilə bağlı siyasi proqnozunda bildirib. Astroloq istintiq səbəbindən ad çəkmək istəmədiyini qeyd edib. O, üç məmurun həbs olunacağını söyləyib: “Üzdə olan 3 məmur bu prosesdə qurban gedəcək”, - S.Rəhimli vurğulayıb. O, noyabr-dekabr aylarında manatın sabiq qalacağını, devalvasiya təhlükəsinin olmadığını vurğulayıb. Bununla yanaşı, astroloq bahalaşmanın davam edəcəyini də bildirib.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb. Sozcu.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,08 dollar və ya 0,12 faiz azalaraq 65,87 dollar olub. Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Türkiyədə ard-arda zəlzələ oldu

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda gecə saatlarında ard-arda 3,8 və 3,5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb. Səhər saatlarında isə 4,2 bal gücündə zəlzələ olub. Yerin 6,79 kilometr dərinliyində meydana gələn zəlzələ zamanı tələfat və dağıntı qeydə alınmayıb. Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 bal gücündə zəlzələ baş vermişdi.

Tramp Ermənistana səfər edəcək - KİV

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Con Tramp noyabrın 12-də Ermənistana səfər edəcək. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənsitanda nəşr olunan “Past” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, səfərin məqsədləri arasında biznes maraqları və hakimiyyətin müxtəlif dairələri ilə görüşlər var. Kiçik Trampın Baş nazir Nikol Paşinyanla görüşünün planlaşdırılıb-planlaşdırılmadığı hələlik məlum deyil. Ehtimal olunur ki, səfər Ermənistanın ABŞ-a yeni təyin olunmuş səfiri Narek Mkrtçyan tərəfindən təşkil olunub. Xatırladaq ki, Donald Con Tramp amerikalı iş adamı və fəaldır.

Fərəc Kərimli: “Ramiz Mehdiyev mövzusu troll mediada məqsədli şəkildə ucuzlaşdırıldı”

Fərəc Kərimli: “Ramiz Mehdiyev mövzusu cəmiyyətə düzgün təqdim olunmadı” Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli Ramiz Mehdiyevlə bağlı son proseslərə münasibət bildirib. Fərəc Kərimlinin sözlərinə görə, hakimiyyət Ramiz Mehdiyevlə bağlı elan etdiyi ittihamlar barədə cəmiyyətə vaxtında və aydın məlumat verməyib. Bu isə Mehdiyevin illər boyu mediada və siyasətdə formalaşdırdığı şəbəkənin əlinə fürsət verib:  “Hakimiyyət Mehdiyevlə bağlı informasiyanı düzgün idarə edə bilmədi. Nəticədə Mehdiyevin şəbəkəsi mövzunu o qədər ucuzlaşdırdı ki, indi faktlar təqdim olunsa belə, insanlar buna inanmaqda çətinlik çəkir. Əgər doğrudan da istintaq aparılır və hakimiyyət ciddi addımlar atmaq niyyətindədirsə, Mehdiyevin qurduğu troll mediasının bu mövzunu lağ obyektinə çevirməsinə də diqqət yetirilməli idi.” Müsavat rəsmisi qeyd edib ki, Ramiz Mehdiyevlə bağlı ilk xəbərlər yayılanda ictimaiyyət məsələni ciddi qəbul edirdi. Lakin Mehdiyevin memarı olduğu troll şəbəkə feyk məlumatlar və manipulyativ paylaşımlar vasitəsilə elə bir mühit formalaşdırdı ki, indi çoxları “bu da bir oyundur” düşüncəsinə qapılıb. “Qısası, Mehdiyevin şəbəkəsi ona son xidmətini də ustalıqla göstərdi,” – deyə Fərəc Kərimli vurğulayıb. Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər (CM-nin 278.1-ci maddəsi), dövlətə xəyanət (CM-nin 274-cü maddəsi) və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (CM-nin 193-1.3.2-ci maddəsi) ittihamları ilə istintaqa cəlb olunub. Ev dustaqlığı qərarının məqsədi onun istintaqa təsir imkanlarını məhdudlaşdırmaq və cəmiyyətdən qismən təcrid olunmasını təmin etməkdir.

Arif Hacılı: “Zaqatala rayonunun problemləri daha köklü və dərindir”

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Zaqatala və ətraf rayonlarda mövcud sosial-iqtisadi vəziyyətlə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, ölkədə təmir olunmamış yeganə magistral yol hələ ötən əsrin 60-cı illərində salınmış Şəki–Zaqatala yoludur.  “Maqistral olmaqdan əlavə, bu yolun üzərində irili-xırdalı çoxsaylı kəndlər, həmçinin Əliabad qəsəbəsi yerləşir. Xüsusilə 2012-ci il zəlzələsindən sonra yol çox bərbad vəziyyətə düşüb”, – deyə Arif Hacılı qeyd edib. Müsavat Məclisinin sədrinin sözlərinə görə, Alazan (Qanıxçay) vadisi boyunca yerləşən kəndlərin çoxuna hələ də qaz xətti çəkilməyib, minlərlə insan qışın gəlişini narahatlıqla gözləyir.  “Zaqatala şəhərində yol infrastrukturu düzgün qurulmadığından, mərkəzi küçələrdə avtomobil sıxlığı və tıxaclar yaranır. Yolsuzluq, işsizlik, rüşvət və korrupsiya da bölgə əhalisini ciddi narahat edir”, – Hacılı əlavə edib. O vurğulayıb ki, son 15 ildə Zaqatalada hər hansı inkişaf müşahidə olunmur. Rayonun abadlıq işləri park və meydanlarda ot örtüyünün daşla əvəz olunması ilə məhdudlaşır:  “Rayonda yeni istehsal müəssisələri tikilmir, gənclər üçün iş yerləri açılmır. Əhalinin əsas məşğuliyyəti çayxana və kafe fəaliyyəti ilə məhdudlaşıb.” Siyasətçi qeyd edib ki, icra başçıları həbs edilən Qax və Balakən rayonlarının problemləri ilə müqayisədə, Zaqatala rayonunun problemləri daha ciddi və daha dərindir. Sozcu.az 

Ukrayna və müttəfiqləri vahid sülh planı hazırlayırlar

Ukrayna və müttəfiqləri birgə sülh planı hazırlayırlar. Bu, vahid sənəd olacaq və ayrı-ayrı ölkələrdən alternativ "planlar" yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermak RBC-Ukrayna müxbirinin sualına cavab olaraq bildirib. "Media hazırda ABŞ-ın, Aİ-nin və ayrı-ayrı ölkələrin birinin olduğunu deyən alternativ "planlar" haqqında məlumatlarla doludur. Aydınlaşdırmaq istəyirəm ki, bu, belə deyil. Seçdiyimiz fərqli planlar yoxdur. Formalaşdırma üzərində işçi müzakirələr aparılır, bütün tərəfdaşlar daim əlaqə saxlayırlar", - Yermak deyib. Rəsmi şəxsin vurğuladığı kimi, nəticədə Ukrayna və tərəfdaşları tərəfindən birgə hazırlanacaq və Ukraynanın maraqlarını nəzərə alacaq vahid sənəd olacaq. "Biz rəqabətli təşəbbüslərdən danışmırıq. Söhbət Ukrayna, Aİ, ABŞ və digər tərəfdaşlarla sinerji tapmaqdan gedir. Əlbəttə ki, ABŞ-ın iştirakı vacibdir", - Yermak qeyd edib. “Prezidentlər Zelenski və Tramp Avropa liderləri ilə birlikdə istənilən danışıqların atəşkəs və təmas xətti boyunca nizamlanma ilə başlamalı olduğuna razıdırlar. Bütün tərəfdaşlar diplomatiyanın uğur qazanması üçün atəşin dayandırılmalı olduğuna inanırlar. Biz Prezident Trampın sülhməramlı liderliyini yüksək qiymətləndiririk və inanırıq ki, Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri ilə təmin edilən ədalətli, davamlı bir sülhə nail olmağa kömək edə biləcək şəxs məhz odur”, - deyə prezident aparatının rəhbəri əlavə edib.

“Qarabağ” – “Çelsi” matçına nə qədər bilet satılıb?

“Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turunda İngiltərə “Çelsi”sinə qarşı Bakıda keçiriləcək oyunu üçün bilet satışı davam edir. Sozcu.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidməti 27 250 bilet satıldığını deyib. Klubdan qeyd edilib ki, hazırda məhdud sayda biletlər qalıb. Bunları da yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə etmək olar. Biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir. Xatırladaq ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Şagirdin çantasına girən müəllim cəzalandırıldı

Salyanda məktəblərin birində pulu itən müəllimin şagirdin çantasını yoxlaması barədə məlumat yayılıb. Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi açıqlama yayıb. Bildirilib ki, xoşagəlməz hadisə Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli Texniki və təbiət fənləri təmayüllü liseydə kimya müəllimi ilə 10-cu sinif şagirdi arasında baş verib. Qeyd edilib ki, müəllim çantasında olan pul vəsaitinin şagird tərəfindən götürüldüyünü ehtimal edərək onun pulqabısını yoxlayıb. Bundan xəbər tutan valideyn məktəbə gələrək etirazını bildirib. Bundan sonra təhsil müəssisəsinin rəhbərliyi tərəflərlə söhbət aparıb, bu cür halların birgə müzakirələrlə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. “Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna, dərs prosesində buraxdığı nöqsana görə məktəbin Pedaqoji Şurasının 28.10.2025-ci il tarixində keçirilən iclasının qərarı əsasında müəllim barəsində intizam tənbeh tədbiri görülüb.

Bu xəstəxanaya yeni direktor və baş həkim təyin edildi

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və direktor müavini təyin edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək. Xəstəxananın direktor müavini - baş həkim vəzifəsinə isə Elçin Mustafayev təyin olunub. V.Qurbanov bu gün yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, bundan öncə həmin xəstəxananın direktoru Fariz Babayev idi. O öz ərizəsi ilə işdən azad edilib.

ABŞ Kolumbiya prezidentinə yanacaq vermədi

Kolumbiya Prezidenti Qustavo Petronun Səudiyyə Ərəbistanına səfəri zamanı onun təyyarəsinə Kape Verde adalarında yanacaq doldurmağa icazə verilməyib. Sozcu.az xəbər verir ki, bu barədə Petro özünün X səhifəsində məlumat yayıb. Məlumata görə, səbəb ABŞ-ın Petroya qarşı tətbiq etdiyi sanksiyalardır. Onun “Boinq 737-700” təyyarəsi İspaniyanın hərbi bazasında - Madriddə yanacaq doldura bilib. Bu, İspaniya hökumətinin müdaxiləsindən sonra mümkün olub.

İslam Rzayevin müavinləri də saxlanılıb? - RƏSMİ AÇIQLAMA

Ötən gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. Mətbuatda onunla yanaşı bir neçə şəxsin də saxlanıldığı bildirilir. Saxlanılan şəxslər arasında icra başçısının müavinləri, rayonun baş memarının da olduğu qeyd olunub. Sozcu.az xəbər verir ki, Modern.az hadisə ilə əlaqədar Balakən Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının köməkçisi Aydın Xoçbərov sualları cavablanıdırıb. O qeyd edib ki, başçının müavinləri, köməkçiləri və baş memar işlərinin başındadır. "Hər kəs öz işinin başındadır, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) apardığı əməliyyatlar zamanı yalnız icra başçısı İslam Rzayev saxlanılıb”, açıqlamada qeyd olunub. Qeyd edək ki, icra başçısının birinci müavini Turan Dibirov, müavinləri Nəzakət Rüstəmova və Mehparə Nuriyevadır. Rayonun baş memarı isə Tahir Rəcəbovdur.

Simonyan Rusiya ilə “ittifaq dövləti” ideyasını ələ saldı

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya və Belarusun “ittifaq dövləti”nə qoşulmaq ideyasını istehza ilə qarşılayıb. Sozcu.az xəbər verir ki, Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, ölkədə hakimiyyətin real siyasi rəqibləri yoxdur. “Elə insanlar var ki, yalnız təhqir yağdırırlar, amma heç nə təklif etmirlər. Onlar son vaxtlar sülh və ya ölkənin gələcəyi ilə bağlı nə təklif ediblər? Rusiya-Belarus ittifaq dövlətinə üzv olmaqdan başqa? (Gümrü meri Vardan Qukasyana eyham vurur - red.). Onların hansı siyasəti var?”, - Simonyan bildirib. Spiker, həmçinin vurğulayıb ki, qanun qarşısında məsuliyyət daşıyan şəxslər cəzasız qalmamalıdır: “Həbsdə olanlara gəlincə, biz əslində gecikmişik. Xalq “dəmir mandat” tələb edəndə, bu o demək idi ki, cinayət törədən, amma sonra namizədliyini irəli sürən şəxslər cəzasız qalmamalıdır”. Xatırladaq ki, oktyabrın 20-də hüquq-mühafizə orqanları Gümrü meriyasında axtarış aparıblar. Daha sonra məlum olub ki, şəhər meri Vardan Qukasyan və daha yeddi nəfər rüşvət almaqda ittiham edilərək saxlanılıb. Məhkəmə Qukasyanın barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Ermənistanda əməliyyat başladı - yüksək rütbəli hərbçilər HƏBS EDİLDİ

Eçmiədzində hərbi hissəsində keçirilən əməliyyat tədbirləri Ermənistan Antikorrupsiya Komitəsində açılmış cinayət işi çərçivəsində aparılır. Sozcu.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb. "Hərbi polisdə ehtimal edilən cinayətlə əlaqədar məlumat Antikorrupsiya Komitəsinə göndərilib və burada qanunla müəyyən edilmiş qaydada araşdırma başlanılıb", - deyə qurumdan bildirilib. Qeyd edək ki, bu hərbi hissə ilə bağlı cinayət işi daha əvvəl geniş ictimai əks-səda doğurub. Bu iş üzrə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant Andranik Makaryana və bir sıra digər hərbçilərə qarşı ittihamlar irəli sürülüb. *** 11:51 Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın ediblər. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Məlumata görə, saxlanılanlar arasında yüksək rütbəli hərbçilər də var. Əməliyyatın səbəbi barədə heç bir məlumat verilməyib.

Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir. Sozcu.az xəbər verir ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyanın vəkili Oqtay Mədətov məhkəməyə müraciət edərək, fasilə zamanı müvəkkili ilə görüşmək istədiyini deyib. Hakim fasilədə bunun üçün şərait yaradılacağını bildirib. Təqsirləndirilən şəxs David Manukyan vəsatətlə çıxış edərək, ona qarşı irəli sürülmüş ittiham aktında təşkilatlanmış cinayətkar qrupun yaradılması ilə bağlı ittihamın cinayət işindən çıxarılmasını və ayrıca baxılmasını xahiş edib. D.Manukyanın vəkili Valeh Qurbanov vəsatəti müdafiə etdiyini deyib. İttiham tərəfi vəsatətə münasibət bildirib. Dövlət ittihamçısı Fuad Musayev qeyd edib ki, belə bir vəsatətin qaldırılması məhkəmə prosesinin hazırkı mərhələsinin predmeti deyil. Məhkəmə tərəflərin fikirlərini dinlədikdən sonra, yerində müşavirə keçirərək, vəsatətin əsassız olduğu üçün təmin edilmədiyini bildirib. Sonra Madat Babayanın vəkili Leyla Namazzadə vəsatətlə çıxış edərək, bəzi epizodların müvəkkilinə qarşı irəli sürülən cinayət işindən çıxarılmasını xahiş edib. Təqsirləndirilən şəxs M.Babayan vəsatətlə razı olduğunu bildirib. Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətin hazırkı prosesdə təmin olunmamasını xahiş edib. Məhkəmə vəsatətə müşavirə otağında baxılaraq cavab veriləcəyini diqqətə çatdırıb. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Azərbaycan İranla quru sərhədini açır? - Arakçı

İran və Azərbaycan arasında sərhədin yenidən açılması iki ölkə münasibətlərində əsas mövzulardan biridir. Sozcu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib. Nazirin sözlərinə görə, son bir il ərzində İran və Azərbaycan prezidentləri arasında keçirilən bütün görüşlərdə, eləcə də onun Azərbaycan xarici işlər naziri ilə danışıqlarında sərhədin bağlı qalması məsələsi mütəmadi şəkildə gündəmə gətirilib: “Azərbaycan tərəfi bütün sərhədlərinin bağlı olduğunu və bunun yalnız İrana aid olmadığını əsas gətirib. Lakin mövzunun yenidən araşdırılacağına və qərarın nəzərdən keçiriləcəyinə dair söz verib. İran tərəfi hazırda sərhədin açılması ilə bağlı Bakının cavabını gözləyir. Sərhədin açılması Azərbaycan Respublikası ilə münasibətlərimizdə əsas məsələlərdən biridir”.

Azərbaycanda 17 yaşlı oğlan anasını öldürdü

Xaçmaz rayonunda ağır qətl hadisəsi baş verib. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, rayon sakini, 42 yaşlı Həqiqət Tərlan qızı Məmmədova kəsici alətlə qətlə yetirilib. Hadisə ilə bağlı Xaçmaz polisi tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Elm və Təhsil Nazirliyində yoxlama aparılır

Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya qurumdan bildirilib. Qeyd edilib ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir. Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir.