İsrailli generalın təhdidi nə qədər ciddidir? –”İRANA QARŞI HƏRBİ ƏMƏLİYYAT PLANI DAİM MASADA OLMALIDIR” – TƏHLİL

Ben Kaspit

“Əl-Monitor”

Yanvarın 26-da, baş nazir Binyamin Netanyahunun ABŞ-ın yeni rəhbərliyinə ünvanlanan İrana qarşı hərbi seçim barədə “əl-Monitor” bir məqalə dərc etdiyi gün İsrailin Baş Qərargahının rəisi general-leytenant Aviv Koçavi Tel-Əviv Universitetinin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda çıxış edib. Bu çıxış İsrailin siyasi-hərbi elitasını şoka salıb və ehtimal ki, Vaşinqtonda və Tehranda əks-səda verib.

2 sələfinin, yəni hazırda İsrailin müdafiə və xarici işlər nazirləri olan general-leytenant Benni Qantz və general-leytenant Qabi Aşkenazinin tutduğu mövqeyin əksinə olaraq, Koçavi Barak Obama rəhbərliyinin İranla 2015-ci ildə imzaladığı nüvə sazişinə açıq hücum edib və yeni demokrat administrasiyaya incə, örtülü eyhamlar verib.

General bildirib: “Əgər 2015-ci il nüvə razılaşması qüvvədə qalsaydı, İran bomba sahibi olardı. 2015-ci ilin nüvə sazişinə qayıtmaq və ya bir neçə əlavə şərtlə oxşar bir razılaşma pis, əməliyyat və strateji baxımdan səhvdir.

Əməliyyat baxımından, İranın uran miqdarını zənginləşdirməsinə, sentrifuqaları nüvə partlayışına qədər inkişaf etdirməsinə imkan verəcəyi üçün o, Yaxın Şərqi nüvə yarışına sürükləyəcək. Mövcud razılaşmaya bənzər hər hansı bir şey pisdir və buna icazə verilməməlidir. Bugünkü İran 2015-ci ilin İranı deyil. Bugünkü İran böyük təzyiqlər, iqtisadi təzyiqlər altındadır… İranı hər hansı bir sıçrayış qabiliyyətindən məhrum etmək üçün qəti addımlar tələb olunur”.

O əlavə edib: “Mən İsrail ordusuna əvvəllər mövcud olanlardan əlavə bir sıra əməliyyat planları hazırlamağı tapşırdım. Yeni ildən bu planların hazırlanmasına yönəlmişik. Əlbəttə, onların icrası siyasi rəhbərliyə bağlı məsələdir, qərarı onlar verəcək, ancaq bu planlar masada olmalıdır”.

Bu çıxışın vaxtı mühüm idi: ABŞ-ın CENTCOM komandanı general Kennet MakKenzinin İsrailə ilk işgüzar səfərindən iki gün əvvəl və Co Bayden administrasiyasının fəaliyyətə başlamasından cəmi bir həftə sonra. Yəni Koçavi amerikalılara ilk 100 günlük möhləti də verməyib və mesajlaşma lütfünü də siyasətçilərə bağışlamayıb.

Bağlı qapılar arxasında səmimi bir dialoq əvəzinə, davakar ritorika və baş nazir Benyamin Netanyahu üslubunda pərdələmə. Hamı təəccüblənib, hətta müdafiə naziri Benny Qantz hiddətlənib. Netanyahu da təəccüblənib, lakin Koçavinin bəyanatının öz mövqeyini əks etdirdiyini təsdiqləyib.

Buna baxmayaraq, Netanyahunun tərəfdaşları dərhal bir açıqlama veriblər. Diplomatik məsələlər üzrə analitik Barak Ravid baş nazirin bu mərhələdə ABŞ rəhbərliyi ilə qarşıdurmada maraqlı olmadığını vurğulayıb.

Netanyahu, Obama administrasiyası dövründən fərqli olaraq, dövlət katibi Entoni Blinkenin Senat təsdiqləmə iclasında söylədiyi kimi, İsrail də daxil olmaqla, ABŞ-ın müttəfiqləri ilə məsləhətləşmə niyyətlərindən məmnundur.

“Netanyahu bu çevrəni məhdudlaşdırmaq niyyətindədir”, – deyə baş nazirə yaxın bir mənbə “əl-Monitor”a adının çəkilməsini istəmədən bildirib.

Qantz və Aşkenazi qısa müddət sonra amerikalı vəzifədaşları (Aşkenazi – Blinken və Qantz – yeni müdafiə naziri Lloyd Ostinlə) ünsiyyətdə olub. Hər iki nazir Koçavinin bəyanatının İsrailin rəsmi mövqeyini ifadə etmədiyini bildirib.

Bu izahlara baxmayaraq, Baş Qərargah rəisi sözünü geri götürməyib və səhv başa düşüldüyünü iddia etməyib. Çıxışının tam mətni ertəsi gün bütün ordu mənsublarına paylanılıb.

Koçavinin Qantz ilə münasibətləri pisləşməyə davam edir. Onun mövqeyi Qantz, Aşkenazi və ehtimal ki, Netanyahunun Vaşinqton-Qüds oxu boyunca inkişaf etdirməyə çalışdığı anlayışlarla üst-üstə düşmür.

Aviv Koçavi nə edir?

O, İsrail ordusunun ən təcrübəli və istedadlı komandirlərdən biridir. 2 il əvvəl bu vəzifəyə gələndə, demək olar ki, bütün sələflərindən daha hazırlıqlı idi. Xüsusilə beynəlxalq aləmdə hərbi-siyasi elitalarla əlaqələrə həssasdır. Hərbi kəşfiyyatın rəhbəri olaraq Koçavi İranla dünya gücləri arasında formalaşan müqavilənin “2 pislik arasında ən kiçiyi” olduğunu iddia edənlər arasında olub, İsrailin İrana hücumuna qarşı çıxıb və müqavilənin bir çox üstünlüklərini və çatışmazlıqlarını başa düşüb.

Amma Koçavinin mövqeyi nüvə razılaşmasının yoxluğundan İsrail üçün daha çox təhlükə yarandığını iddia edən İsrailin (“Mossad” direktoru Yossi Koen istisna olmaqla) müdafiə və kəşfiyyat səlahiyyətlilərinin əksəriyyətinin mövqeyinə ziddir. Doğrudur, generalın silahdaşları 1 il əvvəl onun bu mövzuda başqa fikirdə olduğunu iddia edirlər.

Koçavinin qabiliyyətləri və harizması onu Netanyahu dövründən sonrakı mərhələ üçün İsrail rəhbərliyinə təbii bir namizəd halına gətirir. Özünü Netanyahudan daha çox Netanyahu kimi qələmə verməyə çalışaraq, o, baş nazirlə razılığa gələ bilər. Koçavi bir zabitdir, amma eyni zamanda, siyasi bir varlıqdır və küləyin hansı tərəfdən əsdiyini yaxşı bilir. İllərdir Netanyahu müdafiə kartından istifadə edir. O, başqa bir istedadlı təhlükəsizlik “şahini”ni – Koeni də təqlid etməyə çalışır.

“Bu həftə gördüklərimiz Netanyahu sonrası mübarizəyə hazırlaşmaq üçün taktiki bir hərəkət ola bilər. İsraildə Yossi Koen və Baş Qərargah rəisi Aviv Koçavi arasındakı baş nazirlik yarışında ilk atəş açılıb, lakin bu, son atəş deyil, – anonimlik şərti ilə bir mənbə deyib. – Ancaq Koçavinin ilk atəşi onun ən yaxşı atışı sayıla bilməz. Şübhəsiz ki, dərsi daha yaxşı öyrənəcək və növbəti dəfə hədəfi nişan almanı yaxşılaşdıracaq”.

Tərcümə: Strateq.az

Facebook Comments