“İndi dövlət də, köçkün də təbliğatını “hamı qayıtmalıdır” şüarı ilə aparmalıdır”

“Ermənilər istəyərlər yaşayarlar, istəməzlər onları vaxtilə bura köçürən Rusiya dövlətinin ərazisinə üz tutacaqlar”

Yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Prezident deyib ki, məcburi köçkünlər arasında öz torpaqlarına qayıtmaq istəyilə bağlı sorğular keçirilməlidir.

“Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər – öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaq”.Prezidentin dediklərindən öncə bu suallar cəmiyyətin əksər hissəsinin beynində dolaşırdı. Köç necə, nə zaman, hansı qaydada olacaq? Təhlükəli olmayacaqmı? İnsanların evləri qoyub gəldikləri formada yenidən onlara təhvil veriləcək, yoxsa məcburi köçkün şəhərcikləri kimi standart şəhərciklər salınacaq?Qayıtmaq istəməyənlərin aqibəti necə olacaq? Suallar çoxdur.Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı ASTNA-ya fikirlərini bölüşüb.

– İlham bəy, prezident yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirdi ki, məcburi köçkünlər arasında sorğular keçirilməlidir. Onlara sual verilməlidir ki, öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. İlham bəy, sizcə, bu məsələ necə tənzimlənməlidir? Məcburi köçkünlərin qayıdışının könüllülük prinsipi ilə müəyyənləşməsi düzgün addımdırmı?

– Ola bilsin ki, belə sorğu aparmaq görüləcək işlərin planlaşdırılması, miqyası, vəsait ayrılması üçün vacibdir. Amma bu məsələni ictimailəşdirməyin zərərli tərəfləri var. Birincisi, işğal müddətində cəmiyyətdə “onsuz da qaçqınlar geri qayıtmayacaqlar” kimi ziyanlı fikir formalaşdıranlar vardı və həmin bölgənin insanlarına pis münasibət yaranırdı. Yaşlı köçkünlərin çoxu dünyasını dəyişib və onların övladlarının hamısı yeni həyata başlamağı bir çətinlik kimi görə bilər və yurd yerinə qayıtmaqdan imtina edə bilər. Amma inanmıram ki, bu, böyük faiz təşkil etsin. Ən əsası Yuxarı Qarabağın bundan sonra 51 yaşayış məntəqəsinə köçürüləcək azərbaycanlı köçkünlər arasında indidən etinasızlıq yarada bilər ki, bu da düşmənin əks təbliğatına səbəb ola bilər. Məhz buna görə köçkünlərin yurd yerinə qaytarılması birinci Yuxarı Qarabağdan başlamalıdır ki, digər azad edilmiş yerlərə qayıdışda könüllülük nəzərə alınsın. Qayıtmayan şəxs burada mənzil və digər əmlakla təmin edilibsə, o, azad olmuş yerlərdə vaxtilə olmuş mülkiyyətindən –yəni, faktiki torpaq sahəsindən məhrum edilməlidir. Burada Nazirlər Kabineti qayıdışı tənzimləyən əsasnamə hazırlamalı və ortaya çıxan suallara aydınlıq gətirilməlidir. Şəxsi qənaətim isə daha çox ilkin mərhələdə könüllülük prinsipinə deyil, inzibati metodlara əsaslansa strateji baxımdan dövlətçiliyə daha faydalı olar.

– Amma bu məsələdə məcburi köçkünlərin rəyi nəzərə alınmazsa, bu məcburiyyət və bu vətəndaşın hüquqlarına zidd deyilmi?

– İşğal yerlərində bərpa-quruculuq işləri yekunlaşanda və normal yaşayış şərtləri mövcud olandan sonra məcburiyyət prinsipinə ehtiyac qalmayacaq. Bu gün xarabalıqları görən bəzi köçkünlər o yerlərdə yaşamağın ağırlığını fikirləşir və qayıtmaq istəmədiyini bildirir. Sabah Qarabağ bölgəsi sözün həqiqi mənasında yaşamaq üçün ən perspektivli yerlər olacaq, ora başqa bölgənin də adamları axışacaq. Yenə bildirirəm ki, heç kəsi zorla haradasa yaşamağa məcbur etmək olmaz, amma məsələnin prinsipial tərəflərini düşünüb dövlət elə qaydalar və stimullaşdırıcı planlar yarada bilər ki, heç bir məcburiyyətə də zərurət olmaz. Ümumiyyətlə, “qayıdırsan, ya qayıtmırsan?” təklifini ictimailəşdirməyi düzgün hesab etmirəm. İkincisi, köçkünlər özləri də bir az dərindən fikirləşsinlər ki, bölgənin insanları kompakt yaşadığı halda onların həyatı, məişəti maraqlı olacaq, hətta toplum olaraq gücü o zaman hiss ediləcək.

– İndi məcburi köçkünləri qayğılandıran bir məsələ var. Orada yaşayan ermənilərlə təhlükəsiz yaşamaq şərtləri. Yəni, illərdir bu iki millət bir-birinə düşmən kimi baxır. Düzdür, anlayırıq ki, həmin ermənilər bizim vətəndaşımızdır. Amma 30 ildən çox müharibə şəraitində olan iki millətin bir yerdə yaşaması insidentsiz ötüşməyəcək. Hazırda bunun nümunələrini görürük. Hadrutda, Tuğda. Hətta yayılan videolarda görürük ki, hazırda Xankəndidə yaşayan ermənilər Şuşada Azərbaycan əsgərlərinin varlığından narahatdır. Bu məsələ necə tənzimlənməlidir? Birgə yaşayış mümkün olacaqmı?

– Dəfələrlə demişəm, bir daha təkrar edirəm: bu problem bizim üçün deyil, ermənilər üçündür. Biz öz torpaqlarımızda yaşayacağıq, qoy, ermənilər fikirləşsinlər ki, azərbaycanlı ilə necə birgə yaşayacaqlar. Bu problem məhz miqrasiya etməyə böyük meyli ola erməniləri Qarabağdan tədricən köçməyə məcbur edəcək. Təhlükəsizlik məsələləri isə ilkin dövrlərdə həm Azərbaycan dövlət strukturları, həm də Rusiya sülhməramlıları tərəfindən həyata keçirilməlidir. Hər iki tərəfin təhlükəsizliyə cavabdeh dövlət strukturları qaydanı pozanları, təhlükə yaradanları qanunla cəzalandırmalıdır ki, bir daha baş verməsin. Amma bu gün bütün ermənilər bildirirlər ki, Azərbaycanın tərkibinə qatılsalar Rusiyaya və Ermənistana köçəcəklər. Biz də deyirik ki, gələcəkdə hətta status məsələsi belə müzakirə olunsa bu gün nəzarətimizdə olmayan ərazilər Azərbaycan Respublikasının yurisdiksiyasında olacaq. Bunun alternativi yoxdur. Ermənilər istəyərlər yaşayarlar, istəməzlər onları vaxtilə bura köçürən Rusiya dövlətinin ərazisinə üz tutacaqlar.

– İnsanları qayğılandıran daha bir məsələ var. Yəni, onlar düşünürlər ki, qarabağlı olduqları üçün bütün ömürləri boyu əziyyət çəkməli deyillər. Elə məcburi köçkün var ki, uzun illər vaqonlarda, çadırlarda yaşayıb. Və illərdir onlar öz övladları üçün şərait yaratmağa, ev qurmağa çalışıblar. İndi yenidən onları aparıb aid olduqları yerdə şəraitsiz yerdə yaşamağa məhkum etmək ədalətlidirmi? Adamların orada yəqin ki, çoxunun özlərinə görə normal yaşama şəraiti olan evləri, həyət-bacaları olub. İndi həmin evləri olduğu kimi bərpa etmək inandırıcı görünmür. Yenidən heç bir şəraiti olmayan bir yerə köçüb-köçməmək məsələsi necə həll olunmalıdır?

– Bu suala yuxarıda cavab verdim ki, bərpa-quruculuq işləri və normal yaşayış şərtləri olmadığı üçün belə düşünməyə əsas verir. Təbii ki, heç kəs xaraba qalmış yerlərə köçəsi deyil. Amma biləsiniz ki, bir xeyli köçkün də var ki, heç nə gözləmədən doğma yurda qayıdıb öz hesablarına qurub yaradacaqlarını birmənalı şəkildə bildirirlər. Köçkünə dövlət normal yaşayış şəraiti yaradır, onu burada verdiyi mənzil kimi yaşayış yeri ilə təmin edir, şəxsi ev, mülk tikənə normal vəsait ayırır, amma qaçqın Bakıda və ya başqa yerdə aldığı mənzili, torpaq sahəsini təhvil verməkdən imtina edib qayıtmırsa, dövlət həmin mülkiyyəti özəlləşdirməyi tələb etməlidir. Yəni, həm stimul yaradılmalı, həm də əks inzibati metodlardan da istifadə olunmalıdır. Məskunlaşma bitər, sonra kim planetin harasında yaşamaq istəyərsə ora köç edər. İndi dövlət də, köçkün də təbliğatını “hamı qayıtmalıdır” şüarı ilə aparmalıdır, “kim getmək istəyir” sorğusu ilə yox.

– Daha bir məsələ iş yerləri məsələsidir. Burada iş-güc qurmuş və həmin ərazilərə qayıtmaq istəməyən məcburi köçkünlərlə bağlı məsələ necə həll olunmalıdır?

– Dövlət məhz əhalinin geri dönməsi üçün hər bir rayonun standart dövlət iş yerləri ilə yanaşı əlavə obyektlər, iş yerləri açmalı, özəl sektora geniş şərait yaratmalı, monopoliyaya imkan verməməli, xarici investisyanı cəlb etmək üçün sərfəli güzəştlər tətbiq etməlidir. Dünya biznesi planetdə sıfırdan başlayacaq yer, ərazi axtarışındadır. Əsas odur ki, hüquq dövlətlərində olduğu kimi xarici biznes özünü zəmanətli hesab etsin. Yerli əhali də kifayət dərəcədə bacarığa malikdir, ona şərait yaradılsa, hətta Ağdamı azad iqtisadi bölgə elan etsə sürətli inkişaf qaçılmazdır. Əlavə olaraq bəzi respublika əhəmiyyətli təşkilatları Qarabağa köçürməklə o yerləri canlandırmaq, paralel olaraq da iş yeri problemini həll etmək mümkündür. Qarabağı zamanında camaat özü qurub, indi də əsas güc elə yerli əhalinin üzərinə düşəcək. Yurd sevgisi olan yerdə hər şey yaxşı olacaq.

Facebook Comments