Məni təhqir edin, ancaq Azərbaycan xalqını yox - "Traktor"un sahibi

Təbrizin "Traktor" futbol klubunun sahibi Məhəmmədrza Zunuzi televiziya kanallarının birində canlı yayımda çıxışı zamanı türklərə qarşı təhqirlərə sərt reaksiya verib. Sozcu.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. O bildirib ki, şəxsi təhqirlərə dözə bilər, lakin Azərbaycan xalqına qarşı hörmətsizliyə heç vaxt göz yummayacaq. Zunuzi qeyd edib ki, etnik təhqirlər davam edərsə, komandanın oyunlara çıxmasına icazə verməyəcək: "Futbolda başımızı da kəssələr, türklərə qarşı təhqir qarşısında geri çəkilməyəcəyik. Xalqın qeyrəti "Traktor"dan da önəmlidir".

Milli Qəhrəmanın anası vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun anası Şərqiyə Həmidova 86 yaşında dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, mərhum uzun müddət şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkib. Şərqiyə Həmidova bu gün Sumqayıt şəhərində dəfn olunub. Allah rəhmət eləsin.

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, dekabrın 29-da gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Ukrayna rus xüsusi təyinatlılarını darmadağın etdi

Ukrayna ordusu Donetsk vilayətinin Berdyansk yaşayış məntəqəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin komanda məntəqəsinə və xüsusi təyinatlıların toplanış mərkəzinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin PUA komandiri Robert Brovdi (Madyar) məlumat verib. Məlumata görə, zərbələr nəticəsində 51 nəfər öldürülüb, 74 nəfər yaralanıb, xeyli sayda hərbçi isə itkin düşüb. Ümumilikdə, Rusiya Baş Kəşfiyyat İdarəsinin 14-cü Xüsusi Təyinatlı Briqadasının 120-dən çox əsgəri zərərsizləşdirilib.

Suriyada etiraz aksiyaları: ölən və yaralananlar var

Suriyanın Tartus, Latakiya və Hüms şəhərlərində etiraz aksiyaları keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb. Məlumata görə, etirazçılar mülki əhalinin qorunması və vətəndaş hüquqlarının pozulmasına son qoyulması tələbi ilə şüarlar səsləndiriblər. Qarşıdurmalar nəticəsində bir neçə ölən və xəsarət alanların olduğu bildirilir.

Faciəvi şəkildə ölən iki bacının FOTOsu

Xəbər verdiyimiz kimi, dünən Biləsuvar rayonunda dəhşətli qəza baş verib. Sozcu.az bildirir ki, hadisə nəticəsində 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb. Onların fotolarını təqdim edirik:  (Sfera.az)

Kəlbəcərdə qarın hündürlüyü 35 santimetri keçdi

Dekabrın 28-də saat 03.00-dan başlayaraq Kəlbəcər rayonuna qar yağmağa başlayıb. Sozcu.az xəbər verir ki, Kəlbəcər şəhərinə qarın hündürlüyü 15, yüksək dağlıq ərazilərdə isə 35 santimetri keçib. Havanın temperaturu - 2°-dir.

Tərtərdə ağır qəza: yaralılar var

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan "Mersedes" və "Mitsubişi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

General Rusiyanı məğlub etməyin yeganə yolunu açıqladı

Ukraynanın qələbəsini təmin etmək üçün biz Rusiya təcavüzkarının iqtisadiyyatını sarsıtmağa diqqət yetirməliyik. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, general Ben Hoces deyib. "Düşünürəm ki, Ukraynanın qələbə nəzəriyyəsi Rusiyanın neft və qaz infrastrukturunun məhv edilməsində, neft və qaz ixrac etmək imkanlarının pozulmasındadır. Ukrayna Rusiyanı belə məğlub edə bilər", - deyə o bildirib. O vurğulayıb ki, Rusiya Çin, Hindistan, Türkiyə və digər müştərilərə neft və qaz ixracından əldə etdiyi gəliri itirərsə, hücumlarını maliyyələşdirə bilməyəcək. Bundan əlavə, neft və qaz sektoruna hücumlar Rusiyanın daxili bazarında, xüsusən də hərbi sektorda müəyyən yanacaq çatışmazlığı yaradacaq.

Goranboyda ər-arvad dəm qazından zəhərləndi

Goranboyda ər-arvad dəm qazından zəhərlənib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, 1975-ci il təvəllüdlü Aqşin Qəribov və 1982-ci il təvəllüdlü Aynurə Qəribova dəm qazından zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə, ər-arvad yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1404-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 204 510 hərbçi, 11 469 ədəd tank, 23 831 ədəd zirehli döyüş maşını, 35 557 ədəd artilleriya sistemi, 1 581 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 264 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 71 778 ədəd avtomobil texnikası, 96 227 ədəd PUA, 4 136 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 029 xüsusi avadanlıq itirib.

Zelenski Trampdan öncə Avropa liderləri ilə danışıb

Ukrayna Prezidcenti Vladimir Zelenski ABŞ Prezidenti Trampla görüşdən əvvəl Avropa liderləri ilə danışıb. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat verib. “Hazırkı diplomatik irəliləyişimizi müzakirə etdik. Ukrayna bütün dəstəyə görə minnətdardır. Prezident Trampla görüşümüzdən sonra sabah söhbətimizi davam etdirəcəyik”, - Zelenski bildirib. Qeyd edək ki, bu gün Floridada ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçiriləcək.

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində göstərdiyi səyləri alqışlayır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabındakı paylaşımında bildirilib. Bildirilib ki, Yəməndə mövcud vəziyyət təmkinli davranmağın, kollektiv fəaliyyətə, dialoqa və sülh yolu ilə həllərə üstünlük verməyin zəruriliyini önə çıxarır: "Azərbaycan Yəmən Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir və ölkədə davamlı sülh, rifah və inkişafın əldə olunması məqsədilə yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün təşəbbüsləri yüksək qiymətləndirir".

Binədə əqli pozuntuları olan kişi elektrik sobasında yandı

Bakıda 53 yaşlı kişi sobanın üzərinə yıxılıb. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində fərdi yaşayış evində baş verib. Qəsəbə sakini 1972-ci il təvəllüdlü əqli pozuntuları olan Elşad Sadıqov yaşadığı evdə elektrik sobasının üzərinə yıxılıb. Hadisə nəticəsində o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ABŞ və Ukrayna prezidentləri beş məsələni müzakirə edəcəklər

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə görüşdə Rusiya ilə müharibənin dayandırılması üzrə beş məsələni müzakirə edəcək. Sozcu.az xəbər verir ki, bu barədə o, ABŞ-yə səfərindən əvvəl jurnalistlərə deyib. Dövlət başçısı bildirib ki, dekabrın 28-də amerikalı həmkarı ilə keçiriləcək danışıqlarda bu məsələlər müzakirə olunacaq: ABŞ-dən Ukraynaya təhlükəsizlik zəmanəti, Avropadan təhlükəsizlik zəmanəti, hərbi komponent, Ukraynanın rifahı və bərpası planı, planın mərhələli icrası - hər planın necə işləyəcəyinə dair təkliflər. Kiyev və Vaşinqton ardıcıl fəaliyyət planını da nəzərdən keçirəcək. Zelenskinin sözlərinə görə, bütün maddələr müzakirə edildikdən sonra ABŞ əldə olunan razılaşmaların nəticələrini Rusiya tərəfinə təqdim edəcək.

Ucqar bölgələrdə ana ölümü səviyyəsi 43.4-ə yüksəldi - NƏ BAŞ VERİR?

2010-cu illə müqayisədə 2024-cü ildə ölkə üzrə ana ölümü səviyyəsi 12.6 bənd artaraq hər 100 min diri doğulana görə 28.3 nəfərə yüksəlib. Göstərilən dövrdə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 26 nəfərdən 29 nəfərə çatıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, 2010-cu illə müqayisədə 2024-cü ildə ana ölümü səviyyəsi kənd yerlərində 9.5-dən 43.4-ə yüksəlib, şəhər yerlərində isə 22-dən 12.2-yə enib. 2024-cü ildə ana ölümü hallarının 6-sı şəhər, 23-ü isə kənd yerlərinin payına düşüb. 2024-cü ildə ana ölümü hallarının sayı Lənkəran-Astara və Mil-Muğan iqtisadi rayonlarında hərəsində 5, Qarabağ iqtisadi rayonunda 4, Şərqi Zəngəzur və Mərkəzi Aran iqtisadi rayonlarında 3, Dağlıq Şirvan, Qazax-Tovuz və Quba-Xaçmaz iqtisadi rayonlarında isə hərəsində 2 hal olaraq qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında, Abşeron-Xızı və Gəncə-Daşkəsən iqtisadi rayonlarında isə hərəsində 1 ana ölümü faktı qeydə alınıb. Bakı şəhəri, Şəki-Zaqatala və Şirvan-Salyan iqtisadi rayonlarında ana ölümü halları müşahidə edilməyib. Ana ölümü anlayışı hamiləliyin müddətindən və harada baş verməsindən asılı olmayaraq, hamiləliyin ağırlaşması və ya düzgün aparılmaması nəticəsində (bədbəxt hadisə və ya təsadüfi səbəblər istisna olmaqla) hamiləlik dövründə, doğuş zamanı və ya hamiləliyin başa çatmasından sonra ilk 42 gün ərzində qadının vəfat etməsi halını ifadə edir.

Müəllim dəhşətli qəza törətdi: ölü və yaralılar var

Biləsuvar rayonunun Nəsimikənd ərazisində avtomobil kanala düşüb. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, qəza "Leksus" markalı, 90 EU 111 nömrə nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Məlumata görə, qəzanı Biləsuvar rayon Telekomnukasiya Qovşağının keçmiş rəisi Xalid Rüstəmovun həyat yoldaşı, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəlliməsi Fidan Rüstəmova törədib. Avtomobildə sürücüdən əlavə bir neçə qadın sərnişinin olduğu, onlardan birinin öldüyü bildirilir. Qeyd edək ki, bir neçə gün əvvəl də Biləsuvarda avtomobilin kanala düşməsi nəticəsində 5 nəfər ölmüşdü.

Cinayətdə şübhəli bilinən 25 nəfər saxlanıldı

Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 285, o cümlədən borclu şəxs qismində axtarışda olan 255 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.       Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Moskvada sarı xəbərdarlıq elan edildi

Güclü qar çovğunu ilə əlaqədar Rusiyanın paytaxtı Moskvada sarı xəbərdarlıq elan edilib. Sozcu.az xarici KIV-ə istinadən xəbər verir, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi məlumat yayıb. Məlumata görə, sarı xəbərdarlıq paytaxtda 27 dekabr saat 20:00-dan bazar günü, 28 dekabr saat 10:00-dək (Bakı vaxtı ilə 11:00-dək) qüvvədə olacaq. Sinoptiklərin məlumatına görə, bazar günü axşam, gecə və səhər saatlarında Moskvada qar, bəzi yerlərdə güclü qar yağacağı, həmçinin yolların buz bağlayacağı gözlənilir. Qeyd edilir ki, bu gün küləyin sürəti 5–10 m/s olacaq, temperaturun dekabrın 28-ə kimi -4C dərəcə qədər enəcəyi proqnozlaşdırılır.

Azərbaycanda söküntü ilə bağlı YENİ AÇIQLAMA - Gələn ildən...

"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki qəzalı binalarda vətəndaşlarımızın yaşaması təhlükəlidir. Ona görə bu il müvafiq icra strukturları 200-ə yaxın qəzalı binanı aktlaşdıraraq onların söküntüsünə qərar verib. Növbəti ildə də eyni proses gedəcək". Sozcu.az bildirir ki, bu sözləri baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib. Onun sözlərinə görə, gələn il təkcə Bakı və Abşeron yarımadasında deyil, bütün Azərbaycanı əhatə edən bir söküntü prosesi olacaq: "Bu, istismar müddətini bitirmiş binaları əhatə edəcək. Onların yerində yeni binalar inşa ediləcək və bu proses böyük bir dövrü əhatə edəcək. İlk növbədə qəzalı binaların söküntüsü olacaq. İkinci növbədə istismar müddətini başa vurmuş binalara üstünlük veriləcək. Üçüncü mərhələ isə layihənin tam yekunlaşmasını əhatə edəcək və bütün köhnə binalara şamil ediləcək. Mərhələli plan üzrə ölkədəki köhnə binaların yeni binalarla əvəz olunması prosesi davam edəcək. Söküntü zamanı kompensasiya məbləği Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabinetinin müəyyən etdiyinə görə əvvəllər 1500 manat ödənilirdi. Son rəqəm 2700 manata çatıb. Müvafiq razılıq əsasında qiymətləndirmə şirkətləri tərəfindən hər hansı bir bina söküləndə satınalma elan olunur. Qiymətləndirmə şirkətləri həmin satınalmada iştirak edərək bu sifarişi götürür və sökülən binanın ərazi və infrastruktura görə qiymətini müəyyənləşdirir. Fikrimcə, söküntü aparılan ərazidə həmin binanın bazar dəyəri yox, ətrafındakı yeni tikililərin bir kvadrat metrinin dəyəri qədər kompensasiya verilməlidir. Bu halda vətəndaş kompensasiyaya uyğun yeni mənzil almaqda çətinliklə üzləşməz".

Bakıda "Kamaz" yeniyetməni vuraraq öldürdü

Bakıda yük avtomobili yeniyetməni vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə Qaradağ rayonunda, Səngəçal-Umbakı avtomobil yolunda qeydə alınıb. Belə ki, Rəsul Rəşad oğlu Xəlilovun idarə etdiyi "Kamaz" markalı yük avtomobili yolu keçən, 2009-cu il təvəllüdlü Xəlil Ceyhun oğlu Fətəliyevi vuraraq öldürüb. Faktla bağlı cinayət işi başlanılıb.

Bu rayona 25 sm qar yağdı, 9 dərəcə şaxta var

10:16 Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Hazırda bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur. Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 3 sm qeydə alınıb. *** Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 27-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub: "Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə (Kişçay) 1 sm-dir. Düşən yağıntının miqdarı Gədəbəydə 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Lənkəran, Biləsuvar, Neftçala, Sabirabad, Göyçay, Yevlax, Mingəçevir, Tərtər, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Qubada 1 mm-dir". Vurğulanıb ki, Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Göyçay, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb: "Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 2, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb".

AİHM-dən İmamoğlu ilə bağlı qərar...

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı ərizəni “vacib yoxlama” siyahısına əlavə etdiyini açıqlayıb. Bu o deməkdir ki, AİHM Ə.İmamoğlu ilə bağlı gözləniləndən də tez qərar verəcək. Sozcu.az xəbər verir ki, bu barədə İmamoğlunun vəkili Mehmet Pəhləvan X hesabında məlumat yayıb. “AİHM-in bu qərarı Türkiyədən bu günə qədər edilən müraciətlərdə nadir rast gəlinən bir qərardır”, - vəkil əlavə edib.

Ağdərənin Vəngli kəndinə daha 10 ailə yola salındı

Ağdərə rayonunun Vəngli kəndinə 44 nəfərdən ibarət daha 10 ailə yola salınıb. Sozcu.az xəbər verir ki, Vəngli kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bununla Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə (532 nəfər) çatacaq.