İT SÜRÜSÜNƏ QOŞULAN QURD SÜRÜSÜ

Elşən Əlisoy
İl –ildən pis gəlmişdi. Sanki təbiətin də bərəkəti qaçmış, dağlarda ovlamağa ov da qalmamışdı. Haqında əfsanələr dolaşan qurd sürüsü günlərlə ovlamağa bir şey tapmırdı. Bikef-bikef dərələri dolaşır, bir tikə ov ovlamaq üçün günlərlə yol gedirdilər. Kənd camaatı da çoxdan idi ki, qurd səsi eşitmirdi. Elə bil qurdların ulamaq həvəsləri ölmüşdü. Əlacları kəsilən qurd sürüsü kəndin kənarında dolaşan bir neçə sahibsiz iti öz cərgələrinə qoşaraq, itlərin hesabına yeməyə bir şey axtarırdılr. Qurd sürüsü küçə itlərinin iy bilmə qabiliyyətlərinə möhtac qalmışdı.

Qurdların bu halından tək bir Boz Qurd narahat olaraq itlərə heç qovuşmurdu. Əlacı olsa idi it sürüsünü bircə anda parçalayıb məhv edərdi. Ancaq onda özününkilərin qınağına tuş olacaqdı, axı nə qədər olmasa itlərin hesabına yemlənə bilirdilər.

İt sürüsü əməlli başlı dağların şahına dönmüşdü. Bir balaca incidilən kimi özlərini dartır, qurd sürüsünü ov olan yerlərə aparmırdılar. Boz Qurd bir neçə dəfə etiraz etmək istəmişdi. Ancaq qurdların yadlaşan çığır-bağırları buna imkan verməmişdi. İt sürüsünə qoşulandan qurdların səsləri də dəyişmiş, ulamaq əvəzinə it kimi hürməyə başlamışdılar.

Boz Qurd itləşmiş qurdlardan qorxurdu. qurd nəslini yiyəsiz küçə itlərinin nəsli əvəzləyəcəyindən çox qorxurdu. İmkan tapan kimi sürünün cavan qurdları ilə bir kənara çəkilir, onlara əcdadlarından, törələrindən danışırdı. Ancaq çalışırdı ki, bunu itlər görməsin. Görən kimi o saat onu qurdçuluq etməkdə ittiham edir, itləşmiş qurdlar da itlərə qoşularaq, onu qurdçuluq etməklə ailəni bölməkdə ittiham edirdilər. Ancaq imkan düşən kimi itlər öz həyatlarından danışır, hətta özlərindən nağıllar uyduraraq “qurd boğan” babalarından da danışmaqdan çəkinmirdilər. Qurdlarsa sanki itlərin əsirinə çevrilmişdilər.

Boz Qurdun artıq səbiri tükənmişdi. Gecənin birində itləşən qurdları taleyin ümüdinə buraxaraq sürünü tərk etdi. Bu qaçmaq deyildi… Sadəcə Boz Qurd istəyirdi ki, itlərlə qurdlar baş –başa qalsınlar . Boz Qurd qurdların ayılacaqlarına inanırdı. Sadəcə bu gün onu eşidən yox idi.

Səhər Boz Qurdu aralarında görmədikdə sanki içlərinə bir rahatlıq gəldi . Artıq arxayın şəkildə itlərin nağıllarına qulaq asa bilərdilər. İtlər də o qədər qəmli nağıllar uydururdular ki, qurdların it kimi vəkkildəyib ağladıqları da olmuşdu.

Boz Qurd dağlarda dolaşır, sürünü nəzarətsiz buraxmırdı. Sürü hara getsə, o da onların arxasınca gedir, yeni dünyaya gələn qurd balalarını özünə qoşaraq itləşməsinə imkan verməməyə ümüd edirdi. Bu gün isə, qayadan yıxılan zaman əzilmiş ayağının ağrısından gec ayımış qurd, sürüsünü itirmişdi. Boz Qurd həyəcanla atrafa qaçır, sürünün iyini duymağa çalışırdı. Həyacandan nə qədər yol getdiyini bilməmişdi. Dərədən gələn səs onu ayaq saxlamağa məcbur etmişdi. Səs, itlər tərəfindən boğularaq ölümcül hala gətirilmiş bir qurdun idi. İtlər qurdu boğmuş, qurd sürüsü isə bu faciəyə seyirçi qalmışlar.

Boz Qurdun qəzəbdən gözləri hədəqədən çxmışdı. Bir tərəfdən sürüyə çatıb itləri boğmaq istəyir, bir tərəfdən də itləşmiş qurdlardan heç bir zaman Boz Qurd olmayacağını düşünərək onların arxasınca getməkdən vaz keçməyi düşünürdü. Boz Qurd uca bir qayanın üstünə çıxaraq başını göyə tutub, sanki Tanrıya üz tuturmuş kimi ulamağa başladı. Çoxdan idi ki, qurd ulaltısının yerinə it ulaltısı eşitməkdən bezmiş insanlar uzlərini səs gələn tərəfə tutmuşdular. Hər kəsin üzündə bir sevinc var idi. Qurd səsinin onlara xeyir- bərəkət gətirəcəyinə inanırdılar. qurdsa hey ulayırdı. Səsinə başqa qurdların səs verəcəyinə inanırdı.

Boz Qurd, qurd sürüsünə it sürüsü qarışmağa imkan verməyəcəyinə ,Tanrıya üzünü tutaraq and içirdi. Dağlarda əfsanələr yaratmış Ulu Qurd, babalarının ruhlarına üzünü tutaraq qurd sürüsünü qoruyacağına and içirdi…

Facebook Comments