Erməninin köhnə bayatısına İran naziri etiraz etmədisə…

“Monitorinq mərkəzi adlandırılan atəşkəsə nəzarət qurumu bizə heç nə vəd etmi”

Bu gün əzilmiş Ermənistanda siyasilər, ictimai şəxslər, məmurlar, müxtəlif təbəqələrin nümayəndələri ölkədə yaranmış gərgin situasiyadan necə çıxmağın yollarını axtardıqları vaxtda, danışıqlarında əvvəlki aqressivliyə yol verməməyə çalışdıqları bir zamanda yeni təyin edilmiş Xarici işlər naziri Ara Ayvazyan hücum diplomatiyasına baş vurub. Nazir kimi fəaliyyətə başladığı bir gündən bu adam müharibə başlamazdan əvvəl erməni məmurlarının ritorikası nə idisə həmin ritorikanı davam etdirir. A.Ayvazyan “Artsaxın öz müqəddəratını təyin etmə” prinsipindən hələ də əl çəkməyib, hər xarici nümayəndə ilə görüşəndə bu” hüququn yerinə yetirilməsinin vacibliyini” vurğulayır. Əlavə qondarma rejimin tanınmasını da yada salır.

Dünən də dostları-İran İslam Respublikasının Xarici işlər naziri Cavad Zəriflə görüşündə köhnə bayatını təkrar edib. Bayatı demişkən, İran nazirinin bayatılara çox həssas yanaşdığı, hətta “Araz bayatısı”na görə Türkiyəyə etiraz bildirdiyi məlumdur, amma Ayvazyanın “Dağlıq Qarabağ müharibəsində qalib və məğlub yoxdur, Qarabağ münaqişəsi qalib və məğlub prinsipi ilə həll edilə bilməz” bayatısına ləzzətlə qulaq asıb.

Ayvazyan deyib ki, “Ermənistan Azərbaycanın Artsaxa qarşı hücumunun nəticələrini sülh və regional əməkdaşlığın mümkünlüyü kimi qəbul etmir”. Əlavə edib ki, Qarabağ probleminin güc yolu ilə həlli yoxdur. 1994-dən bəri bütün Ermənistan və BMT başda olmaqla ATƏT-in Minsk Qrupu da bu sözləri təkrar edirdi. Nooldu? Bir müdafiə nazirləri vardı- David Tonoyan.., deyirdi ki, müharibə başlasa yeni ərazilər tutacaqlar. İndi erməni diplomatiyasının başçısı da köhnə bayatını təkrar oxuyur, dostları İran, Rusiya da bu bayatıya züy tuturlar. Bilirsiniz niyə? Ona görə ki, bizim müharibə bitəndən Dağlıq Qarabağa və orada baş verənlərə heç bir təsirimiz olmayıb, baxmayaraq ki, buna bizim imkanlarımız var. 10 noyabr bəyanatında qeyd olunan qaçqınların qaytarılması ilə bağlı işlərin ibtidai addımlarını belə atmırıq. Rusiya Xankəndinə erməni daşıyır, ona yeni evlər tikir, şərait yaradır və buna görə Ağdərənin Drambon mkrtıçları (dörd samitin bir sözün əvvəlində gəlməsi də bədnam qonşularımıza məxsusdur) yolu bağlayıb hədə gəlirlər ki, Kəlbəcər yolunu açmasanız Azərbaycan maşın karvanlarının keçməsinə imkan verməyəcəyik.

İndi də başımızı abstrakt Monitorinq Mərkəzi ilə aldatmaq istəyirlər. Monitorinq mərkəzi adlandırılan atəşkəsə nəzarət qurumu bizə heç nə vəd etmir. 27 il bizim başımızı elə atəşkəsə əməl etməklə fırlatdılar. Bu, “köhnə bayatıdır” ki, erməni siyasəti bunu səsləndirməkdə davam edir. Bu siyasətə təcili yeni ”notlar” əlavə etməsək, Rusiya, İran, Ermənistan, ATƏT-in Minsk Qrupu kvarteti hələ başımızı çox aparacaq.moderator.az

İlham İsmayıl

Facebook Comments