“110 gündən sonra onun nəşi tapılaraq dəfn edildi…” -Şəhid hərbçimizin həyat yoldaşı…

Vətən müharibəmizin növbəti qəhrəmanlarından biri də MAXE Kazımov Xuduş Həsən oğludur. X.Kazımov 1988-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub.

Gəncə şəhər Mirzə Abbas Abbaszadə adına 20 saylı məktəbin 9-cu sinifini bitirib. 2004-cü ildə isə Gəncə Texniki Kollecinə daxil olub. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət işsiz qalıb. 2014-cu ildə isə Xuduş ailə həyatı qurub. 2019-cu ildə Silahlı Qüvvələrimizdə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. O, Həmlə taborunda qumbaratan olub.
Həyat yoldaşı Əfsanə xanım deyir ki, Xuduş sonuncu dəfə sentyabrın 25-də evə gəlib:

“Onda güclü təlimlər, hazırlıqlar gedirdi. Hətta yadımdadır təlimdə olarkən döyüş tapşırığını düzgün icra etdiyi üçün, yəni deyilən hədəfi tam dəqiqliklə vurduğuna görə həvəsləndirmək üçün onu evə buraxmışdılar. Evdə olanda “Bu gün biz bunu həll etməliyik ki, məsələ övladlarımıza qalmasın”-dedi və Kəlbəcər, Murovdağı istiqamətində döyüşlərə qatıldı”.

“110 gündən sonra onun nəşi tapılaraq İkinci Fəxri Xiyabanda dəfn edildi…”

“Xuduş döyüşdə olanda imkanı olduqca, bizimlə əlaqə saxlayırdı, ailəsinə, evinə bağlı biri idi. Sonuncu dəfə onunla oktyabrın 1-də danışdıq. Onda dedi ki, “bizi başqa əraziyə aparırlar, orda telefonla danışmaq olmur, mənə zəng çatmasa narahat olma”. Ondan sonra Xuduşla əlaqə kəsildi. 10 gün onun zəngini gözlədim və artıq narahat olmağa başladım. Oktyabrın 15-də oğlumuzun iki yaşı tamam oldu. Onda dedim ki, nə olur, olsun zəng edəcək, amma zəng etmədi. Ondan sonra bildim ki, Xuduş artıq şəhid olub. Məlum oldu ki, onun adı itkinlər siyahısındadır. Sən demə Xuduş oktyabrın 2-də şəhid olub və 110 gündən sonra onun nəşi tapılaraq İkinci Fəxri Xiyabanda dəfn edildi”.

Facebook Comments